Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-296/2022 21.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, yeni massiv, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yerləşən "Qədim Şamaxı" kafesində olarkən sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan mübahisə etmiş, daha sonra birlikdə evlərinə gedərkən həmin gün saat 02:00 radələrində Ümid qəsəbəsində "Yurd evləri" deyilən ərazidə yenidən mübahisəni davam etdirmişdir. İctimai qaydalara açıq etinasızlıq göstərərək, davranış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq yerdən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs baş və qulaq nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq, ona başın ənsə nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan başın ənsə nahiyəsinin dərialtı hematoması, sol qulaq pərdəsinin travmatik cırılması ilə müşayiət olunan sol qulaq seyvanının qançır şişkinliyi və səthi əzilmiş yarası, sol bazu və sol said nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə qonşularının toy məclisi ilə əlaqədar Elxanla birlikdə Sahil qəsəbəsində yerləşən “Xəzri” şadlıq evində yeyib içmişlər. Toydan sonra bir yerdə çıxaraq yaşadıqları Ümid qəsəbəsində yerləşən "Qədim Şamaxı" kafesində oturmuşlar və pivə içməyə başlamışlar. Həmin vaxt xalası oğlu Ramin və Raminin atası Aslan da onlarla bərabər olmuşlar. Kafedə onlarla bərabər oturmuş digər şəxslərlə tanışlığı olmamışdır. Pivə içən zaman Elxanla onun arasında xatırlamadığı səbəbə görə sözlü mübahisə yaranmış, ətrafda olan şəxslər onları sakitləşdirməyə çalışmışlar. Daha sonra oturduqları kafedən çıxaraq evlərinə tərəf getmişlər, Elxanın yaşadığı binanın qarşısına çatdıqda yenidən aralarında sözlü mübahisə yaranmış və Elxanla əlbəyaxa olmuşlar. O, spirtli içkinin təsirində olduğu üçün yerdən götürdüyü dəmir parçası ilə Elxanın baş nahiyəsinə vurmuş, lakin həm qaranlıq olduğundan, həm də həddindən çox sərxoş vəziyyətdə olduğundan Elxana hansı xəsarət yetirdiyini dəqiq xatırlamır. Daha sonra polis əməkdaşları gəlib onları polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, o, heç bir xəsarət almamışdır, həmin vaxt hər ikisi içkili olduğundan münaqişənin konkret olaraq hansı səbəbdən baş verdiyini, həmin ərazidə yaşayan sakinlərin onlara yaxınlaşıbyaxınlaşmadıqlarını xatırlamır, əvvəllər heç bir cinayət əməli törətməmiş və cinayət məsuliyyətinə cəlb olunmamışdır. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə qonşularının toy məclisi ilə əlaqədar Elxanla birlikdə Sahil qəsəbəsində yerləşən "Xəzri" şadlıq evində yeyib içmişlər. Toydan sonra bir yerdə çıxaraq yaşadıqları Ümid qəsəbəsində yerləşən "Qədim Şamaxı" kafesində oturmuş və pivə içməyə başlamışlar. Həmin vaxt içkili olduğu üçün kafedə onlardan başqa məhz kimlərin olmasını dəqiq xatırlamır. Pivə içən zaman Elxanla onun arasında xatırlamadığı səbəbə görə sözlü mübahisə yaranmış ətrafda olan şəxslər onları sakitləşdirmişlər. Lakin onlar kafedən çıxıb evə gedərkən onun yaşadığı binanın qarşısına çatdıqda yenidən aralarında mübahisə yaranmış və Elxanla əlbəyaxa olmuşlar. Hər ikisi sərxoş vəziyyətdə olmuş, dalaşarkən Elxan yerdən götürdüyü dəmir parçası ilə onun baş nahiyəsinə və sol qulağına vurmağa başlamışdır. Sonra qulağından qan gəldiyini hiss etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, Elxan hadisə yerindən qaçmaq istədikdə polis əməkdaşları Elxanı saxlamışlar. Polis əməkdaşlarından başqa həmin ərazidə yaşayan bir neçə sakin də onların olduqları yerə yaxınlaşmışlar. Lakin həmin şəxslərin Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi anında da orada olubolmamalarını xatırlamır. Polis əməkdaşları onun xəsarət aldığını görüb onların hər ikisini polis bölməsinə aparmışlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, məhkəmə tərəfindən ona yüngül cəza verilməsini qeyd etmiş, həmçinin növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində Qaradağ RPİ-nin PPXB-nin digər polis əməkdaşları Şahid2 və Şahid3la birlikdə inzibati ərazidə xidmətdə olarkən Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yurd evləri deyilən yerdə iki nəfər şəxsin mübahisə edərək dalaşdıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşan zaman şəxslərdən biri qaçmağa başlamışdır. Onlar həmin şəxsi dayandırmağa nail olduqdan sonra digər şəxsin yanına qayıdan zaman başından xəsarət aldığını görmüşlər. Dərhal 38-ci PB-yə məlumat vermişlər, daha sonra əməliyyat qrupu hadisə yerinə gəlmişlər və onlar həmin şəxsləri polis bölməsinə aparmışlar. Polis bölməsində bu barədə raport yazmış və xidməti əraziyə qayıtmışlar. Şahid1 əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, həmin vaxt iki nəfər şəxs bir-birilə münaqişə etmişdir, orada digər şəxs və ya şəxslər olmamışdır. Lakin daha sonra onlar əməliyyat qrupunu gözləyən zaman 2-3 nəfər şəxs yaxınlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis əməkdaşları Şahid3 və Şahid2 onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 37-ci vərəqəsində olan 06 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 1272.3cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 65-66-ci vərəqələrində olan 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2022-ci il tarixli vəsatət rədd edilmiş, o, Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan 08 avqust 2022-ci il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 16 iyul 2022-ci il tarixli, 494 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər başın ənsə nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan başın ənsə nahiyəsinin dərialtı hematoması, sol qulaq pərdəsinin travmatik cırılması ilə müşayiət olunan sol qulaq seyvanının qançır şişkinliyi və səthi əzilmiş yarası, sol bazu və sol said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin 90-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 30 avqust 2022-ci il tarixli, 26/494 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı akşar edilmiş xəsarətlər başın ənsə nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan başın ənsə nahiyəsinin dərialtı hematoması, sol qulaq pərdəsinin travmatik cırılması ilə müşayiət olunan sol qulaq seyvanının qançır şişkinliyi və səthi əzilmiş yarası, sol bazu və sol said nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəməyə təqdim edilmiş Qaradağ Rayon İHB-nin Ümid qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşadığı müddət ərzində sakit, tərbiyəli bir insan kimi özünü tanıtmışdır. Təqsirləndirilən şəxs qəsəbə sakinlərinin və qonşuların xeyir-şər məclislərində yaxından iştirak etmiş, qəsəbədə aparılan abadlıq və quruculuq işlərində həmişə icra nümayəndəliyinə yaxından kömək etmiş, öz fəallığı ilə seçilmişdir. Himayəsində xəstə atası və anasına qarşı öz övladlıq borcunu layiqincə yerinə yetirir, onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş Qaradağ Rayon İHB-nin Ümid qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş Ü-131 nömrəli, 10 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Ümid qəsəbəsi, 31 saylı evdə qeydiyyatsız yaşayır. X3 və anası X4 onun himayəsindədirlər. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 19 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, himayəsində ahıl yaşlı valideynlərinin olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 06 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməklə üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlənşəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş saat) iş saatı, məhkəmə istintaqı dövründə müdafiəçi həmin büronun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə müdafiəçi X1 150 (bir yüz əlli) manat məbləğində və məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. iş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı şəhər (rayon) hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 150 (bir yüz əlli) manat məbləğində və məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-296/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-296/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver