Məhkəmə qərarları › İş №1(002)-297/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-297/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-297/2022 28.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə ilk dəfə 03 may 2022-ci il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs məxsus Qaradağ rayonu Xocasən qəsəbəsində yerləşən dayanacaqda dayanmış Man markalı **-CX-*** dövlət qeydiyyat nişanlı və **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobilinin bir ədədinin dəyəri 600 manat olan 5 ədəd təkər və bir ədədinin dəyəri 290 manat olan 5 ədəd təkər disklərini və ikinci dəfə 04 may 2022-ci il tarixdə eyni ünvandan eyni yük avtomobilindən bir ədədinin dəyəri 600 manat olan 6 ədəd təkər və bir ədədinin dəyəri 290 manat olan 6 ədəd diskləri və bir ədədinin dəyəri 3 manat 50 qəpik olan 60 ədəd qaykaları gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Nahidin yanında yük avtomobillərinin sökülüb yığılması işi ilə məşğul olmuşdur. Özü ailəlidir və 3 övladı vardır. Onun barəsində şikayət edən Zərərçəkmiş şəxs təxminən 2 il yarım olar ki, tanıyır, münasibətləri normal olmuşdur. 2022-ci ilin aprel ayında o, Zaura zəng edib ondan ona məxsus olan yük avtomobilini satıb-satmadığını soruşmuş, o isə ona satdığını demişdir. Bundan sonra o, Zaura zəng edərək qarajda mühafizəçi işləyən Şahid3la danışmasını və yük avtomobillərinin təkərlərinin sökülməsi barədə razılığa gəlmələri haqqında məlumatı mühafizəçi Şahid3 verməsini istəmişdir. Zaura məxsus olan yük avtomobillərinin 7 ədəd təkərlərini söküb Rusiya Federasiyasında yaşayan, həmin vaxt isə Azərbaycan Respublikasında olan Asim adlı tanışının Gəncə şəhərində olan avtomobilinə vurmuşdur. Bundan sonra o, Zaurla bir iki dəfə telefonla danışmış, lakin sonradan onun zənglərinə cavab verməmişdir. Əməlindən utandığı üçün Zaurun zənglərinə cavab vermədiyini, lakin sonuncuya məxsus 3 ədəd təkəri yaşadığı evin həyətinə qoyduğunu, eyni zamanda oğurladığı digər təkərləri də əldə edərək Zaura qaytarmaq fikrində olduğunu qeyd etmişdir. Həbsdə olduğu müddət ərzində isə qohumlarının köməkliyi ilə Zərərçəkmiş şəxs vurduğu maddi ziyan tam şəkildə ödənilmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, MAN markalı **-CX-*** dövlət qeydiyyat nişanlı və **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili atasının mülkiyyətində olsa da, atası həmin avtomobil üzərində hüquqlarını ona həvalə etmişdir. Həmin yük avtomobili ilə o, Rusiya Federasiyasına və Gürcüstan Respublikasına müxtəlif şəxslərin tərəvəz məhsullarını çatdırmaqla məşğul olurmuş. 01 dekabr 2021-ci il tarixdə avtomobilin mühərrikində nasazlıq yarandığından o, həmin avtomobili Xocasən ərazisində yerləşən dayanacaqda saxlamış və hər ay mühafizəçiyə 60 manat pul ödəmişdir. 29 aprel 2022-ci il tarixdə dostu Nahidin əmisi oğlu Yasin ona zəng edərək yük avtomobilini satıb-satmadığını soruşmuş, o, isə satdığını demişdir. Yasin isə həmin yük avtomobilini almaq istədiyini, bu səbəbdən avtomobilə baxmaq istədiyini demiş, o isə ona avtomobilin olduğu dayanacağın yerini deyərək gedib baxmasını bildirmişdir. Bundan sonra Yasin ona zəng etməmişdir. 04 may 2022-ci il tarixdə gecə saat 03:00 radələrində dostu Nahid ona zəng edərək Yasinin onun avtomobilinin təkərlərini aparması barədə aldığı məlumatın doğru olub-olmamasını dəqiqləşdirmək istəmişdir. Daha sonra digər dostu Araz da ona zəng edib avtomobilin təkərlərinin oğurlandığı demişdir. O da səhəri gün dayanacağa gəlib baxmış və avtomobilin bütün təkərlərinin disklərlə birlikdə sökülüb oğurlandığını görmüşdür. Dərhal mühafizəçinin yanına getmiş və nə olduğunu soruşmuşdur. Mühafizəçi ona Yasinin servis işçiləri ilə gəlib onun avtomobilinin təkərlərini apardığını gördüyünü demişdir. Mühafizəçiyə nə üçün Yasinə icazə verməsi ilə bağlı iradını bildirdikdə isə mühafizəçi cavabında Yasinin onu da aldadaraq həmin avtomobilin yeni sahibi olduğunu dediyi üçün ona mane olmadığını demişdir. Daha sonra o, “102” xidməti zəng mərkəzinə hadisə barədə məlumat vermiş və 10-cu polis bölməsinə ərizə yazmışdır. Həmin vaxtdan o, Yasini tapa bilmədiyindən onun qohumu Nahiddən Yasinin harada olduğunu soruşmuş, Nahid isə cavabında özününün də Yasini axtardığını demişdir. Sonradan təkərləri açan servisin işçiləri 11 ədəd təkər diskləri ilə birlikdə gətirmişlər və ondan oğurlanmış təkər və disklərin əvəzi olaraq təklif etmişlər lakin, o, razılaşmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 10000 manat maddi ziyan dəydiyini, həmin ziyanın isə tamamilə ona ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iş üzrə ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Ona görə heç bir şikayət və tələbi yoxdur. İstintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs aid yararsız avtomobillərin servisində fəhlə olaraq işlədiyi üçün onu uzun müddətdir ki, tanıyır. 03 may 2022-ci il tarixdə gündüz saatlarında Yasin ona MAN markalı, dövlət nömrə nişanını bilmədiyi yük avtomobilinin təkərlərini söküb satmaq istədiyini demiş, o, isə ondan bunu nə üçün etdiyini soruşmamışdır. Yasin ona həmişə olduğu kimi gördüyü işin müqabilində 20 manat pul verəcəyini demişdir. O, Yasinlə birlikdə yük avtomobilinin dayandığı Xocasən qəsəbəsində yerləşən dayanacağa getmiş, yolda Yasin servisə zəng etmiş və avtomobilin təkərlərini sökmək üçün servis işçilərini dəvət etmişdir, lakin hansı servis olduğunu o, bilməmişdir. Yasinlə həmin dayanacağa gəlib çatdıqlarında servis işçiləri də gəlmişlər və yük avtomobilinin 5 ədəd təkərlərini diskləri ilə birlikdə sökmüşlər, daha sonra o, Yasinə köməklik edərək həmin təkərləri servisin işçilərinin gəldikləri yük avtomobilinə yükləmiş və sonra uşağı xəstə olduğu üçün evə getmişdir. Yasinin ona uzun müddətdir ki, yük avtomobili satmaq istədiyini deməsinə baxmayaraq, sonuncunun təkərləri hara apardığını o, bilməmişdir. Polis bölməsinə çağırıldıqda orada ona məlum olmuşdur ki, Yasin həmin təkərləri oğurlamışdır. Bundan sonra Yasini axtarmasına baxmayaraq, tapa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Beş-altı il olar ki, təkər servisində işləyir, əlavə olaraq Xocasən qəsəbəsində təkər sexi də varıdır. Lakin, işi əsasən ona zəng edən müştərilərə onların olduqları yerə gedərək köməklik etməkdən ibarətdir. 2022-ci ilin may ayının 3-də gündüz saatlarında ona tanımadığı bir nömrədən zəng gəlmiş və onu yük avtomobilinin təkərlərini sökmək üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Xocasən dayanacağına dəvət etmişdir. O, da özünə məxsus “Mercedes-Benz Sprinter” markalı avtomobili ilə həmin yerə getmiş və orada birinci dəfə Yasin adlı şəxsi görmüşdür. Yasin ona Man markalı yük avtomobilini və qoşqusunu göstərərək özünə məxsus olduğunu və avtomobilin təkərlərini sökmək lazım olduğunu demişdir. Həmin yük avtomobilinin 5 ədəd təkərini sökmüş və Yasinin yanında olan bir nəfər adını bilmədiyi fəhlə ilə həmin 5 ədəd təkərləri öz avtomobilinə yükləmişlər, daha sonra fəhlə çıxıb getmişdir. O isə Yasinlə onun dediyi yerə Xocasən qəsəbəsində yerləşən avtoyuyucu məntəqəsinin yaxınlığına getmiş, təkərləri orada yolun kənarına boşaldıb 50 manat pulunu alıb getmişdir. Təxminən bir neçə gün sonra Yasin ona təkrar zəng edərək həmin yerə çağırmış, o, da gedib görmüşdür ki, yük avtomobilinin yanında 4 ədəd köhnə təkər var. Yasin ona həmin təkərləri çıxaracağı təkərlərin yerinə bağlanılmasının lazım olduğunu demişdir. O da işini Yasinin dediyi formada yekunlaşdıraraq 50 manat pulunu alıb çıxıb getmişdir, lakin sökdüyü 4 ədəd təkəri Yasinin hara və kiminlə apardığını o, bilməmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Yasinin sökdüyü təkərlər təzə lakin, yük maşınına taxdırdığı təkərlər isə köhnə olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur, onun yanında işləyirmiş və ona köməklik edirmiş. Lakin Yasinin oğurluq etməsindən məlumatı olmamışdır. Sonuncu həbs edildikdən sonra hər gün ona zəng edib köməklik etməsini xahiş edirmiş. Yasin Zərərçəkmiş şəxs məxsus yük avtomobilinin təkərlərini oğurlamışdır, o bunu bildikdən sonra Zaura zəng edərək bu barədə onunla danışmışdır. Son zamanlar o, özü Yasinin bu əməllərinə görə onu yanından uzaqlaşdırmışdır. Yasinin deməsinə görə o, Zaura məxsus yük avtomobilinin 6 ədəd təkərlərini açıb oğurlamış, Zaur isə 11 ədəd təkərinin oğurlandığını demişdir. Lakin qohumlarının köməkliyi ilə Yasinin Zaura vurduğu maddi ziyanın tamamilə ödənildiyini, onunla barışıq əldə olunduğunu da məhkəməyə bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində görünür ki, o, 6 il olar ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Xocasən avtodayanacağında mühafizəçi işləyirmiş. Zərərçəkmiş şəxs yük avtomobilini gətirib onun işlədiyi dayanacaqda saxladığı üçün müştəri kimi tanımışdır. Zaurun həmin yük avtomobilini satması barədə məlumatı var imiş. Təqsirləndirilən şəxs isə o, müəyyən bir müddətdir ki tanıyırmış, çünki o da həmin dayanacağa gəlib-gedirmiş. 2022-ci ilin may ayının 3-də Yasin onun işlədiyi dayanacağa gəlmiş və Zaura məxsus yük avtomobilini aldığını demişdir. Yasin həmin avtomobili almasına onu inandırdığı üçün oraya gələn servis işçisinin yük avtomobilinin təkərlərini sökməsinə diqqət yetirməmiş, Yasin 5 ədəd təkərləri sökdürmüş və avtomobilə yükləyərək getmişlər. Bir gün sonra Yasinin yenidən onun işlədiyi dayanacağa gəldiyini, yük avtomobilinin 4 ədəd təzə təkərini sökərək yerinə köhnə təkər qoyduğunu, sökdükləri təkərləri isə apardığını bilmişdir. Sonradan Zaur dayanacağa gəldikdə Yasinin sonuncunun avtomobilini almadığı və Zaura məxsus olan avtomobilin təkərlərini oğurladığı məlum olmuşdur. Zaurun avtomobili MAN markalı avtomobilinin qoşqusu da olmuşdur. O, Yasinin həmin təkərləri oğurladığını əvvəldən bilmiş olsa idi ona imkan verməyəcəyini də qeyd etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 28 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan 05 avqust 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Qaradağ RPİ-yə gətirilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 avqust 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs CMnin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 55-58-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-137/2022 saylı, 06 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 79-cu vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq nəticəsində ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görədə Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 3 övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, onun ibtidai istintaq dövründə 05 avqust 2022-ci il tarixdən hazırki vaxtadək tutma altında saxlanıldığı və həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Tovuz rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza, cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 46 (qırx altı ) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 46 (qırx altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 276 (iki yüz yetmiş altı) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdən hal-hazırki tarixədək tutulma altında saxlandığı və həbsdə olduğu cəmi 03 ay 23 gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 46 (qırx altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 276 (iki yüz yetmiş altı) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar