Məhkəmə qərarları › İş №1(002)-297/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-297/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-297/2024 18.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 18 avqust 1980-ci il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 (Abşeron RPİ-nin inzibati binası) ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri «Quşçuluq» yaşayış massivi nömrəsiz fərdi evdə yaşayan və barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 aprel 2024-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Mədəniyyət evinin yaxınlığında saxlanılaraq, həmin tarixdə saat 12:50-də ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə aparılmış və orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 14:35-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olmuş tünd göy rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş halda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,378 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 30 aprel 2024-cü il tarixdə “Hökməli dairəsi” adlanan yerdə anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata bir büküm psixotrop maddə olan metamfetamin almış və saat 12 radələrində Müşfiqabad qəsəbəsində “Mədəniyyət evi” kimi tanınan ərazidə gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati otaqlarının birində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil və polis əməkdaşlarının iştirakı ilə, videoçəkiliş aparılaraq onun üzərinə şəxsi axtarış keçirilmiş, ona hüquq və vəzifələri izah edilmiş, üzərində hər hansı narkotik vasitənin olub-olmadığını soruşmuşlar. Əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində saxladığı bir büküm psixotrop maddə metamfetamini cibindən çıxararaq, masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilmiş, bükümün içərisində olan psixotrop maddə metamfetamin zərfə qoyulub qablaşdırılaraq, iştirakçılar tərəfindən imzalanmışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı fiziki və ya psixi zora məruz qalmamışdır. O, öz ifadəsinə əlavə olaraq bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, onların hazırda anaları ilə bərabər yaşadıqlarını qeyd etmişdir. Bundan əlavə məhkəmə iclasında ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, sonuncu dəfə narkotik vasitədən 10-15 gün əvvəl istifadə etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasının və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin polis sahə rəisi, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 30 aprel 2024cü il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin polis sahə inspektoru polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək saat təxminən 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Mədəniyyət Evi»-nin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşmış özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, istifadəsi və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək, onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə getmiş və şöbənin xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin, onıarın iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşyası varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Sonuncu əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxararaq, masanın üzərinə qoymuş, həmin büküm açılmış, içərisində ağ rəngli və kristal şəkilli maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddə kütləsinin metamfetamin olduğunu, onu həmin gün səhər saat 10 radələrində Bakı şəhəri, Hökməli qəsəbəsi ərazisində “Hökməli dairəsi” kimi tanınan yerdə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı onun üzərində başqa heç bir maddə, əşya, predmet və ya sənəd aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən və 10-cu Polis Şöbəsinə aparılarkən, heç bir fiziki və psixi təsirə məruz qalmamış, həmçinin qaçmağa cəhd etməmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin polis sahə inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin polis sahə rəisi Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 30-cu vərəqəsində olan 30 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq 30 aprel 2024-cü il tarixdə, saat 12:00-da tutulmuşdur. Cinayət işinin 33-34-cü vərəqəsində olan 30 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, həmin video görüntü 30 aprel 2024-cü il tarixdə saat 14:35-da Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin inzibati otaqlarının birində qeydə alınmışdır. Şəxsi axtarış və götürmənin aparılması Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə rəisi, polis mayoru Şahid1 və sahə inspektoru Şahid2, Qaradağ RPİ-nin KTQ-nin inspektor kriminalisti Samir Məmmədli, müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilmiş, eləcə də üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızından olan bükümü çıxarıb təqdim edərək, masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, verilən sualları tam başa düşür, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin vardır, həmin bükümü 30 aprel 2024-cü il tarixdə saat 10 radələrində “Hökməli dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 (on) manata almışdır. Sonra həmin bükümə iştirakçılar tərəfindən baxış keçirilmişdir və büküm açılarkən, içərisində ağ rəngli kristal dənəciklər şəklində olan naməlum maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır, bu barədə heç bir şikayəti və tələbi yoxdur və törətdiyi əmələ görə peşmandır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə boş zərfdə qablaşdırılaraq, möhürlənmiş və götürülmüşdür. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2385 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs..” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,378 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri-“in siyahısına (Siyahı İİ) daxildir. Metamfetaminin təmiz çəkisi - 0,378 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,328 qram. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:30) Cinayət işinin 75-77-ci vərəqələrində olan 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 03 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,378 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və psixotrop maddə metamfetaminin tədqiqatdan sonra 0,328 qram qalıq çəkisi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılmasından ötrü Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 123-125-ci vərəqələrində olan "xxxx" MMC-nin 11 sentyabr 2024-cü il tarixli AZF/LGL-7385/24 nömrəli məktubu, ona əlavə edilmiş disk və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin yaddaşına 03 ədəd fayl yerləşdirilmişdir. Həmin fayllara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 25 sentyabr 2024-cü il tarixli, 6473 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 135-ci vərəqəsində olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2012-cü il tarixdə doğulmuş X7 ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 136-144-cü vərəqələrində olan 07 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 (bir) ədəd DVD (disk) və məhkəmə qərarı ilə "xxxx" MMC-dən götürülmüş bir ədəd CD-R (disk) cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmışdır. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06.11 2024cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsini, əməlini səmimi etiraf etməsini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, psixotrop maddənin istifadəsinə görə barəsində başlanmış cinayət işi üzrə məhkəmə istintaqı dövründə də həmin maddədən istifadə etməsini bilavasitə məhkəməyə etiraf etməsi, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, əvvəllər törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza almasının onun islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin övladları anaları ilə bərabər ondan ayrı yaşayırlar. Məhkəmə elektron sisteminin digər məhkəmələrdə olan işlər barədə məlumat bölməsindən əldə olunmuş məlumatlara nəzər yetirdikdə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs aliment ödənişlərindən yayındığı üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə də cəlb olunmuşdur. Bu hal onun övladlarının sosial təminatında maraqlı olmadığını göstərdiyi üçün, məhkəmə onun iki azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi qiymətləndirmir. Eyni zamanda əməlindən peşman olduğunu qeyd etdiyi halda hələ də , psixotrop maddədən istifadəyə davam etməsi onun peşmanlığının formal olduğunu göstərir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulub saxlandığı 30 aprel 2024-cü il tarixdən 02 may 2024cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 18 dekabr 2024-cü il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 25 sentyabr 2024-cü il tarixli, 6473 saylı saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,328 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,328 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 80 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (yüz əlli) manat pul məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar