Məhkəmə qərarları › İş №1(002)-298/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-298/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-298/2020 29.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, X3 müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi, ev 2, mənzil 69 ünvanında yaşayan X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayətində göstərmişdir ki, o xx.xx.1982-ci ildə Neftçala rayonunda anadan olmuş, 2004-cü ildə Neftçala rayon sakini X8 ilə ailə həyatı qurmuş və birgə nikahlarından bir övladı olmuşdur. Qeyd etmişdir ki, həyat yoldaşının işi ilə əlaqədar 2006-cı ildə Bakı şəhərinə köçərək Qaradağ rayonu Sahil qəsəbəsində yaxın qohumlarına məxsus evdə kirayədə yaşamışlar və 2018-ci ildə həyat yoldaşı işini dəyişdirdikdən sonra onlar Abşeron rayonu, Masazır qəsəbəsində həyat yoldaşının evində yaşayırlar. 2018-ci ilin oktyabr ayının 6-da, saat 10-00 radələrində Qaradağ rayon polis idarəsinin 38-ci Polis Bölməsinin sahə inspektoru Vüqar adlı polis əməkdaşı onun mobil telefon nömrəsinə zəng edərək barəsində şikayət ərizəsi daxil olduğunu və dərhal 38-ci PB-nə gəlməsini bildirmişdir. Oda həyat yoldaşı ilə birlikdə 38-ci PB-nə gedərək şikayətin kimin tərəfindən verildiyini və şikayətin mahiyyətini öyrənmək istədikdə onları 38-ci PB-nin müavini Şükür İbrahimov adlı polis zabiti qəbul edərək Qaradağ rayon sakini Əminə Rasim qızı adlı bir şəxsin 38-ci PB-nə şikayət etdiyini bildirmişdir. X7 şikayətində göstərmişdir ki, guya o, təsadüfən 2014-ci ildə Əminənin yaşadığı mənzilinə telefon zəngi edərək ona bildirmişdir ki, gəl İslam Cəmiyyətinə üzv ol. Türkiyə və Suriyada keçirilən tədbirlərdə iştirak et, amma o telefon danışıqları zaman onun təkliflərini rədd etmiş, lakin 2 gün sonra onun qarşısını kəsərək ona zəng edən adamın o, olduğunu bildirərək yenidən ona yuxarıda qeyd etdiyi təkliflərini və onun təkliflərini qəbul etmədiyi halda İslam Cəmiyyətinin sədri adından ondan 100 manat pul istəmiş və o bir müddət sonra 100 manat pulu ona vermişdir və yenidən 2016-ci ildə o yenidən təqsirləndirilən şəxslə təsadüfən qarşılaşaraq onun verdiyi 100 manat pulun az olduğunu və İslam Cəmiyyətinin sədrinin 100 manat pula etiraz etdiyini deyərək təkrarən 500-600 manat civarında pulun verilməsini tələb etmiş və ondan 15-20 gün möhlət istəyərək valideynlərinin onun üçün hazırlıq müəllimləri üçün ödəniş pullarını bir araya toplayaraq ona vermək üçün ondan möhlət istəmiş və o onunla razılaşmış, o da yenidən İslam Cəmiyyətinin adına 400 ABŞ dolları ona verərək ödəniş etmişdir. Eyni zamanda 2018-ci ilin mart ayında o yenidən Əminənin qarşısını kəsərək guya yenidən Müsəlman Cəmiyyəti adından ondan pul tələb etmiş və o pulunun olmadığını bildirdikdə o guya üzərində olan ümumi dəyəri 5000 manat olan brilyant qaşlı üzüyünü və qızıl boyunbağını ona verməsini istəmiş, əgər o həmin zinət əşyalarını ona vermədiyi təqdirdə onların dayandığı yerdən aralıda dayanan iki nəfər oğlan uşaqları ilə onu hədələmiş və həmin oğlanlardan biri cibindən bıçağı çıxararaq ona göstərmiş və o qorxudan üzərində olan ümumi dəyəri 5000 manat olan zinət əşyalarını çıxararaq ona vermişdir. Həmçinin o əsassız olaraq öz izahatında qeyd etmişdir ki, guya o qeyd olunan pulların verilmədiyi və ya pulları ona verərək kiməsə bu barədə məlumat verdiyi halda onun yaxın qohumlarını öldürmək hədəsi ilə hədələmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin icraata qəbul edilməsini və X7 barəsində Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət işi başlanılaraq onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Qaradağ rayon X10 Şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən araşdırma aparılmış və xx xxxxxx 2018-ci il tarixdə ona qarşı göstərilənlər öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş X7 öz izahatında şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, 2013-cü ildə dinə meyl etmiş və namaz qılmağa başlamışdır. Belə ki, mərhum babası hələ o zaman namaz qılmışdır. Ona baxıb namazı öyrənmiş və ibadət etmişdir, 2014-cü ilin təxminən yanvar-fevral ayında yaşadığı evin ***- ***-**-** telefon nömrəsinə zəng gəlmiş, dəstəyi qaldırıb danışmış, zəng vuran şəxs özünü «Zümrüd» adı ilə təqdim etmişdir. Danışıb dinlə məşğul olduğunu və insanları ibadətə çağırıb savab qazanmaq istədiyini söyləmişdir. Ona namaz qıldığını söyləmiş, Zümrüd gündə neçə dəfə namaz qıldığını soruşmuş, gündə beş rükət namaz qıldığını demiş, Zümrüd gündə 5 yox 3 dəfə namaz qılmaq lazım olduğunu söyləmişdir. Beləcə hər gün saat 15-16 radələrində Zümrüd zəng vurub onunla telefonda danışmış, Zümrüd ona din haqqında bildiklərini söyləmiş, ibadət etməyə çağırmış, telefonda dini dərslər keçmişdir. Zümrüd ona məsləhət görmüşdür ki, tanrıya «Yehova» deyə müraciət etsin. Həmçinin dini bilikləri «İncir» dini kitabından əldə etməyi məsləhət görmüşdür. Hər gün saat 15-16 radələrində ona ev telefonu ilə zəng vurub dini dərslər keçmiş, «incir»dən surələr oxuyub açıqlamasını söyləmişdir. Zümrüd dərslər barəsində heç kimə məlumat verməməyi tapşırmışdir. Ona görə də bu barədə heç kimə deməmiş, 2015-ci ilin mart ayında Zümrüd ona çarşabla bədənini qapamağı təklif etmişdir. Artiq 10-cu sinfi bitirmək üzrə olmuş, anasına çarşab geyinmək istədiyini söyləmiş, ancaq ona çarşabı geyinməyi Zümrüdün tapşirdığını söyləməmiş, anası çarşab geyinməyə izin verməmişdir. Bu səbəbdən də çarşab geyinməmişdir. Bundan sonra da hər gün Zümrüd ona zəng vurmuş və ev telefonu vasitəsi ilə dini dərslər keçmişdir. Həmçinin bir-birinə «WhatsApp» vasitəsi ilə mesajlar yazmışlar. Bu dərslər 2015-ci ilin iyul ayınadək davam etmişdir. Həmin ərəfədə bir gün telefona atası cavab vermiş, Zümrüd atası ilə danışmış, Zümrüdə bir daha zəng vurmamağı tapşırmış, barəsində şikayət edəcəyini bildirmişdir. İstifadə etdiyi mobil telefon nömrəsini sındırıb atmış, telefonu yenidən format edib bütün videoları və mesajları silmişdir, Bir müddət keçmiş və Zümrüdlə əlaqələri kəsilmişdir. 2017-ci ilin may ayında tarixini xatırlamadığı bir gün saat 15 radələrində Sahil qəsəbəsində yerləşən məscidin yanından keçəndə qarşısına bir nəfər çıxmış, həmin şəxs onun «WhatsApp» vasitəsi ilə danışan Zümrüd olmuşdur. Zümrüd onunla görüşmüş və söhbət etmişlər. Zümrüd bir ədəd vərəqdə əl yazma ilə icra olunmuş mətn verib imzalamağı tələb etmişdir. Mətnin məzmunu belə olmuşdur: «Mən başımı bağlayacağam, sizin kamandaya qoşulub verilən tapşırıqlari icra edəcəyəm», Mətnin altındakı sətirdə isə «imza» sözü yazılmışdır. «İmza» sözündən sonra imzasını çəkməyi, adıni və soyadını yazmağı tələb etsə də, Zümrüdün tələbinə məhəl qoymamış, sənədi imzalamaqdan imtina etmişdir, Zümrüd imza etməyəcəyini başa düşdükdən sonra hədələyib «sənin üçün yaxşı olmayacaq. ailəni tanıyırıq və pis hadisələr ilə üzləşəcəksən demiş, ondan ayrılmışdır. 2017-ci ilin iyun ayında tarixini xatırlamadığı bir gün saat 15 radələrində eyni yerdə yenə Zümrüd qarşısına çıxmış qeyd olunan məzmunda mətni imzalamağı tələb etmişdir. İmtina etdikdə isə ondan 100 manat pul tələb etmişdir. Pulu verməyəcəyi təqdirdə ailə üzvlərinə xəsarət yetiriləcəyi ilə hədələmişdir. Zümrüd 1 həftə vaxt vermiş, 1 həftə sonra eyni yerdə, yəni məsciddən bir qədər aralıdakı küçədə onu gözləyəcəyini deyib 100 manatı ona gətirməyi tələb etmişdir. Pulunu evdən götürüb 2017-ci ilin iyun ayında, saat 15 radələrində Sahil qəsəbəsindəki məsciddən bir qədər aralıdakı küçədə Zümrüdə vermiş, atasına isə müəllimlə hazırlaşmaq üçün verilmiş 100 manat pulu itirdiyini söyləmişdir. 2018-ci ilin fevral ayında, tarixini dəqiq xatırlamadığı bir gün saat 19-20 radələrində dərsdən gələn zaman Sahil qəsəbəsində Zümrüd qarşısına çıxmış, yenə mətn yazılmış kağızı uzadıb imzalamağı tələb etmişdır. Onun tələbinə əməl etməmiş, Zümrüd isə bunun əvəzində ondan 600 manat pul tələb etmişdir. 1 həftə sonra eyni yerdə gözləyəcəyini söyləmişdir. Atasının xərclik kimi verdiyi və toplayıb saxladığı 400 ABŞ dollarını götürüb çantasına qoyub özü ilə gəzdirmiş, 2018-ci ilin fevral ayında, tarixini dəqiq xatırlamadığı bir gün saat 20 radələrində təhsil aldığı Kooperasiya Universitetindən evə qayıdan zaman Sahil qəsəbəsində «Əbdülün mağazası» kimi tanınan yerdə Zümrüd qarşısına çıxmış, həmin 400 ABŞ dolları Zümrüdə verib ondan əl çəkməsini tələb etmişdir. 2018-ci ilin mart ayında saat 21 radələrində təhsil aldığı universitetdən yaşadığı Sahil qəsəbəsinə gəlmiş, evə gedən zaman Sahil qəsəbəsində «Əbdülün mağazası» kimi tanınan yerdə Zümrüd qarşısına çıxmış, Zümrüdün yanında 2 nəfər, təxminən 27-28 yaşlarında oğlan olmuşdur. Onlardan biri qarayanız, digəri isə sarışın olmuş, yenə Zümrüd mətn yazılmış kağızı uzadıb imzalamağı tələb etmişdir. Onun tələbinə əməl etməmiş və sənədi imzalamamışdır. Zümrüd isə onu ölümlə hədələmiş, anasını və qardaşını tanıdığını, onların nə vaxt evdən çıxdıqlarını, nə vaxt evə qayıtdıqlarını öyrəndiyini demişdir. Sarışın oğlanın əlində bıçaq olmuşdur və oğlan bıçağı nümayiş etdirmişdir. Zümrüd isə bunun əvəzində ondan 5000 manat pul tələb etmişdir ki, birdəfəlik əl çəksin. Pulu olmadığını söyləmiş, Zümrüd mobil telefonunda ona anası və qardaşının küçədə dayanmış vəziyyətdə olan şəklini göstərmiş, onları öldürtdürəcəyini, dini cəmiyyətinin çoxlu sayda gizli üzvlərinin olduğunu demişdir. Qorxub ondan ailə üzvlərinə heç bir ziyan vurmamasını xahiş etmiş, barmağında olan brilyant qaşlı qızıl əsaslı üzüyü, boynunda olan qızıl boyunbağını çıxarmışdır. Əlavə olaraq pul gətirməyi tələb etmiş, sonra isə çıxıb getmişdir. 3-4 gün sonra yenə onun qarşısına çıxacağını, pulu toplayıb özündə saxlamağı tapşırmışdır. Evə gəlib vəfat etmiş nənəsindən qalmış bir neçə qızıl qolbaq və boyunbağıları götürüb çantasına qoymuş, 2018-ci ilin mart ayında tarixini xatırlamadığı bir gün saat 19 radələrində təhsil aldiğı universitetdən yaşadığı Sahil qəsəbəsinə gəlmiş, Sahil qəsəbəsində «Əbdülün mağazası» kimi tanınan yerdə Zümrüd tək qarşısına çıxmış, pulu tələb etmişdir. Qeyd etdiyi əşyalardan ibarət ümumi çəkisi təxminən 20 qram olan qızıl-zinət əşyalarını Zümrüdə vermişdir. Zümrüd qızılları alıb «səninlə heç bir qərəzli münasibətim yoxdur» demişdir. Telefonda bir oğlanın şəklini göstərib «səni həmin oğlan sifariş verib» söyləmişdir. Oğlanın adının Vüqar olduğunu demişdir. Həmçinin Vüqarın bibisi qızı Nəzrinin nişanlısı olduğunu söyləmişdir. Şəkildə Vüqarı tanımışdır. Qeyd olunanlar barəsində heç vaxt heç kimə məlumat verməmişdir. Təxminən 2018-ci ilin oktyabr ayının ortasında anası ondan üzük və boyunbağı haqqında soruşmuşdur. Baş verənlərin hamısını danışmışdır. Atası Rasimə də bu barədə məlumat vermiş və 17.10. 2018-ci ildə faktla bağlı Qaradağ RPİ-nin 38-ci PB-nə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmış, araşdırma zamanı Zümrüd ona instagram səhifəsi vasitəsi ilə mesajlar yazmış, yazışan səhifənin adı «_agayeva5» olmuşdur. Atasının iştirakı ilə həmin instagram səhifəsi ilə mesajlar yazıb danışmışdır. Zümrüd mesajlarında hər şeyi Nəzrinin nişanlısı Vüqarın sifariş etdiyini, hətta müəyyən etmişdir ki, instagram səhifəsi «Aynur» adı ilə qeydiyyatdan keçmişdir. Həmin mesajlarla bağlı telefonda skrinşot çəkilişi aparıb araşdırma zamanı təhqiqata təqdim etmişdir və materiala əlavə olunmuşdur. Araşdırma zamanı isə onunla Zümrüd adı ilə danışan şəxsin X6 olduğu müəyyən edilmişdir. Onu polis bölməsində izahatı alındıqda görmüş və tanımışdır. Zümrüdlə «WhatsApp» vasitəsi ilə danışan zaman istifadə etdiyi telefon nömrəsini xatırlamadığını, həmın dövrdə istifadə etdiyi telefon aparatının «Samsung Tab 3» markalı olduğunu, həmin cihazın xarab olduğunu və işləmədiyini, telefon aparatı xarab olmazdan əvvəl yaddaşındakı bütün məlumatları, şəkilləri, videoları, mesajları sildiyini və cihazı format etdiyini bildirmişdir. Məhkəmə, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Qaradağ rayon X10 Şöbəsinin müstəntiqi, polis mayoru X9 tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, yuxarıda qeyd olunan xüsusatla bağlı araşdırma aparılmış və araşdırma zamanı cinayət tərkibi müəyyən edilməmiş və fakt üzrə cinayət işi başlanması üçün kifayət qədər əsaslar müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi barəsində şikayət verilmiş şəxs olan X1 şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmiş və onun müraciəti əsasında müvafiq araşdrıma aparılmışdır. İstər məhkəmə araşdırması zamanı, istərsə də polisdə aparılan araşdırma zamanı X3 şikayətində göstərilən xüsusatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 05 iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X4 izah edilsin ki, barəsində göstərilmiş məlumatların məhkəmə qaydasında təkzib edilməsi, eləcə də ona vurulmuş hər hansı maddi və ya mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə iclası zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar