Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-299/2023 12.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qediyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 22 iyul 2023-cü il tarixdə, saat 18:40 radələrində Qaradağ RPİ-nin cinayət axtarış şöbəsi və 10-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən H.Əliyev parkının qarşısında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə, saat 20:40 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,176 qram olan, qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, təxminən üç-dörd aya yaxındır ki, narkotik maddə qəbul edir. xx.xx.2023-cü il tarixdə, saat 18.30 radələrində Lökbatan qəsəbəsində yerləşən H.Əliyev parkının qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə gətirmişlər.10-cu Polis Şöbəsində o, əynindəki şalvarının cibində saxladığı 01 ədəd, içərisində narkotik vasitə kakos (heroin) olan bükümü təqdim etmişdir. Narkotik vasitəni Yasamal rayonu ərazisində “Asan Xidmətin” yaxınlığında tanımadığı şəxsdən 10 manata almışdır.Əməlindən peşmandır.Bir daha belə hallara yol verməyəcəyinə dair söz verir. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Vətən müharibəsi iştirakçısıdır və buna görə medallarla təltif edilmişdir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Elşən adlı şəxsin Lökbatan qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X2 və 10-cu PŞ-nin polis sahə inspektoru Şahid1 ilə birlikdə tərəflərindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 18:30 radələrində Lökbatan qəsəbəsində yerləşən H.Əliyev adına parkın qarşısında əməliyyat məlumatındakı Elşən adlı şəxsin zahiri əlamətlərinə oxşar bir şəxsə yaxınlaşmış, özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu Qaradağ RPİnin 10-cu PŞ-nə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisindəkinin narkotik maddə olan kakos olmasını, narkotik maddənin özünə məxsus olmasını, öz istifadəsi üçün Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət”-in qarşısında tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis şöbəsində müdafiəçi X3, Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2, Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru X2 və Qaradağ RPİ-nin 10-cu polis şöbəsin sahə inspektoru Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub içərisində narkotik vasitə olan “kakos” yəni heroin olduğunu, Yasamal rayonunda, “Asan Xidmət” mərkəzinin yanında tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Bundan sonra həmin büküm açılır, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli ibarət maddə aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxsn üzərindən aşkar olunaraq götürülmüş büküm zərfə qoyularaq möhürlənir, bu barədə protokol tərtib olunur, zərfin üzərinə və protokola imzalar edilir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 iyul 2023-cü il tarixli, 3- 16-16/2-6/3963 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 222” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs” sözləri, soy adlar və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi- 0,176 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsin xx.xx.2023-cü il tarixli, 4911 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətləinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,176 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.126 qram olan narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan İ-6961 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan İ-24369 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf edərək peşman olması, vətən müharibəsi iştirakçısı olmaqla “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, ona cəza təyin edilərkən nəzərə alınmaldır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan, tədqiqatdan sonra qalıq çəkisi 0.126 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saat görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.126 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saat görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-299/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-299/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver