Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-3/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli təbii qaz borularını gizli yolla talayaraq xeyli miqdarda oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2021ci ilin sentyabr ayının sonlarında “Azəriqaz” İB-nin Qaradağ rayon Texniki İstismar İdarəsinin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 18-ci km-də fəaliyyət göstərən “Azpetrol” YDM-nin arxa hissəsində yerləşən boş sahədən hər metrinin dəyəri 50 manat təşkil edən 529,8 mm diametrli, eni 6 mm olan 476 metr uzunluğunda dəmir boruları hissə-hissə kəsib yük avtomobillərinə yükləyib aparmaqla zərərçəkmiş hüquqi şəxsə 23800 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dövlət əhəmiyyətli təbii qaz borularını ələ keçirərək oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Təxminən 2020-ci ilin aprel ayından 2021-ci ilin oktyabr ayına qədər qara metal qırıntılarının alqı-satqısı ilə məşğul oan "xxxx" MMC-də işləmişdir. 07 iyun 2021-ci il tarixdə işlədiyi şirkətlə "xxxx" MMC şirkəti arasında qara metal qırıntılarının alqı-satqısı üzrə ST 08/2021 nömrəli müqavilə bağlanmışdır. O, həmin müqavilə əsasında "xxxx" MMC-yə məxsus dəmir boruların yığılması, doğranması və istehlakı ilə məşğul olmuşdur. 2021-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMC-nin dəmir borularını yığan zaman səhvən “AzəriQaz” şirkətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt yolunun təxminən 17-18-ci km-də yerləşən “Azpetrol” YDM-nin arxa hissəsində yerləşən 476 metr dəmir borunu götürmüşdür. Həmin boruları ərinməsi üçün zavoda təhvil vermişdir. Lakin oktyabr ayının əvvəllərində “Azəri Qaz” şirkətinin nümayəndəsi Şahid onunla əlaqə saxlayıb həmin boruların işlədiyi şirkətə məxsus olduğunu bildirmişdir. O, dərhal zavoda gedib ərinməmiş 222 metr borunu götürüb “Azəri Qaz” şirkətinin işçilərinə təhvil vermişdir. Boruların qalan hissəsini də qaytaracağına söz vermişdir. Lakin digər bir işi ilə bağlı xx.xx.2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs olunduğu üçün boruların qalan hissəsini vaxtında qaytara bilməmişdir. xx.xx.2021-ci il tarixdə azadlığa çıxdıqdan sonra onunla “Azəri Qaz” şirkətindən əlaqə saxlayan olmamışdır. Polis tərəfindən axtarıldığını bildikdə isə könüllü şəkildə Qaradağ Rayon Polis İdarəsinə gəlmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, həmin ərazidən 476 metr boru götürmüşdür, qeyd olunduğu qədər hissəsini qaytarmışdır. Lakin qeyd etmişdir ki, həmin borular istismara yararsız çürük dəmirdən ibarət olmuşdur. 476 metr borunun qiyməti onun fikrincə təxminən 2000 manat olardı. Lakin həmin borulardan 222 metrini qaytardığını nəzərə alınsa, hal-hazırda təxminən 1200-1300 manatlıq borcu qalmışdır. Lakin boruları götürdükdən sonra əritmək üçün zavoda vermişdir. “Azəriqaz” şirkətindən Tofiq müəllim onunla əlaqə saxladıqda zavoda gedib, ərinməmiş hissəsini təhvil vermişdir. Qalan hissəsi əridildiyi üçün təqdim edə bilməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, məhkəmə gedişatı dövründə ona verilmiş 23800 manat ittihamla razılaşdığı üçün 222 metr qaytardığı borulara görə 11100 manat çıxılmaqla yerdə qalan 12700 manat məbləğində pulu hissə-hissə “Azəriqaz” İB-nin hesabına ödəmişdir. 13 fevral 2023-cü il tarixli ekspert rəyinə də etirazı yoxdur. Belə ki, həmin rəyə əsasən də götürülmüş qaz borularının 1 metrinin orta bazar qiyməti istintaq dövründə göstərildiyi kimi 50 manat müəyyən edilmişdir. Buna görə də yerdə qalan zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Törətdiyi əməldən çox peşmandır, himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa əvvəlki həyat yoldaşında bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağı olmaqla onlara görə hal-hazırda aliment ödəyir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı departamentinin Hüquq şöbəsinin rəis müavini vəzifəsində işləyir. İşlə əlaqədar “Azəriqaz” İB-nin zərərçəkmiş şəxs kimi tanınmalı olduğu hallarda qanuni nümayəndə kimi işlərdə iştirak edir. Bakı şəhəri, Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun təxminən 17-ci km-də “Azpetrol” YDM-nin arxa hissəsindən keçən 530 mm-lik qaz boruları “Azəriqaz” İB-nin Bakı X15 Departamentinin Qaradağ rayonu üzrə Texniki-İstismar xidmətinin balansındadır. 02 oktyabr 2021-ci il tarixdə Qaradağ rayonu üzrə Texniki-istismar xidmətinin rəisi Şahid sözü gedən qaz borularının 476 metr uzunluğunda hissəsinin “Amil” adlı şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nə məlumat vermişdir. Oğurluq nəticəsində “Azəriqaz” İB-nə ümumilikdə 33534,20 manat maddi ziyan dəymişdir. Daha sonra həmin “Amil” adlı şəxsi oğurladığı borunun 221,9 metrini geri qaytarmışdır. Borular qaytarıldıqdan sonra dəymiş ziyan 17901,35 manat qalmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, 530 mm-lik boru xəttinin 1 metrinin balans dəyəri 70,45 manat hesablanmışdır, ifadəsində qeyd etdiyi oğurlanmış qaytarılmış boruları təqdim etmək üçün texniki imkan yoxdur. Lakin əraziyə gedib baxış keçirmək mümkündür. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş ittihamda oğurlanmış borunun 1 metrinin qiyməti 50 manat müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı keçirilmiş təkrar ekspertiza zamanı da həmin məbləğ 50 manat olaraq yenidən müəyyən edilmişdir. Odur ki, 13 fevral 2023-cü il tarixli ekspert rəyinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən 23800 manat məbləğində ziyan “Azəriqaz” İB-nin hesabına tam olaraq ödənilmişdir. Belə ki, 221,9 metr boru qaytarılmış, qalan hissəsi isə pul şəklində ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. 2020ci ilin avqust ayından etibarən “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinin Qaradağ rayonu üzrə texniki-istismar xidmətinin rəisi vəzifəsində çalışır. 2 oktyabr 2021-ci il tarixdə Qaradağ rayon texniki-istismar idarəsinin balansında olan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax yolunun təxminən 17-18-ci km-də yerləşən “Azpetrol” YDM-nin arxasında olan 530 mm-lik qaz boru xəttinə baxış keçirərkən təxminən 135 metr uzunluğunda boru xəttinin oğurlandığını müəyyən etmişdir. O, bu barədə dərhal 102 xidmətinə məlumat vermişdir. Bundan sonra orada olarkən özünü “Amil” kimi təqdim edən bir nəfər şəxs ona zəng vurub görüşmək istədiyini bildirmişdir. Həmin günü təxminən bir saat yarım keçəndən sonra həmin şəxslə yuxarıda qeyd etdiyi “Azpetrol” YDM-nin qarşısında görüşmüşlər. Özünü “Amil” kimi təqdim edən şəxs ona “Socar” şirkətinin Qaz- İxrac idarəsi ilə əməkdaşlıq etdiyini, həmin idarə ilə müqaviləsi olduğunu və sözü gedən boruların da Qaz-İxrac idarəsinə məxsus olduğunu düşündüyü üçün kəsib apardığını demişdir. Həmin şəxs söz vermişdir ki, tez bir zamanda həmin boruları qaytarıb yerinə qoyacaq. Təxminən oktyabr ayının 4-də o, təkrar əraziyə baxış keçirərkən “Amil” adlı şəxsin boruları yerinə qoymadığını, əksinə yerdə qalan hissəsini də kəsib apardığını görmüşdür. Oğurlanmış boruların ümumi uzunluğu 476 metr təşkil etmişdir. O, yenə “Amil” adlı şəxslə əlaqə saxlamış, həmin şəxs oğurladığı boruların 221.9 metrlik hissəsini gətirib yerinə qoymuşdur. Bundan sonra “Amil” boruların qalan hissəsini söz versə də, gətirib yerinə qoymamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2022-ci il tarixli 9/9400 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 metr uzunluğunda ümumi diametri təxminən 529.8 mm, divarının qalınlığı təxminə 6 mm olan dəmir borunun hazırki korroziyaya uğramış vəziyyətdə 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə vəsatət verərək ibtidai istintaq dövründə keçirilmiş ekspertiza zamanı oğurlanmış borunun 1 metrinin orta bazar qiymətinin 50 manat müəyyən edilsə də əslində isə həmin borunun 1 metrinin orta bazar qiymətinin 70,45 manat təşkil etməklə onlara vurulmuş ziyanın 33534,20 manat təşkil etdiyini bildirmiş və buna görə də yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin vəsatəti təmin edilməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 9/7829 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 metr uzunluğunda ümumi diametri təxminən 529.8 mm, divarının qalınlığı təxminən 6 mm olan dəmir borunun hazırki korroziyaya uğramış vəziyyətdə 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 50.00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhdaətnamələrin surətlərindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X8, xx.xx.2014-cü il tarixdə doğulmuş X5, xx.xx.2017-ci il tarixdə doğulmuş X6, xx.xx.2019-cu il tarixdə doğulmuş X9, xx.xx.2020-ci il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X11 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra zərərçəkmiş şəxslə barışmaqla dəymiş ziyanı ödəmiş və cinayət nəticəsində vurulan ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı tam ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını, bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağına görə aliment ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar məhkəmə iclaslarına gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, o, 06 sentyabr 2022-ci il tarixdə saat 00:05-də tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmiş və hal-hazıradək “ev dustaqlığı” qətimkan tədbiri davam etməkdədir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 07 (yeddi) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bak şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-3/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-3/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver