Məhkəmə qərarları › İş №1(002)-3/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-3/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-3/2024 24.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Goranboy rayonu, Qarasüleymanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Lev kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Qaraçinar kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs məxsus mobil telefonlar üçün 4751,71 (dörd min yeddi yüz əlli bir manat yetmiş bir qəpik) manat dəyərində aksessuarları müxtəlif rayonların ərazisində olan müştərilərə satıb əldə edilmiş pul vəsaitini gətirəcəyi barədə yalan məlumat verib aldadaraq, etibarından sui istifadə edib 01 avqust 2022-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” TM-nin ərazisində ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2022-ci ilin aprel ayından etibarən “Sədərək” ticarət mərkəzində telefon aksessuarlarının satışı ilə məşğul olan Yaqub və onun oğlu olan Kamran adlı şəxslərin topdansatış mağazasında əmək müqaviləsi bağlamadan, 450 manat əmək haqqı müqabilində satış nümayəndəsi kimi işləmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus “Mercedes Sprinter” markalı maşında Emil adlı sürücü ilə birlikdə respublikanın müxtəlif rayonlarına telefon aksessuarları aparmışdır. 2022-ci ilin avqust ayının 1-i və ya 2-si malları təhvil vermək üçün rayonlara getmiş, ayın 6-sı tarixində Kürdəmir rayonuna sifariş çatdırdıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 14-cü km. dairəsinə gəmişlər, o, maşından düşüb getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona zəng vurmuş, harada olduğunu soruşmuş, onunla görüşməyəcəyini dedikdən sonra telefonunu söndürmüşdür. 07 avqust 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olan əmisi oğlunun yanına getmişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda “Sədərək” ticarət mərkəzində telefon avadanlıqlarının satışı ilə məşğul olur. Qeyd olunan işin icrası üçün o, sürücü kimi Şahid1 və malların təhvili üçün isə Təqsirləndirilən şəxs cəlb etmişdir. 2022-ci ilin təxminən avqust ayının 2-si və ya 3-də sifarişləri çatdırmaq üçün malları qablaşdıraraq maşına yükləmiş Şahid1 və Təqsirləndirilən şəxs təhvil vermişdir. Onlar həmin malları müvafiq mağazalara təhvil vermiş və avqust ayının 6-da Bakıya qayıtmışlar. Bakıya qayıtdıqda Lökbatan dairəsində Təqsirləndirilən şəxs rayonlara təhvil verilmiş avadanlıqlara görə ona verilmiş 3500 manat pulu təhvil vermədən maşından düşmüş və getmişdir. O, pulların ona təhvil verilməməsi səbəbini soruşmaq üçün Təqsirləndirilən şəxs zəng vurmuş, lakin, sonuncunun telefonunun daxil olan zəngləri qəbul etmədiyini müəyyən etmişdir. Baş verənlər barədə Təqsirləndirilən şəxs atasına da məlumat vermişdir. Pulun ona qaytarılmadığını gördükdə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona məxsus mağazaya əvvəldən olan 506 manat borcunu da nəzərə almaqla ümumilikdə 4751,71 manat pulunun ələ keçirildiyini qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, təxminən 1 il 6 ay olar ki, Sədərək ticarət mərkəzində telefon avadanlıqlarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs alğı-satqı əlaqələri olmuşdur. Zərərçəkmiş şəxs götürdüyü avadanlıqlarla bağlı ödənişləri mütəmadi olaraq Təqsirləndirilən şəxs etdiyini bildirmişdir. Sonuncu dəfə 42 manat ödənişi Təqsirləndirilən şəxs məxsus karta etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs yeni işçisi kimi özünü təqdim etmiş şəxs yenidən ondan həmin məbləği tələb etmişdir. O da həmin pulu Təqsirləndirilən şəxs məxsus karta köçürdüyünü demişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram və ərizə ünvanlayaraq ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, təxminən 11 ay olar ki, “Sədərək” ticarət mərkəzində telefon avadanlıqlarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs mağazasından malların daşınmasında sürücü kimi işləyir. O, əsasən mağazadan malların respublikanın müxtəlif rayonlarına çatdırılmasında fəaliyyət göstərir. Həmin ərəfədə malların hesabatı, pul məsələləri ilə isə satış meneceri Təqsirləndirilən şəxs məşğul olmuşdur. 06 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə rayondan qayıdarkən Lökbatan dairəsi yaxınlığında sonuncu səhhətində problem yarandığını bildirərək maşından düşmüşdür. Sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus telefon avadanlıqlarından əldə olunmuş 3500 manat pulu sonuncuya təhvil verməmişdir. Cinayət işinin 1-ci cildinin 194-195-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 19:00) Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 215-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsi və barəsində axtarış elan edilməklə tutulması, o cümlədən iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Cinayət işində olan xx.xx.2023-cü il tarixli tutma protokolundan və xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə edərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə 180 (yüz səksən) manat Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73- 1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar