Məhkəmə qərarları › İş №1(002)-301/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-301/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-301/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X1 şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Lerik rayonu, Osyodərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1 (002)-301/2021 saylı, 05.08.2021-ci il tarixli Qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan” tədbiri ilə əvəz olunmuş, “Lerik rayonu, Osyodərə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan Zərərçəkmiş şəxs ilə sonuncunun həyat yoldaşı Şahid1 ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən təpiklə vurmuş, bundan sonra həyətyani sahədə yerdən götürdüyü taxta parçası ilə sonuncunun baş nahiyəsindən qəsdən vuraraq ona başın sol təpə nahiyəsinin əzilmiş yarası, sol kürək, sol çiyinüstü, sol bazunun, sol saidin və sol əlin arxa səthinin qançırları, sol baldırın sıyrıqları ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Şahid1 02 ildən artıq müddətdir ki, tanıyır. Nurayla tanış olan zaman ona bildirmişdir ki, o həyat yoldaşı ilə 2018-ci ildən etibarən ayrı yaşayır. Nuray həmin vaxt Lökbatan qəsəbəsində yerləşən “Borçalı” adlı kafedə xidmətçi işləmişdir. Özü də həmin kafeyə müştəri kimi gedib gəldiyi vaxtlarda, yəni 2019-cu ilin fevral ayının əvvəllərində Nurayla tanış olmuşdur. 2021-ci ilin fevral ayına kimi qeyri-rəsmi münasibətləri olmuşdur. Mütəmadi olaraq onun yaşadığı evə getmiş və aralarındakı münasibət 2021-ci ilin fevral ayına kimi davam etmişdir. 2021-ci ilin fevral ayında Nuray ilə Lökbatan qəsəbəsində hal-hazırda xatırlamadığı yerdə görüşmüş və ayrılmaq qərarına gəlmişlər. 17 iyun 2021-ci il tarixdə, saat təxminən 21 radələrində qəsəbədə hal-hazırda adını xatırlamadığı kafelərdən birində yemək yeyib spirtli içki qəbul etmişdir. Lökbatan qəsəbəsində H.Əliyev parkında olan zaman Nurayı görmüş və ona yaxınlaşıb nə üçün ondan ayrıldığını soruşmuşdur. Həmin vaxt sərxoş olduğu üçün bütün hərəkətləri ardıcıllıqla xatırlamır, lakin Nuraydan münasibətlərinin davamlı olmasını istədiyi üçün ondan bunu soruşmuşdur. Nuray da onun sərxoş olduğu üçün sonra söhbət etmək lazım olduğunu demiş, onunla razılaşıb uzaqlaşmışdır.Bundan sonra həmin gün Lökbatan qəsəbəsində yerləşən hal-hazırda adını xatırlamadığı kafelərdən birində yemək yeyib spirtli içki qəbul etmişdir. Sərxoş olduğu üçün həmin gün Nurayın yaşadığı evin yanından keçərək yaşadığı evə getmək qərarına gəlmişdir. Saat 23 radələrində Lökbatan qəsəbəsində piyada hərəkət edərək Nurayın yaşadığı məhəllədən keçmişdir. Həmin vaxt Mehman bayır çıxmış və ondan Şahid1 nə üçün narahat etdiyini ondan soruşmuşdur.O da Mehmana Nurayı narahat etmədiyini, aralarında dostluq münasibəti olduğunu demişdir. Bu səbəbdən baş vermiş mübahisə zamanı Mehmanın onun qolundan tutaraq küçənin aşağı hissəsinə aparmış və əlində olan daş parçası ilə onun sifət nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bu zaman onun sifətindən və burun nahiyəsindən qan axmağa başlamışdır. O da sifətini tutmuş və Mehmanın evlərinə girdiyini görmüşdür. Xəsarət aldığına görə və üzünü yumaq məqsədilə onun yaşadığı evə gedib qapını döymüşdür. Qapını Nuray açmış və bundan sonra o həyətə daxil olub su kranında əl-üzünü yumuşdur. Həmin zaman Mehman qızı Fatimə ilə həyətə çıxmışdır. Həmin vaxt o, öz hərəkətlərini idarə edə bilmədiyi üçün Fatiməni kənarlaşdırmaq məqsədilə ayağı ilə itələmişdir. Lakin Fatiməyə xəsarət yetirmək niyyəti olmamışdır. Buna görə də, Fatimə yerə yıxılmışdır. Onlar Mehmanı kənarlaşdırarkən özünü qorumaq məqsədilə həyətyani sahədə divara dayanmış vəziyyətdə olan taxta parçası götürmüşdür. Bundan sonra Nuray və qızı Fatimə onu qolundan tutub həyətdən çıxarmaq istəyən zaman Mehman yerdən taxta parçası götürüb üzərinə gəlmiş və baş nahiyəsindən zərbə endirmişdir. Həmin vaxt özünü müdafiə etmək məqsədilə Mehmanın baş nahiyəsindən əlində olan taxta parçası ilə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Nuray və qızı Fatimə Mehmanı evə aparmışlar. O isə oradan uzaqlaşaraq yaşadığı evə gedib əynindəki paltarları dəyişib, əl-üzünü yuduqdan sonra Sabunçu xəstəxanasına getmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdən tanıyır. Aralarında heç bir qohumluq münasibəti olmamışdır. 17.06.2021-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı ünvanda evdə olan zaman qapını döyüldüyünü eşitmiş və bayıra çıxmışdır. Həmin vaxt qapını döyən şəxsin sonradan adını bildiyi Sadiq adlı şəxs olduğunu bilmişdir. Qapını açan kimi Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 ünvanına nalayiq ifadələr işlətməyə başlamış və qəfildən onun qarın nahiyəsindən təpiklə zərbə endirmişdir. Onun hərəkətlərindən heçnə başa düşməyib sifət nahiyəsindən yumruq və təpiklə vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Qapını bağlamış və evə daxil olmuşdur. Həmin vaxt evdə həyat yoldaşı Şahid1, övladları Zəhra Səfərli və Şahid2 olmuşlar. Biraz keçdikdən sonra yenə qapı döyülmüşdür. Oğlunun əsgərlikdən gəlməyini gözlədiyi üçün onun gələcəyini və qapının da onun tərəfindən döyüldüyünü güman etmişdir. Buna görə də həyat yoldaşı Nuray qapını açmaq üçün həyətə çıxmışdır. Həyətdə səs küy səsləri eşidildiyinə görə qızı Fatimə və Zəhra da həyətə çıxmışlar. Onların arxasınca isə özü çıxmışdır. Həmin vaxt həyətdə Sadiq də olmuşdur. Həyat yoldaşı və uşaqları onu həyətdən çıxarıb kənarlaşdırmaq istəyən zaman Sadiq Fatimənin qarın nahiyəsindən təpiklə bir dəfə zərbə endirmişdir. Qızı Fatimə zərbənin təsirindən yerə yıxılmışdır. Onun üzərinə gedib yumruqla Sadiqin sifət nahiyəsindən bir dəfə vurmuşdur. Daha sonra həyat yoldaşı və qızları Sadiqi həyətdən çıxarmışlar. Sadiqin həyətdən çıxıb getdiyini güman etdiyi üçün evə tərəf gedən zaman Sadiq həyətyani sahəyə bir daha daxil olub həyətdə divara dayanmış vəziyyətdə olan taxta pəncərənin bir hissəsini qoparıb taxtanın üzərində olan dəmir hissəsi ilə üzərinə gəlmiş və baş nahiyəsindən, qolundan və bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmişdir. Bundan sonra müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt Sadiq həyat yoldaşının ayağına da təpiklə zərbələr endirmişdir. Bundan sonra o, həyətdən çıxıb getmişdir. Həyat yoldaşı TTY çağırdıqdan sonra tibbi yardım göstərilmiş və polisə məlumat verilmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib təqsirləndirilən şəxs Ramin əliyev barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olsa da hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində, nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs ilə 1999-cu il də ailə həyatı qurmuşdur. Həmin nikahdan 4 azyaşlı övladları vardır. Övladlarından ikisi X3 və X6 halhazırda Silahlı Qüvvələrdə hərbi xidmətdədirlər. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə ailədaxili münaqişələri olduğuna görə 2018-ci ildən etibarən ayrı yaşamışlar. Həmin müddətdə Lökbatan qəsəbəsində yerləşən “Borçalı” adlı kafedə xidmətçi işləmişdir. Kafedə işləyən zaman, 2019-cu ilin fevral ayının əvvəllərində oraya müştəri kimi gəlibgedən şəxs Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin şəxslə 2021-ci ilin fevral ayına kimi qeyri-rəsmi münasibəti olmuşdur. Mütəmadi olaraq Sadiq onun yaşadığı evə gedib gəlmişdir. Həmin müddətdə də evdə övladları ilə olmuşdur. Bundan başqa, Sadiqlə heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Bu minvalla münasibətləri 2021-ci ilin fevral ayına kimi davam etmişdir. 2021-ci ilin fevral ayında həyat yoldaşı Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlmiş və aralarında barışıq olmuşdur. Birgə yaşamağa qərar vermişlər. Həmin ərəfədə də Sadiqlə əlaqə saxlayıb Lökbatan qəsəbəsində halhazırda xatırlamadığı yerdə görüşmüş və ona Mehmanla barışdığını, ailə olaraq bir yerdə yaşamağa davam edəcəklərini və ona aralarındakı əlaqəni kəsmək lazım olduğunu izah etmişdir. Sadiq onun bu fikri ilə razılaşmış və onlar oradan ayrılaraq getmişlər. Lakin, bu barədə, yəni Sadiqlə münasibəti olması barədə Mehmana heç nə deməmiş, həyat yoldaşı Mehman onun Sadiqlə münasibəti barədə tamamilə xəbərsiz olmuşdur. 17 iyun 2021-ci il tarixdə, saat təxminən 21 radələrində Lökbatan qəsəbəsində yaşadığı evdən çıxıb mağazaya getmişdir. Mağazadan evə qayıdan zaman qəsəbədə yerləşən H.Əliyev parkının içərisi ilə hərəkət etmişdir. Parkda Sadiq qarşısına çıxmışdır. Həmin vaxt Sadiq içkili vəziyyətdə, sərxoş olmuşdur. Sadiq içkili olduğuna görə nə üçün ondan ayrıldığını soruşmuş, Sadiqə sərxoş olduğunu, ayıq başla başqa vaxt bu barədə söhbət edə biləcəkərini demişdir. Sonra yaşadığı ünvanda evinə getmişdir. Həmin gün saat təxminən 23 radələrində ailə üzvləri ilə evdə olan zaman qapı döyülmüşdür. Həyat yoldaşı qapını açmağa getmişdir. Həyətdə səs-küy səslərini eşitmiş, həmin vaxt qapını döyən şəxsin Sadiq olduğunu görmüş və Sadiq onun ünvanına təhqiredici nalayiq ifadələr işlətmişdir. Həyat yoldaşı Mehmanla Sadiqin arasında bu səbəbdən mübahisə yaranmışdır. Onlar yaşadığı evin qarşısında, məhəllədə küçədə mübahisə edərək həyətyani sahəyə daxil olmuş, mübahisə zamanı onlar bir-birini vuraraq xəsarət yetirmişlər. Onların bir-birinə nə ilə xəsarət yetirdiyini görməmişdir. Həmin vaxt Mehman Sadiqi həyətdən çıxarmış və qapını bağlamışdır. Evdə olan zaman, təxminən bir neçə dəqiqə sonra qapı yenidən döyülmüşdür. Hərbi xidmətdə övladı olduğu və onun evə gəlməyini gözlədiyi üçün qapının da oğlu tərəfindən döyüldüyünü güman etmişdir. Qapını açmağa gedərkən qızı Fatimə də yanında olmuşdur. Qapını açdıqda qapını döyən şəxsin Sadiq olduğunu görmüşdür. Sadiq qapını itələyib həyətə daxil olmuşdur. Həmin vaxt səs-küy səsləri olduğuna görə Mehman da evdən həyətə gəlmişdir. Mehmanla Sadiq bir daha mübahisə etməyə başlamışlar. Qızı Fatimə ilə Sadiqi həyətdən çıxarıb kənarlaşdırmaq istəyən zaman Sadiq qızı Fatimənin qarın nahiyəsindən təpiklə bir dəfə zərbə endirmişdir. Qızı zərbənin təsirindən yerə yıxılmışdır. Mehman Sadiqin üzərinə gedib yumruqla sifət nahiyəsindən bir dəfə vurmuşdur. Mehmanla birlikdə Sadiqi həyətdən çıxarmışlar. Sadiqin həyətdən çıxıb getdiyini güman etdikləri üçün evə tərəf gedən zaman Sadiq həyətyani sahəyə bir daha daxil olub həyətdə divara dayanmış vəziyyətdə olan taxta pəncərənin bir hissəsini qoparıb taxtanın üzərində olan dəmir hissəsi ilə Mehmanın üzərinə gəlmiş və baş nahiyəsindən, qolundan və bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmişdir. Bundan sonra Mehman müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra Sadiq həyətdən çıxıb getmişdir. TTY çağırdıqdan sonra Mehmana tibbi yardım göstərilmiş və polisə məlumat verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtə barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin, Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Şahid2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 saylı tam orta məktəbin 9-cu sinifində təhsil alır. Şahid1 anası, Zərərçəkmiş şəxs isə atasıdır. Atası ilə anasının aralarında ailədaxili münaqişələr olduğuna görə 2018-ci ildən etibarən anası ilə birlikdə atasından ayrı yaşamışdır. Həmin müddətdə anası Lökbatan qəsəbəsində yerləşən “Borçalı” adlı kafedə xidmətçi işləmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, anası ilə dostluq münasibətində olmuşdur. Mütəmadi olaraq Sadiq yaşadıqları evə qonaq kimi gəlib getmişdir. 17 iyun 2021-ci il tarixdə, saat təxminən 23 radələrində evdə olan zaman qapı döyülmüşdür. Atası qapını açmağa getmişdir. Həyətdə səs-küy səslərini eşitdiklərinə görə qapını döyən şəxsin Sadiq olduğunu görmüş və o, anasının ünvanına nalayiq ifadələr işlətmişdir. X8 arasında bu səbəbdən mübahisə yaranmışdır. Onlar evin qarşısında, məhəllədə küçədə mübahisə edərək həyətyani sahəyə daxil olmuşlar, mübahisə zamanı atası ilə Sadiq bir-birini vuraraq xəsarət yetirmişlər. Onların bir-birinə nə ilə xəsarət yetirdiyini bilmir. Həmin vaxt atası Sadiqi həyətdən çıxarmış və qapını bağlamışdır. Evdə olan zaman, təxminən bir neçə dəqiqə sonra qapı yenidən döyülmüşdür. Anası evdən çıxıb qapını açmağa getmişdir. Həmin vaxt anasının yanında olmuşdur. Anası qapını açdıqda qapını döyən şəxsin Sadiq olduğunu görmüşdür. Sadiq qapını itələyib həyətə girmişdir. Həmin vaxt səs-küy səsləri olduğuna görə atası da həyətə gəlmişdir. Atası ilə Sadiq bir daha mübahisə etməyə başlamışlar. Anası Nuray ilə birlikdə Sadiqi həyətdən çıxarmaq istəyərkən Sadiq qarın nahiyəsindən təpiklə bir dəfə zərbə endirmişdir. Həmin zərbənin təsirindən yerə yıxılmışdır. Atası Sadiqin üzərinə gedib yumruqla sifət nahiyəsindən bir dəfə vurmuşdur. Anası və atası ilə birlikdə Sadiqi həyətdən çıxarmışlar. Sadiqin həyətdən çıxıb getdikdən sonra həmin an da həyətyani sahəyə bir daha daxil olub həyətdə divara dayanmış vəziyyətdə olan taxta pəncərənin bir hissəsini qoparıb taxtanın üzərində olan dəmir hissəsi ilə atasının üzərinə gəlmiş və baş nahiyəsindən, qolundan və bədəninin müxtəlif nahiyələrindən zərbələr endirmişdir. Bundan sonra atası müvazinətini itirib yerə yıxılmışdır. Sadiq də həyətdən çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 21 iyun 2021-ci il tarixli 376 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət - başın sol təpə nahiyəsinin əzilmiş yarası, sol kürək, sol çiyinüstü, sol bazunun, sol saidin və sol əlin arxa səthinin qançırları, sol baldırın sıyrıqları bərk küt əşya(əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl olmaqla onun 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri göstərilən 18 iyun 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs almış olduğu xasərətlərin xarakter və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirməsi və eləcə də şəxsin öz boyun hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. (i.v 17-18); Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2021-ci il tarixdə tutulmuşdur. (i.v. 44) Təqdim edilmiş predmetə baxış keçirilməsi haqqında 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X2 tərəfindən təqsirləndirilən şəxsin, müdafiəçinin iştirakı ilə hadisə yerindən götürülmüş aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirən zaman istifadə etdiyi taxta parçasına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin taxta parçasını Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində yerdən götürdüyünü, aralarında baş vermiş şəxsi münasibətlər zəminində özünü müdafiə etmək məqsədilə istifadə edərək Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq xəsartə yetirmişdir. Həmin taxta parçası köhnə materiallı olub, uzunluğu 80 sm, eni isə 6 sm-dir. Hər iki tərəfdən uc hissələri girintili-çıxıntılı vəziyyətdədir. Hər tərəfi ağ rəngli boya ilə boyanmış və boya bəzi hissələrdə silinmiş vəziyyətdədir. Taxta parçasının aşağı və yuxarı hissəsində ümumilikdə iki ədəd olmaqla dəmir keçəcəkli yeri vardır. (i.v. 65) Maddi sübut kimi tanınma haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirən zaman istifadə etdiyi uzunluğu 80 sm, eni isə 6 sm, hər iki tərəfdən uc hissələri girintili-çıxıntılı və hər tərəfi ağ rəngli boya ilə boyanmış və boya bəzi hissələrdə silinmiş vəziyyətdə olan, aşağı və yuxarı hissəsində ümumilikdə iki ədəd olmaqla dəmir keçəcəkli yeri olan taxta parçası maddi sübut kimi tanınmış, saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 66-67) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28.06.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v 85-86) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 4(002)-120/2021 nömrəli, 28 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyun 2021-ci il tarixdən hesablanmışdır. (i.v 111-114) Qanuni nümayəndə qismində tanınma haqqında 30 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 Şahid2 qanuni nümayəndəsi qismində tanınmışdır. (i.v 126) İfadənin yerində yoxlanılması haqqında 15 iyul 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X2, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Elnur Abdullayevin, Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun ifadəsində göstərdiyi iş üçün əhəmiyyətli olan məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkətini keçirmişdir. Daha sonra qeyd olunan iştirakçılarla birlikdə ifadələri yerində yoxlanılan Təqsirləndirilən şəxs təklifi ilə Qaradağ RPİ-nin inzibati binasından avtomobilə əyləşərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkət etmiş, Lökbatan qəsəbəsi, S.Orucov küçəsinə çatdıqda , Təqsirləndirilən şəxs avtomobili əsas yoldan köməkçi yola, sağa tərəf istiqamətində getdikdən sonra dönməyi təklif etmişdir. Təxminən 200 metr məhəlləyə, yaşayış evləri istiqamətində getdikdən sonra Təqsirləndirilən şəxs avtomobili saxlamaq lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əsas yoldan, məhəlləyə yəni yaşayış evlərinə tərəf olan istiqaməti göstərərək 17.06.2021-ci il tarixdə, saat 23 radələrində Lökbatan qəsəbəsində kafelərdən birində yemək yeyib spirtli içki qəbul etdikdən sonra gəldiyi istiqaməti, Şahid1 və Zərərçəkmiş şəxsn yaşadığı evin və həmin evin qarşısında keçdiyi istiqaməti göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 17.06.2021-ci i l tarixdə saat 23 radələrində Şahid1 yaşadığı evin qarşısından keçərkən sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs onun qarşısına çıxdığı və aralarında mübahisə baş verdiyi yeri, bundan sonra, Zərərçəkmiş şəxs onun qolundan tutaraq küçənin aşağı hissəsini apardığını, həmin yerdə onun sifət nahiyəsindən vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs yaşadığı evə qayıtdğını, təxminən bir neçə dəqiqə sonra yenidən Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə getdiyini, həmin vaxt həyətdə aralarında yenidən mübahisə baş verdiyini və həyətdə yerdən götürdüyü tata parçası ilə sonuncunun baş nahiyəsindən vurduğunu və özünün də xəsarət aldığı yeri əyani olaraq göstərmişdir. (i.v 155-159) İfadənin yerində yoxlanılması haqqında 15 iyul 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X2, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Elnur Abdullayevin, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə sonuncunun ifadəsində göstərdiyi iş üçün əhəmiyyətli olan məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkətini keçirmişdir. Daha sonra qeyd olunan iştirakçılarla birlikdə ifadələri yerində yoxlanılan Zərərçəkmiş şəxs təklifi ilə Qaradağ RPİ-nin inzibati binasından avtomobilə əyləşərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkət etmiş, Lökbatan qəsəbəsi, S.Orucov küçəsinə çatdıqda , Zərərçəkmiş şəxs əsas yoldan köməkçi yola, yəni sola tərəf dönərək getməyi, təxminən 200 metr məhəlləyə, yaşayış evləri istiqamətində getdikdən sonra avtomobili saxlamaq lazım olduğunu bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə avtomobildən yerə enmişlər. Təqsirləndirilən Zərərçəkmiş şəxs yaşadığı ünvandan kirayədə yaşadığı fərdi yaşayış evini göstərmişdir. Bundan sonra o, 17.06.2021-ci i ltarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda evə gələrək qapını döydüyünü, həyətə çıxdıqda, bayırda Təqsirləndirilən şəxs onun həyat yoldaşı Şahid1 ünvanına nalayiq ifadələr işlətdiyinə görə aralarında mübahisə yarandığı yeri, sonuncunun onun qarın nahiyəsindən vurduğu yeri, bundan sonra Təqsirləndirilən şəxs yenidən onun həyətyanı sahəyə daxil olduğunu, yerdən götürdüyü ağac parçası ilə baş nahiyəsindən xəsarət yetirdiyi yeri, eyni zamanda Təqsirləndirilən şəxs da sifət nahiyəsindən vuraraq xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. (i.v 160-163) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17.07.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. (i.v.168) Sübutların qiymətləndirilməsi haqqında 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi həmin Məcəllənin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona yeni məzmunda Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış o məhkəmə məsuliyyətinə verilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Zərərçəkmiş şəxs barəsində müstəqil icraata cinayət işi ayrılmış və həmin cinayət işinə ********* nömrəsi verilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs statusu dəyişdirilmiş, o, zərərçəkmiş şəxs qismində tanınmış, 18.06.2021-ci il tarixli protokolla hadisə yerindən götürülmüş və aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirən zaman istifadə etdiyi uzunluğu 80 sm, eni isə 6 sm, hər iki tərəfdən uc hissələri girintili-çıxmtılı və hər tərəfi ağ rəngli boya ilə boyanmış və boya bəzi hissələrdə silinmiş vəziyyətdə olan, aşağı və yuxarı hissəsində ümumilikdə iki ədəd olmaqla dəmir keçəcəkli yeri olan taxta parçası maddi sübut kimi tanınmış, saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Zərərçəkmiş şəxs barəsində ayrılmış cinayət işi üzrə sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxs qismində tanınmış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarındakı şəxsi münasibətlər zəminində mübahisə zamanı bir-birinə xəsarət yetirmələri barədə baş vermiş hadisənin tarixi şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdiyi tarixdə, yəni 17.06.2021-ci il, saat 23 radələrində baş verməsi nəzərə alınmış, həmin tarix əsas götürülmüş, Təqsirləndirilən şəxs Şahid2 qəsdən vuraraq ona xəsarət yetirməsi faktı istintaqla müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə- tibbi ekspertizasının 21.06.2021-ci il tarixli, 376 nömrəli və 05.07.2021-ci il tarixli, 383 nömrəli rəyləri, baxış keçirilməsi haqqında protokollar, üzləşdirmə keçirilməsi haqqında protokol, ifadələrin yerində yoxlanması haqqında protokollar və digər ibtidai araşdırma materialları cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 169-181) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 iyul 2021-ci il tarixli qərardan görünr ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. (i.v. 186-187) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 197) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 1(002)- 301/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli, 04/123-2021 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 23 dekabr 2010cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay 10% dövlət gəlirinə tutulmaqla 1(bir) il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzası “Azərbaycan Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2013-cü il tarixli Qərarın 5.2 bəndinə əsasən amnistiya tətbiq edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsində maddi sübutların saxlanılması kamerasında saxlanılan 01 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar