Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-308/2021 24.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X1 şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta "təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Təzəyurd massiv 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 25.05.2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə yurd massivi “Asfalt” zavodun yaxınlığında qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi “Şadman” markalı yük avtomobilini yaşayış məntəqəsində aşağı sürətlə idarə etməsini irad bildirməsi zamanı aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı B.M.Şahmmədov onu təhqir etdiyi üçün idman fəndi işlədərək yerə yıxmaqla sonuncuya sağ körpücük sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişən sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının qançırı, başın sağ gicgah nahiyəsinin əzilmiş yararası, sağ kürəyin, sol dirsək oynağının, sağ diz oynağının sıyrıqları ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu ünvan 2 ünvanda yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. 25.05.2021-ci il tarixdə saat 20:00 radələrində küçə ilə mağazaya gedən zaman “Shagman” markalı yük avtomobili sürətlə yanından keçmiş, həmin vaxtı o kənara çəkilməsəydi maşın onu vuracaqmış. O da əli ilə sürücüyə asta sürməsini işarə etmiş, sürücü qarşıda "Shagman”-ı saxlamış, qapı açılanda sürücünün Bəxtiyar olduğunu görmüşdür. Bəxtiyardan yük avtomobilini bir az yavaş sürətlə sürməsini xahiş etmiş, həmin vaxtı Bəxtiyar ünvanına nalayiq ifadələr işlətmişdir. O, oradan uzaqlaşıb getmək istəyərkən Bəxtiyar yük avtomobilindən aşağı düşmüşdür. Həmin vaxtı Bəxtiyarın ağzından spirtli içki qoxusu gəldiyini hiss etmiş və Bəxtiyarın sərxoş olduğunu başa düşmüşdür. Bəxtiyar nalayiq ifadələr işlədərək üstünə gəlmiş, məsələyə aydınlıq gətirilməsi səbəbi ilə söhbətlərini başqa yerdə davam etdirmələrini bildirmişdir. Bəxtiyarı sakitləşdirməyə çalışmış, Bəxtiyar ondan əl çəkmədiyi üçün yük avtomobilinə əyləşməsini xahiş etmiş, özünün piyada onun arxasınca gəldiyini bildirimişdir. Bundan sonra Bəxtiyarın anasına məlumat verməsi məqsədi ilə Bəxtiyargilin dükanına tərəf getmişdir. O, orada Bəxtiyarın dayandığını görmüşdür. Bəxtiyar yenidən onun ünvanına nəlayiq ifadələr işlətməyə başlamış, bundan əsəbləşdiyi üçün Bəxtiyara yaxınlaşaraq idman fəndi işlədərək onu yerə yıxmışdır. Bəxtiyar xəsarətləri yəqin ki, həmin vaxtı almışdır. Həmin vaxtı onların yanında heç kim olmamışdır. O, Bəxtiyarı vurub xəsarət yetirdikdən sonra TTYS-na zəng edib məlumat vermiş və hadisə yerinə TTYS-nm həkim briqadası gələrək Bəxtiyarı 3 saylı ŞKX-na aparmışdırlar. Xəstəxanada Bəxtiyara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Qaradağ RPİ-nin 11-ci PB-dən ona zəng edilmiş və 11-ci PB-nə dəvət edilmişdir. PB-də izahatı alınarkən sərbəst şəkildə izahat verərək idman fəndi işlədib tanışı Bəxtiyarı yerə yıxmaqla onun xəsarət almasına şərait yaratdığını səmimi etiraf etmişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməklə onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25.05.2021-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyim "Shagman” markalı yük avtomobilini saatda 20-30 km surətlə məhlədə idarə edərək yaşadığı evin qapısına çatmamış yolda 15-20 metr məsafədə olarkən qonşusu Xəyal əl işarəsi göstərib avtomobili saxlamağını bildirmişdir. O, da avtomobili yolun kənarına çəkib saxlamış və Xəyal ona tərəf yaxınlaşaraq yük avtomobilini bir az yavaş sürətlə sürməyini xahiş etmişdir. Həmin vaxtı o, Xəyalın ona irad tutmasından əsəbləşərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Xəyalı Qaradağ rayonu Qobustan qəsəbəsi Təzəyurd “Asfalf’zavodunun yaxınlığına gəlməsini bildirmişdir. Bundan sonra o, yük avtomobilinə əyləşərək sürə-sürə həmin ünvana gəlib çatmışdır. O, Xəyalı orada gözləmiş, Xəyal da piyada gəlib onun yanına çatmışdır. Orada o, Xəyalı təhqir etmişdir. O, gözləmədiyi an Xəyal arxadan ona yaxınlaşaraq idman fəndi işlətməklə onu yerə yıxmış və o, da yerdə olarkən xəsarət almışdır. Hadisə vaxtı orada başqa onlardan heç kim olmamışdır. Hadisə vaxtı o, sərxoş olmuşdur. Daha sonra Xəyal TTYSna zəng etmiş və hadisə yerinə TTYS-nm həkim briqadası gələrək onu 3 saylı ŞKX-na aparmışlar. Orada müayinə olunmuş və sol körpücük sümüyümdə sınıq, sol çiyin, sağ dirsək və alın nahiyəsində sıyrıq izləri aşkar olunmuşdur. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış və müalicəsini evdə ambulator şəraitdə davam etdirməyə başlamışdır. O, Xəyalın onu yerə yıxıb xəsarət yetirməsi ilə əlaqədar olaraq barəsində Qaradağ RPİ-nin 11 -ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir daş parçası ilə onu vurub xəsarət yetirməmiş, əksinə idman fəndi işlətməklə onu yerə yıxaraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 27 may 2021-ci il tarixli 321 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ körpücük sümüyünün orta 1/3-nin qapalı, yerdəyişən sınığı ilə müşayiət olunan sağ çiyin qurşağının qançırı, başın sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ kürəyin, sol dirsək oynağının, sağ diz oynağının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 25 may 2021-ci il tarixində törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığn uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağər zərərvurmaya aid edilir. vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasıyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə, o cümlədən Zərərçəkmiş şəxs yıxılması nəticəsində yerin bərk səthinə dəyərək törənməsi inkar olunmur. (i.v 17-19); Şübhəli şəxsin tutulması haqqında 22 iyun 2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə tutulmuşdur. (i.v.31) Cinayət əməlinin tövsi edilməsi haqqında 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə əməl Azərbycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəlləinin 127.2.3-cü maddəsinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə aparılmışdır. (i.v. 50) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir. (i.v.52-53) Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 4(002)-118/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (i.v.69-73) Qətimkan tədbiri seçilməsi barədə 24.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 74-) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19.07.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.76) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif olunmuş, ona CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, zərərçəkmiş şəxsin fadəsi, iş üzrə ilkin toplanmış materiallar, məhkəmə tibbi ekspertizasının rəyi və eləcə də, digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 77-81) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 81-82) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs oğlu ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməl və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 ibtidai istintaq dövründə 30 (otuz) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 180 (yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 180 (yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-308/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-308/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver