Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-309/2021 09.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 11 may 2021-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla, hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, özünütəcrid qaydalarını pozaraq 21 may 2021-ci il tarixdə saat 17:15 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən kişi salonuna getməklə və hərəkətdə olarkən tibbi maskadan istifadə etməməklə müəyyən olunmuş qaydalara riayət etməyib karantin rejimini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmış və tibbi maska taxmadığı üçün Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşı tərəfindən saxlanılıb barəsində elektron protokol tərtib edilərkən aktiv koronavirus xəstəsi olması və karantin qaydalarını pozması aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 11 may 2021-ci il tarixdə səhər saatlarında burnu tutulduğu üçün yoxlamaq məqsədilə Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurmuş, təxminən saat 11 radələrində tibb işçiləri evlərinə gəlmiş, ondan və anasından COVİD-19 testi üçün nümunə götürmüşlər. Axşam saatlarında qrip əleyhinə dərman almaq üçün aptekə gedən zaman onun telefonuna zəng olunaraq testinin nəticəsinin müsbət çıxdığı, koronavirus xəstəsi olduğu bildirilmiş və ona dərhal evə qayıtması barədə xəbərdarlıq olunmuşdur. O, bundan sonra evə qayıtmış, səhəri gün isə telefonuna bu barədə mesaj göndərilərək bir daha xəbərdarlıq olunmuşdur. O, ev şəraitində 3-4 gün dərman qəbul etdikdən səhhəti düzəlməyə başlamış, buna baxmayaraq o, bir qədər də evdə qalmışdır. Lakin özünü yaxşı hiss etdiyi üçün sağaldığını düşünmüş və 10 gündən sonra evdən çıxıb atasının işlədiyi bərbər salonuna getmişdir. O, salonda olarkən tibbi maskasını atasının tələbəsinə verdiyi üçün tibbi maskadan istifadə etməmişdir və həmin vəziyyətdə salonun qarşısında dayanaraq hava almışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşmış, o, dərhal salona girib tibbi maskanı taxmışdır. Həmin polis əməkdaşı onun şəxsiyyətini müəyyən edib, yoxlama apararkən portalda koronavirus xəstəsi kimi adı çıxmışdır. Bundan sonra həmin polis əməkdaşı onu video vasitəsilə çəkmiş, daha sonra o yaşadığı evə qayıtmışdır. O, sağaldığını düşündüyü üçün özünütəcrid qaydalarını pozmuşdur. Karantin rejimini pozsa da, xəstəliyin yayılması üçün real təhlükə yaradacağını düşünməmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, gənc olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və səhhətində olan problemləri nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə inspektoru, polis mayoru Şahid ifadəsində göstərmişdir ki, “Covid-19” pandemiyası ilə əlaqədar olaraq 21.05.2021-ci il tarixdə xidmətdə olarkən təxminən saat 17:15 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində M.Seyidov küçəsində xidmət aparan zaman kişi salonunun qarşısında duran bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini görüb, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib etmək üçün şəxsiyyətini təsdiq edən sənədi istəmişdir. Həmin şəxsin üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün elektron portal vasitəsilə şəxsiyyətini müəyyən edən zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.2000-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yoxlanılan zaman aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxsdur. Elektron portalda həmin şəxsin aktiv koronavirus olmaqla hərəkətinin qəti qadağan olunmasına dair bildiriş müəyyən edilmişdir. O, elektron portal vasitəsilə məlumatları yoxlayan zaman Təqsirləndirilən şəxs salona daxil olaraq tibbi maska taxıb yenidən çölə çıxmışdır. Bu zaman onun tərəfindən videoçəkiliş həyata keçirilmiş, daha sonra həmin şəxsin yaşadığı ünvana qayıtması təmin edilib,özü PB-yə gələrək bu barədə müvafiq raport yazılmışdır. Çəkdiyi videoçəkiliş də disk formasında raporta əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş 03-19/572 saylı, 25 may 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Covid 19” infeksiyasına yoluxması təsdiq edilərək, 11.05.2021-ci il tarixdə “Covid-19” Milli məlumat bazasına pozitiv xəstə olaraq daxil edilmişdir. (i.v.5) DVD diskə baxış keçirilməsi haqqında 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X6 21 may 2021-ci il tarixli videoçəkiliş əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində saxlanılmış və yoxlanış zamanı Təqsirləndirilən şəxs “Covid-19” infeksiyasının daşıyıcısı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs isə sağaldığını bildirərək uzaqlaşmışdır. (i.v. 14) Mobil telefona baxış keçirilməsi haqqında 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X2 Ayxan Çingiz oğluna məxsus mobil telefonun SMS bölməsinə baxış keçirərkən müəyyən edilmişdir ki, 12 may 2021-ci il tarixdə saat 09:50-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə İTS.GOV.AZ portalından 11.05.2021-ci il tarixdə verdiyi testin nəticəsinin pozitiv olması, karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq mesajı göndərilmişdir. (i.v. 15) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21, 31-32) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 50-51) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında 24 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 54) Azərbaycan Dövlət Həkimləri X1 və Narkologiya kafedrasının professoru, tibb elmləri doktoru X7 tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “İdiopatik epilepsiya” xəstəliyindən əziyyət çəkir. (i.v. 61) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 iyul 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 67) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Publik Hüquqi Şəxsi” tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 22 iyul 2021-ci il tarixli, 1566 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində istero-nevrotik reaksiyalar olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 68-70) Sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadəsi, Qaradağ rayonu Gigiyena və Epidemiologiya mərkəzindən daxil olmuş 25 may 2021-ci il tarixli, 03-19/572 saylı məktub, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsin 22.07.2021-ci il tarixli 1566 saylı rəyi, diskə baxış protokolu, mobil telefona baxış protokolu və cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v.72-74) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, cinayət işi istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, “İdiopatik epilepsiya” xəstəliyindən əziyyət çəkməsini (CM 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 23 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə onun üzərinə; yaşadığı ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00dək, tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, məhkəmə baxışı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 150 (yüz əlli) manat məbləğində pul, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-309/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-309/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver