Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-31/2021 01.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1992-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Saatlı rayonu, Mircəlal kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs oğluna məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi olan evinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 480 manat dəyərində “Samsung” markalı “J5” modelli mobil telefonu və 200 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 680 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə o, Puta qəsəbəsində olan zaman səhər saatlarında şəhərə qayıtmağa pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o, həmin qəsəbədə olan zaman məhəlləri gəzərək oğurluq etmək üçün ev axtarırmış. O, təxminən saat 12 radələrində bir mərtəbəli evin yaxınlığından keçən zaman həmin evin həyətinin darvazasını yoxlamışdır. Darvaza bağlı olduğundan o, hasarın yan tərəfinə keçərək oradan hasarın üstündən aşaraq həyətə daxil olmuşdur. Həyətdə olan bir mərtəbəli evin plastik pəncərəsini əli ilə açaraq evə daxil olmuşdur. Evdə o, axtarış etmiş və orada paltar dolabının içərisində olan pencəyin cibindən 1 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq əskinas olmaqla 200 manat pul götürərək cibinə qoymuşdur. O, digər otağa keçdikdə orada masanın üzərində 1 ədəd qızılı rəngli mobil telefon görmüşdür. O, həmin telefonu da götürdükdən sonra evə daxil olduğu kimi çıxmışdır. O, həmin qəsəbədən hərəkət edən marşurut avtobus vasitəsi ilə Lökbatan qəsəbəsinə gəlmiş və oradan taksi vasitəsi ilə şəhərə gedən zaman mobil telefonu yolda tullamışdır. Belə ki, o, həmin mobil telefonu özü ilə götürdüyünə peşman olmuşdur. O, fikirləşmişdir ki, mobil telefonu kiməsə satsa və yaxud işlətsə onu polis əməkdaşları tutacaqlar. Buna görə də mobil telefonu tullamışdır. Oğurladığı 200 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin oğurluq əməlini mən tək törətmişdir. O, həyətə daxil olub, oğurluq cinayətini törətdib, evi və həyəti tərk edərkən onu heç kim görməmişdir.O, bu cinayətdən əlavə Bakı şəhəri, Qaradağ rayonu ərazisində digər cinayət törətməmişdir. O, Puta qəsəbəsindən evdən oğurluq yolu ilə əldə etdiyi mobil telefon Samsung markalı “J5” modelli mobil telefon olmuşdur və həmin telefonu tutulmamağı üçün Lökbatan qəsəbəsindən Bakı şəhərinə taksi ilə gedən zaman xatırlamadığı istiqamətdə yolda tullamışdır. O, bu barədə heç kəsə xəbər verməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 1999-cu ildə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində hazırda yaşadıqları evə köçmüşlər. Evləri həyət evidir, bir mərtəbəli tikilidir, dörd otaq, mətbəx, hamam-tualet otaqlarından ibarətdir. Həmin evdə o, arvadı ilə birlikdə yaşayır. Bir qızı var və qızı ailəlidir və ailəsi ilə birlikdə başqa ünvanda yaşayırlar. xx.xx.2019-cu il tarixdə o, işə getmişdir, həmin dövrdə tikintidə fəhlə işləyirmiş. X3 özəl şirkətdə xadimə işləyirmiş, Sevinc hər gün işə getmək üçün saat 06:00-da evdən çıxır və saat 16 radələrində evə qayıdırmış. Göstərilən tarixdə Sevinc də işə getmişdir. Həmin günü saat 16 radələrində Sevinc ona zəng vuraraq bildirmişdir ki, evin otaqlarındakı əşyalar dağıdılıb, evin yataq otağının pəncərəsi açıqmış, həmin pəncədərən evə oğru girmiş və evdən 200 manat nağd pul və “Samsung” markalı “J5” modelli mobil telefon cihazını oğurlamışlar. O, evə gələndə həqiqətəndə bütün otaqlarda olan əşyaların dağıdıldığını, yerini dəyişdiyini görüb evə oğru girdiyinə əmin olmuşdur. O, evə gələnə kimi artıq X5 Nazirliyinin 102 xidməti-zəng mərkəzinə zəng vuraraq polisə bu barədə məlumat vermişdir. Odur ki, o, evə çatanda artıq polislər evə gəlmiş, polis əməkdaşları iki nəfər imişlər, mülki geyimdə imişlər. Biraz sonra daha iki nəfər polis uniformasında olan polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları evə baxış keçirtmiş, evdən əl-barmaq izlərini götürmüşlər. Evə baxış keçirdikdən sonra polis əməkdaşları getmişlər. Bir neçə gün sonra onu Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsində dəvət etmişlər, orada Elşən Yusifov ad-soyadlı təhqiqatçı ondan ərizə və izahat almışdır. Onun yaşadığı evdən 200 manat, biri 100 manatlıq, ikisi isə 50 manatlıq əskinaz olan pul və bir ədəd “Samsung” markalı, “J5” modelli, işlək və saz vəziyyətdə olan mobil telefon cihazı oğurlanmışdır. Pul evin yataq otağında olan şkafın içində asılmış vəziyyətdə olan pencəyin cibindən, telefon cihazı isə uşaq otağında olan şkafın üstündən oğurlanmışdır. Mobil telefon cihazını Sevincə bacısı qızı hədiyyə etmişdir. Mobil telefonun dəyəri 480 manat imiş. O, evə girəndə evin bütün otaqlarında olan əşyalar döşəməyə tökülmüş, ev dağınıq vəziyyətdə olmuşdur. Aydın başa düşmüşdür ki, evdə hər yeri axtarıblar. Evin qapısı dəmir materialdandır, onlar evdə olmayanda qapı və pəncərələr bağlı olurmuş, pəncərələr plastik materialdanmış, amma dəmir barmaqlıqları yoxmuş. Onlar evə gələndə yataq otağındakı pəncərə açıq imiş, aydın başa düşülürmüş ki, oğru və ya oğrular həmin pəncərəni açaraq evə giriblərmiş. O öz ifadəsində daha sonra ona vurulmuş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini bildirmişdir ki, o, fəhləlik edərək özünü dolandırırmış. xx.xx.2019cu il tarixdə o, Lökbatan qəsəbəsində olan zaman təxminən saat 14 radələrində bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq əlində işlətdiyi köhnə mobil telefonu göstərərək bildirmişdir ki, pula ehtiyacı olduğundan mobil telefonunu satırmış. O, da mobil telefona baxmışdır. Mobil telefon Samsung markalı J5 modelli qızılı rəngli mobil telefon imiş. O, həmin şəxsdən mobil telefonun adapterini, qutusunu və sənədlərini istədikdə bildirmişdir ki, təcili pula ehtiyacı olduğundan mobil telefonu satır, adapteri, qutusu və sənədləri evdə qalmışdır. O, həmin şəxsdən mobil telefonun oğurluq olub olmadığını soruşmuşdur. Həmin şəxs ona and içərək bildirmişdir ki, mobil telefon özünə məxsusdur və təcili pula ehtiyacı vardır. O, 20 manat verərək mobil telefonu aldıqdan sonra işə getmiş və axşam evə gedəndə mobil telefonu işlətmək istəmişdir. Lakin mobil telefon sensorlu olduğundan işlədə bilməmişdir. O, təxminən 2-3 gündən sonra Bakı şəhərinə getmiş və orada olan zaman mobil telefonu 28 may metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 40 manata satmışdır. O, həmin şəxsdən mobil telefonun oğurluq olub olmadığını soruşmuş, lakin həmin şəxs ona bildirmişdir ki, pula ehtiyacı olduğundan həmin mobil telefonu satırmış. O, həmin mobil telefonun oğurluq olduğunu bilməmişdir. O, fotoşəkillər vasitəsi ilə sifət quruluşuna görə mobil telefonu ona satmış şəxsi tanımış və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. İş materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 142/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbindən aydın olur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünü son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 09 (doqquz) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxsə izah edilsin ki, cinayət nəticəsində ona vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı hökm qanuni qüvvəyə mindikdən sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-31/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-31/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver