Məhkəmə qərarları › İş №1(002)-311/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-311/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-311/2021 04.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olumamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 23.05.2021-ci il tarixdə saat 14:30 radələrində texniki cəhəddən saz vəziyyətdə olan atası X4 məxsus etibarnamə ilə idarə etdiyi “Daewoo Nexia” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Ələt magistral yolunun 46 km-dən ayrılan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin mərkəzi istiqamətində Dəmir yol küçəsinin iki tərəfli köməkçi yolu ilə 60 k/m saat sürətlə hərəkətdə olarkən nömrəsiz fərdi tikili evlərin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tələbinə əməl etməmiş, nəticədə idarə etdiyi avtomobilin qabaq tərəfi ilə yolun əks tərəfi ilə hərəkətdə olan azyaşlı Zərərçəkmiş şəxs idarə etdiyi “SPORT MTB” markalı velosipedlə qarşı-qarşıya toqquşaraq ehtiyatsızlıqdan sonuncuya baş beyin ödemi, baş beyin toxumasına, mədəciklərinə və qişalararasına qansızma, baş beyin toxumasının əzilməsi, başın sağ gicgah nahiyyəsinin dərialtı hematoması, hər iki tərəfli pnevmotoraks, sağ çiyin qurşağının, sağ bazunun, sağ budun, sağ diz oynağının və sağ baldırın sıyrıqlarından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, hansı ki, həmin xəsarətlərə səbəb 24.05.2021-ci il tarixdə saat 09:30-da Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasında Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsini törətdiyi “Daewoo Nexia” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X4 məxsusdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə etmiş və gündəlik maddi təminatını sözügedən avtomobil vasitəsi ilə təmin etmişdir. 23 may 2021-ci il tarixdə saat 14:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhəddən saz olan “Daewoo Nexia” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Ələt magistral yolu ilə hərəkətdə olmuşdur. Həmin vaxt avtomobildə qonşusu İlqar Əlyarov salonda qarşı sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Onlar həmin zaman Səngəçal qəsəbəsində yaşayan İlqarın iş yoldaşının evinə gedirdilər. Səngəçal qəsəbəsinə daxil olmaq üçün Bakı-Ələt magistral yolunun 46-cı km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən iki istiqamətli köməkçi düz quru asfalt yola daxil olmuş və 60 km/saat sürətlə öz hərəkət zolağı ilə davam etmişdir. Əks istiqamətdə təxminən 50 metr qarşıda yolun ortası ilə bir nəfər velosipedçinin təxminən 10 k/m saat sürətlə hərəkətdə olmasını görmüşdür. Uzaq məsafədən hər ehtimala qarşı bir iki dəfə siqnal vermişdir ki, uşaq onun avtomobil ilə əks tərəfdən hərəkətdə olmasından xəbərdar olsun və yoluna davam etmişdir. Lakin velosiped ilə aralarında az məsafə qalmış başını yuxarı qaldırdıqda velosipedçi uşaq yolun orta zolağı ilə hərəkətdə olduğu halda qəflətən hərəkət istiqamətini yolun hərəkət zolağına çevirmişdir. Sağı tərəfi məhdud, yəni səki olduğundan ani bir anda sükanı sola istiqamətləndirib əyləci möhkəm basmış və avtomobil tormozla sürüşməyə başlamışdır. Məsafə yaxın olduğundan təhlükədən yan keçə bilməmiş və nəticədə idarə etdiyi avtomobilin qarşı sağ hissəsi velosipedçi ilə qarşı-qarşıya toqquşmuşdur. Zərbədən velosipedi sürən uşaq avtomobilin alın şüşəsinə çırpılmış və yerə düşmüşdür. Dərhal avtomobilin salonunda olan qonşusu İlqar Əlyarovla avtomobildən enərək yerdə hərəkətsiz olan uşağı avtomobilə yerləşdirib Səngəçal qəsəbəsində olan 20 saylı TTYS çatdırmışlar. Orada olan həkimlər uşağın ağır dərəcəli xəsarət almasını bildirib onu TTYS avtomobili ilə Bakı şəhəri 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Uşaq reanimasiya şöbəsində qalsada bir gün sonra, yəni səhəri gün 24.05.2021-ci il tarixdə vəfat etmişdir. Sonradan həmin uşağın Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. O, zərərçəkmiş şəxsi əvvəlcədən tanımamışdır. Lakin zərərçəkmiş şəxs xəstəxanada olarkən bütün xərclərini o çəkmiş, bunun üçün onun tərəfindən 500 manat məbləğində ödəniş olunmuşdur. Dəfn xərcləri, baş daşının düzəldilməsi də daxil olmaqla zərərçəkmiş şəxsin anasına 4000 manat məbləğdə pul ödəmişdir. Həmçinin ailə üzviləri zərərçəkmiş şəxsin dəfn və yas mərasimlərində iştirak etməklə, ailəsinin yanında olmağa çalışmışdır. O, yolnəqliyyat hadisəsi baş verdikdən dərhal sonra zərərçəkmiş şəxsə dərhal tibbi yardım göstərilməsi üçün onu ən yaxında yerləşən Səngəçal qəsəbəsində olan 20 saylı TTYS çatdırmışdır. Daha sonra təcili tibbi yardımla uşaq Bakı şəhəri 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanasına aparılmışdır. Buna baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs sonda ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlində səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışıq əldə etməyə cəhd etməsini, hadisədən bilavasitə zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti olsa da, hər hansı tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı dövründə X9 Zərərçəkmiş şəxs onun himayəsində olduğunu, buna görə də onun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə X1 hüquqi varisliyinə xitam verilmiş, eyni zamanda X9 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınaraq işə buraxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğlu olmuşdur. Oğlunun atası X2 ilə aralarında olan rəsmi nikah pozulmuşdur və məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs onun himayəsində saxlanılmışdır. 23.05.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bildirir ki, 23 may 2021-ci il tarixdə günortadan sonra ona məlumat vermişlər ki, oğlu Aydın 23.05.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin mərkəzi istiqamətində iki tərəfli köməkçi yolu ilə velosipedi idarə edərkən yolda onu ehtiyatsızlıqdan avtomobil vurmuş və avtomobili idarə edən sürücü onu dərhal idarə etdiyi avtomobilə yerləşdirərək Səngəçal qəsəbəsində olan təcili tibbi yardım stansiyasına aparmış, Aydının vəziyyəti pis olduğu üçün onu oradan da təcili yardım maşını ilə Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Lakin bir gün sonra 24.05.2021-ci il tarixdə oğlu Aydın almış olduğu xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, əvvəllər tanımadığı, heç bir münasibətləri olmayan Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi “Daewoo Nexia” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsinin mərkəzi istiqamətində iki tərəfli köməkçi yolu ilə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan oğlu Aydın idarə etdiyi “SPORT MTB” markalı velosipedlə başbaşa toqquşmuşlar. 24.05.2021-ci il tarixdə oğlu Aydının meyiti tibbi ekspertizasında müayinə olunduqdan sonra onlara təhvil verilmiş və onu Qaradağ rayonu, Səngəçal qəsəbəsində, Sofihəmid pirinə yaxın qəbiristanlıqda dəfn etmişlər. Dəfn xərcləri və qəbir daşının düzəldilməsi üçün təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 4000 manat məbləğində ödənişi qəbul etmələrini və təqsirləndirilən şəxsin xəstəxana xərcləri ilə bağlı 500 manata yaxın xərclərinin çıxmasını təsdiq edir. Təqsirləndirilən şəxsin yaxın qohumları dəfn və yas mərasimlərində iştirak etmişdir. Lakin bunlara baxmayaraq Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş maddi ziyan tam ödənilsə də, sonuncu yol-nəqliyyat hadisəsindən dərhal sonra oğlunu Səngəçal qəsəbəsində yerləşən TTYS-na deyil, normal xəstəxanalardan birinə aparsaydı, onun həyatını xilas etmək mümkün olardı. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı maddi tələbi olmasa da, onunla barışmamış, ondan şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həm qonşusudur, həm də dostluq münasibətləri vardır. 23.05.2021-ci il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxslə sonuncunun idarə etdiyi “Daewoo Nexia” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Səngəçal qəsəbəsində yaşayan iş yoldaşının evinə getmək üçün yola çıxmışlar. O, avtomobilin salonunda qarşı sağ oturacaqda əyləşmişdir. Onlar Bakı-Ələt magistral yolu ilə hərəkətdə olmuşlar. Şahin Səngəçal qəsəbəsinə daxil olmaq üçün Bakı-Ələt magistral yolunun 46-cı km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən iki istiqamətli köməkçi düz quru asfalt yola daxil olmaqla yolunu 60 k/m saat sürətlə öz hərəkət zolağı ilə davam etdirmişdir. Əks istiqamətdə təxminən 50 metr qarşıda yolun ortası ilə bir nəfər velosipedçinin hərəkətdə olmasını görmüşlər. Sürücü Şahin uzaq məsafədən hər ehtimala qarşı bir iki dəfə siqnal vermişdir ki, uşaq avtomobilin gəlməsindən xəbərdar olsun və onlar yollarını davam etmişlər. Aralarında az məsafə qalmış velosipedçi uşaq yolun orta zolağı ilə hərəkətdə olduğu halda qəflətən hərəkət istiqamətini hərəkət zolaqlarına çevirmişdir. Sağ tərəf məhdud, yəni səki olduğundan Şahin ani bir anda sükanı sola istiqamətləndirib əyləci möhkəm basmış və avtomobil tormozla sürüşməyə başlamışdır. Məsafə yaxın olduğundan təhlükədən yan keçə bilməmişlər və nəticədə Şahin idarə etdiyi avtomobilin qarşı sağ hissəsi velosipedçi ilə qarşı-qarşıya toqquşmuşdur. Zərbədən uşaq avtomobilin alın şüşəsinə çırpılmış və yerə düşmüşdür. Dərhal sürücü Şahin ilə avtomobildən enərək yerdə hərəkətsiz olan uşağı avtomobilə yerləşdirib Səngəçal qəsəbəsində olan 20 saylı TTYS çatdırmışlar. Orada olan həkimlər uşağın ağır dərəcəli xəsarət almasını bildirib onu TTYS avtomobili ilə Bakı şəhəri, 3 saylı Sabunçu Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Uşaq reanimasiya şöbəsində qalsada bir gün sonra, yəni 24.05.2021-ci il tarixdə vəfat etmişdir. Sonradan uşağın Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. Şahin avtomobili ayıq və sağlam vəziyyətdə idarə etmişdir, avtomobildə bir nəfər özü sərnişin olmaqla yüksüz olmuşdur. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 23 may 2021-ci il tarixli, 2/14216 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (i.v. 8) Baxış keçirilməsi haqqında 24 may 2021-ci il tarixli protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X5, Təqsirləndirilən şəxs, X6 və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 23 may 2021-ci il tarixdə saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar TŞ-dən daxil olmuş materiala əsasən sürücü Təqsirləndirilən şəxs göstərməsinə əsasən Bakı-Ələt magistral yolunun 46-cı km-dən keçən Qaradağ rayonu Səngəçal qəsəbəsinə ayrılan iki istiqamətdə köməkçi yola gəlmişlər. Həmin yer Bakı–Ələt yolunun sağ tərəfində dəmir yol hissəsi kimi adlandırılan yerdir. Hadisə yeri yolun işlək hissəsi üfüqi sahə olmaqla düzdür. Yolda örtüyün növü asfalt-beton olmaqla qurudur. Hər iki istiqamət üçün yol örtüyünün eni 6 metrdir. Hərəkət zolaqlarının sayı birdir. İşlək hissənin eni 3,8 metrdir. İşlək hissədə qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa ağ zolaqlı nişan xətti vardır. İşlək hissəyə sağdan magistral yolla köməkçi yolu bölən 1 metr hündürlüyə yoxuşlu, 2,65 metr enində asfalt beton, səki, soldan isə qənbər daşlıq sahə birləşir. Yolda sürət həddi 60 km/saatdır. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Sürücünün hərəkət etdiyi zolaqda kabinadan sahənin gözlə qavranmaq qabiliyyəti sağ tərəfə 4 metr, sol tərəfə 20 metrdir. Yolda sola istiqamətlənən şindən qalma iki qoşa 6,65 metr uzunluğunda tormoz izləri vardır. Hadisə yerinin ətrafında təhlükəsizlik şəhər və digər görüntünü əks etdirən müşahidə video kameraları müəyyən edilməmişdir. Baxış zamanı hadisə yerində 1 ədəd “Sport MTB” markalı velosiped götürülmüşdür. Protokolun doğuruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. (i.v. 12-20) Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 24 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayev tərəfindən “Daewoo Nexia” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış ilə müəyyən olunmuşdur ki avtomobilin qarşı sağ hissəsi, mühərrik örtüyü, alın şüşəsi, dam örtüyünün qarşı sağ tərəfi zədəlidir, əzikdir, alın şüşəsi sınmışdır. (i.v. 21-24) Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 12.09.2020-ci il tarixində verilmiş AF seriyalı 712786 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır və vəsiqə 12.09.2022-ci ilədək etibarlıdır. (i.v. 29) Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş AD seriyalı 717620 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-DC-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı avtomobil X4 məxsusdur. (i.v. 29) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 12 sentyabr 2020-ci il tarixdə verilmiş ƏN-V № 363094 saylı etibarnamədən görünür ki, X10 **-DC-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququnu 12 sentyabr 2022-ci il tarixdək Təqsirləndirilən şəxs etibar etmişdir. (i.v.30) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, 016- 85706-1221 saylı məktubdan görünür ki, DİN-in BDYPİ-nin Qydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdə (12.09.2022-ci il tarixədək müddətə etibarlı olan) AF 712786 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 55) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkumluq barədə tələbnaməyə verilən 02 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 56) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X18 Qaradağ rayon şöbəsi tərəfindən 23 iyun 2021-ci il tarixdə verilmiş 50 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər: baş beyin ödemi, baş beyin toxumasına, mədəciklərinə və qişalararasına qansızma, baş beyin toxumasının əzilməsi, başın sağ gicgah nahiyyəsinin dərialtı hematoması, hər iki tərəfli pnevmotoraks, sağ çiyin qurşağının, sağ bazunun, sağ budun, sağ diz oynağının və sağ baldırın sıyrıqları. Qeyd olunan xəsarətlər həyatı olub, bərk bərk küt əşya (əşyalar) təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən 23.05.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni idarə etdiyi velosipedlə gedən zaman hərəkətdə olan avtomobilin vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, mədəciklərinə və qişalararasına qansızma və baş beyin toxumasının əzilməsi nəticəsində inkişaf etmiş baş beyinin ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü 24.05.2021-ci il tarixdə saat 09:30-da Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanasında baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcələrinə əsasən inkar edilmir. (i.v. 58-62) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 8/1386 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, oğlu **-DC-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (i.v. 63-66) Sübutların qiymətləndirilməsi haqqında 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Hadisə zamanı əmlaka dəymiş zərərlə bağlı iddia olmadığından təqsirləndirilən şəxsin əmlaka vurduğu ziyan müəyyən olunmadığından ittihama daxil edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və şahid ifadələri, hadisə yerinə, nəqliyyat vasitəsinə baxış protokolu, hadisə yerinin sxemi, fotoşəkillər, **-DC-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Nexia” minik markalı avtomobil, “Sport MTB” markalı velosiped, məhkəmə-tibbi, yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işdə olan protokollar sübut növü kimi qəbul edilmişdir. (i.v. 67-71) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “baqşa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 94-95) X2 tərəfindən verilmiş qəbzdən görünür ki, o, özünə məxsus “SPORT MTB” markalı velosipedi qəbul etmişdir. (i.v.102) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Ceyranbatan qəsəbə MTİİTS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsini (CM-59.2), yol nəqliyyat hadisəsindən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-nin 59.1.11), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsini (59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X9 Təqsirləndirilən şəxs şikayətçi olsa da, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsindən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərmiş (CM- 59.1.11), eləcə də, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam ödəməklə (CM-59.1.13) yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), eləcə də CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı (CİM- 67.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı (CPM- 353.4.12), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınmış “SPORT MTB” markalı velosipedin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. (CPM-132.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X13 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “SPORT MTB” markalı velosipedin sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar