Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-311/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1958-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, rəsmi qaydada işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 02 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən, Şahqaya daş karxanasında borclu olduğu X3 ilə borc səbəbindən aralarında yaranmış mübahisə zəminində sonuncuya bıçaq və dəmir parçası ilə qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirərək başın təpə nahiyəsinin səthi əzilmiş yarası, sol bud və sol baldır nahiyələrinin sıyrıqları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol əlin ovuc səthinin İV əl-daraq sümük proyeksiyasının kəsilmiş yarası və sol əlin ovuc səthinin V əl-daraq sümük proyeksiyasının deşilmiş-kəsilmiş yarası ilə nəticələn dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə zərərçəkmişin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Əvvəllər məhkum olunmamışdır. Şahqaya daş karxanasını Şirəli adlı şəxsə icarəyə vermişdir. Şirəli isə Yasin kimi tanıdığı Zəkəriyyə adlı şəxsi ora maşinist kimi işə götürmüşdür. Oranı əsasən Şirəli işlədirmiş. Onun çox şeydən xəbəri olmurmuş. Şirəli və Yasin kimi tanıdığı şəxs karxananı işlədərkən işığa borclu qaldıqları üçün enerji təminatı dayandırılmışdır. Ona görə də Yasin kimi tanıdığı şəxs Mahmud adlı tanışından 1950 manat borc pul alıb “Azərenerji”yə olan borclarından 1400 manatı ödəmişlər. Bundan başqa Zəkəriyyə onun yanına dəfələrlə gələrək onun guya borclu olduğunu və həmin borcu ödəməyini bildirirmiş. O isə dəfələrlə borcu olmadığı barədə xəbərdarlıq etmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vuraraq guya onun borcu olduğunu, əgər ödəməsə intihar edəcəyi barədə məlumat vermişdir. Bununla bağlı onu Qaradağ rayon prokurorluğuna dəvət etmişlər. O, orada borcunun olmaması, Zəkəriyyənin yalan danışmağı barədə məlumat vermişdir. Daha sonra 02 iyul 2022-ci il tarixdə saat 20 radələrində Zəkəriyyə yenidən daş karxanasına gəlmişdir. Yenidən ondan guya özünə olan borcunu tələb etməyə başlamışdır. O isə Zəkəriyyədən karxananı tərk etməyi istədikdə Zəkəriyyə buna etiraz edərək təkidlə pulu istəmişdir. Bu zaman o, DİN-in 102 xidmətinə zəng vuraraq həmin şəxsin yenidən karxanaya gəlib burada səs-küy saldığını bildirmişdir. Telefonla danışdıqdan sonra Zəkəriyyə onun alnından yumruqla vurmuş və gözündəki eynək yerə düşmüşdür. Bundan sonra onlar müəyyən əl-qol hərəkətləri ilə mübahisə etmişlər. O, Zəkəriyyəni bir təhər bayıra çıxartmış və öz yerinə qayıtmışdır. Bundan sonra Zəkəriyyə çölə çıxdıqdan bir qədər sonra ola bilsin ki, özünə xəsarət yetirdiyindən təcili-tibbi yardımın gəldiyini görmüşdür. Təcili-tibbi yardım getdikdən sonra post-patrul xidməti əməkdaşları Zəkəriyyəni polis bölməsinə aparmışlar. Zəkəriyyə onu alnından yumruqla vurmuşdur, Zəkəriyyənin dedikləri tamamilə yalan şər və böhtandır. O, Zəkəriyyəyə heç bir xəsarət yetirməmişdir. Hadisədən sonradan Şirəli adlı işçi ora gəlmişdir. O, öz ifadəsində son olaraq Zəkəriyyənin özünün özünə xəsarət yetirdiyini bildirərərək ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olsa da, Cəlilabad rayonu, Səttarxan küçəsi, yeni yaşayış massivində nömrəsiz evdə ailəsilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayından etibarən Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Şahqaya daş karxanasında işləmişdir. Karxananın müdiri Təqsirləndirilən şəxs olmuşdur. O, karxanada daş kəsən kombaynda işləmişdir. İşlədiyi noyabr ayından etibarən Təqsirləndirilən şəxs hər dəfə onlara çatası olan pulu kəsərək vermişdir. Ona görə də karxanadakı ustalar həmişə pulları tam almamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pullarını verməmişdir. Bununla bağlı Zahidin ona 4000 manat borcu yaranmışdır. Bir müddət sonra işıq pulunu ödəmədiyi üçün Azərenerji karxananın enerji verilişini dayandırmışdır. Ona görə karxanaya gələrək “Azərenerji”yə olan borca görə enerji kəsildiyi üçün artıq karxananın işləməyəcəyini bildirmişdir. Bundan sonra Zahid onlara bildirmişdir ki, əgər pul tapıb borcu ödəyib enerji verilişini təmin etsələr işləyib özləri pul qazansınlar. O da bu məsələ ilə bağlı Cəlilabad rayonunda Mahmud adlı tanışından 2000 manat pul borca almışdır. İşıq pulunu ödədikdən sonra enerji verilişi təmin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ondan 3-4 dəfə 200-150 manat arası müxtəlif bəhanələrlə ümumilikdə 1000 manat pul istəmişdir. Enerji pulunu ödədikdən sonra həmin daş karaxanasında bir gün işləmişdir. Növbəti gün isə saat 17 radələrində Təqsirləndirilən şəxs karxanaya gələrək artıq işi dayandırmağı bildirmişdir. Hərkəsi karxanadan qovduqdan sonra onlar getmək istəmədikdə DİN-in 102 xidmətinə zəng edəcəyini bildirmişdir. Bundan sonra o, əşyalarını yığaraq oradan çıxıb getmişdir. Təxminən 10-15 gün sonra orada işləyən Bakir adlı şəxsdən Təqsirləndirilən şəxs 45 yük maşını daş satdığını eşitmişdir. Həmin daş dolu yük maşının biri 300 manat olmuşdur. Ona görə də karxanaya gəlib ona olan 7000 manat borcunu istəmişdir. Lakin Zahid pulu olmadığını bildirərək karxanananı tərk etməyi istəmişdir. O, yenidən oradan çıxıb yaşadığı Cəlilabad rayonuna getmişdir. Bundan başqa 10 dəfəyə yaxın o, yenidən karxanaya gələrək Zahiddən 7000 manat borcunu tələb etsə də Zahid onu hər dəfəsində oradan qovmuşdur. 02 iyul 2022-ci il tarixdə o, yenidən Cəlilabad rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin tarixdə saat 20 radələrində Şahqaya karxanasına çatmışdır. Karxanaya girdikdə Zahidin ofisinə tərəf getmişdir. İçəri girdikdə Zahidə yaxınlaşıb borcu verməyi tələb etmişdir. Bundan sonra Zahid əlinə bıçaq götürərək üstünə gəlməyə başlamışdır. Bundan sonra o, qorxaraq arxa-arxa getməyə başlamışdır. Arxasına baxıb yenidən irəli baxdıqda Zahidin ona çatdığını görüb əlindəki bıçağı itələmək istədikdə bu zaman əli ilə bıçağın iti hissəsindən tutmuşdur. Zahid isə bıçağı geri çəkdikdə bıçaq əlinin içərisini və 4-cü barmaqla beşinci barmağının arasını kəsmişdir. Bundan sonra o, qaçmaq istədikdə ayağı qapıya ilişərək yerə yıxılmışdır. Bu zaman Zahid qapıya söykənmiş dəmir parçasını götürərək dəmir parçası ilə onun baş nahiyəsinə, kürək nahiyəsinə baldır hissəsinə vurmağa başlamışdır. Bu zaman o, qışqırmağa başlamışdır. O, qışqırdıqda iş yoldaşı Şirəli qaçaraq gəlmişdir. Şirəli parça hissəsi ilə başının, əlinin qanayan hissəsinə qoymuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım gəlmişdir. Ona ilk yardım göstərdikdən sonra çıxıb getmişlər. Bu zaman Zahid isə ona xəsarət yetirdiyi bıçağı götürərək idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Daha sonra oraya qayıtmışdır. Bundan sonra post-patrul xidməti əməkdaşları gələrək onu 38-ci polis bölməsinə gətirmişlər. Orada təhqiqatçı onun izahatını almışdır. Daha sonra o, tibbi ekspertizadan keçmişdir. Hadisə 02 iyul 2022-ci il tarixdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Şahqaya daş karxanasında baş vermişdir. Hadisənin şahidi köhnə iş yoldaşı Şirəli olmuşdur, hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla onun əlinə, daha sonra dəmir parçası ilə bədəninin müxtəlif hissələrinə və başına xəsarət yetirmişdir, hadisə zamanı o, Zahidə heç bir bədən xəsarəti yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. O, 2022-ci ilin yanvar ayından təxminən 6 ay müddətində Təqsirləndirilən şəxs Qızıldaş qəsəbəsində fəaliyyət göstərən Şahqaya daşkarxanasında çilingər vəzifəsində çalışmışdır. Zahid ilə aralarında heç bir əmək və digər müqavilə olmamışdır. O, günə muzd işləmişdir. Hər gün təxminən 60-70 manat Zahid ona işlədiyi əmək haqqını verməli olduğu halda aylıq ona 500-600 manat maaş vermişdir. Hər dəfəsində işlərin zəif olduğunu, işlər öz yoluna düşəndə əmək haqqını qaydasında verəcəyini demişdir. Daşkarxanasında işləyən bütün işçilərin demək olar ki, heç kimin işlədiyi əmək haqqısını Zahid verməmişdir. Zəkəriyyə Ağamaliyev həmin daşkarxanasında daş kəsən kombaynda işləmişdir. Bir müddət daş karxanasının “Azərenerji”yə borcu olduğundan elektrik enerjisi dayandırılmışdır. Zahid işçilərə demişdir ki, “kim dostutanışından pul tapıb işıq borcunu ödəyə bilirsə ödəsin, daş karxana öz fəaliyyətin dayandırmasın, işimizi görüb pulumuzu qazanaq”. Zəkəriyyə Cəlilabad rayonundan olan tanışlarının birindən borc pul tapıb təxminən 2000 manat işığa olan borcdan ödəmişdir. Lakin Zahid daş karxanasında işləyən kollektivi yola salmış, daş karxanasını işlətmək üçün başqa kollektiv gətirmişdir. Daş karxanasında işləyən hamının pulunu kəsib, heç kimə pul verməmişdir. Ona da bu günə qədər nə qədər borcu var, hələ də verməmişdir. Zəkəriyyə bir neçə dəfə gəlib pulunu tələb etmişdir. Onun bildiyinə görə Zahidin Zəkəriyyəyə təxminən 7000 manat borcu olmuşdur. Zahiddən kim pulunu istəyirsə, Zahid həmin şəxsi söyüb təhqir edib otağından qovmuşdur. 02 iyul 2022-ci il tarixdə həmin daş karxanasında kombaynda işləyən X4 pulunu istəmişdir. O, həmin vaxt daş karxanasında traktorun mühərrikini təmir edirmiş. Zəkəriyyə ondan soruşmuşdur ki, “Zahid niyə bizim pulumuzu vermir”. O, Zəkəriyyəyə demişdir ki, “yeni kollektiv gələni 59 yük avtomobili ilə daş satılıb”. Zəkəriyyə demişdir ki, “yəqin ki, pulu var, gedib görüb borcdan nə ala bilirəm”. Təxminən 5-10 dəqiqə sonra Zahidin oturduğu vaqon tipli otağından səs-küy gəlmişdir. O, dərhal yuxarı qaçmışdır. O, yuxarı qalxanda Zahid idarə etdiyi avtomobilə əyləşib getmişdir. Vaqonun qarşısında Zəkəriyyənin əlinin, başının, ayağının qan içində olduğunu görmüşdür. Zəkəriyyədən nə baş verdiyini soruşmuş, Zəkəriyyə ona demişdir ki, “Zahiddən gəlib pulumu istədim, məni söyüb təhqir etdi, bıçaqla əlimi kəsdi, dəmir boru ilə baş və bədən nahiyələrimə vurdu”. Həmin vaxt o, vaqonun qarşısında dəmir borunu, bıçağı isə vaqonun içərisində olduğunu görmüşdür. Zəkəriyyə DİN-in 102 xidmətinə, TTYS-na müraciət etdiyini demişdir. Təxminən 20-25 dəqiqəyə TTYS həkimləri, daha sonra da 38-ci Polis bölməsinin əməkdaşları gəlmişdir. Zahid daş karxanasına hadisədən təxminən bir saatdan çox müddət keçəndən sonra geri qayıtmışdır. Həmin gün Zahid ona pul verməli olsa da verməmişdir. O, səs-küy eşidib Zahidin əyləşdiyi vaqon tipli ofisinə qaçmışdır. O, ofisə çatanda Zəkəriyyənin vaqonun qarşısında qan içində olduğunu, Zahidin də öz idarə etdiyi avtomobilə əyləşib çıxıb getdiyini görmüşdür. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 08 iyul 2022-ci il tarixli, 458 №-li rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- başın sol gicgah nahiyəsinin dərialtı hematoması, başın təpə nahiyəsinin səthi əzilmiş yarası, sol əlin ovuc səthinin İV əl-daraq sümük proyeksiyasının kəsilmiş yarası, sol əlin ovuc səthinin V əl-daraq sümük proyeksiyasının deşilmiş-kəsilmiş yarası, sol bud və sol baldır nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlərdən başın sol gicgah nahiyəsinin dərialtı hematoması, başın təpə nahiyəsinin səthi əzilmiş yarası, sol bud və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, sol əlin ovuc səthinin İV əl-daraq sümük proyeksiyasının kəsilmiş yarası və sol əlin ovuc səthinin V əl-daraq sümük proyeksiyasının deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət)(ola bilsin bıçaq) təsirindən, müayinədən 2-4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun yardım üçün 20 saylı TTYS-nə müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol əlin ovuc səthinin İV əl-daraq sümük proyeksiyasının kəsilmiş yarası və sol əlin ovuc səthinin V əl-daraq sümük proyeksiyasının deşilmiş-kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, başın təpə nahiyəsinin səthi əzilmiş yarası, sol bud və sol baldır nahiyələrinin sıyrıqları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X9 08 iyul 2022-ci il tarixli, 463 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər- sol əlin İİ barmağının və sağ əlin İİ barmağının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 5-7 gün əvvəl, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur, şəxsin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gəlməsi mümkündür. İşdə olan “sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, X1 barəsində cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədilə materialın ayrılıb Qaradağ RPİ-nin 38-ci PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-311/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-311/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver