Məhkəmə qərarları › İş №1(002)-312/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-312/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-312/2023 20.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Dağtumas kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 19 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 3-cü massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, evin plastik materialından olan pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi dəmir alətlə açdıqdan sonra mənzilə daxil olaraq yataq otağında saxlanılan zərərçəkmiş şəxsə məxsus qadın əl çantasının içərisindən 120 manat dəyərində 1 cüt sırğanı və 70 manat nağd pulu, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 190 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talamaq məqsədilə 20 mart 2023-cü il tarixdə, saat 11:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, ev 62-də yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, evin plastik materialından olan pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi dəmir alətlə açdıqdan sonra mənzilə daxil olaraq yataq otağındakı saxlanc yeri hesab olunan şkafdakı kassadan 200 manat pulu, ümumi otaqdakı bir ədəd 1500 manat dəyərində “LG” markalı televizoru və 367 manat dəyərində qol saatını, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 2067 manat dəyərində əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talamaq məqsədilə 25 mart 2023-cü il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin plastik materialından olan pəncərəsindən mənzilə daxil olaraq qonaq ataq otağında olan bir ədəd 200 manat dəyərində Koreya istehsalı “LG” markalı, 32LF510U-ZB modelli, 509SRKY2821 seriyalı televizoru, ümumilkdə Zərərçəkmiş şəxs4 məxsus 200 manat dəyərində əmlakı gizli yolla talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talamaq məqsədilə 27 mart 2023-cü il tarixdə, saat 10:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 1-ci massivdə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmuş, evin plastik materialından olan pəncərəsini əvvəlcədən özü ilə gətirdiyi dəmir alətlə açdıqdan sonra ikinci mərtəbədəki yataq otağında olan sandığın içərisindən 5910 manat nağd pulu və komplekt boyunbağı, üzük və sırğadan ibarət olmaqla 1000 manat dəyərində qızıl-zinət əşyalarını, ümumilikdə 6910 manat dəyərində əmlakı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Məhəmmədli qızını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 evindən qızıl-zinət əşyaları oğurlasada pul götürməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 yaşadığı evdən saat oğurlamamışdır. Zərərçəkmiş şəxs4 epizodu ilə bağlı olan hissəni etiraf etməyərək Sergeyin evindən oğurluq etmədiyini bildirmişdir. O öz ifadəsində daha sonra Zərərçəkmiş şəxs1 Məhəmmədli qızı tərəfində verilmiş müki iddianı qəbul etmədiyini, törətdiyi əməllərdən peşman olmaqla həmin oğurluq hadisələrini tək törətdiyini, ikinci Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etdiyini və Zərərçəkmiş şəxs3 ilə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonunda, qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır. 27 mart 2023-cü il tarixdə səhər saat 08:30 radələrində xəstəxanaya getmək üçün əri ilə evdən çıxmışdırlar. Bu zaman evdə heç kim olmamışdır. O, qapı pəncərələri bağlayaraq evdən çıxmışdır. Evdən çıxanda məhlədə naməlum bir şəxsin onlara tərəf baxdığını görsələrdə sonradan həmin şəxs qonşunun qapısını döydüyündən ondan şübhələnməmişlər. Ancaq əri ona həmin adamdan şübhələndiyini, onların evinə oğurluğa gəldiyini təxmin etdiyini bildirmişdir. Həmin gün saat 13:30-da xəstəxanadan qayıdaraq evə daxil olmaq istəyən zaman evin qapısının bağlı olduğunu yəni arxadan kilidləndiyini müəyyən etmişdir. Bu zaman ona məlum olmuşdu ki, evə naməlum şəxs daxil olub. O, dərhal DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə müraciət edərək, evə naməlum şəxsin daxil olduğunu bildirmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək qapının açılmasında kömək etmişlər və o, evə daxil olmuşdur. Evə daxil olan zaman ona məlum olmuşdur ki, yaşadığı ünvan 3 ünvanına naməlum şəxs və ya şəxslər plastik pəncərəni açmaqla daxil olmuş, evin 2-ci mərtəbəsində yerləşən yataq otağında gəlininə məxsus sandığın içərisindən 5910 manat pulu və 1000 manat dəyərində qızıl zinət əşyalarını oğurlamışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6910 manat maddi ziyan dəymişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Ramil bu oğurluğu tək deyil bir neçə şəxsin iştirakı ilə törətmiş, həmin şəxslər polisə məlum olsada ona məlum olmayan səbəbdən onlar məsuliyyətə cəlb edilməmişlər. Hal-hazırda təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə görə ona qarşı şikayətçi olduğunu, mülki iddiasının təmin edilməklə təqsirləndirlən şəxsə ağır cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Ümid qəsəbəsində kirayədə yaşayır. 18 mart 2023-cü il tarixdə ailəsi ilə birlikdı Ağcabədi rayonuna getmişdir. Evdən çıxarkən həyət darvazasını və qapəları bağlamışdır. 23 mart 2023-cü il tarixdə rayondan qayıtmışdır. Darvazanı açıb həyətə daxil olmaq istəyəndə darvazanın arxa tərəfdən bağlı olmasını bilmişdir. Belə olduqda hasardan içəriyə həyətə keçmişdir. Evin giriş qapısını açıb mənzilə daxil olmuşdur. Otaqda zalda olan televizorun oğurlandığını bilmişdir. İşıqları yandırıb yataq otağına keçəndə həyətə baxan plastik pəncərənin açıq olmasını görmüşdür. Evdə heçnəyə toxunmamışdır. Hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. 102 xidmətinə məlumatında evindən qızıl-zinət əşyalarının oğurlanmasını da demişdir. Sonradan evinə baxanda qızılların yerində olmasını bilmişdir. Uşaqların plastik materialdan olan kassasından 200 manat pul oğurlanmışdır. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. O, 1500 manat dəyərində “LG” markalı televizorun və 200 manat pulunun oğurlanması barədə ərizə yazmışdır. Bundan sonra evi bir daha axtarmış və 367 manat dəyərində saatının şkafın siyirməsinin üzərindən oğurlanmasını bilmişdir. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Ümid qəsəbəsi 3-cü massivdə nömrəsiz evdə yaşayır. Heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumum normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. 19 mart 2023-cü il saat 18:00 radələrində həyət evinin qapı-pəncərələrini bağlayıb toy mərasiminə getmişdir. Həmin günü saat 23 radələrində evinə qayıtdıqda mətbəxin plastik pəncərəsinin açıq olmasını, yataq otağında şkafın üzərində olan əl çantamdan 120 manat dəyərində bir cüt qızıl sırqalarının və 70 manat nəğd pulumun oğurlanmasını aşkar etmişdir. Bu səbəbdən də ərizə ilə 38-ci polis bölməsinə müraciət etmişdir. Oğurluq nəticəsində ona cəmi 190 manat maddi ziyan dəymişdir. Mətbəxin pəncərəsinə baxdıqda başa düşdüm ki, pəncərəyə çöl tərəfdən güc tətbiq edilərək açılmışdır. Başqa heçnə oğurlanmamış və oğurluq zamanı əmlakım zədələnməmişdir. Oğurluqla əlaqədar heç kimdən şübhələnmir. Oğurluq nəticəsində ona 190 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ona vurlumuş ziyanın tam ödənildiyini bildirmiş və məhkməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, orta təhsilini Salyan rayonunda Azərbaycan dilində almışdır. Anası Rus milliyətindən, atası isə Azərbaycanlıdır. Hadisə ilə əlaqədar onu deyə bilər ki, 24 mart 2023-cü il tarixdə səhər saat 07 radələrində yaşadığı ünvandan çıxaraq xidmət etdiyi hərbi hissəyə getmişdir. Sutkalıq növbədə olduğu üçün növbəti günü, yəni 25 mart 2023-cü il tarixdə saat 14:40 radələrində yaşadığı mənzilə gəlmişdir. O, 1-ci mərtəbədə yaşayır. Qapını açarla açıb içəriyə daxil olmaq istəmişdir. Lakin qapı arxadan bağlı olduğuna görə açılmamışdır. Sonradan binanın arxa tərəfinə keçmiş və qonaq otağının plastik pəncəsərinin açıq olduğunu görmüşdür. Divarda asılı olan bir ədəd LG markalı 80 diaqanallı plazma televizorun yerində olmadığını aşkar etmişdir. Həmin televizorun qiyməti 200 manatdır. Bundan sonra DİN-in 102 xidmətinə mənzilimdən oğurluq baş verməsi barədə telefonla məlumat vermişdir. Yaşadığı evə naməlum şəxslər qonaq otağının pəncərəsindən keçiblər. Hadisə 24 mart 2023-cü il tarixdə gün ərzində olmuşdur. Həmin günü o, hərbi hissədə xidmətdə olmuşdur. Oğurlanan LG markalı televizor ona təqdim olunsa həmin televizoru ümumi görünüşə görə tanıyar. O, öz ifadəsində daha sonra təqsirəndirilən şəxs tərəfindən ona vurulmuş ziyandan heç bir ödəniş edilmədiyinə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Ümid qəsəbəsində yaşayır. O, qaynatası Mirheydər Məmmədov və qaynanası Zərərçəkmiş şəxs1 ilə birgə həyat yoldaşı Məmmədov Məhəmmədəli ilə qalır. DİN-in rəhbərliyinə ünvanladığı müraciəti təsdiq edir. Bununla bağlı deyə bilər ki, 27 mart 2023-cü il tarixdə onların evindən 5910 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Həmin qızıl-zinət əşyaları komplekt olaraq bir ədəd boyunbağı, bir ədəd kloun, bir ədəd üzük və bir cüt sırğadan ibarət olmuşdur. Oğurlanan pullar yataq otağında sandığın içərisində kassada dəmir qabda, qızıl-zinət əşyaları isə şkafda siyirmədə qabında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində yaşayır. X6 onun kiçik qardaşıdır. Bəhruz əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə iki dəfə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs və X7 tanıyır. Onlar hamısı Ümid qəsəbəsində yaşayırlar. Onun və Bəhruzun Ramillə və İlkinlə münasibəti yaxşı olmuşdur. Heç bir ədavətləri olmamışdır. 2023-cü ilin mart ayında o, yaşadığı Ümid qəsəbəsində evlərdən oğurluqlar olmasını eşitmişdir. Lakin həmin oğurluqların kim tərəfindən törədilməsini bilməmişdir. Qeyd etdiyim tarixdə, yəni 2023-cü ilin mart ayının sonlarında axşam saatlarında o, yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək onda bir ədəd “LG” markalı televizor olduğunu və həmin televizoru satmaq istədiyini demişdir. Bir qədər keçəndən sonra Ramil onların evlərinə gəlmişdir. Həmin vaxt onun qardaşı Bəhruz da yanında olmuşdur. Ramil ona əlindəki LG markalı televizoru göstərib 50 manata satdığını demişdir. O, Ramildən televizoru haradan əldə etməsini soruşanda bildirmişdir ki, yeni köçdükləri evdə mətbəxin televizorudur. O, televozorun pultunun harada olmasını soruşanda Ramil ona pultun yadından çıxıb evdə qaldığını bir qədər sonra da pultu gətirəcəyini bildirmişdir. O da Ramilə 40 manat vermişdir. Demişdir ki, pultu gətirəndən sonra da 10 manatı verəcəkdir. Yarım saatdan sonra o, Ramilə zəng edəndə onun telefonuna zəng çatmamışdır. Bundan sonra qardaşı Bəhruzdan Ramili görüb-görmədiyini soruşmuşdur. Bəhruz da Ramili görmədiyini demişdir. Bəhruz Ramilin oğurluğa meyilli adam olduğunu demişdir. O da buna görə televizorun oğurluq olmasından şübhələnib Ramildən aldığı televizoru polisə təhvil vermək qərarına gəlmişdir. Bundan sonra Ramil ona zəng etmişdir. O, Ramilə demişdir ki, nə üçün ona oğurluq televizor satmışdır. Ramil də ona demişdir ki, “sən mənə qarşı kişilik etmədin, nəyə görə televizoru polisə vermisən”. Bundan bir qədər sonra o, polis əməkdaşları tərəfindən Ramilin və qardaşının, eləcə də İlkin Cəbiyevin saxlandığını eşitmişdir. Lakin onu bildirir ki, televozoru ona Ramil satıbdır. Bunu qardaşı Bəhruz da bilir. O öz ifadəsində daha sonra Ramilin yalan danışdığını, televizoru ona Ramilin satdığını və həmin vaxtı qardaşı Bəhruzunda onlarda olduğunu bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. O öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Ümid qəsəbəsi 1-ci massivdə yaşayır. Yaşadığı evin qarşısında tikinti materialları dükanı işlədir. Qonşusu Zərərçəkmiş şəxs1 evindən baş vermiş oğurluq hadisəsi ilə bağlı 2023-cü ilin mart ayında Novruz bayramı ərəfəsində və bayramdan sonra işlətdiyi dükanın qarşısında bir nəfər 20-25 yaşlarında oğlanı görmüşdür. Həmin şəxs özünü şübhəli apardığı üçün ondan nəyə görə burada dayamasının səbəbini soruşmuşdur. Həmin şəxs də cavabında gah onların məhləsində kiminsə evində usta işlədiyini sement almaq üçün orada olduğunu, gah da başqa sözlər demişdir. 27 mart 2023-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs1 evindən oğurluq olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs3 evindən də qızıl və pul oğurlanmışdır. Bu hadisələrdən sonra onların yaşadığı ərazidə xidmət aparan polis əməkdaşları ona bir nəfər cavan oğlanın fotoşəklini göstərmişlər. O da dərhal həmin şəxsi tanıyaraq demişdir ki, onu oğurluqlardan əvvəl yaşadığı məhlədə dəfələrlə görmüşdür. Qonşuları ilə söhbət edərkən ona məlum olmuşdur ki, həmin şəxs Ümid qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur. O, oğurluqlar ərəfəsində yaşadığı ərazidə Təqsirləndirilən şəxs başqa adam görməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 03 may 2023-cü il tarixli, 3-13-11/2-5768/2023 nömrəli məktubdan göründüyü kimi, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evdə və Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi 1-ci massiv nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən yeddi ədədi xx xxxxx 1998-ci il də Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət (02 dəfə), orta (02 dəfə) və adsız (03 dəfə) əksləri ilə eynilk müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli, 3-16-16/2-9/5671/2023 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd 2015-ci il, Koreya istehsalı, “LG” markalı, 32LF510U-ZB modelli, 509SRKY22821 seriyalı televizorun istifadədə olmasını nəzərə alaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti 200,00 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 12 iyun 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 bir ədəd üzərində “LG” markalı plazma televizoru tanıyaraq yaşadığı evdən oğurlandığını və ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 21 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, protokolla X3 götürülmüş 01 ədəd “LG” markalı plazma televizor maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus sx № ******* saylı hərbi biletin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətən müharibəsində iştirak etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsədə məhkəmə onun verdiyi ifadəni qeyri-səmimi və özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli toplanmış və tədqiq edilmiş sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Bundan başqa cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, ünvan 5 ünvanında yaşayır. Əvvəllər, məhkum olunmamışdır. İİ Qarabağ müharibəsində iştirak etmişdir, hər hansı psixi xəstəliyi yoxdur. X7 və X5 da tanıyır. Onlar Ümid qəsəbəsində yaşayırlar. Bəhruzu qəsəbədə hamı Məlik kimi çağırır. O, istintaqa verdiyi əvvəlki ifadəsindən fərqli olaraq bildirir ki, Cəbiyev İlkin və X11 rayonu, Ümid qəsəbəsində evlərdən oğurluq etməmişdir. Həmin oğurluqlarda o, tək olmuşdur. İlk dəfə 19 mart 2023-cü il tarixdə saat 21 radələrində o, tək Qaradağ rayonu, Ümid qəsəbəsi 3-cü massivdə yerləşən həyət evinin mətbəxinin plastik pəncərəsini açıb içəriyə daxil olmuşdur. Həmin evdən yataq otağındakı çantanın işərisindən bir cüt sırğa və 70 manat pul götürmüşdür. Bir cüt sırğanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar Dairəsində olan qızıl dükanlarından birinə satmışdır. Oğurladığı 70 manat pulu isə Sahil qəsəbəsində kafelərdə xərcləmişdir. Bundan başqa o, 2023-cü ilin mart ayının 20-də yenə də əvvəlki oğurluqda olduğu kimi, Ümid qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısına gəlmidişdir. Evin hasarından həyətə daxil olmuşdur. Evin mətbəxinin plastik pəncərəsini özündə olan atferka ilə açmışdır. Sonra evə daxil olmuşdur. Evə daxil olan kimi şkafları axtarmağa başlamışdır. Zalda olan “LG” markalı qara rəngli televizoru götürmüşdür. Evdə otaqda olan stolun üzərindən götürdüyü kəlbətinlə televizorun boltunu açaraq yerindən çıxartmışdır. Bundan başqa həmin evdən kiçik ölçülü kassadan 200 manat götürmüşdür. Televizoru Sahil qəsəbəsində tanımadığı şəxsə 100 manata satmışdır. Bundan sonra 25 mart 2023-cü il tarixdə Ümid qəsəbəsi, bina 4, mənzil 23 ünvanındakı evdən oğurluq etmişdir. Belə ki, o, binanın qarşısına gəlmişdir. Birinci mərtəbədəki mənzilin həyətə açılan plastik pəncərəsindən içəriyə daxil olmuşdur. Həmin evdən bir ədəd qara rəngli “LG” markalı televizor götürmüşdür. Həmin televizoru səhəri günü Ümid qəsəbəsində yaşayan Babayev Elşənə 40 manata satmışdır. Bundan başqa sonuncu dəfə 27 mart 2023-cü il tarixdə saat 10 radələrində Ümid qəsəbəsi 1-ci massivdə yerləşən fərdi həyət evinə daxil olmuşdur. Həmin evin 2-ci mərtəbəsinə həyətdəki nərdivanı qoyaraq qalxmışdır. Yataq otağında termonun üzərindən qızıl-zinət əşyaları götürmüşdür. Orada bir ədəd üzük, sırğa və boyunbağı olmuşdur. Həmin qızılları da 20 Yanvar Metrostansiyasın yanında 610 manata satmışdır. Baş vermiş bütün oğurluq hadisələrində onunla birlikdə İlkin və Bəhruz olmamışlar. Evlərindən oğurluq etdiyi şəxslərin adlarını sonradan bilmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Məhəmmədli qızını, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 evindən ancaq qızıl-zinət əşyaları oğurlamışdır. Pul götürməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 yaşadığı evdən saat oğurlamamışdır. Ona polis bölməsində təzyiqlər olmuşdur. Onu qorxutmuşlar ki, oğurluğu İlkin və Bəhruzlə törətməyini desin. Ona görə də istintaqa yalandan demişdir ki, guya evlərdən oğurluqları İlkin və Bəhruzla etmişdir. Əslində bunlar yalandır. O, oğurluqları tək etmişdir. Yanında heç kəs olmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, ikinci Qarabağ müharibəsində-Vətən müharibəsində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 04 may 2023-cü il tarixdə saat 21:10-da şübhəli şəxs qismində saxlanılaraq, 06 may 2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılmasının əvvəli 04 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə verilmiş mülki iddaya münasibətdə hesab edir ki, mülki iddia əsaslı olmaqla təmin edilməli, yəni təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq cəmi 6910 (altı min doqquz yüz on) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkan olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X4 tərəfindən 20 iş saatı və Müdafiəçi tərəfindın 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 04 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurduğu zərərin əvəzi olaraq cəmi 6910 (altı min doqquz yüz on) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut yoxdur. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı cəmi 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar