Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-313/2024 23.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun vəkili və nümayəndəsi X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 müdafiəçisi qismində təyin edilmiş Müdafiəçi2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 şikayətinə məhkəmənin binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: X7 məhkəməyə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X5 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş etmiş və göstərmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittihamçı kimi şikayət etməyinə səbəb olan hallar X8 onun keçmiş nişanlısı İlhamın anasıdır. X.Y.Əliyeva 2021-ci ildə elçi gələrək onu oğlu İlhama istəmiş və ona nişan gətirmişdir. Lakin onun İlhamla nişanı çox uzun müddət çəkməmiş, münasibətləri pozulduğundan xx.xx.2021-ci il tarixində nişan qaytarılmışdır. Lakin buna baxmayaraq X3 barışmaq istədiyi barədə ona xəbər göndərir, o isə barışmaq istəməmişdir. Onlar ayrıldıqdan sonra uzun müddət o, İlhamla nə görüşmüş, nə də danışmışdır, 2024-cü ilin mart ayında İlham onların məcburi köçkün kimi məskunlaşdıqları X12 kompleksində Məzahir adlı şəxs tərəfindən bıçaq zərbəsi ilə öldürülmüşdür. İlhamın anası X.Y.Əliyeva isə onun da bu cinayət aməlində əlinin olduğunu, cinayətkar Məzahirlə əlbir olaraq bu cinayəti törətməyini iddia etməyə və bununla bağlı istər yaşadığı yerdə, istərsə də “Azad Azərbaycan” X1 daxil olan “ATV” kabel televiziyasında Zaur Baxşəliyevin aparıcılığı ilə efirdə kütləvi yayımlanan "Bizimləsən" televiziya verlişlərində geniş tamaşaçılar kütləsinə bəyan etmiş, bu cinayətdə onun əlinin olmasını, cinayətkarlarla əlbir olmağıma baxmayaraq cəzasız qalmağını bildirmişdir. Hörmətli məhkəmə, hamıya məlumdur ki, Azərbaycan dövləti hüquqi dövlətdir və bu dövlətdə qanunlar işləyir, heç bir cinayətkar məsuliyyətdən kənarda qalmır, kimin cinayət barədə məlumatı varsa onu istintaq orqanlarına təqdim etməsi nəticəsində ədalətli araşdırma aparılaraq cinayət təqibi həyata keçirilir. Onun ittiham olunduğu qeyd olunan cinayət hadisəsi adam öldürülməsi ilə əlaqədar ağır cinayətdir, bu cinayətə görə cinayət işi açılmış, aidiyyatı istintaq orqanları tərəfindən araşdırma aparılmış və hazırda da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı davam edir. Belə bir vəziyyətdə onun əməlində hansısa bir cinayət hadisəsi olsaydı əlbəttə ki, mənim məsuliyyətə cəlb olunmağı artıq baş vermiş olardı, araşdırma aparılarkən onun da izahatı alınmış, istintaq yolu ilə bütün işin halları yoxlanılmış və ona qarşı istintaq və məhkəmə tərəfindən hər hansı bir cinayət təqibi irəli sürülməmişdir. Belə bir vəziyyətdə onu ağır cinayətdə ittiham etməsi və bu azmış kimi, televiziyaya çıxaraq geniş kütlə qarşısında ona X.Y.Əliyeva tərəfindən ağır cinayət törədilməsində böhtan atılması həqiqətən onun bir gənc qız kimi gələcək həyatının ləkələnməsinə, nüfuzdan salınmasına, mənəvi dəyər olan şərəf və ləyaqətinin alçaldılmasına yönəlmiş qərəzli hərəkətlərdir. Əgər X.Y.Əliyevanın hər hansı ona qarşı ittihamı varsa onu aidiyyatı üzrə cinayət təqibini həyata keçirən istintaq orqanlarına bildirməli və onların qərarlarından narazı qalacağı təqdirdə yuxarı orqanlara şikayət edə bilərdi. Onu bu formada ağır cinayətdə öz başından ittiham etməsi qanunsuzluqdur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. O, bir Azərbaycan qadını kimi heç bir təqsirli hərəkətə yol vermədiyi halda onu tanımadığım şəxslərlə guya sevgili münasibətlərində olmağını bildirmək, cəmiyyətin bərabər hüquqlu üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə yaraşmayan sözləri barədə televiziya efirində işlətmək, ailə tərbiyəsi olmayan, pozğun şəxs kimi təqdim olunmağı, yaşadığı yerdə, ailəsində, qohumlar və tanışlar içərisində, işlədiyi kollektivdə, dostlarının əhatəsində onu gözdən salmağa yönəlmiş, şərəf və ləyaqətinin alçaldılmasıdır. X.Y.Əliyeva guya onun tanımadığı və heç bir ünsiyyətimin olmadığı, onun oğlu İlhamın qatili olan Məzahir və cinayət törədilməsi zamanı orada olmuş Nihadla yaxın sevgili münasibətlərində olmağını iddia edir və guya məhz buna görə Məzahir, Nihad ona görə, onunla əlbir olaraq İlhamı öldürmüşdür və o, Məzahir kimi onların da cəzalanmağını istəyir. Bu iddiaları X.Y.Əliyeva kütləvi yayımlanan “Bizimləsən” verlişində bildirir, yəni onun törətmədiyi bir cinayətdə onu ittiham edir, eləcə də, onun əxlaqi cəhətdən ailə tərbiyəsi görməməyini bildirərək onun mənəvi dəyərlərinə toxunan, şərəf və ləyaqətni alçaldan hərəkətlər edir. İlhamın qətlini o da qətiyyətlə pisləyərək, barəsində bu ağlagəlməz ittihamların yalan olmasını dəfələrlə X.Y.Əliyevaya bildirmiş, əvvəlcə onun övlad itirməsinə görə başa düşməyə çalışmış və onun bu hərəkətlərindən şikayət ittiham etməmiş, lakin buna baxmayaraq sonradan efirə çıxaraq geniş kütlə arasında onu cinayətdə ittiham etməsi və onun Azərbaycan qadını kimi mənəvi dəyərlərinə ləkə gətirərək özündən yaşca balaca Məzahirlə sevgili olmağını iddia etməsi və bu cinayəti də onun əli ilə törətməkdə onu ittiham etməsi onun bir qadın olaraq qərəzli şəkildə şərəf və ləyaqətini ləkələməsi qənaətinə gəlmiş, bundan sonra X.Y.Əliyevanın onun tərəfindən törədilməyən cinayətdə təqsirli bilinməklə geniş auditoriya qarşısında ona böhtan atmasına hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, X5 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq da bildirmişdir ki, “Bizimləsən” proqramında baş tutmuş müzakirə nəticəsində onun etibarı zədələnmiş, bu səbəbdən məhkəməyə müraciət etməyə qərar vermişdir. X4 vəkili və nümayəndəsi X6 şikayət ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayət ərizəsində tərəfin əsaslandığı sübutların “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”-nə məxsus ATV kanalında nümayiş etdirilən “Bizimləsən” verilişində baş verdiyini, həmin televiziya kanalının Yasamal rayonu ərazisində yerləşdiyini qeyd edərək xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək və eləcədə təqdim edilmiş sənədləri və iş materialına əlavə edilmiş DVD diskdəki görüntüləri nəzərə alaraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskə daxil olan görüntülərdən görünür ki, xüsusi ittiham qaydasında şikayətçinin əsaslandığı hallar “ATV” telekanalının “Bizimləsən” verilişində çıxışlar zamanı müzakirə edilmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 izahatında “Bizimləsən” verilişində çıxışlar edildikdən onu tanıyan şəxslərin yanında şərəf və ləyaqətinin zədələndiyini bildirmişdir. ““Azad Azərbaycan Teleradio Yayım Şirkəti”-nə daxil olan “ATV” kanalı ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin CPM-in 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-313/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-313/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver