Məhkəmə qərarları › İş №1(002)-314/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-314/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-314/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X12 qonşuluğunda yaşayan X13 adlı şəxs vasitəsi ilə tanımışdır. Onunla heç bir şəxsi-qərəzliyi olmamışdır. Vəli Qasımov ondan Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində orta məktəbdə müəllimə işləyən həyat yoldaşını həmin məktəbdə boş olan direktor vəzifəsinə kiminsə vasitəsi ilə təyin etdirmək üçün ona yardımçı olmağını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında ərizəsinə əlavə olaraq bildirmişdir ki, o, tanışı Vəli Qasımovun müraciəti ilə bağlı əvvəllər tanıdığı, hüquqşünas, dövlət orqanlarında da işləmiş X5 bu barədə zəng etmiş və onun qonşusunun tanışı və dostunun yoldaşına köməklik edilməsini xahiş etmişdir. X7 ümumi tanışları vasitəsi ilə ona kömək edəcəyini bildirmişdir. O, X12 X7 ilə görüşdürmüşdür. Onlar ümumi razılığa gəlmiş, bundan sonra onlar ayrılmışlar. Bu hadisədən bir müddət sonra Vəli Qasımov ona yoldaşının artıq qeyd olunan məktəbə direktor təyin olunduğunu və “Zakir Hüseynovun onun 10.000 manat məbləğində pul vəsaitini mənimsədiyini və verdiyi pulu ondan geri alacağını” bildirmişdir. X16 onsuz dəfələrlə X7 ilə görüşmüş və verdiyi pulu geri tələb etmişdir. Hüseynov Zakir isə ona bildirmişdir ki, verdiyi pulu həyat yoldaşının məktəbə direktor təyin edilməsindən ötəri vermişdir. Lakin, Vəli isə tam təkidlə pulu tələb etdiyinə görə Zakir Hüseynov pulu qaytarmaqdan ötrü ondan vaxt istəmişdir. Vəli bir neçə dəfə onun yanına gəlmiş və bildirmişdir ki, pulun geri qaytarılmasını Hüseynov Zakirin boynuna qoymuşdur və pulu qaytarana qədər hər ay 480-500 manat faiz pul qaytaracaq. O, isə tam səmimi olaraq ona bildirmişdir ki, sənin işin düzəlibsə, niyə indi pulu geri tələb edirsən. O bildirmişdir ki, “o Zakiri şikayət edəcəyi ilə hədələmişdir, ona görə ki, qorxusundan pulu geri qaytarsın”. O, Qasımova bildirmişdir ki, bir daha onun işinə qarışmayacaq. Qasımov onu hədələyərək pul ilə bağlı ondan şikayət edəcəyini bildirmişdir. Vəli Qasımov onun barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nə şikayət ərizəsi vermiş və ondan Z.Hüseyova verdiyi pulu geri tələb etmişdir. O, bu barədə PB-də izahat vermiş və bildirmişdir ki, X11 pulu onun dediyinə-xahişinə əsasən X5 çatdırılmışdır. O, verilən pulu mənimsəməmişdir, heç bir maddi marağı olmamışdır. Qasımov Vəli sonra bildirmişdir ki, “mən bilərəkdən o pulu sənin vasitənlə X6 verdim ki, sən gələcəkdə şahid qismində pulun geri alınmasına mənə yardımçı olasan”. X11 şikayəti əsasında toplanmış material Qaradağ RPİ-ni İŞ-nə verilmiş, onu ora dəvət etdilər və pulun X5 verilməsini istintaq materiallarında da, öz əksini tapmışdır. X1 Vəli Səlim oğlunun bu haqsız hərəkətlərinə dözə bilməyərək, fikirdən dünyasını dəyişmiş, Mən onun bu haqsız hərəkətlərinə görə bir neçə dəfə tənqid etdim. Lakin, o, bu əməlindən əl çəkmirdi. Vəli Qasımov 26 mart 2022-ci il tarixində mənə mobil telefon vasitəsilə zəng vuraraq, “reketlik edəcəyini, orqanlara rüşvət verərək, məndən pul almayacağı təqdirdə, məni dama basdıracağım” bildirmişdir. X7 dünyasını dəyişdikdən sonra Vəli Qasımov onun barəsində Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və ondan Zakir Hüseynova verdiyi on min manatı tələb etməyə başlamışdır. Məhkəmə Qaradağ rayon Pİ-nin İŞ-nin qəbul etdiyi qərara baxdıqdan sonra Vəli Qasımovun iddiasını rədd etdi. Vəli Qasımov məhkəmənin inzibati binasının qarşısında tanışım X9 yanında ona bildirdi ki, “Kərimulla Əkbərovu bütün sosial şəbəkələrdə biabır edəcəm, ya on min manatı ondan alacam, ya da, ürəyini partladıb onu da, X3 yanına göndərəcəm. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 TİK-TOK sosial şəbəkədə mənim şəkilimi yerləşdirərək, məni nəlayiq küçə söyüşləri ilə təhqir edərək, mənim şərəf və ləyaqətimi bu ahıl yaşımda alçaltmışdır. Mən bu barədə Qaradağ rayon Prokurorluğuna və DİN-nə ərizə ilə müraciət etmişəm. Prokurorluqdan mənə rəsmi bildirdilər ki, xüsusi ittiham qaydasında Qaradağ Rayon Məhkəməsinə müraciət edə bilərsiniz. Göstərilənləri nəzərə alaraq, X11 Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmasına dair ittiham hökmü çıxarılmasını, şikayətin icraata qəbul edilməsini xahiş edirəm. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Qasımova məhkəmənin hazırlıq iclası barədə vaxtında məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Qasımovun iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini Azərbaycan Respublikasının CPM-in 299.11-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Qasımovun müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyəti Qaradağ Rayon Məhkəməsi deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs K.C.Əkbərov şikayətində göstərmişdir ki, X16 onun barəsində təhqir xarakterli ifadələri “Tiktok” sosial şəbəkəsində özünə məxsus istifadəçi səhifəsində bildirmişdir. “Tiktok” sosial şəbəkəsi isə xaricdə qeydiyyata alınmış internet informasiya ehtiyatıdır. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən xüsusi ittham qaydasında şikayətə təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 isə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyəti Tovuz Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Qasımov xüsusi ittiham qaydasında şikayət vermiş şəxs K.C.Əkbərov barəsində təhqir xarakterli ifadələri “Tiktok” sosial şəbəkəsində özünə məxsus istifadəçi profilində yaymışdır. Xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş «AZEMİS» Elektron Məhkəmə Sisteminin Sorğular bölməsindən əldə olunmuş məlumatdan görünür ki, V.S.Qasımov Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatdadır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində təhqir xarakterli məlumatlar “Tiktok” sosial şəbəkəsində yerləşdirilmişdir. “Tiktok” sosial şəbəkəsi isə internet informasiya ehtiyatı hesab edilməklə, xaricdə qeydiyyatdadır və Azərbaycan Respublikasının ərazisində qeydə alınmış hüquqi ünvanı yoxdur. Belə olan halda, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında əlavə edilmiş «AZEMİS» Elektron Məhkəmə Sisteminin Sorğular bölməsindən əldə olunmuş məlumatla müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Qasımov Tovuz rayonunun ərazisində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə təhqir xarakterli məlumatlar “Tiktok” sosial şəbəkəsində yerləşdirildiyindən, həmin internet informasiya ehtiyatı xaricdə qeydiyyata alındığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs V.S.Qasımov Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşadığından və həmin ünvan isə Tovuz rayonunun inzibati ərazisinə aid olduğundan, hazırkı şikayətə Qaradağ Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar