Məhkəmə qərarları › İş №1(002)-315/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-315/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-315/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 28 avqust 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 31.05.2021-ci il tarixdə saat 13:30 radələrində qardaşı Şahid1 16.05.2021ci il tarixdə verdiyi şikayət ərizəsinin araşdırılması ilə əlaqədar Qaradağ RPİ-nin 11-ci PBnə gələrək həmin bölmənin inzibati binasında bölmənin baş təhqiqatçısı, polis mayoru Şahid2 xidməti otağında materialın araşdırılması məqsədi ilə PB-nə dəvət olunmuş Zərərçəkmiş şəxs qarşı heç bir əsaslı səbəb olmadan qəsdən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə masa arxasında oturacaqda oturmuş Zərərçəkmiş şəxs sinəsindən əli ilə vuraraq yerə yıxmış, sonra isə baş nahiyyəsindən oturacağa dəyərək xəsarət almış və döşəmədə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə ayağı ilə zərbələr vuraraq zərərçəkmiş Zərərçəkmiş şəxs sağ qaş nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətinə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarəti, sağ bazunun, sol kürək və sol topuq nahiyyələrinin qançırı ilə müşayət olunan sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün, zəərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən Bakı-Astara yolunun üzrərində avtomaşın təmiri və satışı ilə məşğul olmuş və 2020-ci ilin yay aylarında qardaşı Alim onu Elçin adlı şəxslə tanış etmişdir. Elçinlə münasibətləri normal olmuşdur. Belə ki, Elçin ondan bir neçə dəfə müxtəlif yük avtomaşınlarına təkər və ehtiyyat hissələri satmışdır. Onunla qardaşı Alimə işlədikləri mağazalarını böyütmək məqsədi ilə mağazalarının yaxınlığında torpaq sahəsi almaq istəyirmişlər. Bu barədə onlar Elçinə bildirdikdə Elçin torpaq sahhəsi onlara təşkil edəcəyini demişdir. O, Elçinə torpaq sahəsinə görə təxminən 2020-ci ilin payız aylarında 1500 manat pul vermişdir. Həmin zaman onda MAZ markalı yük avtomaşını var imiş. Elçin həmin MAZ markalı avtomaşını almaq istəmişdir. O, Elçinlə avtomaşını 3500 manata razılaşmışlar. Elçin ona bildirmişdir ki, “torpaq sahəsinin sənədlərini hazır edəndən sonra bu maşını mənə hədiyyə verərsən”. Elçin MAZ markalı həmin avtomaşını evekuator vasitəsi ilə mağazanın yanından aparmışdır. Bundan sonra o, Elçinlə əlaqə saxlayan zaman Elçin torpaq sənədlərinin hazır olacağını bildirsədə o, Elçinlə razılaşmamış və pulu ilə avtomaşınını geri qaytarmasını istəmişdir. Bir neçə gündən sonra Elçin onun 1500 manatını və MAZ markalı yük avtomaşınını geri qaytarmışdır. Lakin həmin MAZ markalı avtomaşının texniki pasportunu ona qaytarmamışdır. O, isə həmin Elçinə satdığı MAZ markalı avtomaşını doğrayaraq dəmir yığma məntəqəsinə təhvil vermişdir. Bundan sonra onun qardaşı Alimlə öz şəxsi münasibətləri zəminində mübahisələri olmuş və o, Alimlə bir müddət danışmamışdır. Onun Elçinlə bundan sonra heç bir ticarəti olmamışdır. 16.05.2021-ci il tarixdə o, qardaşı Alimlə Qaradağ RPİ-nin 11-ci PB-nin yaxınlığında olan zaman Alim ona bildirmişdir ki, Elçinin torpaq sahəsinə görə 23600 manat pul borcu vardır. O, Alimə bildirmişdir ki, bu barədə polisə müraciət etmə. Lakin Alim onun sözünə baxmayaraq 11-ci PB-nə gedərək bu barədə şikayət ərizəsi vermişdir. Alimlə Elçinin arasında olan pul söhbəti onun yanında olmamış və Alim Elçinə onun yanında pul verməmişdir. 31.05.2021-ci il tarixdə təxminən saat 13 radələrində o, işlədiyi mağazada olan zaman Alim onun yanına gəlmiş və bildirmişdir ki, “onu Polis Bölməsinə çağırırlar”. Alim ona birlikdə getmələrini təklif etmişdir. O, da Alimlə birlikdə Qobustan qəsəbəsində yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nin yerləşdiyi inzibati binaya gəlmişdir. Orada təhqiqatçı Şahid2 otağına daxil olan zaman Elçini də orada görmüşdür. Orada qardaşı Alim Şahid2 arxasında əyləşdiyi stolun sağ tərəfində Elçinlə üz-üzə, o, isə stolun Şahid2lə üz-üzə olan tərəfində əyləşmişlər. Orada Alimin şikayət ərizəsində göstərdiyi torpağın sahəsinin pulunu, yəni 23600 manat pulunu hansı şəraitdə Elçinə verdiyini müzakirə edən zaman Elçin cibindən bir ədəd “MAZ” markalı avtomaşının texniki pasportunu çıxararaq həmin avtomaşını Elçinə satdığını demişdir. Bundan sonra o, Elçinin əlindən həmin avtomaşının texniki pasportunu almaq istəmişdir. Texniki pasport yerə düşmüşdür. O, Elçinin sinə nahiyyəsindən əli ilə itələmiş, Elçin oturacaqla birlikdə yerə yıxılmışdır. Həmin zaman Elçinin baş nahiyyəsi oturacağa dəymişdir. Həmin vaxt Elçin qaşından xəsarət almış və onu söyməyə başlamışdır. O, da Elçinə yaxınlaşıb söyüş söyməməsi üçün yerdə olan zaman təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bu zaman qardaşı Alimlə Şahid2 onu kənara itələyərək Elçini ayağa durdurmuşlar və onu otaqdan çıxartmışlar. Həmçinin bildirir ki, o, ilkin izahat verən zaman hadisənin təsirindən həyəcanlı olmuş və izahatı hansı formada verdiyini bilməmişdir. Lakin hal-hazırda o, hadisəni olduğu kimi bildirmişdir. Həmin vaxt qardaşı Şahid1 Zərərçəkmiş şəxs vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cavan olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olamayan cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə biznesi ilə məşğul olurmuş. Belə ki, o, yük avtomaşınları ilə yükdaşıma ilə məşğul olurmuş. O, 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində Alim adlı şəxslə tanış olmuşdur. Belə ki, həmin zaman onun yük avtomaşını Dərnəgül yolunda xarab olduğundan o, ehtiyyat hissəsi axtaran zaman ona bildirmişlər ki, ancaq həmin ehtiyat hissəsini Qobustan qəsəbəsi ərazisində Alim adlı şəxsdən tapa bilərmiş. O, həmin gün Qobustan qəsəbəsinə gələrək orada Alim adlı şəxslə tanış olmuş və ona məlum olmuşdur ki, Alim adlı şəxs yük avtomobillərini alaraq söküb ehtiyat hissələrinə bölərək özünə məxsus olan Qobustan qəsəbəsində yerləşən mağazasında satışını təşkil edir. Ona lazım olan ehtiyyat hissəsini Alimdən pulunu verib aldıqdan sonra ona qardaşı Babaşirinin də mağazasını göstərərək lazım olduğu təqdirdə ondan da ehtiyat hissəsi ala biləcəyini demişdir. Bundan sonra ona ehtiyyat hissəsi lazım olduqda Alim və ya Babaşirindən pulunu verərək alırmış. Bu minvallada onun həmin qardaşlarla münasibəti yaranmışdır. Ona yük avtomaşını lazım olduğundan o, Babaşirinə bu barədə müraciət etmiş və Babaşirin ona bildirmişdir ki, “onda “MAZ” markalı yük avtomaşını vardır”. O, həmin avtomaşının sənədlərini və şəklini “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona göndərməsini Babaşirindən xahiş etmişdir. Babaşirin həmin gün ***-***-**-** mobil nömrəsinin “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona avtomaşının və sənədlərinin şəklini göndərmişdir. O, Babaşirinə avtomaşının sənədlərində yük avtomaşını deyil, yerqazan qurğu olduğunu demişdir. Babaşirin ona bildirmişdir ki, problem yoxdur, həmin sənədi düzəldib verəcəkdir. O, da Babaşirinin sözlərinə inanaraq Qobustan qəsəbəsinə gəlib avtomaşına baxmış və Babaşirinlə 8200 manata avtomaşının texniki pasportunu düzəltmək şərti ilə razılaşmışdır. Bundan sonra o, 3200 manat bir dəfə, 5000 manat da bir dəfə gətirib Babaşirinə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vermiş və 166 evakuator xidmətinə zəng edərək həmin avtomaşının pulunu tam ödədikdən sonra Dərnəgül yolunda olan avtomaşınlarının yanına aparmışdır. Təxminən 1 həftədən sonra Babaşirin ona verdiyi sözə əməl edib avtomaşının sənədlərini qaydasına qoymadiğına görə həmin avtomaşını yenə də evekuator vasitəsi ilə Qobustan qəsəbəsinə Babaşirinin mağazasının qarşısına göndərmiş və Babaşirinə zəng edərək pulunu geri qaytarmasını demişdir. Babaşirin ona başqa yük avtomaşın təklif etmiş və bildirmişdir ki, həmin avtomaşın qardaşı Alimdədir. O, Alimlə danışmış və həmin “KAMAZ” markalı avtomaşını 13200 manata razılaşmış və O, Alimə 5000 manat verəcəyini demişdir. O, da Alimə 2000 manat pul vermişdir. Alim də yük avtomaşınının sənədlərini, yəni etibarnaməsini aldıqdan sonra göndərəcəyini demişdir. O, Alimlə razılaşmışdıqdan təxminən 5 gündən sonra Alim ona zəng edərək bildirmişdir ki, pulunu verdiyi “KAMAZ” markalı avtomaşının sənədləri düzəlmədiyinə görə özünə məxsus olan “MAZ” markalı avtomaşını 22000 manata ona verəcəkdir. Alim onun mobil telefonuna həmin avtomaşının şəkillərini və sənədlərinin şəklini göndərmişdir. O, da Alimlə razılaşmış və səhərisi günü o, Alimə 5000 ABŞ dolları məzənnə ilə 8500 manat pul vermişdir. Beləliklə o, Alimə və Babaşirinə ümumilikdə 18700 manat pul vermişdir. Həmin pulun 8200 manatını Babaşirinə, 10500 manatını isə Alimə vermişdir. O, MAZ markalı avtomaşını götürməyə gedəndə Alim ona “həmin avtomaşını 22000 manata deyil 25000 manata satdığını və istəyirsənsə 25000 manatla razılaşaq sözlərini demişdir. O, da Alimin bu təklifinə etiraz etmiş və pulunu ondan və qardaşı Babaşirindən tələb etmişdir. Lakin bir müddətdən sonra ona qoşqu lazım olduğundan Babaşirinə bildirmişdir ki, ona 1 ədəd yük qoşqusu lazımdır. O, Babaşirinlə həmin qoşqunu 3500 manata razılaşmışdır. Belə ki, həmin vaxt onun Babaşirində 8200 manat pulu olduğundan o, həmin puldan çıxmasını demişdir. Babaşirin ona qoşqunun texniki pasportunu vermiş və bildirmişdir ki, get yoxlat. O, da həmin qoşqunun texniki pasportunu yoxladan zaman ona məlum olmuşdur ki, həmin qoşqunun sahibi ölübdür. Onun Babaşirin də pulu qaldığından həmin qoşqunun texniki pasportunu özündə saxlamışdır. Bundan sonra Alim ona ümumilikdə 6000 manat, Babaşirin isə 200 manat pul qaytarmışdır. O, da Alimlə Babaşirinə bu barədə hüquq mühafizə orqanlarına şikayət edəcəyini biildirdikdən sonra Alim Qaradağ RPİ-nin 11-ci PBnə ərizə ilə şikayət edərək guya onun Alimə 23600 manat borcu olması barədə ərizə ilə müraciət etmişdir. 31.05.2021-ci il tarixdə təxminən saat 11 radələrində Qaradağ RPİ-nin 11-ci PB-dən təhqiqatçı, polis mayoru Şahid2 zəng edərək onu polis bölməsinə dəvət etmişdir. O, da həmin gün saat 13:20-də Qaradağ RPİ-nin 11-ci PB-nə çatmış və təhqiqatçı Şahid2 qəbulunda olmuşdur. O, orada olan zaman onun polis bölməsinə çağrılmağının səbəbi izah edilərək onun barəsində Şahid1 şikayət ərizəsi yazdığı bildirilmişdir. O, ərizə ilə tanış olduqdan sonra izahatını yazmış və Alimin onun barəsində yalan danışdığını, Alimlə arasında olan münasibətin yuxarıda göstərilən səbəbdən yarandığını izah etmişdir. Bundan sonra təhqiqatçı Şahid2 zəng edərək Şahid1 xidməti otağına dəvət etmişdir. Bir neçə dəqiqədən sonra Şahid1 və Təqsirləndirilən şəxs 11-ci PB-nə gəlmişlər və orada Şahid2 xidməti otağına daxil olmuşlar. O, həmin zaman otaqda olan stolun sol tərəfində arxası kitablar olan dolaba tərəf əyləşmişdir. Alim gələrək onunla salamlaşmış və onunla üz-üzə stolun sağ tərəfində arxası divara tərəf əyləşmişdir. Babaşirin isə stolun qarşı tərəfində təhqiqatçı Şahid2lə üz-üzə əyləşmişdir. Şahid2 Alimə sual verərək bildirmişdir ki,”siz ərizənizdə Zərərçəkmiş şəxs 23600 manat pulu torpaq almaq adı ilə sizdən aldığını bildirirsiniz, lakin Zərərçəkmiş şəxs siz dediklərinizin yalan olduğunu və siz qardaşların ona 12500 manat borclu olduğunuzu bildirir”. Alimlə Babaşirin onun yalan danışdığını bildirən zaman o, əl çantasında olan Babaşirinin ona verdiyi sahibi ölmüş yük qoşqusunun texniki pasportunu çıxardaraq Qüdrət müəllimə təqdim etmək istəmişdir. Bu zaman Babaşirin onun əlində olan texniki pasportu əlindən qaparaq almaq istəmiş və əli ilə sinə nahiyyəsindən vurmuşdur. O, stol qarışıq yerə yıxılmış və stolun ayağı onun baş nahiyyəsindən dəymişdir. Bundan sonra Babaşirin onu yerdə təpiklə bədəninin müxtəlif yerlərindən vurmuşdur. Bu zaman Şahid1 və Şahid2 Babaşirinin qarşısını kəsərək onun zərbəsinin qarşısını almışlar. Həmin vaxt aldığı zərbələrdən onun baş nahiyyəsindən qan axmış, bu zaman polis əməkdaşlarından biri tibbi yardım göstərdikdən sonra başından axan qan kəsmişdir. O, özünə gəldikdən sonra bu barədə ərizə ilə PB-nin rəhbərliyinə müraciət etmişdir. Təhqiqatçı Şahid2 tərəfindən ona MTE-dan keçmək üçün göndəriş verilmiş və o, MTE-gedərək tibbi ekspertizadan keçmişdir. O, 31.05.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət edən zaman həyacanlı olduğundan o, elə bilmişdir ki, onu Təqsirləndirilən şəxsla birlikdə Şahid1 da vurmuşdur. Lakin müddət keçdikdən sonra o, hadisəni anlayan zaman ona məlum olmuşdur ki, onu yalnızTəqsirləndirilən şəxs vuraraq xəsarət yetirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam ödədiyindən, sonuncu ilə barışmış, ona görə də, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Babaşirin oğlu ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən Bakı- Astara yolunun üzrərində avtomaşın təmiri və satışı ilə məşğul olmuş və 2020-ci ilin yay aylarında Elçin adlı şəxslə tanış olmuş və Elçinlə münasibətləri normal olmuşdur. Belə ki, o, işlədiyi mağazada olan zaman sonradan adını Elçin bildiyi şəxs ona yaxınlaşaraq “Kamaz” markalı avtomaşına aid diskisi ilə birlikdə təkər almış və həmin vaxtdan da münasibətləri yaranmışdır. Bir neçə müddətdən sonra Elçin ondan yenə də təkər istəyən zaman Elçinin istədiyi miqdarda təkəri olmadığından Elçini onunla üz-üzə yolun digər tərəfində mağazası olan qardaşı Babaşirinin yanına göndərmişdir. Həmin vaxt o, Elçinə 10 ədəd təkər vermiş və Elçinin ona 900 manat borcu qalmışdır. Bundan sonra Elçinlə Babaşirinin münasibətləri yaranmışdır. Elçinə o, 2020-ci ilin qış aylarında “Kamaz” markalı avtomaşının qoşqusunu 2000 manata satmışdır. Bundan sonra onun Elçinlə heç bir ticarəti olmamışdır. 2020-ci ilin avqust ayının sonlarında o, Elçinlə birlikdə Qobustan qəsəbəsində yerləşən “Ağsu” kafesində yemək yeyən zaman Elçinə bildirmişdir ki, ona torpaq sahəsi lazımdır ki, özünə mağaza tiksin. Elçin də bildirmişdir ki, tanışları var, ona torpaq alarlar. Elçin bir müddətdən sonra o, Elçinə torpaq almaq istədiyi yeri, yəni Qobustan qəsəbəsi ərazisində Bakı-Qazax yolunun kənarında olmasını demişdir. Elçin də ona işlədiyi mağazanın 200 metr yaxınlığında bir boş sahəni göstərərək bildirmişdir ki, “buranı 37000 manata alıb sənə verə bilərəm”. Bundan sonra o, Elçinə 2020-ci ilin sentyabr ayının ortalarında 10000 manat, bundan bir həftə sonra 8700 manat nağd pul vermişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində isə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Buta” marketdə 3700 manat pulu milliön aparatı vasitəsi ilə Elçinin “Kapitalbank” a məxsus kartına pul göndərmişdir. O, qeyd etmişdir ki, Elçinin bundan əvvəl təkərlərə görə 900 manat ona pul borcu qalmışmış. Ümumilikdə Elçinə 23300 manat pul vermişdir. O, Elçinlə danışmışdır ki, torpağa aid sənədləri verdikdən sonra 13700 manat pulu da verəcəkmiş. O, pulları verdikdən sonra hər dəfə Elçinə zəng etdikdə Elçin ondan qaçırmış və telefonlarına cavab versə də hər dəfə bir bəhanə gətirirmiş. O, da Elçinin onu aldatmasını fikirləşdikdən sonra 16.05.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. 31.05.2021-ci il tarixdə təxminən saat 13 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı Şahid2 ona zəng edərək bildirmişdir ki, Elçin PB-nə gəlmişdir, zəhmət olmasa yaxınlaş PB-nə, o da qardaşı Babaşirin ilə birlikdə Qobustan qəsəbəsində yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nə gəlmişdir. Orada onlar növbətçi hissədən Şahid2 soruşduqdan sonra polis bölməsinin inzibati binasında 1-ci mərtəbədə yerləşən Şahid2 xidməti otağına getmişlər. Onlar içəri daxil olanda orada Elçini də görmüşlər. Orada o, Şahid2 arxasında əyləşdiyi stolun sağ tərəfində Elçinlə üz-üzə, qardaşı Babaşırın isə stolun Şahid2lə üz-üzə olan tərəfində əyləşmişlər. Orada yazdığı şikayət ərizəsində göstərdiyi torpağın sahəsinin pulunu, yəni 23300 manat pulunu hansı şəraitdə Elçinə verdiyini müzakirə edən zaman Elçin cibindən bir ədəd “MAZ” markalı avtomaşının texniki pasportunu çıxararaq Babaşirinin həmin avtomaşını Elçinə satdığını demişdir. Elçin əlində avtomaşının texniki pasportunu göstərən zaman onun qardaşı Babaşirin Elçinin əlindən almaq istəmişdir. Lakin Elçin texniki pasportu verməyəndə Babaşirin Elçinin sinəsindən itələmiş, Elçin oturacaqdan yerə yıxılmış və həmin zaman Elçinin başı oturacağa dəymişdir. Eyni zamanda qardaşı Babaşirin ayağa qalxaraq Elçinin bədənin müxtəlif nahiyyələrindən təpiklə vurmuşdur. O, və Şahid2 tez ayağa duraraq Babaşirinlə Elçinə yaxınlaşmışlar və o, Şahid2lə birlikdə Babaşirini Elçini vurmasının qarşısını alaraq kənara çəkmişlər. Şahid2 Babaşirini və onu otağından çıxartmışdır. 31.05.2021-ci il tarixdə təxminən saat 13:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında təhqiqatçı Şahid2 xidməti otağında Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxsla dava etmiş və Elçini qardaşı Babaşirin vurmuşdur. O, Zərərçəkmiş şəxs vurmamışdır. Onun qardaşı Təqsirləndirilən şəxs həmin hadisə zamanı Zərərçəkmiş şəxs vurmuşdur və ola bilsin ki, həmin xəsarətləri qardaşı Babaşirinin vurması nəticəsində almışdır. Şahid2 raportundan heç bir xəbəri olmamışdır. Lakin hadisə yuxarıda qeyd etdiyi şəraitdə baş vermiş və o, Zərərçəkmiş şəxs vurmamışdır. O, izahat verən zaman həyəcanlı olmuş, ola bilsin fikirlərini düzgün izah etməmişdir. Lakin hal-hazırda ifadə verərkən o, hadisəni fikirində dəqiqləşdirmiş və bir daha qeyd edir ki, Zərərçəkmiş şəxs o, vurmamış, Elçin əlində avtomaşının texniki pasportunu göstərən zaman onun qardaşı Babaşirin Elçinin əlindən almaq istəmişdir. Lakin Elçin texniki pasportu verməyəndə Babaşirin Elçinin sinəsindən itələmiş, Elçin oturacaqdan yerə yıxılmış və həmin zaman Elçinin başı oturacağa dəymişdir. Eyni zamanda qardaşı Babaşirin ayağa qalxaraq Elçinin bədənin müxtəlif nahiyyələrindən təpiklə vurmuşdur. O, və Şahid2 tez ayağa duraraq Elçinlə Babaşirinə yaxınlaşmış və o, Şahid2lə birlikdə Babaşirini Elçini vurmasının qarşısını alaraq kənara çəkmişdirlər. O, Zərərçəkmiş şəxs vurmamış, onu vuran qardaşı Babaşirini təhqiqatçı Şahid2lə birlikdə kənara çəkmərək aralamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, 2004-cü ildən DİO-da , 2020-ci ildən isə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı vəzifəsində xidmət edir. 18.05.2021-ci il tarixdə icratına Şahid1 şikayət ərizəsi əsında toplanmış material daxil olmuşdur. Şahid1 ərizəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq sahəsi almaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs 23600 manat pul verməsini, lakin həmin pulunu ala bilmədiyini bildirmişdir. Araşdırma məqsədi ilə Zərərçəkmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmiş və Zərərçəkmiş şəxs 31.05.2021-ci il tarixdə təxminən saat 12 radələrində PB-nin inzibati binasına gəlmişdir. O, Elçini Pb-nin inzibati binasında xidməti otağında qəbul etmiş və Zərərçəkmiş şəxs izahat verən zaman bildirmişdir ki, “Şahid1la qardaşı Təqsirləndirilən şəxs ona 12500 manat pul borcları vardır”. Buna görə də Elçini şərləyərək bu barədə ərizə ilə müraciət etmişdir. O, toplanmış materialın araşdırılması ilə əlaqədar Şahid1 PB-nə dəvət etmişdir. Şahid1 və qardaşı Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə təxminən saat 13 radələrində polis bölməsinin inzibati binasına gəlmişlər və onun xidməti otağına daxil olmuşlar. Otaqda Zərərçəkmiş şəxs onun əyləşdiyi stolun sol tərəfində, Şahid1 Ellçinlə üz-üzə stolun sağ tərəfində, Təqsirləndirilən şəxs isə stolun qarşısında onunla üz-üzə əyləşmişlər. Onlar material üzrə yaranmış ziddiyyəti müzakirə edən zaman Zərərçəkmiş şəxs əl çantasından 1 ədəd avtomaşın texniki pasportunu çıxardaraq Babaşirinə göstərmiş və bildirmişdir ki, “mənə satdığın, lakin qaytardığım avtomaşının texniki pasportudur, siz mənim pulumu qaytarmadığınıza görə özümdə saxlamışam”. Bu zaman Babaşirin əyləşdiyi stuldan qalxaraq Zərərçəkmiş şəxs əlində olan texniki pasportu onun qolundan tutub dartaraq əlindən almaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs texniki pasportu vermədiyindən Babaşirin ilə Elçin arasında mübahisə yaranmışdır. O, Şahid1 sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxaraq bədənin müxtəlif nahiyyələrinə zərbələr endirdiyini görmüş və Babaşirini kənara itələyərək xidməti otağından çölə çıxartmışdır. O, Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərmiş və onu MTE-na göndərmişdir. Bundan sonra o, Şahid1 və Təqsirləndirilən şəxs sərxoşluq müayinəsinə göndərərək baş vermiş hadisə ilə əlaqədar raportla bölmənin rəhbərliyinə müraciət etmişdir. Həmin zaman polis bölməsinin normal iş fəaliyyəti 1-2 dəqiqə müddətində pozulmuşdur.Onlar birlikdə toplanmış materialın müzakirəsini edən zaman Zərərçəkmiş şəxs əl çantasından avtomaşının texniki pasportunu çıxardaraq bildirmişdir ki, Babaşirinin Elçinə satdığı avtomaşının texniki pasportudur. Bu zaman Babaşirin Elçinin əlindən pasportu almaq istəmiş və Elçinin sinəsindən itələmişdir. Elçin oturacaqdan yerə yıxılmış və başı oturacağa dəymişdir. Babaşirin ayağa duraraq Elçini yerdə təpiklə bədəninin müxtəlif nahiyyələrindən vuran zaman o, və Alim yerlərindən qalxaraq Babaşirinlə Elçinə tərəf gedəndə Alim onun qarşısına keçmiş və qardaşı Babaşirini sakitləşdirmişdir. Həmin hadisə ani baş verdiyindən o, raportla rəhbərliyə müraciət edəndə elə bilmişdir ki, Şahid1 da Zərərçəkmiş şəxs vurmuşdur. Sonradan hadisənin necə baş verdiyini aydınlaşdıran zaman Elçini Alim deyil Babaşirin vurduğunu yadına salmışdır. Buna görə də bildirmişdir ki, Zərərçəkmiş şəxs Şahid1 deyil, Təqsirləndirilən şəxs vuraraq müxtəlif badən xəsarətləri yetirmişdir. Bu hadisə onun xidməti otağında 31.05.2021-ci il tarixdə təxminən saat 13:30 radələrində baş vermişdir və hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. O, həmin hadisə zamanı heç bir xəsarət almamışdır. Həmçinin bildirir ki, əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stulla vurduğunu hesab etmişdir. Lakin sonradan dəqiqləşdirmişdir ki, Babaşirin Elçini stulla vurmamışdır. Babaşirin Elçini əli ilə itələdiyindən Elçin stulla birlikdə yerə yıxılmış və stul Elçinin baş nahiyyəsinə dəydiyindən Elçin qaş nahiyyəsindən xəsarət almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/7152 nömrəli, 31 may 2021-ci il tarixli tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixində baş hadisə zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (i.v. 15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X4 317 saylı, 31 may 2021-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ bazunun, sol kürək və sol topuq nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir neçə saat əvvəl törənmişlər və dərəcələrinə görə sağ qaş nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 19-20) Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında 11 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 63) Cinayət işi materiallarının tövsif edilməsi haqqında 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 88) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 90-91) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən təqdim olunmuş vəsatət rədd edilmiş və iş üzrə Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunmuş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i.v. 108-109) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 iyul 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 120) sübutların qiymətləndirilməsi haqqında 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində 12.06.2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin 03.06.2021-ci il tarixli 317 saylı ekspertiza rəyi cinayət işi üzrə digər sübutlarla uzlaşdığından sübut növü kimi qiymətləndirilmiş və cinayət işi materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Şahid1 barəsində 12.06.2021-ci il tarixdə Qaradağ rayon prokurorunun qəbul etdiyi qərar nəzərə alınmış, Şahid1 16.05.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə etdiyi müraciətlə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tösviyyə edilmişdir. (i.v. 121-129) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş 14 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən maddi ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai qaydan kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, cavanlığını, (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətə gəlir. Məhkəmənin belə mövqeyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin olunmalı, onun 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək 01 (bir) gün tutma altında saxlanıldığı müddət nəzərə alınmaqla qəti cəza təyin edilməli (CM-69.4), təyin ediləcək cərimə hökmün qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli (CİM maddə 23.1), təyin ediləcək cərimə cəzasının icrası onun yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilməli (CİM-25), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 66 (altmış altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə baxışı zamanı 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 66 (altmış altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 396 (üç yüz doxsan altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M ET D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdən 12 iyun 2021-ci il tarixədək tutma altında saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq, təyin edilmiş cəza yüngülləşdirilsin və cərimə cəzası 1800 (min səkkiz yüz) manat miqdarında müəyyən edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 66 (altmış altı) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 396 (üç yüz doxsan altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar