Məhkəmə qərarları › İş №1(002)-316/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-316/2021

26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-316/2021 26.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşıdır, evlidir, məhkumluğu ödənilməmişdir, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ”həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə, günorta saatlarında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,347 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini Bakı şəhəri, Nəsimi rayonu ərazisində istintaqla müəyyən edilməmiş mənbədən əldə edib əynində olan qara rəngli idman şalvarının qabaq sağ cibində saxlamaqla daşımış, həmin gün saat 16:50 radələrində Qaradağ RPİ-nin 38-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 15/2 nömrəli TTYS-dan 150 metr aralı məsafədə, Korgöz-Puta yolundakı avtobus dayanacağında saxlanılaraq polis bölməsinə aparılmış, orada saat 18:30-da video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ qabaq cibindən həmin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,347 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi iş yeri olmadığı üçün daş karxanalarında günə muzd fəhlə işləməklə ailəsinin maddi təlabatlarnı təmin edir. Özü narkotik aludəçisi olmaqla, 3 ilə yaxın müddətdir ki, narkotik vasitə olan heroini siqaret falqasmda çəkməklə qəbul edir. 2018-ci ildə narkotik vasitənin istifadəsində təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və narkotik vasitəni qəbul etdiyi gündən etibarən Nəsimi rayonu ərazisində «Papanin» adlanan yerdə tanımadığı ayrı-ayrı narkotik aludəçilərindən alıb qəbul etmişdir. Onun narkotik vasitəyə qarşı asılılığı yarandığı üçün bədənində ağrıları olduqda narkotik vasitə tapıb qəbul edib ağrılarını azaltmışdır. Sonuncu dəfə isə 10 iyun 2021-ci il tarixdə bədənində ağrılar başladığı üçün günorta saatlarında «Papanin» adlanan ərazidə gəzərkən görünüşündən narkotik aludəçisi olan bir nəfər şəxslə təsadüfən tanış olub bir qədər söhbət etmişdir. Söhbət zamanı həmin şəxsin həqiqətən də narkotik aludəçisi olması ona məlum olmuşdur. Bu səbəbdən də həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə təşkil edib-edə bilməməsi barədə xəbər almışdır. Həmin şəxsdə üzərində narkotik vasitə olduğunu deyib pul müqabilində ona sata biləcəyini demişdir. Bundan sonra həmin şəxsə 10 manat pul verib müqabilində 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində narkotik vasitə olan heroin almışdır. Qeyd edilən bükümü əynində olan qara rəngli idman şalvarının sağ qabaq cibinə qoyub həmin şəxslə sağollaşıb oradan uzaqlaşmış və marşurutla Korgöz qəsəbəsinə gəlmişdir. Məqsədi həmin narkotik vasitəni gizlincə istifadə etməkdən ibarət olmuşdur. Korgöz qəsəbəsində yerləşən TTYSdan bir qədər kənardakı dayanacaqda avtobusdan düşmüş və evə getmək istəyərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özülərini 38-ci polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər və ondan anket məlumatlarını soruşmuşlar. O, da polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 38-ci Polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə həmin bölmənin inzibati binasına gəlmişdir. Polis bölməsində təqdim edilmiş müdafiəçinin iştirakı ilə polis əməkdaşı tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin olub-olmaması barədə sual verilərkən, o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli idman şalvarının qabaq sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan maddəni çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı həmin bükümü açmış və içərisindən qəhvəyi rəngli, toz şəkilində, iysiz maddə aşkar edilmişdir. Sorğu-sual zaman həmin maddənin narkotik vasitə heroin olduğunu, 10 iyun 2021-ci il tarixdə günorta saatlarında «Papanin» adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra aşkar olunmuş maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmişdir. Həmin protokol onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalanaraq təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. İşlədiyi bölməyə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün 38-ci PB-nin rəisi Natiq Camalovun əməliyyat qrupunun yaradılması barədə 10 iyun 2021-ci il tarixli qərarına əsasən bölmənin baş əməliyyat müvəkkili Şahid2la birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Keçinilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə, saat 16:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən 15/2 nömrəli TTYS-dan 150 metrliyində Korgöz-Puta yolundakı avtobus dayanacağında müəyyən edib Şahid2la birlikdə ona yaxınlaşmışlar və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs özünü onlara təqdim etdikdən sonra həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından tərəflərindən 38- ci polis bölməsinə dəvət edilmişdir. Daha sonra polis bölməsində bölmənin təhqiqatçısı Əli Məmmədov tərəfindən onların və dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olubolmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ qabaq cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümün içərisində heroin narkotik vasitəsi olduğunu demişdir. Bundan sonra həmin büküm açılmış, içərisində qəhvəyi rəngli, toz şəkilində narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə oxşar maddəni 10.06.2021-ci il tarixdə, günorta saatlarında Nəsimi rayonu ərazisində “Papanin” adlanan yerdə tanımadığı bir nəfər şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və üzəri möhürlənmişdir. Onunla yanaşı bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 məhkəmə iclasında dindirilmiş digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 10 iyun 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 12, 23) Şəxsi axtarış və götürmə aparılması haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Rəşad Balakişiyevə könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki qara rəngli idman şalvarının qabaq sağ cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı hər hansı qanun ilə qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü 10.06.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Papanin adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmiş, Səfərovun təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmişdir. (i.v. 32-33) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2021-ci il tarixli, 6/2362 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı götürülmüş... “ ... yazısı olan zərfdəki 1 bükümdə təmiz çəkisi 0.347 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,347 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,297 qram. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. (i.v. 40-43) Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0.347 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0.297 qram narkotik vasitə heroin yekun qərar qəbul edilənədək saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. (i.v. 81-82) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli, 4(002)-110/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 89-90) Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30 yanvar 2011-ci il təvəllüdlü Ataş, 16 may 2012-ci il təvəllüdlü Xatun adlı iki azyaşlı övladı vardır. (i.v. 92) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 5(002)-191/2021 nömrəli qərarından görünür ki, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 10 iyun 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 94-95) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26.06.2021-ci il tarixli cavabından və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-191/2018 saylı 16 may 2018-ci il tarixli Hökmündən görünür ki, Səfərov X2 Rayon Məhkəməsinin Məhkəməsinin 16 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Səfərov X2 Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 100, 102-106) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 25 iyun 2021-ci il tarixli, 2076 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 107-108) Sübutların qiymətləndirilməsi barədə 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən bu halın onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,347 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,297 qram narkotik vasitəheroin 12 iyun 2021-ci il tarixdə maddi spbut kimi tanınmış və yekun qərar qəbul edilənədək saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verildiyi nəzərə alınmış, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən materiallar ayrılmış və ayrılmış materiallar əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci polis bölməsinə göndərilmiş, iş üzrə 10.06.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “şəxsi axtarış və götürmə”ni özündə əks etdirən 01 ədəd elektron daşıyıcı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, şahidin dindirilməsi protokolları, məhkəmə-kimyəvi ekspertizasının 11.06.2021-ci il tarixli, 6/2362 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 25.06.2021ci il tarixli, 2076 nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır.(i.v. 109-116) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) və himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli, 1(002)-191/2018 nömrəli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən Qaradağ rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 21 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmin müddətdən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, onun 10 iyun 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 iyun 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 53 (əlli üç) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 58 (əlli üç) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 318 (üç yüz on səkkiz) manat məbləğində, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,297 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 58 (əlli üç) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 318 (üç yüz on səkkiz) manat məbləğində pul, məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar