Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-316/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında müvəqqəti yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin sıra 7A, 2-ci korpus, 13 nömrəli mağazasına daxil olub mağazada müştəri qismində olan Zərərçəkmiş şəxs uşaq arabasının arxa cibinə qoyduğu içərisində 5000 manat pul, hər birinin dəyəri 10 manat olmaqla 04 ədəd "xxxx" ASC-yə aid, 10 manat dəyərində 01 ədəd "xxxx" ASC-yə aid, hər birinin dəyəri 10 manat olmaqla 02 ədəd "xxxx" ASC-yə aid plastik kartlar və 01 ədəd Monika mağazasına aid endirim kartı, şəxsiyyət vəsiqəsi və xidməti polis vəsiqəsi olan 8 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5078 manat dəyərində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2022ci il tarixdə səhər tezdən azyaşlı qızı Gözəl ilə birlikdə Binə ticarət mərkəzinə dilənçilik etməyə getmişdir. Həmin gün təxminən saat 12:00 radələrində o, ticarət mərkəzinin sıralarında qohumu Xalidə ilə rastlaşmışdır. Xalidənin bacısı Turanə, azyaşlı övladı Aynur, həmçinin Turanənin qızı Nuranə də orada olmuşlar. Xalidə və Turanə uşaqları üçün paltar almaq istəyirmişlər. Beləliklə Xalidə və Turanə birlikdə sıraları gəzib mağazalara baxırmışlar, o isə onlarla birlikdə eyni sırada gəzib dilənçilik edirmiş. Xalidə və Turanə 7a-ci sıranın, 2-ci korpusunda yerləşən uşaq geyimləri satılan 13 nömrəli mağazaya daxil olduqda o, da azyaşlı övladı ilə birlikdə həmin mağazaya daxil olmuşdur. Həmin mağazanın giriş hissəsində olan uşaq arabasının cibində pul kisəsini gördükdə maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə ani olaraq pul kisəsini oğurlamaq qərarına gəlmiş və həmin pul kisəsini uşaq arabasının cibindən oğurlayıb üzərində gizlətmiş, Xalidəyə yaxınlaşaraq mağazadan çıxmalarını təklif etmişdir. Xalidə mağazadan çıxmağın səbəbini ondan soruşduqda getmək istəməsinin həqiqi səbəbini mağazadan çıxdıqdan sonra ona izah edəcəyini bildirmişdir. O, mağazadan çıxdıqdan sonra Xalidə və Turanə də mağazadan çölə çıxmış onunla bərabər ticarət mərkəzinin çıxışına tərəf getmişlər. Xalidə ondan təkrar mağazadan çıxmaq istəməsinin səbəbini soruşduqda ona evə çatdıqda məsələ barədə məlumat verəcəyini demişdir. Turanə onların evə getmək barədə fikirləri ilə razılaşmayaraq, alış-veriş etməsi üçün hələ bir qədər də azyaşlı övladı ilə birlikdə ticarət mərkəzində gəzəcəyini bildirmiş, işləri bitdikdə isə yaşadığı Gəncə şəhərinə geri dönəcəyini demişdir. O, Xalidə ilə birlikdə Binə ticarət mərkəzinin qarşısından keçən avtomobil yoluna çıxmış, həmin ərazidən keçən taksiyə əyləşib 20 Yanvar metro stansiyasının qarşısına, oradan da, kirayədə yaşadıqları evə getmişdir. Yaşadıqları evdə olarkən o, mağazada olan uşaq arabasından pul kisəsi oğurlamasını Xalidəyə demişdir. Xalidə onun bu hərəkətindən narazı qalaraq, eyni zamanda pul kisəsində olan şəxsiyyət və xidməti vəsiqələri gördükdə ona iradını bildirmiş, polisə məxsus pul kisəsini oğurlaması barədə xəbərdar etmişdir. Həmin gün təxminən saat 19:00 radələrində Xalidəyə pul kissəsini sənədlərlə birlikdə Binə ticarət mərkəzinin qarşısına atacağını demiş, daha sonra azyaşlı qızı ilə birlikdə evdən çıxaraq ticarət mərkəzinin önünə gedərək pul kisəsini sənədlərlə birlikdə oraya atmışdır. Lakin pul kisəsində olan 5000 manat məbləğində pulu özündə saxlamışdır. Əlavə olaraq, məhkəmə iclasında bildirmişdir ki, hazırki cinayət əməlinin icraçısı odur, törətdiyi cinayət əməli ilə bağlı ona heç kim köməklik etməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həmçinin onlardan yalnız biri barəsində şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsinə baxmayaraq, iki azyaşlı övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə cinayət işi üzrə zərərçəkmiş şəxsdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir, ona vurulmuş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncu ilə barışmışdır və ona cəza verilməməsini, həmçinin növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində azyaşlı qızı Aynurla birlikdə övladlarına geyim əşyaları almaq məqsədilə Binə ticarət mərkəzinə gəlmişlər. Həmin gün təxminən saat 12:00 radələrində təsadüfən ticarət mərkəzinin 5-ci sırasında bacısı Turanə ilə rastlaşmışlar. Bacısı Turanə isə azyaşlı qızı Nurənə ilə birlikdə olmuşdur. Turanənin də özü üçün geyim əşyaları almağa gəlməsini öyrəndikdə onunla bərabər mağazaları gəzmək barədə qərara gəlmişlər. Turanə və azyaşlı övladları ilə gəzərkən ticarət mərkəzində Məleykənin də azyaşlı qızı ilə bərabər gəzdiyini görmüşlər. Məleykənin ticarət mərkəzinə gəlməsinin səbəbi dilənçilik etməsi ilə bağlı olduğunu öyrənmişlər. O, bacısı Turanə ilə birlikdə mağazalarda geyim əşyalarına baxmağa davam etmiş, Məleykə isə onlarla eyni mağazaları gəzsə də dilənçilik etmişdir. Azyaşlı övladlarına geyim əşyası almaq üçün Binə ticarət mərkəzinin 7a-ci sırasının 2-ci korpusunda yerləşən uşaq geyimləri satılan 13 nömrəli mağazaya bacısı Turanə ilə bərabər daxil olmuşlar. Məleykə də onların arxasınca azyaşlı övladı ilə həmin mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan təxminən 1-2 dəqiqə sonra Məleykə ona mağazadan çıxmağı təklif etdikdə o, səbəbini Məleykədən soruşmuş, Məleykə isə cavabında bu barədə çölə çıxdıqdan sonra məlumat verəcəyini ona demişdir. Məleykə mağazadan çıxdıqdan sonra o, da bacısı Turanə ilə bərabər mağazadan çıxmışlar. Məleykənin hansı səbəbdən mağazadan çıxmaq isməməsi barədə qabaqcadan məlumatı olmamışdır. Turanə, onların evə getmək barədə fikirləri ilə razılaşmayaraq, alış-veriş etməsi üçün hələ bir qədər də azyaşlı övladı ilə birlikdə ticarət mərkəzində gəzəcəyini bildirmiş, işləri bitdikdə isə yaşadığı Gəncə şəhərinə geri dönəcəyini demişdir. O, Məleykə ilə birlikdə Binə ticarət mərkəzinin çıxışına tərəf gedərək həmin ərazidən keçən taksiyə əyləşib 20 Yanvar metro stansiyasının qarşısına, oradan da, kirayədə yaşadıqları evə getmişdir. Onlar yalnız yaşadıqları evdə olarkən Məleykə ona mağazada olan uşaq arabasından pul kisəsi oğurlamasını demişdir. Məleykənin bu hərəkətindən narazı qalaraq, eyni zamanda pul kisəsində olan şəxsiyyət və xidməti vəsiqələri gördükdə ona iradını bildirmiş, polisə məxsus pul kisəsini oğurlaması barədə xəbərdar etmişdir. Həmin gün təxminən saat 19:00 radələrində Məleykə pul kisəsini sənədlərlə birlikdə Binə ticarət mərkəzinin qarşısına atacağını deyərək azyaşlı qızı ilə birlikdə evdən çıxmışdır. Səhəri gün pul kisəsini sənədlərlə birlikdə ticarət mərkəzinin önünə atdığını, pul kisəsində olan 5000 manat məbləğində pulu isə şəxsi ehtiyacları üçün xərclədiyini demişdir. Şahid2 ona verilən əlavə sualları cavablandıraraq bildirmişdir ki, onun Turanə Abdullayeva və Təqsirləndirilən şəxs ilə hər hansı bir oğurluq hadisəsi törətməsi barədə qabaqcadan hər hansı bir razılaşması olmamışdır. Təqsirləndirilən şəxs həbs olunacağından narahatlıq keçirdiyindən, onun həbs olunmasını istəmədiyi üçün onun oğurluq cinayəti törətməsi barədə polis orqanına məlumat verməmişdir. Ticarət mərkəzində olarkən Təqsirləndirilən şəxs oğurluq etməsi barədə nə o özü, nə də bacısı Turanə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:30 radələrində azyaşlı qızı Nuranə Salahova ilə birlikdə 8 aylıq qızına və özünə geyim əşyası almaq üçün Binə ticarət mərkəzinə gəlmişlər. Həmin gün təxminən saat 12:00 radələrində o, təsadüfən həmin ticarət mərkəzinin 5-ci sırasında bacısı Xalidə və onun azyaşlı qızı Aynurla rastlaşmışdır. Bacısı Xalidəyə övladına və özünə geyim əşyası almaq üçün ticarət mərkəzinə gəldiyini bildirdikdə onun da övladına geyim əşyaları almağa gəldiyini öyrənmişdir. Bu səbəbdən Xalidə ilə bərabər geyim mağazalarını gəzmək qərarına gəlmişlər. Mağazaları gəzərkən oraya dilənçilik etmək üçün gəlmiş Məleykənin də orada qızı ilə bərabər gəzdiyini görmüşlər. Onlar, bacısı Xalidə ilə birlikdə mağazaları gəzməyə davam etmiş, Məleykə isə onlarla eyni sıranı gəzərək dilənçilik etmişdir. Binə ticarət mərkəzinin 7a-ci sırasının 2-ci korpusunda yerləşən uşaq geyimləri satılan 13 nömrəli mağazanın qarşısından keçərkən azyaşlı övladlarına geyim əşyası almaq üçün Xalidə ilə onun həmin mağazaya daxil olduğunu görən Məleykə də azyaşlı övladı ilə həmin mağazaya gəlmişdir. Lakin təxminən 1-2 dəqiqə sonra ilk öncə Məleykənin, daha sonra isə Xalidənin həmin mağazadan çölə çıxdıqlarını görmüşdür. Onların ticarət mərkəzinin çıxışına tərəf getdiklərini görüb nə baş verdiyini soruşmaq məqsədilə onların arxasınca getmişdir. Onların evə getdiklərini öyrəndikdə, ticarət mərkəzində qalaraq özünə və övladına paltar aldıqdan sonra Gəncə şəhərinə gedəcəyini onlara bildirmişdir. Onlardan ayrılıb ticarət mərkəzinə qayıtmış, alış-veriş edib sonra isə Gəncə şəhərinə yola düşmüşdür. 2022-ci ilin avqust ayında isə Xalidə və Məleykənin oğurluqla bağlı həbs olunmaları barədə məlumat almışdır. Turanə Abdullayeva ona verilən əlavə sualları cavablandıraraq bildirmişdir ki, onun Şahid2 və Təqsirləndirilən şəxs ilə hər hansı bir oğurluq hadisəsi törətməsi barədə qabaqcaqdan hər hansı bir razılaşması olmamışdır. Ümumiyyətlə oğurluq hadisəsi barədə Məleykə və Xalidə həbs olunduqdan sonra məlumat almışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir, növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə verdiyi ifadəsini elan etmişdir. Belə ki, onun ifadəsindən görünür ki, ailəsi üçün geyim əşyaları almaq məqsədi ilə o, həyat yoldaşı Zərərçəkmiş şəxs və iki azyaşlı övladları ilə birlikdə xx.xx.2022-ci il tarixdə Tərtər rayonundan Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən Binə ticarət mərkəzinə yola düşmüşlər, təxminən saat 12:00 radələrində ticarət mərkəzinə çatmışlar. Bir qədər alış-veriş etdikdən sonra onlar Binə ticarət mərkəzinin 7A-ci sırasının 2-ci korpusunda yerləşən 13 nömrəli mağazaya daxil olmuşlar. Həyat yoldaşı Zərərçəkmiş şəxs içərisində 5000 manat pul, 04 ədəd "xxxx" ASC-yə aid, 01 ədəd "xxxx" ASC-yə aid, 02 ədəd "xxxx" ASC-yə aid plastik kartlar, 01 ədəd Monika geyim mağazasına aid endirim kartı, şəxsiyyət vəsiqəsi və xidməti polis vəsiqəsi olan qırmızı rəngli pul kisəsini övladının uşaq arabasının arxa cibinə qoymuşdur. Onların həmin mağazada olan uşaq geyimlərindən bir neçəsini seçməsi prosesi təxminən 15 dəqiqə davam etmişdir. Onlar mağazada olarkən mağazaya bir neçə qadın və uşaqlar da daxil olmuşlar. Mağazadan almaq istədikləri geyim əşyalarının ödənişini həyata keçirtmək məqsədilə kassaya yaxınlaşdıqda, Zərərçəkmiş şəxs uşaq arabasının yaxınlığına gedərək həmin arabanın arxa cibinə yerləşdirdiyi pul kisəsisini götürmək istəyərkən pul kisəsinin orada olmadığını görmüşdür. Hadisədən dərhal sonra, təxminən saat 12:30 radələrində mağazada olan videogörüntüyə baxarkən mağazaya 3 qadın və 3 azyaşlı uşaqların daxil olduqlarını, onlardan bir nəfərin uşaq arabasının yanına yaxınlaşdığını və dərhal mağazadan çıxaraq uzaqlaşdığını görmüşdür. Videogörüntülərdən həmin qadının Zərərçəkmiş şəxs məxsus pul kisəsini oğurladığını başa düşmüşdür. Bundan sonra onlar, “102” xidməti zəng mərkəzinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişlər. Oğurluq hadisəsinin axşamı Qaradağ RPİ-nin 10-cu PB-dən onlarla telefon əlaqəsi saxlanılaraq Zərərçəkmiş şəxs məxsus pul kisəsinin Binə ticarət mərkəzinin giriş hissəsində yerdən tapılması barədə məlumat verilmişdir. Növbəti gün Zərərçəkmiş şəxs 10-cu PB-yə gedərək pul kisəsini təhvil almışdır. Pul kisəsində 04 ədəd "xxxx" ASC-yə aid, 01 ədəd "xxxx" ASC-yə aid, 02 ədəd "xxxx" ASC-yə aid plastik kartlar, 01 ədəd Monika geyim mağazasına aid endirim kartı, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və xidməti polis vəsiqəsi olmuşdur. Lakin Tərtər rayonundan gələrkən özləri ilə gətirdikləri 5000 manat pul həmin pul kisəsində olmamışdır. Cinayət işinin 48-ci vərəqəsində olan 06 avqust 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 121-125-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 4(002)-140/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 139-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 161-ci vərəqəsində olan 10 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş 5000 manat ziyan tam ödənilmişdir, onun Şahid2, Təqsirləndirilən şəxs və Turanə Abdulayevadan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 198-203-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 4(002)-178/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Cinayət işinin 172-180-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 243-244-cü vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qız övladı dünyaya gəlmişdir. Cinayət işinin 222-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 2-ci qovluqda olan, 16 saniyə davam edən videogörüntüdə üç nəfər qadının azyaşlı uşaqlarla birlikdə mağazaya daxil olmaları, mağazaya sonuncu daxil olan arıq bədən quruluşlu qadının mağazanın giriş hissəsində olan uşaq arabasından pul kisəsini götürərək mağazadan çıxması qeydə alınmışdır. Təqsirləndirilən şəxs ona ünvanlanan suala cavab olaraq bildirmişdir ki, mağazaya sonuncu daxil olan şəxs o, özüdür, pul kisəsini götürərək mağazadan çıxmışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsin ərizəsindən və ifadəsindən görünür ki, dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaqla oğurluq etmə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olma və 06 oktyabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olma müddətləri yəni 04 (dörd) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Yevlax şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə 51 (əlli bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 306 (üç yüz altı) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdən 06 oktyabr 2022-ci il tarixədək həbsdə olma və 06 oktyabr 2022-ci il tarixdən 19 dekabr 2022-ci ilədək ev dustaqlığında olma müddətləri 4 ay 13 gün olmaqla həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yevlax şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Yevlax şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 306 (üç yüz altı) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 150 (yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-316/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-316/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver