Məhkəmə qərarları › İş №1(002)-318/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-318/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-318/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 10:30-da X26 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçil Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4, mənzil 12-də qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə istehsal olunmuş, 9X18 mm kalibrli olmaqla Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahdan atəş aşmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş üçün yararlı döyüş sursatı olan 4 ədəd patronları əldə edib yaşadığı ünvan 2 ünvanın həyətyanı sahəsində gizlədərək saxlamış, 21 iyul 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci PBnin əmkdaşları tərəfindən həmin ünvana baxış keçirilərkən istifadəyə yararlı döyüş sursatı gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2008-ci il tarixdə o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində məişət tullantıları yığılmış yerdə traktorla qazıntı işləri apararkən sellofan torbaya bükülmüş bükülü diqqətni çəkmişdir. O, aşağı düşərək həmin bükülüyə baxdıqda orada 1 ədəd gümüşü rəngli, dəstəyinin üzərində paxlava formalı taxta materialından olan tapança və 4 ədəd patron olduğunu aşkar etmişdir. O, həmin tapançanı və patronları götürərək evə aparıb həyətdə gizlətmiş və heç kimə bu barədə məlumat verməmişdir. 2013-cü il tarixdə o, X5 ilə rəsmi olaraq ailə həyatı qurmuş və həmin nigahdan 4 övladları dünyaya gəlmişdir. O, 2018-ci il tarixdə rəsmi olaraq Mətanət Şükürova ilə boşanmış və boşandıqdan sonra övladlarından 2014-cü il təvəllüdlü Humay, 2017-ci il təvəllüdlü əkizlər Nurlan və Nuray Mətanətlə, 2013-cü il təvəllüdlü Səid isə onunla qalmışdır. xx.xx.2023-cü il tarixdə Səid Ələt qəsəbəsində dənizdə əmisi oğlanları ilə çimərkən boğulmuş və Səidi xx.xx.2023-cü il tarixdə saat 10 radələrində dəfn etmişlər. O, həmin gün oğlunun yas mərasimində dayana bilməyərək 10 litrlik su qabına su doldurub sinif yoldaşı qəsəbədə Nuruş kimi tanınan X9 ilə qəbirstanlığa getmişdir. O, Səidin qəbrinin üzərinə çatdıqda orada Mətanətin qəbrin baş tərəfindən oturaraq ağladığını, qardaşı Süliddinin, bibisi X10, digər bibisi Nənəş Qulu qızının, qardaşı Süliddinin arvadı X3 və bacısı X4 orada olduğunu görmüşdür. O, Rəşidin avtomaşınından su qabını götürərək qəbirin üzərinə su səpən zaman Süliddin ona irad tutaraq suyu yavaş yavaş tökməyi bildirmişdir. Bundan sonra o, Süliddinlə mübahisə edən zaman bildirmişdir ki, “sizin hamınızı qıracam”. Onun bu sözündən sonra Süliddin yerdən əlinə daş götürərək onun üzərinə gələn zaman qadınlar qəbirin üzərindən duraraq avtomaşına tərəf getmişlər. Rəşid Süliddinlə onun arasına girərək onları sakitləşdirmiş və onlar avtomaşına əyləşərək yas yerinə gəlmişlər. Orada olan zaman onu polis bölməsinə dəvət etmişlər. Orada barəsində şikayət olduğu bildirilmiş və o, könüllü olaraq təhqiqatçı Şahidlə birgə silahı gizlətdiyi yerə getmiş və polisin iştirakı ilə silahı və patronları basdırdığı yerdən qazaraq çıxarıb təhvil vermişdir. O, həmin silahdan istifadə etməmiş və silah üzərində konstruksiya dəyişikliyi etməmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməsi barədə məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə də tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı vəzifəsində işləyən Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman icraatına X6 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə verdiyi məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, X1 və X2 izahatını aldıqda izahatlarında bildirmişlər ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində onlar qəbiristanlıqda olduqları zaman Mətanətin keçmiş əri Təqsirləndirilən şəxs Nuruş adlı şəxslə birlikdə oraya gəlmiş, Tehran avtomaşından qabda su çıxardaraq qəbirin üzərinə səpməyə başlamışdır. Həmin zaman qəbirin baş tərəfində oturub ağlayan Mətanətin üzəri palçıqlı su olmuş, Süliddin Tehranın üzərinə gedərək suyu aşağıdan tökməsini demiş, lakin Tehran suyu səpib bitirdikdən sonra su qabını kənara ataraq şalvarının bel hissəsinə bərkitdiyi gümüşü rəngli tapançanı çıxardıb üzərlərinə tərəf tutmuşdur. Tehran əlində silah bildirmişdir ki, onların hamısını qıracaqdır. Bundan sonra o, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmiş və Tehran izahatında bildirmişdir ki, 2008-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində traktorla zibil yeri qazan zaman yerdən sellofan torbada 01 ədəd tapança, bir ədəd sandıqça və 4 ədəd patron tapmış, həmin silahı və patronları evdə həyətində gizlətmiş və həmin silahları təqdim edə bilər. Bundan sonra o, Təqsirləndirilən şəxsla birgə sonuncunun yaşadığı ünvan 4 ünvanına getmişlər və Təqsirləndirilən şəxs onun iştirakı ilə basdırdığı yerdən sellofan torbada olan 01 ədəd tapança, bir ədəd sandıqça və 4 ədəd patronu qazıb çıxarmışdır. Həmin yer köhnə yer olmuş və əvvəl oradan nə isə qazılıb götürülən yerə oxşamamışdır. O, Tehranın Şükürovun təqdim etdiyi əşyaları götürərək zərfə qoyub möhürləmiş və həmin silahın, patronların yararlı olubolmamasını müəyyən etmək məqsədi ilə ekspertizaya göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-ballistik ekspertizasının 29 iyul 2023-cü il tarixli, 23/615 saylı rəyi ilə müəyyən edilmişdir ki,

1. Tədqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9mm kalibrli, Minta-37 modelli tapançadır, yivli odlu döyüş silahıdır. Həmin silah hal-hazırda texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş,9X18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9X18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd: Tədqiqata təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 02 ədəd eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında ” protokoldan görünür ki, həmin tarixdə saat 21:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında Qaradağ RPİ-nin təhqiqatçısı Şahid, hal şahidləri X7 və X8 iştirakları ilə Təqsirləndirilən şəxs yerdən şəffaf sellofanda basdırdığı 1 ədəd tapança, 1 ədəd sandıqça və 4 ədəd patronları çıxararaq təhqiqatçı Şahid təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərfindən imzalanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan( epikriz) görünür ki, Təqsirləndirilən şəxs onkoloji xəstəlikdən əziyyət çəkir (ıv mərhələ xərçəng). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, 3 azyaşlı uşağının olmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin qərarın 3-cü bəndinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Rerspublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müdətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdiriən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən azadlıqdan məhrum etmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qənaətinə gələrkən aşağıdakıları nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında olan nikah məhkəmə qaydasında pozulmuş, 07 dekabr 2014-cü il təvəllüdlü X13, 06 may 2017-ci il təvəllüdlü X14 və 06 may 2017-ci il təvəllüdlü X11 anaları X1 yanında saxlanılmış və Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun tərəfindən gələcəkdə alimentin ödənilməsində və üç azyaşlı uşağın maddi təminatında çətinliklər yarada bilər. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən onun ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, odlu silah saxladığını etiraf edib yerini göstərərək təhvil verdiyini, həmçinin özünün xərçəng xəstəliyindən əziyyət çəkdiyini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 avqust 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 9mm kalibrli hal-hazırda texniki cəhətdən nasaz və atəş üçün yararsız, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş, zavod üsulu ilə istehsal olunmuş yivli odlu döyüş silahı Minta-37 modelli tapança, 9X18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatı 02 ədəd patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların funksional əhəmiyyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9X18 mm kalibrli patronların saxlanmsı üçün nəzərdə tutulmuş daraq müsadirə edilməli və Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixədək, yəni 01 (bir) gün tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki ) il 11 ( on bir ) ay 28 (iyirmi gün ) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd N-si silinmiş silah zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9mm kalibrli, hal-hazırda texniki cəhətdən nasaz və atəş üçün yararsız, hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmiş, zavod üsulu ilə istehsal olunmuş yivli odlu döyüş silahı Minta-37 modelli tapança, 9X18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı döyüş sursatı 02 ədəd patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahların funksional əhəmiyyyət daşımayan komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9X18 mm kalibrli patronların saxlanmsı üçün nəzərdə tutulmuş daraq müsadirə edilsin və Azərbaycan Respublikası DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X28

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar