Məhkəmə qərarları › İş №1(002)-32/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-32/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-32/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 07:30-da ünvan 2 ünvanının qarşısında Qaradağ RPİ-nin 10-cu PB-nin və ÇPA 10-cu Patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 11:05-də videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qısa şortunun sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş, təmiz çəkisi 0,241 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, himayəsində 2 azyaşlı övladı vardır, təxminən 1 ilə yaxın olar ki, narkotik vasitələrdən istifadə etmişdir. Pərviz adlı Sumqayıt şəhər sakinini qardaşına görə tanımışdır. Pərvizi bir neçə dəfə idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə müxtəlif ünvanlara aparmışdır. Pərviz onun mobil telefonuna zəng vurmuş və onu Lökbatan qəsəbəsinə aparıb Sumqayıt şəhərinə qaytarmasını ondan xahiş etmişdir. Yol xərci olaraq Pərvizin ona narkotik vasitə olan heroini pay verəcəyi ilə bağlı razılamışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində onlar Sumqayıt şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə çatdıqda Pərviz avtomobili təqribən parkın yaxınlığında saxlatdırıb düşüb getmiş, o da avtomobildə yatmışdır. Təxminən bir neçə saatdan sonra Pərviz onu yuxudan oyatmış və sürməyini bildirmişdir. O, avtomobili hərəkətə gətirmiş, lakin avtomobili yolun əks istiqamətində sürmüşdür. Bu zaman PPX əməkdaşları onun arxasınca gəlmiş və avtomobili saxlamışlar. Daha sonra polis əməkdaşları onları Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. xx.xx.2022-ci il tarixdə 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində üzərinə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. O, əynində olan şortunun sağ yan cibindən kağız bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açılmış və içərisindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Onun üzərinə şəxsi axtarış keçirəndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, Pərviz ona Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirilməsi müqabilində narkotik vasitə verəcəyini demiş olsa da, onları polis əməkdaşları saxladığından həmin narkotik vasitəni verə bilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini isə o, adını bilmədiyi şəxsdən Sumqayıt şəhəri, 3-cü mkr. ərazisində 10 manat pulun müqabilində almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları tərəfindən tutulduğu vaxt narkotik vasitə olan heroin aşkar edilsə də əvvəllər çətənə də (marixuana) istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 07:00 radələrində Lökbatan qəsəbəsində tanışı Şahid3 avtomobilə qayıtdıqdan sonra narkotik vasitə götürməsi və həmin narkotik vasitəni hansı məqsədlə əldə etməsi barədə ona məlumat verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olmasını, yenidən analoji hərərkətlərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mahirdən onu Qaradağ rayonu, Lökbatan qəsəbəsinə aparmasını xahiş etmişdir. Getdikləri ünvana çatdıqda Mahirə avtomobili kənarda saxlamasını bildirmiş, özü isə maşından düşüb getmişdir. Təxminən 15 dəqiqədən sonra geri qayıtdıqda Mahirin avtomobildə yatdığını görmüş, onu yuxudan oyadaraq Sumqayıt şəhərinə yola düşmüşlər. Mahir avtomobili səhvən yolun əks istiqamətinə sürdüyü üçün polis əməkdaşları onları saxlamış və Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. xx.xx.2022-ci il tarixdə 10-cu PB-nin inzibati binasında müxtəlif xidməti otaqlarda onların üzərinə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitədən Mahirin məlumatı olmamışdır. Həmçinin onun da Mahirin narkotik vasitə istifadə etməsi və üzərində heroin olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanması zamanı orada olmamış, sadəcə videoçəkilişdə iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə vəkilinin, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və onun iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirildi. Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşyaların olduğu təqdirdə masanın üzərinə qoyması təklif edildi. Təqsirləndirilən şəxs əynində olan şortunun sağ yan cibindən kağıza bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoydu. Həmin büküm açıldı və içərisindən narkotik vasitə olan heroin aşkar edildi. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, xidməti ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisini gəzərkən Seymur Orucov küçəsində yolun kənarında, Heydər Əliyev adına parkın yaxınlığında qara rəngli VAZ 2107 markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, sürücünün isə avtomobilin içərisində yatdığını görmüş və bu hal onda şübhə yaratmışdır. Həmin gün təxminən saat 07:00 radələrində idarə etdiyi avtomobili ilə Seymur Orucov küçəsində hərəkətdə olarkən həmin VAZ 2107 markalı avtomobilin yolun əks istiqamətində, yəni qadağan olunmuş istiqamətdə hərəkət etdiyini görmüş və nəqliyyat vasitəsinə dayanma əmri vermişdir. Avtomobilin qabaq sağ tərəf oturacağında bir nəfər də sərnişin olduğunu görmüş və dərhal ərazidə xidmət aparan ÇPA-nın əməkdaşları ilə əlaqə saxlamış, onlara da məlumat vermişdir. Həmin avtomobilin sürücüsü nəqliyyat vasitəsini dayandırmaq əvəzinə sürəti artırmış, avtomobili bir qədər sürüb Lökbatan qəsəbəsi, Nizami küçəsi, 3-cü massivin ərazisində dar küçəyə istiqamətlənmiş, avtomobilin sol və sağ tərəf qabaq hissəsini dar küçədə dəmir boruya vurmuş, daha sonra yolun bitdiyini görüb avtomobili saxlamaq məcburiyyətində qalmışdır. Həmin iki nəfər şəxs avtomobildən aşağı düşmüşlər. O, ÇPA-nın polis nəfərləri Anar Hüseynov, Amil Qəribov və Səfərli Ağafəndi həmin şəxslərə yaxınlaşmışlar. Həmin şəxslərin narkotik sərxoş halında olmalarına şübhə yaranmışdır. Yolun əks istiqamətinə tərəf avtomobili sürmələri və polisdən qaçmaq səbəbi barədə verilmiş suallara cavab vermədiklərini müəyyən etdikdə onları VAZ 2107 markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-yə aparıb raportla həmin bölməyə təhvil vermişlər. Qaradağ RPİ-nin 10cu PB-də müəyyən olunmuşdur ki, VAZ 2107 markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs digər sərnişin isə Şahid3dur. xx.xx.2022-ci il tarixdə 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə vəkilinin, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 və onun iştirakı ilə videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəklişi Şahid2 telefon vasitəsilə etmişdir. Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşyaların olduğu təqdirdə masanın üzərinə qoymağı təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şortunun sağ yan cibindən kağıza bükülmüş 01 ədəd bükümü stolun üzərinə qoymuşdur. Həmin büküm açılmış və içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Onun üzərinə şəxsi axtarış keçirəndə üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra onlara məlum olmuşdur ki, həmin bükümlərdə narkotik vasitə heroin olmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 14 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sat 07:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan Qaradağ Rayon Prokuroru vəzifəsini müvəqqəti icra edən 15 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2022-ci il tarixli, 6/4333 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün №222” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,241 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,191 qram olmuşdur. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan maddi sübut kimi tanınma haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,241 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,191 qram olan 01 büküm narkotik vasitə heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 06 sentyabr 2022-ci il tarixli, 4976 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstensiya, intoksikasiya əlamətlərin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş 27 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 112-119-cu vərəqələrində olan 12 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan 14 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkiliş aparmaqla Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında şəxsi axtarış və baxış keçirilmişdir. Bundan əvvəl ona üzərində olan qeyri-qanuni əşyaların könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şortunun sağ yan cibindən kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşya və predmet aşkar edilməmiş, onun təqdim etdiyi içərisində toz halında maddə aşkar olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 79-cu vərəqəsində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı və xx.xx.2019-cu il təvəllüdlü Nilay adlı azyaşlı övladı vardır; Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 14 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək yəni 1 (bir) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 06 sentyabr 2022-ci il tarixli, 4976 rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin təyin olunmasına ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132) və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir üz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 48 (qırx səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 (qırx səkkiz saat) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək yəni 01 (bir) gün tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 (qırx səkkiz saat) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar