Məhkəmə qərarları › İş №1(002)-322/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-322/2022

05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-322/2022 05.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə saat 23:00 radələrində ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ailədaxili yaranmış mübahisə zəminində biribirilərinə nalayiq ifadələr işlətmələri səbəbindən sonuncuya qazan qapağı ilə baş nahiyəsindən zərbələr endirərək başın sol gicgah nahiyəsinin qançırı, sol gözətrafı nahiyənin hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, artıq 15 ildir ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. Onların arasında bu müddət ərzində bir neçə dəfə bəzi ailədaxili problemlər baş vermişdir. Həmin hadisə baş verməmişdən bir gün əvvəl, yəni 10 may 2022-ci il tarixdə arvadı Gülnar ilə birlikdə baldızı Nərgizin doğum günü yığıncağında olarkən arvadı onun telefonuna baxmağa başlamış və orada iki qadın şəkli görmüş, bundan sonra ona onların kim olduğunu soruşmuş, o isə insanların çoxluğunu nəzərə alaraq, evə qayıtdıqdan sonra bu barədə danışmağın daha uyğun olduğunu demişdir. Onlar evə qayıdanda o, spirtli içki qəbul etdiyindən tez yatmış və aralarında heç bir mübahisə baş verməmişdir. Növbəti gün, yəni 11 may 2022-ci il tarixdə qızı Hökumənin ad günü münasibətilə onlar ad günü qeyd etmək istəmiş və bu münasibətlə həmin gün o, uşaqlıq dostu Elsevərlə danışıb onu yaşadıqları evə qonaq çağırmışdır. Saat təxminən 19:00 radələrində Elsevər onlara gəldikdən sonra o, onunla birlikdə marketə gedib bəzi ərzaqlar və spirtli içkilər almış və bundan sonra onlar evə qayıdaraq evin həyətində kabab çəkməyə başlamışlar. Bu zaman evdə baldızı Ulduzə, arvadı Gülnar və 3 övladı olmuşdur. Saat təxminən 23 radələrində arvadı Gülnar dünən baş vermiş mübahisəni xatırlayaraq onun ona xəyanət etdiyini demişdir. Bundan sonra o, əsəbləşib ona nalayiq ifadələr işlətməyə başlamış, arvadı Gülnar da ona həmin ifadələrin onun münasibətdə olduğu qadınlara aid olduğunu demişdir. O, bu sözlərdən sonra əsəbləşmiş və kabab qazanının şüşə qapağını götürərək arvadı Gülnarın üzərinə hücum etmiş, bundan sonra o, əlindəki qazan qapağı ilə Gülnarın baş və göz nahiyəsindən zərbələr endirməyə başlamışdır. Bu zaman dostu Elsevər onu tutaraq onları aralamağa başlamış və arvadı əlindəki qazan qapağını alıb yerə atmışdır. Eyni zamanda baldızı Ulduzə də onları aralamağa çalışmış, bundan sonra o, sərxoş olduğu üçün yerə yıxılmışdır. Bu zaman arvadı Gülnar böyük oğlu Nizamı götürərək polis bölməsinə gedib ondan şikayət edəcəyini bildirmiş və evdən çıxmışdır. O, sərxoş olduğundan özünü idarə edə bilməyib yerə yıxılmış, bu zaman Elsevər onu tutaraq stula oturtmuş və bir neçə dəqiqə sonra sağ ayağının bud nahiyəsində istilik hiss etməyə başlamış. Bundan sonra şalvarı aşağı çəkib ayağına baxanda xəsarət aldığını və qan axdığını görmüşdür. Bu zaman Elsevər ona həkimə müraciət etmək lazım olduğunu desə də, o yaranın az olmasına görə həkimə ehtiyac olmadığını bildirmiş və bir müddət sonra qanaxma dayanmış və Elsevər yaranı bağlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisənin başlanmasına səbəb ailədaxili olan münasibətlər və arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyini düşünməsi olmuş, hadisə baş verən zaman orada onlardan başqa baldızı Ulduzə, dostu Elsevər olmuşlar. Əməlindən peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmənin 05 dekabr 2022-ci il tarixli iclasında Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 16 noyabr 2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla dostluq münasibəti olmuşdur. 11 may 2022-ci il tarixdə günorta saatlarında Əli işlədiyi qarajda olan zaman qızının doğum günü olduğunu demiş və axşam üçün onu evinə dəvət etmiş, o da saat 19:00 radələrində onlara getmiş və onlar bir yerdə marketə gedib, spirtli içkilər, çörək və sairə alıb onların evlərinə qayıtmışlar. Həyətdə onlar kabab çəkməyə başlamış və bundan sonra evdə oturub yeyib-içməyə başlamış, saat 23:00 radələrində Əli yoldaşı Gülnar ilə sözlə mübahisə etməyə başlamışlar. Onlar bir-birinin ünvanına nalayiq ifadələr işlətmiş, bundan sonra Əli qazan qapağını götürərək Gülnarın üzərinə getmiş və onun baş nahiyəsinə zərbələr endirməyə başlamışdır. O, Gülnarın bacısı Ulduzə ilə bərabər onları sakitləşdirmişlər. Sonra Gülnar böyük oğlunu götürüb evdən getmişdir. Əli içkili olduğu üçün müqavimətini itirərək yıxıldığı zaman ayağı zədələnərək qanamış, o əski parçası ilə qanı dayandırmağa başlamış və ona həkimə getməyi təklif etmişdir. Əli isə narahatlığa səbəb olmadığını deyərək həkimə getməkdən imtina etmişdir. Təxminən, hadisədən 25 dəqiqə sonra evdən ona zəng gəldiyinə görə Əliyə evə getmək istədiyini demişdir. Əli də yaxşı olduğunu demiş və o, oranı tərk edərək evə getmişdir. Bundan başqa, şahid X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisənin başlanmasına səbəb ailədaxili mübahisə səbəb olmuş və onlar biri-biriləri nalayiq ifadələr səsləndirmişlər. Hadisə baş verən zaman ondan başqa, Əli, Gülnar və Əlinin baldızı Ulduzə orada olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 may 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 73 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi Birliyinin 12 may 2022-ci il tarixli, 316 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – başın sol gicgah nahiyəsinin qançırı, sol gözətrafı nahiyənin hematoması bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 300.1.7, 305 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar