Məhkəmə qərarları › İş №1(002)-323/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-323/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-323/2022 21.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, 0,199 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib 01 ədəd kağız kəsiyi bükümündə qablaşdırıb üzərində saxlamaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində daşımış, 06 sentyabr 2022-ci il tarixdə saat 18:15 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 43 ünvanının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin çəkidə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10-15 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Cırtdan Park" adlanan parkda gəzən zaman yerdə siqaret qutusu görmüş və həmin siqaret qutusunu açdıqda içərisində siqaretin qızılı kağızına bükülmüş psixotrop maddə olan metamfetamin aşkar etmişdir. O, həmin siqaretin qızılı kağızına bükülmüş psixotrop maddəni götürərək cibinə qoymuş və siqaret qutusunu yenidən yerə ataraq yaşadığı evə gəlmişdir. Bundan sonra o, həmin psixotrop maddə olan metamfetamini əynində olan açıq mavi rəngli şalvarının sağ yan kiçik cibinə qoyaraq az-az istifadə etməyə başlamışdır. 06 sentyabr 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 43 ünvanının qarşısında dayandığı zaman polis əməkdaşları ona yaxınlaşıb onu 10-cu PB-yə dəvət etmişlər. 10-cu PB-nin inzibati binasında otaqların birində hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, bundan sonra dövlət hesabına ona təyin olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. O, da könüllü olaraq əynindəki açıq mavi rəngli cins şalvarının cibindən 1 qutu "Keno" markalı siqaretini, 1 ədəd alışqanı və sağ yan kiçik cibindən siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş içərisində psixotrop maddə olan 01 ədəd bükümdə metamfetamini masanın üzərinə qoyub bildirmişdir ki, bükümün içərisində psixotrop maddə metamfetamin vardır, həmin psixotrop maddəni "Cırtdan Park" parkından taparaq öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. 1 qutu "Keno" markalı siqaret və 1 ədəd alışqan onun özünə qaytarılmışdır. Polis əməkdaşları onu 10-cu polis bölməsinə apararkən və polis bölməsində olan zaman ona heç bir fiziki zor tətbiq edilməmişdir. Əlavə olaraq bir daha bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etmiş, bu səbəbdən üzərində gəzdirmişdir.Həmin maddəni kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. O, psixotrop maddə olan metamfetamin qəbulu ilə məşğul olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, himayəsində 1 azyaşlı övladının olmasını, əvvəllər analoji hallara yol verməməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntü ilə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində o, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 43 saylı evin qarşısında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnərək həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-də olarkən gətirdikləri şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə ona üzərində olan qadağan olunmuş əşya və predmetin təqdim olunması təklif olunmuş və o, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan kiçik cibindən siqaretin qızılı kağızına bükülmüş bükümü, 1 ədəd alışqanı və 1 ədəd siqaret qutusunu masanın üzərinə qoymuşdur. Daha sonra o, həmin bükümün psixotrop maddə olan metamfetamindən ibarət olduğunu bildirmişdir. O, həmin maddəni saxlanmamışdan 10-15 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Cırtdan" parkda gəzərkən yerdən tapdığını demişdir. Büküm açılarkən içərisindən ağ rəngli, duza bənzər, kristal şəkilli maddə aşkar edilib götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PByə dəvət edərkən onlara qarşı hər hansı formada müqavimət göstərməmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, Şahid1 ifadəsində göstərmişdir ki, o, 06 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşı Şahid2 ilə birlikdə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, 43 saylı evin qarşısında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olmasından şübhələnərək həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-də olarkən gətirdikləri şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona üzərində olan qadağan olunmuş əşya barədə məlumat verməsi təklif olunmuşdur. Daha sonra o, əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan kiçik cibindən siqaretin qızılı kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümdə psixotrop maddə olan metamfetamindir. O, üzərində aşkarlanmış psixotrop maddə olan metamfetamini təxminən 10-15 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Cırtdan" parkda gəzərkən yerdən tapdığını demişdir. Büküm açılarkən içərisindən ağ rəngli, duza bənzər, kristal şəkilli maddə aşkar edilib götürülərək ekspertiza keçirilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa qadağan olunmuş əşya müəyyən edilməmişdir. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət edərkən onlara qarşı hər hansı formada müqavimət göstərməmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan 06 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad olunmuş və onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 6/4839 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd bükümdə təmiz çəkisi 0,199 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,199 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq 0,149 qramdır. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 329.1 və 331.2-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 62, 66.3 və 68.2-ci maddələri nəzərə alınmaqla qəti olaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 200 manat cərimə cəzasına məhkum edilmiş, 23 oktyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, 08 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya haqqında qərara əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bundan başqa 11 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Qaradağ rayon məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 21-1/3-22437/14 nömrəli məktubdan görünür ki, Rzayev X7 Rayon Məhkəməsinin 7(002)-913/2021 saylı, xx.xx.2021- ci il tarixli qərarı ilə "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 2.5-ci bəndinə əsasən cəzadan azad olunduğu üçün xx.xx.2022-ci il tarixdə müvafiq olaraq qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 27 sentyabr 2022-ci il tarixli 5521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 79-83-cü vərəqələrində olan 11 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,149 qram çəkidə psixotrop maddə hesab edilən melamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərən müəyyən edilmişdir ki, həmin görüntülər 06 sentyabr 2022-ci il tarixdə, saat 19:40-da qeydə alınmışdır. Qaradağ RPİ-nin 10-cu polis bölməsinin xidməti otaqlarının birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla saxlanması qadağan edilmiş əşya və ya predmetin könüllü təqdim olunması təklif edilir. Həmin vaxt sonuncu əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində ağ rəngli, duza bənzər, kristal şəkilli maddə olan siqaretin qızılı kağızına bükülmüş bir ədəd bükümü, ona məxsus alışqanı və siqaret qutusunu təqdim edir. Həmin bükümdə nə olması barədə verilən sualı Təqsirləndirilən şəxs "şüşə" adlandırılan, psixotrop maddə olan metamfetamin olduğuna dair cavablandırmışdır. Həmin bükümü 10-15 gün bundan əvvəl Lökbatan qəsəbəsində "Cırtdan" parkın yaxınlığında siqaret qabının içərisindən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərindən 1 qutu siqaret və 01 ədəd alışqan aşkar olunmuş və geri qaytarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan videogörüntü ilə, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu, əvvəllər məhkum olunmasını, azadlıqda qalacağı təqdirdə yenidən eyni tərkibli cinayətin əməlinin törətməsi ehtimallarının çox olmasını, məhkəmə iclasında davranışını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 21 dekabr 2022-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 27 sentyabr 2022-ci il tarixli 5521 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,149 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 41 (qırx bir) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 41 (qırx bir) iş saatı hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,149 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 41 (qırx bir) iş saatı hüquqi xidmətə görə 246 (iki yüz qırx altı) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Müdafiəçi 120 (bir yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar