Məhkəmə qərarları › İş №1(002)-325/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-325/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-325/2021 07.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, 05.06.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin içərisindəki mərkəzi yolda, məscidin yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hundai İX-35” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlatdırıb onu avtomobildən düşürdərək, ünvanına nalayiq ifadələr işlətməklə yumruqlarla bədəninin müxtəlif nahiyyələrinə vuraraq yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs1 başın ənsə nahiyəsinin dərialtı hematoması (yumşaq toxumalararasına qan yığılması), sağ əlin İİİ barmağının sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarət yetirməklə qolunda olan 550 manat dəyərində “Emporio Armani” markalı qol saatını sındırmış, həmin zaman Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 onları aralaşdırmaq istəyərkən Təqsirləndirilən şəxs onu itəliyərək müqavimət göstərməklə qərəzli hərəkətlərini davam etdirərək xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən gül dükanında satıcı işləyir. 05.06.2021-ci il tarixdə saat 11 radələrində müdirəsi Şahid idarə etdiyi “Reno Duster” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinin Lökbatan qəsəbəsi istiqamətində girişlərin birindən Ticarət Mərkəzinin içərisinə daxil olub saat istiqamətində hərəkət etmişlər. Avtomobili Lamiyə idarə etmişdir. Onlar hərəkətdə olduqları zaman onların sol tərəfindən bir avtomobil səs siqnalı verə-verə hərəkət etmişdir. Digər yolda olan “Hundai İX35” markalı avtomobil baş yolda hərəkətdə olmuş, onlar həmin avtomobillə toqquşacaqları zaman Lamiyə avtomobili dərhal saxlayıb “Hundai” markalı avtomobilə yol vermişdir. Həmin avtomobili idarə edən sürücü onlara nalayiq əl hərəkəti edərək, orta barmağını göstərib hərəkətinə davam etmişdir. Bu zaman o, Lamiyəyə avtomobili həmin “Hundai” markalı avtomobilin arxasınca sürməsini bildirmiş və həmin avtomobilə işıq siqnalları ilə saxlatdırmasını tələb etmiş və həmin avtomobil bir qədər qarşıda saxlamışdır. O, avtomobildən düşüb “Hundai” markalı avtomobilin sürücü tərəf olan hissəsinə gedib qapını açmış, adını sonradan bildiyi Afiq adlı sürücüyə “o nə işərədi bizə göstərdin” sualını vermişdir. Sürücü Afiq isə ona “otur maşına söhbət edək, mal kimi avtomobil idarə edirlər” cavabını bildirmişdir. O, bu zaman əsəbləşərək Afiqdən avtomobildən düşməsini tələb etmişdir. Afiq avtomobildən aşağı düşmüş, aralarında sözlə mübahisə yaranmışdır. Onlar dartışmışlar, o 2-3 dəfə Afiqə tərəf yumruq zərbələri atmış, onları tanımadığı bir neçə nəfər və Afiqin qardaşı sonradan adını bildiyi Aqil aralaşdırmışdır. Onun Afiqə atdığı zərbələrin Afiqə dəyib-dəymədiyini dəqiq xatırlamır. Onlar dalaş-dalaşa avtomobilin arxa tərəfinə keçmişlər. O, yenə Afiqə zərbə atmış, Afiq yolun kənarında torpağa yıxılmışdır. Onları Afiqin qardaşı Aqil və ətrafda olan bir neçə nəfər aralaşdırmışdır. O, Afiqdən başqa heç bir şəxsə, eləcə də onun qardaşı Aqilə hər hansı xəsarət yetirməmiş, həmçinin onları aralaşdırmağa çalışan Aqilə müqavimət göstərməmiş, sonuncunu əli ilə itələməmişdir. Hadisə Sədərək TM mərkəzi yolda, məscidin yaxınlığında yolun kənarında baş vermişdir. Onların arasında baş verən dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı o, nalayiq ifadələr işlətməmişdir. Münaqişə zamanı o, heç bir xəsarət almamış, onu heç kim döyməmişdir. Münaqişə zamanı ətrafda çoxlu sayda insanlar olmuş, Lamiyə də onun yanında olmuşdur. Hadisədən sonra o, Lamiyə ilə avtomobilə əyləşib, əvvəlcə baş vermiş hadisə barəsində DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra yollarına davam etmişlər. Sədərək TM-də lazimi məhsulları alıb sonra çıxıb getmişlər. Zərərçəkmiş şəxs1lə aralarında olan mübahisə zamanı refleks olaraq onu aralamağa çalışan şəxsi uzaqlaşdırmaq istəməsi onu qərəzli olaraq itələməsinə, müqavimət göstərməsinə və ya xəsarət yetirmək istəməsinə dəlalət etmir. Buna baxmayaraq ibtidai istintaq orqanı tərəfindən heç bir əsas olmadığı halda Zərərçəkmiş şəxs2 də zərərçəkmiş şəxs qismində tanınaraq, ona qarşı Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Halbuki o, xuliqanlıq əməlini yalnız Zərərçəkmiş şəxs1 qarşı törətmişdir. Təqsirləndirilən şəxs sonda əmələinin CM-nın 221.1-ci maddəsinə tövsif olunmasını, barəsində həmin əmələ görə cəza təyin edilməsini və barəsində cəza təyin edilərkən törətdiyi əməldən peşman olduğu, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 05.06.2021-ci il tarixdə saat 11 radələrində o idarə etdiyi “Hundai İX 35” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə Meyvəli TM- tərəfdən daxil olmuşdur. Ondan başqa avtomobildə qardaşı X7 da olmuşdur. O bazara daxil olmuş, o baş yol işarəsi olan yol ilə hərəkəti davam etdirmiş, bu zaman onun sağ tərəfindən “Renault Duster” markalı avtomobil ona yol verməli olan halda qarşısına çıxmış, qəza şəraiti yaratmışdır. O da bu səbəbdən səs siqnalından istifadə edib etirazını bildirmişdir. Daha sonra həmin avtomobil məcburi dayanmış, o öz yoluna yolun sağ hərəkət istiqaməti ilə davam etmişdir. Bu zaman “Renault” markalı avtomobili idarə edən qadın onun sol tərəfinə keçmiş, sağda bir nəfər cavan oğlan əyləşmişdir. Həmin cavan oğlan müəyyən əl hərəkətləri ilə ondan nə olduğunu soruşurmuş kimi hərəkətlər etmişdir. O da həmin cavan oğlana eyni qaydada cavab vermişdir. O yolu ilə hərəkət edib bazarın içərisində saat olan dairəyə daxil olmuş, sağa döndükdən sonra sol tərəflə yoluna getmişdir. O dairəni keçən zaman digər avtomobil onun arxasınca düşüb ondan əl çəkmədiyini görmüş, əli ilə həmin avtomobilə “başınız işləmir” kimi işarə göstərmişdir. Həmin avtomobili idarə edən qadın isə ona işıq siqnalı ilə bir neçə dəfə işarə verərək dayanmasını tələb etmişdir. O da bir qədər irəliyə hərəkət edib yolun sağ kənarında avtomobili saxlamış, həmin avtomobil isə onun avtomobilinin arxasında saxlamışdır. O, avtomobildən düşməmiş, sürücünün yanında əyləşmiş cavan oğlan onun üstünə gəlib qapını açmış, ona hücum edərək mübahisə etməyə başlamışdır. Onu əli ilə dartaraq düşməsini tələb etmişdir. Bu zaman qardaşı avtomobildən düşüb həmin şəxsə yaxınlaşmışdır ki, həmin şəxsi özlərindən uzaqlaşdırsın. O da yerə düşmüş, həmin şəxs yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yumruqla zərbələr atmağa başlamışdır. Yumruq zərbələrindən biri onun baş nahiyəsindən dəymiş, o yerə yıxılmışdır. Yerə yıxılan zaman sağ əli üstündə yerə yıxılmışdır. Həmin vaxt barmağı da əzilmişdir. Dadaş ona zərbələr atarkən qardaşı Aqil Dadaşı kənarlaşdırmağa çalışmışdır. Lakin Təqsirləndirilən şəxs ondan başqa heç kəsə xəsarət yetirməmişdir. Münaqişə zamanı Dadaş ona qarşı təhqiredici ifadə işlətmişdir. Dava-dalaş zamanı o, Dadaşa heç bir xəsarət yetirməmişdir. Belə ki, o soyuqqanlı şəkildə dayanaraq Dadaşın sakitləşməsini gözləmişdir. Dava-dalaş zamanı Dadaşın əlində heç bir dəmir alət olmamış, ilkin təhqiqat zamanı o əsəbi və biraz da həyəcanlı olduğu üçün izahatında Dadaşın əlində dəmir alətin olduğunu bildirmişdir. Daha sonra o, özünə gəlib avtomobilə əyləşib DİN-in 102 xidmətinə məlumat vermişdir. O, həmin avtomobilə yaxınlaşıb bildirmişdir ki, “mən DİN-in 102 xidmətinə məlumat vermişəm, gözləyin heç yerə getməyin”. Dadaş ona “şikayət etmisənsə bizi çağıracaqlar” deyib öz yollarına davam etmişlər. Sonra polis əməkdaşları gəlmiş, onlar Polis bölməsinə getmişlər, Dava-dalaş zamanı ona məxsus qolunda olan saatı qırılmış və həmin vaxtı hadisə yerində itmiş, həmin saatın qiyməti 280 avro, təqribi 550 manat təşkil edir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əvvəlki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05.06.2021-ci il tarixdə saat 11 radələrində o, qardaşı Afiq ilə idarə etdiyi “Hundai İX35” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinə Meyvəli TM-i tərəfdən daxil olmuşlar. Afiq bazara daxil olmuş, baş yol işarəsi olan yol ilə hərəkəti davam etdirmiş, bu zaman Afiqin sağ tərəfindən “Renault Duster” markalı avtomobil ona yol verməli olan halda qarşısına çıxmış, qəza şəraiti yaratmışdır. Afiq də bu səbəbdən səs siqnalından istifadə edib etirazını bildirmişdir. Daha sonra həmin avtomobil məcburi dayanmış, Afiq də öz yoluna yolun sağ hərəkət istiqaməti ilə davam etmişdir. Bu zaman “Renault” markalı avtomobili idarə edən qadın Afiqin sol tərəfinə keçmiş, sağda bir nəfər cavan oğlan əyləşmişdir. Həmin cavan oğlan müəyyən əl hərəkətləri ilə Afiqə “nə olub” hərəkətini göstərmişdir. Afiq də həmin cavan oğlana eyni qaydada cavab vermişdir. Afiq öz yolu ilə hərəkət edib bazarın içərisində saat olan dairəyə daxil olmuş, sağa döndükdən sonra sol tərəflə yoluna getmişdir. Afiq öz yoluna davam edib onunla söhbət etmiş, onlar artıq bayaqkı məsələni unutmuşlar. Afiq dairəni keçən zaman digər avtomobil onun arxasınca düşüb ondan əl çəkmədiyini gördükdə əli ilə həmin avtomobildə olanlara “başınız işləmir” kimi işarə göstərmiş və avtomobildə də əli ilə işarə edən zaman həmin sözləri ifadə etmişdir. Həmin qadın sürücü isə dairədən sağa dönüb sağ tərəflə hərəkət edəcəyi halda, əksinə onların arxası ilə gəlmiş və Afiqə işıq siqnalı ilə bir neçə dəfə işarə verərək dayanmasını tələb etmişdir. Afiq də bir qədər irəliyə hərəkət edib yolun sağ kənarında avtomobili saxlamış, qadın sürücü də avtomobili onların avtomobilinin arxasında saxlamışdır. Afiq avtomobildən düşməmiş, sürücünün yanında əyləşmiş cavan oğlan onun üstünə gəlib qapını açmış, Afiqə hücüm edərək mübahisə etməyə başlamışdır. Afiqi əli ilə dartaraq avtomobildən düşməsini tələb etmişdir. Bu zaman o, avtomobildən düşüb həmin şəxsə yaxınlaşmışdır ki, həmin cavan oğlanı sakitləşdirib Afiqdən uzaqlaşdırsın. Afiq də yerə düşmüş, həmin şəxs, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs Afiqə yumruqla zərbələr atmağa başlamışdır. Həmin vaxt o, Afiq ilə Dadaşı aralaşdırmağa çalışmışdır ki, münaqişə böyüməsin, lakin Dadaş adlı şəxs onun münaqişəni sakitləşdirməsinə məhəl qoymamışdır. Lakin ona qarşı hər hansı müqavimət göstərib itələməmiş, ona qarşı hər hansı nəlayiq ifadə işlətməmiş, həmçinin heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs çox əsəbi olduğundan sadəcə ona əhəmiyyət verməmiş, sakitləşdirməsinə məhəl qoymamış, qardaşı Afiqə tərəf yumruq zərbələri atmağa davam etmişdir. Qardaşı Afiq isə soyuqqanlı şəkildə dayanaraq Dadaşın sakitləşməsini gözləmiş, o da çalışdığı qədər Dadaşı sakitləşdirmək istəmişdir. Yumruq zərbələrindən biri Afiqin baş nahiyəsindən dəymiş, Afiq yerə yıxılmışdır. Daha sonra Afiq özünə gəldikdə avtomobilə əyləşib DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Afiq həmin avtomobilə yaxınlaşıb bildirmişdir ki, “mən DİN-in 102 xidmətinə məlumat vermişəm, gözləyin heç yerə getməyin”. Dadaş və yanındakı qadın Afiqə şikayət “etmisənsə bizi çağıracaqlar” deyib öz yollarına davam etmişlər. Sonra polis əməkdaşları gəlmiş, onlar Polis bölməsinə getmişlər, Afiq də ərizə ilə müraciət etmişdir. İbtidia istintaq zamanı dəfələrlə heç bir xəsarət almadığını, onun zərərçəkmədiyini bildirsə də, lakin hadisənin görüntülərini əks etdirən videodiskə baxış keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs onu itələməsi əsası ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. O, Təqsirləndirilən şəxs şikayətçi deyildir, ümumiyyətlə hesab edir ki, hazırki cinayət işi üzrə əsassız olaraq zərərçəkmiş şəxs kimi tanınmışdır. Zərərçəkmiş şəxs2 verilmiş suala cavab olaraq İbtidai istintaq zamanı ifadəsində göstərdiyi “Dadaşı sakitləşdirib oradan kənarlaşdırmaq istədiyi zaman bir neçə dəfə onu kənara itələməsi” ilə bağlı xüsusatı belə izah etmişdir ki, ibtidai istintaq dövründə belə bir ifadə verməmiş, ifadəsini müstəntiq ona oxutmadan imza etdirib. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sumqayıt şəhərində gül mağzasını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs onun işlətdiyi mağzada satıcı işləyir. 05.06.2021-ci il tarixdə saat 11 radələrində satıcı Təqsirləndirilən şəxs ilə birlikdə idarə etdiyi “Renault Duster” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Sədərk Ticarət Mərkəzinə Xocasən qəsəbəsindən gəlib Lökbatan qəsəbəsi istiqamətində hərəkət edərək Ticarət Mərkəzinə daxil olmuşlar. Ticarət Mərkəzinin içərisində saat olan yerə tərəf istiqamətdə olarkən sol yolda hərəkətdə olan “Hundai” markalı avtomobil ilə yol kəsiyində qarşılaşmışlar. Həmin avtomobilin sürücüsü bir neçə dəfə səs siqnalı verərək onlara etiraz etmiş kimi olmuşdur. O, həmin yolda sol yolda hərəkətdə olan avtomobillərə yol verilməsi ilə bağlı göstəriş olması, o barədə hər hansı nişanın olması barədə məlumatı olmadığından “Hundai” markalı avtomobil ilə qarşılaşmış, səs siqnalı verdikdən sonra o, qəza şəraiti yaranmasın deyə avtomobili saxlayıb yol vermişdir. Onun yanında əyləşmiş Dadaş əli ilə “Hyundai” markalı avtomobilin sürücüsündən nə baş verdiyi barədə soruşmuşdur. Həmin avtomobilin sürücüsü yoluna davam etmiş, onlar da həmin avtomobilin arxasınca hərəkət etmişlər. Sədərək TM-in içərisindəki saat olan dairəyə çatanda “Hyundai” markalı avtomobilin sürücüsü onlara orta barmağı ilə işarə göstərib yoluna davam etmişdir. Onlar dairədən məscid istiqamətində “Hyundai” markalı avtomobilin arxasınca getmişlər və Dadaşın göstərişi ilə həmin avtomobilə işıq siqnalları verərək avtomobil məscidin yaxınlığında saxlatmışlar. Dadaş onun avtomobilindən düşüb həmin “Hyundai” markalı avtomobilin sürücü olan tərəfinə yaxınlaşmışdır. Dadaş ilə “Hyundai” markalı avtomobilin sürücüsü Afiq adlı şəxs aralarında mübahisə yaranmış. Dadaş ilə Afiqin mübahisəsinə çoxu sayda insanlar toplaşdığı üçün kimin kimi döydüyünü görməmişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X10 tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. (i.v. 01) 05 iyun 2021-ci il tarixli baxış keçirilməsi protokolundan görünür ki, Qaradağ RPİnin 10-cu PPB-nin təhqiqatçısı X3, həmin bölmənin əməliyyat müvəkkili Rəşad Cavadzadə və hal şahidlərinin iştirakı ilə baxış keçirimiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Sədərək TM-nin daxilində yerləşən mərkəzi yoldur. Qeyd olunan hadisə piyada keçidinin yanında baş vermişdir, yolun sağ kənarında aşağı tərəfə enişdir, sonra isə dayanacaq yerləşir. Sol tərəfdən isə boş torpaq sahəsi və ağac zolağı var. Baş vermiş hadisəni TŞ11-039 müşahidə kamerasının yanında baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. (i.v. 12-15) 05 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı X1 Afiq Fazil oğlunun döyülməsi faktı ilə əlaqədar Qaradağ RPİ-nin Təhlükəsiz Şəhər kameralarının yerləşdiyi otaqda baş vermiş hadisəni mobil telefon vasitəsilə qeydə almış və qeydə alınmış viddeofayl istintaqa təqdim edilməsindən ötrü DVD diskə köçürülərək materiala əlavə edilmişdir. (i.v. 22) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6” X15 tərəfindən verilmiş 341 saylı, 07 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin dərialtı hematoması (yumşaq toxumalararasına qan yığılması), sağ əlin İİİ barmağının sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 05.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v. 23-25) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v 29, 38-39) 16 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X10 tərəfindən cinayət işi üzrə hadisənin qeydə alındığı videogörüntünün əks olunduğu diskdə olan 1 dəqiqə 12 saniyəlik fayla şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirərkən müəyyən olunmuşdur ki, qara rəngli avtomobilin arxasında dayanaraq avtomobildən düşən ağ rəngli köynək və ağ rəngli şalvar geyinmiş Təqsirləndirilən şəxs qarşıda dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin sükan hissəsinə yaxınlaşaraq əl-qol ataraq sürücünü avtomobildən düşürmüş, avtomobilin ön sağ tərəfindən əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 düşüb ona yaxınlaşaraq münaqişə baş verməsinin qarşısını almağa çalışmış, lakin Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs1 bir neçə zərbələr vurmuş, daha sonra onları aralaşdırmağa çalışan Zərərçəkmiş şəxs2 də müqavimət göstərmiş, münaqişə zamanı zərbələrin təsirindən Zərərçəkmiş şəxs1 yolun kənarına yerə yıxılmışdır. Münaqişə zamanı yoldan keçən bir neçə avtomobil dayanaraq münaqişəni sakitləşdirməyə çalışmışdır. (i.v.62) Cinayət əməlinin tövsif edilməsi barədə 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir. (i.v.63) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-113/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. (i.v.83-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 iyul 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 96) Sübutların qiymətləndirilməsi haqqında 30 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahid ifadələri, hadisə yerinə baxış və üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə təsdiqini tapdığından sübutun bir növü kimi qiymətləndirilmişdir. Hadisə yerinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin içərisindəki mərkəzi yolda, məscidin yaxınlığında olması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmaması nəzərə alınmışdır. Şahid idarə etdiyi avtomobilin “Renault Duster” markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı olması nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk sübut növü kimi tanınmışdır. (i.v. 101-107) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmiş, əməlində Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edilsə də, ona qarşı irəli sürülmüş ittiham üzrə 221.2.2-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqlaq Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarının müddəalarından da irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə əməlin düzgün tövsif edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən ilk növbədə 05 iyun 2021-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla tərəflərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, hadisənin dəqiq baş vermə yeri, şəraiti və mexanizmi, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bununla yanaşı məhkəmənin gəldiyi bu nəticə ilə bağlı əsaslandırma və təhlil aparılmamışdan əvvəl qeyd olunmalıdır ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin iştirakçıları hər hansı bir şəxsi münasibətləri olmayan şəxslərdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqı gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs 05.06.2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin içərisindəki mərkəzi yolda, məscidin yaxınlığında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və özgənin əmlakını məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hundai İX-35” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırıb onu avtomobildən düşürərək, ünvanına nalayiq ifadələr işlətməklə yumruqlarla bədəninin müxtəlif nahiyyələrinə vuraraq yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs1 başın ənsə nahiyəsinin dərialtı hematoması (yumşaq toxumalararasına qan yığılması), sağ əlin İİİ barmağının sıyrığı xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarət yetirməklə qolunda olan 550 manat dəyərində “Emporio Armani” markalı qol saatını sındıraraq xuliqanlıq cinayətini törətmişdir. Bununla da təqsirləndirilən şəxs öz davranışları ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydlik ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən əsaslı olaraq Zərərçəkmiş şəxs1 münasibətdə xuliqanlıq kimi qiymətləndirilsə də, lakin ibtidai istintaq gedişində təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.2ci maddəsinə tövsif edilmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilməsi zamanı ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlində Zərərçəkmiş şəxs2 münasibətdə “ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkət edərək xuliqanlıq cinayətinin əlamətləri olması” əsas olaraq götürülmüşdür. Cinayət işinin materiallarında görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə təqsirliliyi müəyyən edilməsi üçün irəli sürülmüş mümkün sübutların dairəsi yalnız hadisənin qeydə alındığı videogörüntünü əks etdirən videodiskə baxış keçirilməsi barədə protokol və zərərçəkmiş şəxslərin ifadələrindən ibarət olmaqla, cinayət işi materiallarında olan digər sübutlarla təsdiq olunmur. Həmin sübutlar təhlil edilməzdən əvvəl məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmasına əsas kimi cinayət nəticəsində təqsirləndirilən şəxs tərəfindən ona qarşı müqavimət göstərilməsinin nəzərə alındığı göstərmişdir. Göstərilən sübutlara münasibətdə məhkəmə qeyd edir ki, ittihamın əsasını təşkil edən sübut kimi göstərilmiş videogörüntüdə olan məlumat cinayət işi materiallarında olan digər sübutlarla uzlaşmamaqla yanaşı, hadisənin bilavasitə iştirakçısı olmuş zərərçəkmiş şəxslərin ifadələri ilə də tam təkzib olunur. Belə ki, cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 05 iyun 2021-ci il tarixdə verdiyi ilkin izahatı zamanı hadisə vaxtı qardaşı Aqilin Təqsirləndirilən şəxs ondan ayırdığını bildirsə də, lakin hadisə zamanı təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2 hər hansı müqavimət göstərməklə xəsarət yetirmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs2 də eyni tarixdə verdiyi izahatı zamanı təqsirləndirilən şəxsin qəfildən Afiqin başına zərbə endirdiyini, sonuncunun aldığı zərbə nəticəsində yerə yıxıldığını, yaranmış səs-küyə həmin yerə tanımadığı çoxsaylı şəxslərin yığıldığını, onun bunu görən kimi dərhal avtomobildən düşərək həmin şəxsi Afiqdən ayırdığını göstərmişdir. Həmçinin ona verilən suallara cavab olaraq yaranmış mübahisə vaxtı onu heç kimin vurmadığını bildirmişdir. Həmçinin iş materiallarında olan 03 iyul 2021-ci il tarixli zərərçəkmiş şəxsi dindirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində dava-dalaş zamanı Təqsirləndirilən şəxs onu sinə nahiyəsindən itələdiyini, lakin heç bir xəsarət almadığını göstərmişdir. Ona verilmiş suallara cavab olaraq onun çalışdığı qədər Təqsirləndirilən şəxs sakitləşdirmək istədiyini, lakin sonuncunun əsəbi halda ona nəinki məhəl qoymadığı, hətta, itələyərək öz hərəkətlərinə davam etdirdiyini göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 hadisə zamanı Afiq ilə Dadaşı aralaşdırmağa çalışdığını, lakin Təqsirləndirilən şəxs onun münaqişəni sakitləşdirməsinə məhəl qoymadığını, bununla belə ona qarşı hər hansı müqavimət göstərib itələmədiyini və ona qarşı hər hansı nəlayiq ifadə işlətmədiyini qeyd etmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq Zərərçəkmiş şəxs2 İbtidai istintaq zamanı ifadəsində göstərdiyi “Dadaşı sakitləşdirib oradan kənarlaşdırmaq istədiyi zaman bir neçə dəfə onu kənara itələməsi” ilə bağlı xüsusatı belə izah etmişdir ki, ibtidai istintaq dövründə belə bir ifadə verməmiş, ifadəsini müstəntiq ona oxutmadan imza etdirib. Məhkəmədə verdiyi ifadəsi doğrudur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində baş vermiş hadisə zamanı onun tərəfindən digər şəxsə xəsarət yetirilmədiyi göstərsə də, lakin onun tərəfindən verilmiş ifadələrində Afiqin qardaşı və ətrafda olan bir neçə nəfər şəxsin onu aralaşdırdığını göstərməsi ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilməsi kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 6-cı bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Bu normanı tətbiq edərkən, təqsirkarın hərəkətlərini xarakterizə edən maddənin dispozisiyasında göstərilən əlamətlərin mövcudluğu mütləqdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hazırki halda baş vermiş cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs2 münasibətdə xuliqanlıq cinayətinin tərkib əlaməti olan vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətin edilməsi ümumiyyətlə öz təsdiqini tapmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 münasibətdə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə müqavimət göstərməsinə dair fəal əks təsirin olması müəyyən edilməmişdir. Halbuki şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin tərkib əlamətinin yaranması üçün onun əməlində iki davranış aktının – xuliqanlıq hərəkətləri etmə və digər şəxs müqavimət göstərmə mövcud olmalıdır. Burada müqavimət göstərmə artıq başlanmış xuliqanlıq hərəkətlərinin davamı kimi çıxış etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə törədilmiş xuliqanlıq kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, məhkəmə iclasında araşdırılan və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidin ifadələri, hadisənin görüntüsünü özündə əks etdirən videogörüntü, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməli, təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə tutma altında və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz hərəkətləri ilə islah olunmasını sübut etmək məqsədilə onun üzərinə; yaşadığı Sumqayıt şəhəri, 6 mkr., ev 6, mənzil 17 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 35 (otuz beş) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Həmçinin müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq məhkəmə baxışı zamanı 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 210 (iki yüz on) manat, məhkəmə baxış dövründə göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdən hal-hazıradək tutma altında və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 23 (iyirmi üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Sumqayıt şəhəri, 6 mkr., ev 6, mənzil 17 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 210 (iki yüz on) manat, məhkəmə baxış dövründə Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar