Məhkəmə qərarları › İş №1(002)-326/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-326/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-326/2021 05.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Füzuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 14 saylı binanın qarşısında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs sol göz nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq zərərçəkmişə sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı ilə nəticələnən səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hal-hazırda fərdi taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir.Təxminən 3-4 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdədir. Bu müddət ərzində ailə kimi olmuşlar və bir neçə dəfə aralarında sözsöhbət olsa da, hər ailədə olduğu kimi yenə barışmışlar. O, gündüzlər istirahət edib, gecələr taksi fəaliyyəti ilə məşğul olur. 03.06.2021-ci il tarixdə saat təxminən 04-05 radələrində Gülnarə ilə alış veriş etmək üçün Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketə getmişlər. Marketdən evə qayıdanda aralarında alış-veriş üstündə narazıçılığa görə mübahisə yaranmışdır. Gülnarənin yaşadığı binanın həyətində maşında olarkən o, əsəbləşdiyindən əlinin arxa hissəsi ilə Gülnarənin üz nahiyəsinə şillə vurmuşdur. Gülnarə maşından düşüb evə girmiş, sonradan həmin vaxt 102 xidmətinə zəng vurub ondan şikayət etdiyini bilmişdir. Həmçinin bildirir ki, münaqişə zamanı heç bir xəsarət almamış, Gülnarəni yumruqla vurmamış, sadəcə əlinin arxa hissəsi ilə Gülnarənin üz nahiyəsinə bir dəfə sillə vurmuşdur. Son olaraq əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməklə onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Təxminən 3-4 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdədirlər. Bu müddət ərzində ailə kimi olmuşlar və bir neçə dəfə aralarında söz-söhbət olsa da, hər ailədə olduğu kimi yenə barışmışlar. 03.06.2021-ci il tarixdə saat təxminən 4-5 radələrində Amil ilə alış veriş etmək üçün Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketə getmişlər. Marketdə olan zaman Amilə çox bazarlıq etməməyini, 30 manat pulu olduğunu demişdir. Amil marketdən çox şey götürdüyü üçün pulu çatmadığından məcbur olub geri qaytarmalı olmuşdur. Buna görə də Amil əsəbləşib maşına oturarkən onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı maşının içində olarkən Amil onun sol gözündən bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Bundan sonra mübahisə eliyə-eliyə Amildən onu evə aparmağını istəmiş, yaşadığı evə çatdıqda maşından düşüb evə girərək 102 xidmətinə zəng vuraraq döyülməsi barədə məlumat vermişdir. Sonra polis əməkdaşları gəlib onları polis bölməsinə dəvət etmiş və orada ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 03 iyun 2021-ci il tarixli 330 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı bərk küt əşya təsirindən, müayinədən bir neçə saat əvvəl törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v. 11-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 13 iyul 2021-ci il tarixli 14/330 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözaltı nahiyənin qançırı bərk küt əşya təsirindən, müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 03.06.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v. 21-23) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 22 iyul 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon Məhkəməsinin 27 avqust 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bundan başqa Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. (i.v. 24) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 1(002)-87/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. (i.v. 25-27) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 37-38) Sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 221.1 -ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, o, məhkumluğu olmayan hesab edilmiş və onun əməlində residivin olmaması nəzərə alınmış. Zərərçəkmiş şəxs barışıq ərizəsinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas olmaması xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs 03 iyun 2021-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 14 saylı binanın qarşısı olması nəzərə alınmış, Təqsirləndirilən şəxs etiraf xarakterli ifadəsi, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi, üzləşdirmə protokolu, baxış protokolu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 13 iyul 2021-ci il tarixli, 14/330 nömrəli rəyi və cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 49-52) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v. 62-63) Qətimkan tədbiri seçilməsi haqqında 10.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və ondan bu barədə həmin tarixdə iltizam alınmışdır. (i.v. 75-77) Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 1(002)-87/2020 nömrəli qərarına əsasən CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi gənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin olunmalı, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı (CM-47.2-1), təyin olunmuş cəzanın icrası onun yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 34.1), barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 20 (iyirmi) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs üzərində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı X2 tərəfindən göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul vəsaiti və vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saatı hüquqi yardıma görə isə 60 (altmış) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar