Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-335/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Soltan Nuxa kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 24.05.2021-ci il tarixdə saat 21:10 radələrində texniki cəhəddən saz vəziyyətdə olan X2 məxsus etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-VG- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmir yol stansiyası cənub şərq hissəsi tərəfdən Meyvəli bazar ilə “Sədərək” Ticarət Mərkəzi arasında olan iki tərəfli asfalt yol ilə Ələt-Bakı maqistral yolu istiqamətində 60 k/m saat sürətlə hərəkətdə olarkən "xxxx" MMC-nin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı və hərəkət təhlükəsizliyini təmin etməli, mövcud şəraitdə yolda olan piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbir görməli olduğu halda, yol-nəqliyyat şəraitinin tələb etdiyi idarə olunma əməliyyatlarını vaxtında yerinə yetirməli olduğu halda bu qaydalara əməl etməmiş, nəticədə idarə etdiyi avtomobilin qarşı sol tərəfi ilə yolun hərəkət hissəsində olan piyada X8 vuraraq ehtiyyatsızlıqdan sonuncuya - baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, alın, sol gicgah, sol almacıq, sol orbita sümüklərinin açıq, çox qəlpəli sınıqları, başın sol təpəgicgah və alın, sol yanaq nahiyyələrinin əzilmiş-cırılmış yaraları, doş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə İİ, Vİ, Vİİ, Vİİİ qabırğaların yerinidəyişməyən sınıqları, hər iki ağ ciyərin qansızması, sol böyrəyin əzilmiş yarası, sol bud sümüyünün aşığı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, döş qəfəsinin sol ön səthinin, sol bazunun, sol qoltuqaltı, sol budun və sol baldırın sıyrıqlarından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs X5 hadisə yerində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil dayısı arvadı X1 adına qeydiyyatda olsa da, lakin faktiki olaraq ona məxsusdur. Uzun illərdir sürücülük təcrübəsi vardır və həmin avtomobil onun tərəfindən idarə olunur. 24.05.2021-ci il tarixində saat 21:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan həmin avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin yan tərəfi ilə gəlib dairədən sağ tərəfə, yəni Meyvəli bazarla Sədərək Ticarət Mərkəzinin arasında olan yola dönmüşdür. O, 60 km/saat sürətlə yolun sol zolağı ilə Bakı-Ələt magistral yolun körpü istiqamətində hərəkətdə olarkən "xxxx" adlı ticarət obyektinin qarşısında hərəkət zolağında qəfildən avtomobilin qarşı sol hissəsi ilə görmədiyi yolda duran piyadaya dəymişdir. Piyada zərbədən havaya qalxaraq yolun əks tərəfinə düşmüş və həmin anda yolun əks tərəfi ilə hərəkətdə olan sedan tipli naməlum avtomobil onun üzərindən keçərək çıxıb getmişdir. O, avtomobili tam saxlamış və avtomobildən enərək yolun sol əks tərəfində yerdə hərəkətsiz vəziyyətdə qalmış piyadaya yardım etmək istəsədə onun hərəkətsiz olmasını görüb ölməsini başa düşmüşdür. Dərhal 103 xidmətinə zəng etmişdir. Hadisə yerinə gələn təcili tibbi yardımın həkimi piyadaya baxaraq onun öldüyünü bildirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər və o da müayinədə iştirak etmişdir. O, piyadanın onun avtomobili ilə vurduğu zərbədən deyil, naməlum avtomobilin onun üzərindən keçməsi nəticəsində öldüyünü güman edir. Bununla belə zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi və mənəvi ziyan tərəfindən tam ödənilmişdir və onlar barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs sonda ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlində səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi köməklik göstərərək onunla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, həmçinin ailə vəziyyətini, himayəsində bir azyaşlı və bir yeni doğulmuş övladlarının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmənin 16 sentyabr 2021ci il tarixli iclasında iştirak edərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs mərhum X12 onun qardaşı olmuşdur və sonuncu 2007-ci ildən Şahid ilə faktiki nikah münasibətlərində olmaqla birgə yaşamışdır. Həmin faktiki nikah münasibətlərindən onların azyaşlı iki övladları anadan olmuşdur. X15 Lökbatan qəsəbəsi Meyvəli bazarda fəhlə işləmişdir. Yol məsafəsi uzaq olduğu üçün Lökbatan qəsəbəsində bacanağı X3 ilə kirayədə qalırmışlar və o, həftədə bir dəfə evə gəlmişdir. Belə ki, 25.05.2021-ci il tarixdə onlara məlumat vermişlər ki, qardaşı Müşfiq 24.05.2021-ci il tarixdə axşam saatlarında işlədiyi Meyvəli bazarın qarşısında yol nəqliyyat hadisəsi zamanı yolda piyada qismində ehtiyatsızlıqdan vurularaq hadisə yerində vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Qardaşı Müşfiq tibbi ekspertizada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və Xəzər rayonu, Zirə qəsəbəsində, Südçülük sovxozuna yaxın qəbristanlıqda dəfn olunmuşdur. Zərərəçəkmiş şəxs sonda onlara vurulmuş maddi və mənəvi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, mərhum X12 onun əri olmuşdur. Onlar faktiki nikah münasibətlərindən olsalar da, nikahlarını rəsmiləşdirməmişlər. Lakin 2007-ci ildən ailə quraraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahədə birlikdə yaşamışlar. Həmin nikahdan 2 azyaşlı övladı vardır. Mərhum əri Müşfiqin heç kəslə ədavəti düşmənçiliyi olmamışdır. O, meyvəli bazarda fəhlə işləmişdir. Lakin yol məsafəsi uzaq olduğu üçün Lökbatan qəsəbəsində bacanağı X3 ilə kirayədə qalmışlar. Həftədə bir dəfə evə baş çəkməyə gəlmişdir. 25.05.2021-ci il tarixdə ona məlumat vermişlər ki, əri Müşfiq 24.05.2021-ci il tarixdə axşam saatlarında işlədiyi Meyvəli bazarın qarşısında yol nəqliyyat hadisəsi zamanı yolda piyada qismində ehtiyatsızlıqdan vurularaq hadisə yerində vəfat etmişdir. Sonradan onlara məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmin şəxsi onlar əvvəllər tanımamış, aralarında heç bir münasibətləri olmamışdır. Müşfiq tibbi ekspertizada müayinə olunduqdan sonra onlara təhvil verilmiş və Xəzər rayonu, Zirə qəsəbəsində, Südçülük sovxozuna yaxın qəbristanlıqda dəfn olunmuşdur. Onlara vurulmuş maddi və mənəvi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 may 2021-ci il tarixli “baxış keçirilməsi barədə” protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, dəvət olunmuş hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmiryolu stansiyasının cənub şər hissəsində bir tərəfdə “Meyvəli Bazar”, digər tərəfdən “Azgranata.A” şirkətinin qarşılarındaasfalt yoldayol nəqliyyat hadisəsi baş vermişdir. Yolun işlək hissəsi üfüqi və düzdür. Yol örtüyü asfalt beton olmaqla qurudur. Yol örtüyünün eni hər iki istiqamət üçün 19 metrdir. Hərəkət iqtiqamətində hər iki yol üçün hərəkət zolaqlarının sayı 3 olmaqla bir tərəfə işlək hissənin eni 7 metr, əks istiqamətə isə 11 metrdir. İşlək hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa iki qoşa ağ nişan xətləri işlək hissəənin hərəkət zolağı hər iki tərəf üçün 3 (üç) istiqamətlidir. İşlək hissənin kənarına asfalt sahə birləşir. İşlək hissəyə sağdan asfalt sahə, soldan “Meyvəli bazar”ın çəpəri birləşir. Yolda hərəkət sürətinin həddi 60 km/saat sürətdir. Yol şəhər elektrik işığı ilə işıqlandırılır. Sürücünün yerindən faralarının işığında görünüş vəziyyəti yaxın işıqda 40 metr, uzaq işıqda 80 metrdir. Fon işığında məhdudiyyətsizdir. İştirak edən sürücü Təqsirləndirilən şəxs bildirdi ki, Heybət dəmiryolu stansiyası tərəfdən şəhərin mərkəzi istiqamətində magistral yola çıxış istiqamətdə idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən "xxxx" şirkətinin qarşısında yolun işlək hissəsində avtomobilin qarşı sol hissəsi ilə həmin kişi cinsliyada yolu piyadanı vurmuş, zərbədən piyada yolun əks tərəfinə düşmüşdür. Özü isə idarə etdiyi avtomobili tam dayandırıb avtomobildən düşərək vurduğu piyadaya yardım etmək istəsə də, artıq piyada ölmüşdür. Piyadanın vurulma yerindən sol istiqamətdə olan qoşa xəttin kənarına kimi 1 metr, həmin yerdən qarşı istiqamətində yolda dayanan “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa sol kənarına kimi 9 metrdir. Yolda duran həmin atomobil sol təkərlərindən qoşa xəttin kənarına kimi 1 metrdir. Həmin avtomobil qarşı sol küncündən yerdə olan meyitə kimi 3 metrdir. Yəni baş hissəsinə kimi meyitin baş hissəsindən qoşa xəttin kənarına kimi 1,7 metrdir. Hadisə yerində tormoz, şin sürtünmə və sair izlər aşkar olunmadı. Hadisə uzaq məsafələrdə yerləşən iki dairənin ortasında baş verməklə hər iki dairənin ətrafı təhlükəsiz şəhər xidmətinə məxsus müşahidə kameraları vardır. TŞ-11-043, TŞ-11-045, TŞ-11-052. Meyitin üzərində, bədənində, başında, paltarında heç bir şin, təkər, protektor izləri aşkar olunmadı. Meyitin üzərində avtomobilə aid heç bir sınıq şüşə, hər hansı bir əşya aşkar olunmadı. (i.v. 3-11) Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 25 may 2021-ci il tarixli, 2/14395 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı ayıq olmuş, alkoqol sərxoşluğu yoxdur. (i.v. 14) TŞ video kameralarına baxış keçirmə haqqında 25 may 2021-ci il tarixli Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.05.2021-ci il tarixdə saat 21:10 radələrində X2 məxsus etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmir yol stansiyası cənub şərq hissəsi tərəfdən Meyvəli bazar ilə Sədərək TM arasında olan iki tərəfli asfalt yol ilə Ələt-Bakı magistral yolu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən "xxxx" MMC-nin qarşı tərəfindən yolun hərəkət hissəsində piyada 08.03.1977-ci il təvəllüdlü X8 avtomobilin qarşı sol hissəsi ilə vurmuş, piyada zərbədən yolun əks istiqamətində hərəkətdə olan naməlum markalı və dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobil ilə asfalt yolda hərəkətsiz uzanmış olan X5 üzərindən keçərək avtomobili saxlamadan hadisə yerindən uzaqlaşmışdır. Hadisə ilə əlaqədar Qaradağ RPİ-də olan kompyuter vasitəsi ilə hadisə baş verən ərazidə olan TŞ11-043, TŞ11-45, TŞ11-52 saylı video nəzarət kameralarının yaddaşlarında olan hadisə baş verən zaman video görüntülərə baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu ki, hava şəraiti qaranlıq olmaqla görüntüdə olan avtomobillər çətinliklə görünür. Avtomobillərin marka və dövlət qeydiyyat nişanlarını seçmək mümkün deyildir. Həmçinin hadisə yeri TŞ kameralarından uzaq məsafədə havanın qaranlıq vaxtı olduğundan hadisənin video görüntülərini görmək mümkün olmadı. (i.v. 15) Şəki RQİ və TBŞ tərəfindən tərəfindən 29.05.2012-ci il il tarixində verilmiş AB seriyalı 731789 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır və vəsiqə 29.05.2022-ci ilədək etibarlıdır. (i.v. 20) Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AC seriyalı 667148 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VG-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobil X2 məxsusdur. (i.v. 20) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında 29 noyabr 2018-ci il tarixdə verilmiş ƏN-İV № 713686 saylı etibarnamədən görünür ki, X4 **-VG-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək hüququ da daxil olmaqla, bir sıra hərəkətlərin edilməsini 29 may 2022-ci il tarixdək Təqsirləndirilən şəxs etibar etmişdir. (i.v. 20) Nəqliyyat vasitəsinə baxış keçirilməsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 25 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayev tərəfindən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi **-VG-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” minik markalı avtomobilə yol nəqliyyat hadisəsi ilə əlaqədar baxış keçirilmişdir. Baxış ilə müəyyən edilmişdir ki, avtomobilin qarşı sol farası sınmış, həmin istiqamətdə mühərrik örtüyünün (kapot) qarşı sol hissəsi əzilmişdir. (i.v. 21-23) Təqsirləndirilən şəxs ilə Şahid arasında bağlanmış 31 may 2021-ci il tarixli razılaşmadan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə Şahid dəymiş ziyanla bağlı 12000 manat məbləğində pul vəsaiti ödənilmişdir. (i.v. 39) Zərərçəkmiş şəxs tərəfindən Qaradağ RPİ-nin İstintaq Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, sürücü Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddiası, tələbi, mülki iddiası yoxdur və gələcəkdə olmayacaqdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. (i.v. 40) Zərərçəkmiş şəxs tərəfindən Qaradağ RPİ-nin İstintaq Şöbəsinə ünvanlanmış 31 may 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cinayət işi üzrə heç bir şikayət və tələbi, mülki iddiası yoxdur. Həmçinin Təqsirləndirilən şəxs bağışlayır. Gələcəkdə ona qarşı şikayət və tələb irəli sürməyəcəyini, bundan başqa gələcəkdə Təqsirləndirilən şəxs qarşı hər hansı bir mülki iddia tələbinin olmayacağını bildirir. (i.v. 41) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 iyun 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 54) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli, 003-7374-1221 saylı məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 11-043, TŞ 11-045 və TŞ 11-052 nömrəli kameralarının 24.05.2021-ci il tarixli saat 21.10-dan 21.15-dək olan müddətdəki videogörüntüləri Qaradağ RPİ-nə təqdim edilmişdir. (i.v. 57) DVD-də olan TŞ video kameralarına baxış keçirmə haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X6 cinayət işi üzrə hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin NHİX-nə sorğu edilmiş və hadisə baş verən ərazidə olan TŞ 11-043, TŞ 11-045 və TŞ 11-052 saylı video nəzarət kameralarının yaddaşlarında olan hadisə baş verən zaman video görüntüləri 1 ədəd DVD-də İŞ-nə göndərilmişdir. DVD-yə kompyuter vasitəsi ilə baxılarkən müəyyən olundu ki, hava şəraiti qaranlıq olmaqla görüntüdə olan avtomobillər çətinliklə görünür. Avtomobillərin marka və dövlət qeydiyyat nişanlarını seçmək mümkün deyildir. Həmçinin hadisə yeri TŞ kameralarından uzaq məsafədə havanın qaranlıq vaxtı olduğundan hadisənin videogörüntülərini görmək mümkün olmadı. (i.v. 58) X4 tərəfindən verilmiş ərizədən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı adına olan “Mitsubishi Pajero” minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar ona heç bir maddi və s. ziyan dəyməmişdir. Avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsini istəmir. (i.v. 65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, 016-85706-1221 saylı məktubdan görünür ki, DİN-in Baş X23 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 29.05.2012-ci il tarixdə (29.05.2022-ci il tarixədək müddətə etibarlı olan) AB 731789 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 69) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının tərəfindən 17 iyun 2021-ci il tarixdə verilmiş 51 nömrəli meyitin ekspertizasının rəyindən görünür ki, X5 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, alın, sol gicgah, sol almacıq, sol orbita sümüklərinin açıq, çox qəlpəli sınıqları, başın sol təpəgicgah və alın, sol yanaq nahiyyələrinin əzilmiş-cırılmış yaraları, doş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə İİ, Vİ, Vİİ, Vİİİ qabırğaların yerinidəyişməyən sınıqları, hər iki ağ ciyərin qansızması, sol böyrəyin əzilmiş yarası, sol bud sümüyünün aşığı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, döş qəfəsinin sol ön səthinin, sol bazunun, sol qoltuqaltı, sol budun və sol baldırın sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə bir başa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən 24.05.2021-ci il tarixdə törənə bilərdilər. Yuxarıda göstərilən xəsarətlərdən baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan alın, sol gicgah, sol almacıq, sol orbita sümüklərinin açıq, çox qəlpəli sınıqları, başın sol təpə-gicgah və alın, sol yanaq nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sol böyrəyin əzilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, hər iki ağ ciyərin qansızması ilə müşayiət olunan doş qəfəsinin sol ön qoltuqaltı xətt üzrə İİ, Vİ, Vİİ, Vİİİ qabırğaların yerinidəyişməyən sınıqları və sol bud sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, döş qəfəsinin, sol budun və sol baldırın sıyrıqları dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə malikdirlər, sol bazunun və sol qoltuqaltı nahiyyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum M.Z.Hüseynovun ölümünə səbəb alın, sol gicgah, sol almacıq, sol orbita sümüklərinin açıq, çox qəlpəli basılmış sınıqları nəticəsində baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum M.Z.Hüseynovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (25.05.2021-ci il tarixdə saat 12:00-da) 12-16 saat əvvəl baş vermişdir. Mərhum M.Z.Hüseynovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı yəni qərarın təsviri hissəsində göstərilən şəraitdə hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində törənə bilərdilər. Mərhum M.Z.Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlərdə xəsarət yetirən alət əşya (avtomobil və ya bir neçə avtomobil) fərdi xüsusiyyətləri (dövlət qeydiyyat nişanının hər hansı bir göstəricisi fara, radiator barmaqlığı, markanı və s.) göstərən əlamətlər aşkar edilmədiyindən həmin xəsarətlər konkret olaraq hansı avtomobilə məxsus olduğu haqqında fikir söyləmək mümkün olmadı. Mərhum M.Z.Hüseynovun meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v. 74-77) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 8/1790 saylı məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının rəyindən görünür ki, “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. (i.v. 83-86) Sübutların qiymətləndirilməsi haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.3cü və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi olmadığından həmin hissələrdə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Hadisə zamanı “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı iddia olmadığından, həmin avtomobil faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olması müəyyən olunduğundan Təqsirləndirilən şəxs əmlaka vurduğu ziyan müəyyən olunmadığından ittihama daxil edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, hadisə yerinə, nəqliyyat vasitəsinə baxış protokolu, hadisə yerinin sxemi, foto şəkilləri, “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil, məhkəmə tibbi, yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işdə olan digər protokollar sübut növü kimi qəbul edilmişdir. Sürücü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə baş verərkən vurduğu piyadanın havaya qalxaraq yolun əks tərəfinə düşdükdən sonra üzərindən markası və dövlət qeydiyyat nişanını görmədiyi sedan tipli avtomobilin keçməsi faktı öz təsdiqini tapmadığından həmin fakt üzrə göstərdikləri vəsatət kimi qəbul olunmuş və özünü müdafiə xarakter daşıdığından vəsatəti rədd olunmuşdur. Naməlum markalı və dövlət qeydiyyat nişanlı avtomobil, onun naməlum sürücüsü mövcud olmadığından iş üzrə 10.06.2021-ci il tarixdə təyin olunmuş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının qərarında c), d) bəndlərində göstərilən naməlum markalı və dövlət qeydiyyat nişanlı avtomobilin naməlum sürücüsünün yol nəqliyyat hadisəsində hərəkətlərinə dair qoyulmuş suallar, həmin qərara əsasən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10.08.2021-ci il tarixli, 8/1790 nömrəli rəyində naməlum sürücüsünün hərəkətlərinə dair qoyulan suallarda göstərilən cavablar, həmin fakt üzrə görülmüş bütün istintaq hərəkətləri əsassız hesab olunmuş və həmin faktda cinayət hadisəsi olmadığından həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v.87- 93) Qətimkan tədbiri seçilməsi haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 iyul 2016-cı il təvəllüdlü Uğur adlı bir azyaşlı övladı vardır. (i.v. 119) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X13 arasında 26 sentyabr 2015-ci il tarixdə nikah bağlanmışdır. (i.v. 119) Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş 826 saylı, 14 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X13 14.09.2021-ci il tarixində "xxxx" MMC-də həkimginekoloq tərəfindən müayinə olunmuşdur. Aparılan müayinə zamanı xəstəyə “36 həftə hamiləlik” diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş 826 saylı, 14 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X13 həqiqqətəndə 37 həftəlik hamiləlik vaxtında cərrahi yola doğuş diaqnozu ilə "xxxx" MMC-yə müraciət etmişdir. Xəstəyə 21.09.2021-ci il tarixdə “uşaqlığın aşağı seqmentində keysəriyyə” əməliyyatı icra edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən 06 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cinayət işi üzrı heç bir şikayət və tələbi, mülki iddiası yoxdur. Həmçinin Təqsirləndirilən şəxs bağışlayır. Gələcəkdə ona qarşı şikayət və tələb irəli sürməyəcəyini, bundan başqa gələcəkdə Təqsirləndirilən şəxs qarşı hər hansı bir mülki iddia tələbinin olmayacağını bildirir. Təqsirləndirilən şəxs ailə vəziyyətini, şəxsiyyətini nəzərə alaraq barəsində ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Şahid tərəfindən 06 sentyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cinayət işi üzrə heç bir şikayət və tələbi, mülki iddiası yoxdur. Həmçinin Təqsirləndirilən şəxs bağışlayır. Gələcəkdə ona qarşı şikayət və tələb irəli sürməyəcəyini, bundan başqa gələcəkdə Təqsirləndirilən şəxs qarşı hər hansı bir mülki iddia tələbinin olmayacağını bildirir. Təqsirləndirilən şəxs ailə vəziyyətini, şəxsiyyətini nəzərə alaraq barəsində ən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxsin məhkəmədə özünü qismən təqsirli bilməsinə, yəni 24.05.2021-ci il tarixdə saat 21:10 radələrində texniki cəhəddən saz vəziyyətdə olan X2 məxsus etibarnamə ilə idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət dəmir yol stansiyası cənub şərq hissəsi tərəfdən Meyvəli bazar ilə “Sədərək” Ticarət Mərkəzi arasında olan iki tərəfli asfalt yol ilə Ələt-Bakı maqistral yolu istiqamətində törətdiyi yol nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin zərbədən havaya qalxaraq yolun əks tərəfinə düşməsi və həmin anda yolun əks tərəfi ilə hərəkətdə olan sedan tipli naməlum avtomobil onun üzərindən keçərək çıxıb getdiyi, piyadanın onun avtomobili ilə vurduğu zərbədən deyil, naməlum avtomobilin onun üzərindən keçməsi nəticəsində öldüyünü güman etdiyi barədə ifadəsində göstərdiyi xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun özünü qismən təqsirli bilməsi barədə heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlarla bağlı ibtidai istintaq zamanı ətraflı araşdırma aparılmış, əməliyyat axtarış tədbirləri keçirilmiş, ətrafda yaşayan sakinlər, fəaliyyət göstərən obyektlər və sair şəxslər arasında sorğular aparılmış, obyektlərdə video görüntülərə baxış keçirilmiş, təxirə salınmaz TŞ video görüntülərinə baxış keçirilmiş, lakin müsbət nəticə olunmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş piyadanın əks yolda üzərindən hər hansı bir avtomobilin keçməsi faktı öz təsdiqini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 Qaradağ rayon şöbəsinin məhkəmə tibbi eksperti X10 tərəfindən aparılmış zərərçəkmiş şəxs X5 meyitinin məhkəmə-tibbi ekspertizasının 17 iyun 2021-ci il tarixdə 51 nömrəli ekspert rəyi və həmin ekspertin şahid qismində dindirilərkən verdiyi ifadəsi əsasında X5 aldığı xəsarətlərin Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hissəsi ilə vurulması və zərbədən havaya qalxaraq baş nahiyəsi ilə asfalt yola çırpılması nəticəsində yarana biləcəyi öz təsdiqini tapmışdır. Həmçinin onun meyitinin müayinəsi zamanı onun başı üzərində, bədən səthində, paltarlarında hər hansı bir təkər, protektor izi və ya ona oxşar əlamətlər aşkar olunmamışdır. 05 avqust 2021-ci il tarixdə məhkəmə tibbi eksperti X10 şahid qismində dindirilmiş və verdiyi ifadəsində (İ cild, i.v 78-80) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X20 Qaradağ rayon şöbəsinin 17 iyun 2021-ci il tarixdə 51 nömrəli ekspert rəyini təsdiq edərək, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, X5 almış olduğu xəsarətlər sürücü Təqsirləndirilən şəxs göstərdiyi şəraitdə, yəni X5 üzərindən hərəkətdə olan avtomobilin təkərləri ilə keçməsi nəticəsində əmələ gəlməsi həqiqətə uyğun deyildir. Belə ki, X5 meyitinin müayinəsi zamanı onun başı üzərində, bədən səthində, paltarlarında hər hansı bir təkər, protektor izi və ya ona oxşar əlamətlər aşkar olunmamışdır. M.Z.Hüseynovun almış olduğu xəsarətlər fotoşəkildə göstərilən “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sol hissəsi ilə piyada M.Hüseynovun vurulması və zərbədən havaya qalxaraq baş nahiyəsi ilə asfalt yola çırpılması nəticəsində yara bilərdilər. Hansı ki, həmin xəsarətlər M.Z.Hüseynovun ölümünə səbəb olmuşdur. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdə şahid qismində əlavə olaraq dindirilərkən ifadəsində hadisə baş verərkən faktiki olaraq vurduğu piyadanın havaya qalxaraq yolun əks tərəfinə düşməsini və üzərindən markasını və dövlət qeydiyyat nişanını görmədiyi sedan tipli avtomobilin keçməsini gördüyünü, lakin hava qaranlıq olduğundan və həmin an çox həyəcanlı olduğu üçün piyadanın hansı tərəfi ilə asfalt yola düşməsini, həmin naməlum avtomobilin piyadanın üzərindən dəqiq hansı şəraitdə keçməsini görmədiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla, öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmişdir və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun ittihamda qeyd olunan cinayəti törətməkdə tam təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolu, hadisə yerinin sxemi, foto şəkilləri, “Mitsubishi Pajero” markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil, məhkəmə tibbi, eləcə də yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işdə olan digər toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini həm ibtidai araşdırma zamanı həm də məhkəmədə qismən etiraf etməsini, əməlindən səmimi olaraq peşmançılıq hissi keçirməsini (CM 59.2), himayəsində bir azyaşlı və bir yeni doğulmuş uşağının olmasını (CM-59.1.4), cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanı ödəyərək (59.1.13), zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM- 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncunun ona qarşı şikayət və tələbi olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), eləcə də CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı (CİM- 67.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı (CPM- 353.4.12), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X16 işə qoşularaq ibtidai istintaq dövründə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-335/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-335/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver