Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-336/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, İİ Qarabağ Müharibəsi iştirakçısı, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ”həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 20.03.2021-ci il tarixdə saat 21:50-də DİNnin ƏÇPA-nin əməkdaşları tərəfindən Qaradağ rayon Lökbatan qəsəbəsində fəaliyyat göstərən Binə TM-nin qarşısında saxlanılaraq Qaradağ RPİ-nə gətirilmiş, orada 21.03.2021-ci il tarixdə saat 02:40-da video çəkilişlə və müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə aparılan əyinində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə həmin təmiz çəkisi 0,287 qram olan qəhvəyii rəngli maddə küstar üsülla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanmamışdan təxminən 10 gün əvvəl Beyləqan rayonunun mərkəzində olan vaxt istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən hal-hazırda xatırlamadığı və adını bilmədiyi şəxsə zəng edib şəxsi istifadəsi üçün kakos, yəni narkotik vasitə heroin istəmişdir. Həmin tanımadığı şəxs də özündə kakos olduğunu və bir bükümünü 7 manata satdığını demişdir. O, da onunla razılaşıb hal-hazırda xatırlamadığı telefon danışığı zamanı ona dediyi yerə, yəni Beyləqan rayon mərkəzində yerləşən bazarın yaxınlığında olan tullantı yerinə gedib narkotik vasitə olan heroini oradan götürməli olduğunu demişdir. Bundan sonra həmin gün o, Beyləqan rayon mərkzəində yerləşən bazara getmiş, bazarın yaxınlığında olan tullantı yeşiyinin altında olan bir ədəd siqaret qutusunun falqasına bükülmüş bükümü götürmüş və həmin yerə 7 manat pul qoymuş, sonra bükümü cibinə qoyduqdan sonra oradan uzaqlaşıb getmişdir. Həmin vaxt o, tək olmuşdur. 20.03.2021-ci il tarixdə Beyləqan rayonundan olan tanışı Şahid1 ilə birlikdə gəzmək məqsədilə Bakı şəhərinə gəlmişdir. Axşam saatlarında Qəribin idarə etdiyi Vaz 21011 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə Qaradağ rayonu, Binə ticarət mərkəzinin yaxınlığı gəlmişlər, orada avtomobil işləmədiyinə görə dayanmışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları polis şöbəsinə dəvət etmişdilər.Onlar polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nə gəlmişdir. Qaradağ RPİ-də onun üzərində şəxsi axtarış keçirimişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qadağan olunmuş əşya olub-olmadığı soruşulmuşdur. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan tərəfində olan kiçik ölçülü cibində olan, Beyləqan rayonunda tanımadığı şəxsdən 7 manata şəxsi istifadəsi üçün aldığı bir ədəd siqaret qutusunun falqasına bükülmüş bükümü müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə təqdim etmişdir. Həmin bükümün içərisində çəkisini bilmədiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, valdeyinlərinin onun baxımına ehtiyac olmasını, könüllü olaraq İİ Qarabağ müharibəsində iştirak etməsini nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X8 X3 polis nəfəri işləyir. 20.03.2021-ci il tarixdə saat 21:50-də Qaradağ rayonu Binə ticarət mərkəzinin qarşısında xidmətdə olarkən qaranlıq yerdə qırmızı rəngli Vaz-21011 markalı dövlət qeydiyyat nişanı 23BC846 olan avtomaşının durduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmək istəyərkən sağdakı vətəndaş düşüb avtomaşından qaçmaq istəyərkən onlar dərhal həmin şəxsi saxlayıb qaçmağa mane olmuş, həmin şəxslərin hərəkəti onlarda şübhə doğruduğu üçün həmin sürücünü və qaçmaq istəyən şəxsi saxlayıb öz idarə etdikləri avtomobilləri ilə birlikdə Qaradağ RPİ-nə gətirib təhvil vermişdirlər. Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqda həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəızifəsində işləyir. 20.03.2021-ci il tarixdə DİN-in ƏÇPA-nın 10-cu PB-nün əməkdaşları polis nəfərləri Şahid2, Şahid4 və Hacıyev X6 RPİ-nə raprotla müracət edərək, 20.03.2021-ci il tarixdə saat 21:50-də Qaradağ rayonu Binə ticarət mərkəzinin qarşısında xidmətdə olarkən qaranlıq yerdə qırmızı rəngli Vaz-21011 markalı dövlət qeydiyyat nişanı 23BC846 olan avtomaşının durduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmək istəyərkən sağdakı vətəndaş düşüb avtomaşından qaçmaq istəyərkən onlar dərhal həmin şəxsi saxlayıb qaçmağa mane olduqlarını və həmin şəxslərin hərəkəti onlarda şübhə doğruduğu üçün həmin sürücünü və qaçmaq istəyən şəxsi saxlayıb öz idarə etdiyi avtomobilləri ilə birlikdə Qaradağ RPİ-nə gətirib təhvil verdiklərini bildirmişlər. Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqda həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olduğu müəyyən edilmişdir. 21.03.2021-ci il tarixdə saat 01:28 radələrində onun və digər polis əmədaşlarının, müdafiəçi X1 iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ tərəfində yerləşən, kiçik ölçülü yan cibindən bir ədəd siqaret qutusunun kağız kəsiyinə (falqasına) bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos (heroin) olduğunu, həmin kakosu təxminən 10 gün bundan əvvəl Beyləqan rayonunda tanımadığı şəxsdən 07 (yeddi) manata istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun kağız kəsiyinə bükülmüş büküm açılmış, bükümün içərisində qəhvəyi rəbgli. Narkotik vasitə heroin kütləsinə bənzər kütlə aşkar edilmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qızılı rəngli “Huavei” markalı və bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Bir ədəd qızılı rəngli “Huavei” markalı və bir ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusunun kağız kəsiyinə yığılmış narkotik maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (Zərflər üçün) 46 saylı möhürü ilə möhürlənərək götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-ə bilavasitə tabe olan X8 X3 polis nəfəri Şahid3 və X8 X3 polis nəfəri Şahid4 digər Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid7 iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid7 məhkəmə iclasında dindirilmiş digər Şahid5 ifadəsi ilə eyni məzmunlu ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid6 məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 21 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 12) Şəxsi axtarış və götürmə aparılması haqqında 21 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Rəşad Balakişiyevə könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki qara rəngli cins şalvarının sağ tərəfində yerləşən, kiçik ölçülü yan cibindən bir ədəd siqaret qutusunun kağız kəsiyinə (falqasına) bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos (heroin) olduğunu, həmin kakosu təxminən 10 gün bundan əvvəl Beyləqan rayonunda tanımadığı şəxsdən 07 manata istifadə məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun kağız ksəiyinə bükülmüş büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsinəə bənzər kütlə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusunun kağız kəsiyinı yığılmış narkotik maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəflərindən 01 ədəd kağız zərfdə qablaşdırılıb DİN-in “Zərflər üçün” 46 saylı möhürü ilə möhürlənərək götürülmüş, əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd qızılı rəngli “Huavei” markalı və bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. (i.v. 25-26) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 mart 2021-ci il tarixli, 6/1145 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.287 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,287 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,237 qram. Ekspertiza tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. (i.v. 32-35) Maddi sübut kimi tanımaq haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə qəhvəyi rəngli maddə narkotik vasitə - heroin- təmiz çəkisi 0.287 qram hesablanmalı, aparılmış məhkəmə kimyəvi ekspertizası nəticəsində tədqiqata sərf edilmiş 0.05 qram nəzərə alınmaqla, qalıq- 0.237 qram; iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə verilməsi qərara alınmışdır. (i.v. 45-46) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01.04.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 30.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 48-49) Bakı Hərbi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 1(093)-46/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 yanvar 2018-ci il tarixdən hesablanmışdır. (i.v. 135-143) 22 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun 22 mart 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, o həbsdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 81-82) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 4(002)-116/2021 nömrəli qərarından görünür ki, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində 02 ay 09 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 118-124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 25 iyun 2021-ci il tarixli, 2018 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 125-126) Sübutların qiymətləndirilməsi barədə 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 22.03.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0.287 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və 0.237 qram qalığı saxlanılması üçün Qaradğ RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk sübut növü kimi tanınmış, cinayət işinin materiallarına əlavə olunmuş, onun əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyn etmək məqsədilə cinayət işindən material ayrılmış və əməliyyat axtarış tədbrilərinin davam etdirilməsindən ötrü aidiyyəti üzrə Qaradağ RPİ-nin 10-cu PB-nə göndərilmiş, işdə olan şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir.(i.v. 156- 160) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 4(002)- 175/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş AO ******* nömrəli Hərbi Biletdən görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuş, N dekabr 2020-ci il tarixdə təxris olmuş, Zəngilan və Qubadlının müdafiəsi və mühafizəsində iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 1(093)-46/2018 nömrəli hökmü ilə təyin edilmiş cəzasını 30 dekabr 2019-cu il tarixdə çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmin müddətdən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən onun 21 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), onun 22 iyun 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 iyun 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 40 (qırx) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 mart 2021-ci il tarixdən 22 mart 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın.. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,237 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81.82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi vaxtdan) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-336/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-336/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver