Məhkəmə qərarları › İş №1(002)-34/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-34/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-34/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 09 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin X1 və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən saat 01:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Əminə” marketin yaxınlığında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək 09 sentyabr 2022-ci il tarixdə saat 09:10 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd çəhrayı rəngli kağızdan olan bükülüdə ümumi təmiz çəkisi 0,527 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının 8-də saat Bakı şəhərində 28 May metrosu yaxınlığında bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxsin narkotik istifadə etdiyini bilmiş və həmin adamdan xahiş etmişdir ki, 5 manat pulu var, bu pula düşən şüşə tapsın. Həmin şəxs pulu götürüb bir neçə dəqiqədən sonra qayıtmış və ona kağıza bükülmüş büküm vermiş, həmin bükümdə bir dəfə istifadə üçün patı olduğunu demişdir. O, bundan sonra avtobusa minib yaşadığı Lökbatan qəsəbəsinə qayıtmışdır. Avtobus dayanacağında düşüb yaşadığı evə gedərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməyini istəmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər, o, narkotik istifadəçisi olduğunu etiraf edib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə gəlmişdir. Bölmədə üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan bir ədəd çəhrayı rəngli kağıza bükülmüş bükümdə “patı” adlanan narktoik vasitə çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin “patı” adlanan narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən 5 manata aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Evlidir və himayəsində ikir azyaşlı uşağı vardır.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 01:00 radələrində Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibatı ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində “Əminə” marketin yaxınlığında bir nəfər şəxsin narkotik sərxoşluğundan şübhələnib həmin şəxsə yaxınlaşaraq özlərini və polis əməkdaşı olduqlarını təqdim etmiş, həmin şəxsdən adını, soyadını,atasının adını və üzərində hər hansı qadağan olunmuş əşya və ya predmet olubolmadığını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunması üçün əlaqə saxlanılsa da, müdafiəçinin gec olduğundan gələ bilməyəcəyi, səhər saatlarında gələcəyi bildirilmişdir. Buna görə də onlar gecəni Təqsirləndirilən şəxslə PB-də keçirmişlər. Səhər saatlarında dəvət olunmuş müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən çəhrayı rəngli kağıza bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açılarkən içərisində ağ rəngli, iysiz, duz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “patı” olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində 28 may metrosunun qarşısında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 5 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İş materillarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında videogörüntü olan CD diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X3 iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd çəhrayı rəngli kağıza bükülmüş bükümü təqdim edir.Bundan sonra onun üzərində axtarış aparılır və heç bir əşya aşkar edilmir.Daha sonra həmin büküm açılır, bükümün içərisindən qəhvəyi rəngli, toz şəkilli maddə aşkarlanır. Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşanda bildirir ki, bükümün içərisində şüşə vardır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyulur, üzəri iştirakşılar tərəfindən imzalanaır və sonradan möhürlənir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli 6/5008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,527 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materillarında olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin xx.xx.2022-ci il tarixli 5177 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təndiqi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.527 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,447 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,447 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 01 (bir) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış çəkisi 0,447 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul X3, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar