Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-34/2025 12.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1970-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Sığırlı Ə/D, Sığırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs satmaq üçün İran İslam Respublikasından 15.000 ABŞ dolları dəyərində nektarin meyvəsi göndərəcəyinə dair yalandan vəd verib aldadaraq əvvəlcədən meyvənin pulunun yarısının tələb olunduğunu bildirərək Zərərçəkmiş şəxsla sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” Ticarət Mərkəzində işləyən tanışı Şahid1 özünün göndərəcəyi adamın 7500 ABŞ dolları məbləğində pulu götürəcəyi barədə razılaşmış, 09 avqust 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan cinayətdən xəbərsiz tanışının vasitəsilə “Meyvəli” Ticarət Mərkəzində işləyən Şahid1 Zərərçəkmiş şəxs məxsus həmin dövrün məzənnəsi ilə 12750 manat təşkil edən 7500 ABŞ dolları məbləğində pulu alıb faktiki olaraq həmin andan etibarən sərəncam vermək imkanı əldə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 2022-ci ilin iyul – avqust aylarında tanışı X5 onun mobil telefonuna “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng etmiş, söhbət əsnasında onu Zərərçəkmiş şəxs ilə tanış etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs onun istifadəsində olan +**********15 saylı mobil telefonunun “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə zəng vurub ondan nektarin meyvəsi ilə bağlı maraqlanmış, o da Zərərçəkmiş şəxs nə qədər nektarin meyvəsi istədiyini soruşduqda sonuncu ona 15.000 ABŞ dolları dəyərində nektarin meyvəsi almaq istədiyini demişdir. O, Zərərçəkmiş şəxs İrandan 15.000 ABŞ dolları dəyərində nektarin meyvəsini maşınlara yüklətdirəcəyini, sifariş etdiyi meyvənin pulunun yarısını 7500 ABŞ dolları ilkin ödəniş kimi ödəməli olduğunu demiş, Zərərçəkmiş şəxs onunla razılaşmış və bank yolu ilə onun İran İslam Respublikasında meyvə sifariş edəcəyi İran vətəndaşının adına 8500 manat pul göndərmişdir. Nektarin meyvəsini alıb qablaşdırdıqdan sonra məhsulun Azərbaycan Respublikasına göndərilməsi üçün tam dəyərinin ödənilməsini Zərərçəkmiş şəxs zəng vasitəsilə bildirmişdir. Hətta Zərərçəkmiş şəxsla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə dəfələrlə video görüntü ilə danışmış və Zərərçəkmiş şəxs nektarin meyvəsini maşınlara yığdığını göstərmişdir. Telefon danışığı zamanı Zərərçəkmiş şəxs ona nektarin meyvəsini X7 Postundan keçən kimi qalan məbləği ödəyəcəyini demişdir. O da Zərərçəkmiş şəxs sözünü meyvə aldığı İran İslam Respublikasının vətəndaşına demiş, lakin sonuncu bu qayda ilə razılaşmayaraq məhsulun pulu tam köçürüldükdən sonra Azərbaycan Respublikasına göndərəcəyini bildirmişdir. Yaranmış, narazılıqdan sonra Zərərçəkmiş şəxs ondan nektarin meyvəsini istəməmiş və pulunu geri qaytarmağı tələb etmişdir. Buna baxmayaraq İslamın pulunu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs, məhkəmədən qərar qəbul edərkən arvadının xəstə olmasını, ağciyər serrozu xəstəliyindən əziyyət çəkməsinin, həmçinin övladlarının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ildə tanışı X5 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, 2022-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “Whatsapp” proqramı üzərindən zəng vurmuş, ondan nektarin meyvəsi ilə bağlı maraqlanmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına keyfiyyətli nektarın meyvəsi göndərdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dediklərinə güvənməmiş, bu səbəbdən sonuncu ona Meyvəli bazarında işləyən Aqil adlı şəxslə yaxşı münasibəti olduğunu, onunla video görüntü ilə üçlü konfrans yaradıb danışmağı təklif etmiş, həmçinin dayısının Şahid2 olduğunu bildirmişdir. O da həmin şəxsləri tanıdığından Təqsirləndirilən şəxs inamı yaranmış və sonuncuya 15000 ABŞ dolları dəyərində nektarin meyvəsi almaq istədiyini demişdir. M.T.X8 Respublikasından 15000 ABŞ dolları dəyərində Nektarin meyvəsini maşınlara yüklətdirəcəyini bildirmiş və onlar ilkin olaraq buna görə 7500 ABŞ dolları ödəməyi və maşınların X7 Postundan keçdikdən sonra qalan 7500 ABŞ dolları verəcəyini razılaşmışlar. Danışıq zamanı Təqsirləndirilən şəxs ona Rəfael adlı bir nəfər tanışının nömrəsini verərək həmin şəxslə əlaqə saxlayıb 7500 ABŞ dolları pulu həmin şəxsə verməli olduğunu demişdir. 09 avqust 2022-ci il tarixdə o, Meyvəli TM-də onunla şərik olan tanışı Şahid1 zəng edərək bildirmişdir ki, “yanına bir nəfər şəxs gələcək, mənə məxsus olan puldan 7500 ABŞ dolları ona verərsən.” Şahid1 da həmin gün Təqsirləndirilən şəxs göndərdiyi Rəfael kimi bildiyi şəxsə 7500 ABŞ dolları pulu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona “Whatsapp” proqramı vasitəsi ilə 7500 ABŞ dolları pulun ona çatması barədə səsli mesaj göndərmiş və bildirmişdir ki, iki gün ərzində nektarin meyvəsini Azərbaycan Respublikasına göndərəcəkdir. İki gün sonra Təqsirləndirilən şəxs zəng vurub bildirmişdir ki, artıq nektarin meyvəsini maşınlara yüklətdirir, lakin İran İslam Respublikasının başqa şəhərində daha yaxşı nektarin meyvəsi satıldığı üçün, həmin məhsula baxmaq üçün getdiyini, həqiqətən yaxşı olacağı təqdirdə oradan alıb göndərəcəyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs şəkillərini göndərdiyi məhsuldan alıb göndərməsini bildirmişdir. Daha sonra Mehmana zəng vurub nektarin meyvəsini göndərib göndərməməsi ilə maraqlananda Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng çatmamışdır. O, Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etmiş, lakin buna baxmayaraq sonuncu hər dəfə telefon danışığında onu aldadaraq pulunu tez bir zamanda qaytaracağını bildirsə də nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və buradə hüquq mühafizə orqanlarına müraciət etmişdir. O, öz ifadəsində son olaraq şikayətçi olduğunu və ona vurulmuş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzinə topdan meyvə-tərəvəz satır. Zərərçəkmiş şəxs ilə birgə gördükləri iş sayəsində tanışlığı olsa da Təqsirləndirilən şəxs tanımamışdır. 09 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng vurub bildirmişdir ki, onun yanına gələcək şəxsə özünə məxsus puldan 7500 ABŞ dollarını təhvil versin. O da Zərərçəkmiş şəxs dediyi kimi, həmin gün saat 15 radələrində onun yanına gələn tanımadığı şəxsə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” Ticarət Mərkəzində 7500 ABŞ dolları vermis və sonra bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. Eyni zamanda Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs eşitmişdir ki, 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 15000 ABŞ dolları dəyərində nektarin meyvəsi göndərməsi barədə razılaşmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 7500 ABŞ dolları pul göndərmiş, M.T.X8 Respublikasında nektarin ticarətilə məşğul olan şəxsə həmin pulu təqdim etmiş, sonradan Zərərçəkmiş şəxs pulun qaytarılmasını tələb etdikdə Təqsirləndirilən şəxs qaytara bilməmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, CM-nin 178.2.4cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 41-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan və 1-ci cildinin 42-43-cü vərəqələrində olan 1 ədəd CD-R formatlı disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən səs yazıları olan 01 ədəd CD-R formatlı disk təqdim edilmişdir. Həmin 01 ədəd “CD-R” fomatlı disk ağ rənglidir. Həmin diskdə 5 ədəd səs yazısı mövcud olmaqla həmin səs yazıları olan faylların üzərində WhatsApp Audio 2023- 10-30 sözləri yazılmışdır. Baxış zamanı məlum olmuşdur ki, səs yazılarında danışan şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsdur, tərəflər arasında nektarin meyvəsinin alınması və pulun ödənilməsi ilə bağlı danışıqlar aparılmışdır. Diskə baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, diskdəki səs yazılarını ona Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə WhatsApp proqramından göndərmişdir. Həmin səs yazılarında danışan şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin 1-ci cildinin 55-56-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 80-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 81-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs axtarış tədbirləri nəticəsində yeri müəyyən edilib tutulanadək dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsində olan axtarışda olanın tutulması ilə bağlı xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da tutularaq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təqdim edildiyindən təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 103-104-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 18:00-da tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 124-125-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək (saat 10:00-da) ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 149-158-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 159-161-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 179-180-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək tutulması və onun yeri müəyyən edilərək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 182-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 185-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü qaydada istintaqa gəlmişdir. Cinayət işinin 1-ci cildinin 186-187-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs könüllü olaraq Qaradağ RPİ-yə gəldiyindən təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 191-200-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd CD disk disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 1-ci cildinin 202-203-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, zərərçəkmiş şəxs tərəfindən məhsulun tam dəyərinin ödənilməməsi səbəbindən razılaşmanın baş tutmaması barədə qeyd etdikləri müdafiə xarakterli olmaqla məsuliyyətdən yayınmaq məqsədi ilə bağlıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş maddi sübüt CD diskə əlavə olunmuş səs yazılarından da göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulun müqabilində əvvəlcədən vəd etdiyi məhsulu göndərməkdən və əldə etdiyi pulu geri qaytarmaqdan boyun qaçırır. Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməməsini zərərçəkmiş şəxs tərəfindən məhsulun dəyərinin tam ödənilməməsi ilə əlaqələndirsə də, lakin bu halı zərərçəkmiş şəxsin üzünə qarşı məhkəmə iclasında deyə bilməmiş, bundan əlavə həmin faktla bağlı hər hansı sübüt təqdim etməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti olaraq cəza təyin edilməlidir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Müdafiəçi2 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd CD disk disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd CD disk disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-34/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-34/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver