Məhkəmə qərarları › İş №1(002)-340/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-340/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-340/2023 16.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan) , orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qup şəxs halında, etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki o, özgənin əmlakını ələ keçirmək niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Həsən” adlı tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs etibarından sui istifadə edib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.1-ci maddələri ilə təqsirli bilinib 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X1nu hüquq-mühafizə orqanlarında olan tanışlarının vasitəsilə vaxtından əvvəl həbsdən azad etdirmək imkanına malik olması barədə qəsdən yalan məlumat verib aldadaraq 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında 4200 (dörd min iki yüz) manat, 22 mart 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səbail bağları massivində 2000 (iki min) manat məbləğində pul vəsaitini alaraq, habelə 24 mart 2022-ci il tarixdə “Leo Bank” tərəfindən adına verilmiş 4098 5844 5001 1604 nömrəli kartın hesabına 2000 (iki min) manat, 22 aprel 2022-ci il tarixdə həmin kartın hesabına 200 (iki yüz) və 300 (üç yüz) manat olmaqla 500 (beş yüz) manat, 27 aprel 2022-ci il tarixdə həmin kartın hesabına 1250 (bir min iki yüz əlli) manat, 03 may 2022-ci il tarixdə həmin kartın hesabına 100 (bir yüz) manat məbləğində pul vəsaitlərinin köçürülməsinə nail olaraq, eləcədə 08 may 2022ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Səbail bağları massivində 4900 (dörd min doqquz yüz) manat məbləğində nağd pul vəsaitini alaraq vahid niyyətlə əhatə edilən qəsdlə ümumilikdə 14950 (on dörd min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, Şahid1 ilə iki il olar ki, tanış olmuşdur. 2022-ci ilin aprel ayında sonuncu ona bir nəfər tanışının qardaşının həbsdə olduğunu demişdir. Həmin şəxsi onunla tanış etmiş, adının Rəşad olduğunu və qardaşının azadlığa çıxmasında köməyə ehtiyacının olduğunu bildirmişdir. O da Şahid1 dediyi Zərərçəkmiş şəxs ilə görüşmüş, problemi ilə əlaqədar Zərərçəkmiş şəxs onun yaşadığı Qobustan qəsəbəsi, Səbail bağları massivində və Nəsimi rayonu Şamaxinka adlanan ərazidə bir neçə dəfə 4 min və 2 min manat pul almış, bəzən isə Rəşad onun “Leobank” plastik kartına pul vəsaitləri göndərmişdir. İlk dəfə 6000 manat pulu 2022-ci ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs ona Şamaxinka adlanan ərazidə Şahid1 iştirakı ilə vermişdir. Bundan 3-4 gün sonra Qobustan qəsəbəsi, Səbail bağları adlanan ərazidə Zərərçəkmiş şəxs ona 2000 manat pul vermişdir. Zərərçəkmiş şəxs ona 6200 manat pul verdikdən sonra yenə də əlavə pul istəmiş sonuncu da onun “Leobank” plastik kartına 2000 manat pulu Qobustan qəsəbəsindən emanat terminalı vasitəsilə göndərmişdir. Beləliklə, Zərərçəkmiş şəxs qalan pulları hissə-hissə onun plastik bank kartına göndərmiş, sonuncu məbləğ 4900 manatı isə 2022-ci ilin may ayının sonlarında Qobustan qəsəbəsində sonuncuya məxsus avtomobildə təhvil almış, lakin vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, o cümlədən himayəsində bir azyaşlı uşağı olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 əvvəllər bərabər işlədikləri "xxxx" QSC-dən tanıyır. Təqsirləndirilən şəxs isə o, 2022-ci ilin mart ayında Şahid1 vasitəsilə tanımışdır. X1 məhkəmənin hökmü ilə 11 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitiensiar Xidmətin 1 saylı CÇM-də çəza çəkir, onun azadlığa çıxması üçün çalışmış, bu səbəbdən Şirvan Apelyasiya Məhkəməsinin sonuncu qərarından kassasiya şikayəti vermişdir. Bu ərəfədə onun keçmiş iş yoldaşı Ş.T.Musayev qardaşının azadlığa çıxmasında köməklik göstərə biləcək Əli adlı dostunun olduğunu demiş və onların danışmasını təşkil etmişdir. Onlar ilk dəfə Təqsirləndirilən şəxs ilə Şahid1 vasitəsilə 2022-ci ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə görüşmüşlər. Təqsirləndirilən şəxs ona 6000 (altı min) manat verdiyi halda qardaşının bir ay ərzində azadlığa çıxacağını, bu işi tanışı vasitəsilə həll edəcəyini bildirmişdir. Qardaşının azadlığa çıxması üçün o, Təqsirləndirilən şəxs ilk dəfə 6000 manat pulu 2022ci ilin mart ayının ortalarında Şamaxinka adlanan ərazidə Şahid1 iştirakı ilə təqdim etmişdir. Bundan 3-4 gün sonra yaşadığı Qobustan qəsəbəsi, Səbail bağları adlanan ərazidə 2000 manat pul vermişdir. O, Şəhriyara 6200 manat pul verdikdən sonra da hissəhissə onun “Leobank” plastik kartına 24 mart 2022-ci ildə 2000 manat, 22 aprel 2022-ci ildə iki dəfəyə 300 və 200 manat, 2022-ci ilin aprel ayının 27-də 1250 manat pul göndərmişdir. Həmçinin o, Təqsirləndirilən şəxs təqdim etdiyi Həsən adlı şəxslə görüşmüş, sonuncu ona qardaşının problemi ilə bağlı köməklik göstəriləcəyini, bunun üçün isə 5000 manat verməli olduğunu demişdir, lakin o, Həsən adlı şəxsə pul təqdim etməmişdir. 2022ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs Qobustan qəsəbəsində özünə məxsus avtomobildə 4900 manat pul vermişdir. Təqsirləndirilən şəxs vəd verdiyi köməkliyi göstərmədiyini, mobil telefonuna zəng çatmadığını gördükdə onun barəsində hüquq mühafizə orqanına şikayət etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qardaşının azadlığa çıxması üçün Təqsirləndirilən şəxs tərəfindən ondan hissə-hissə alınmış 14950 manat məbləğin 2300 manatını o, özü ibtidai istintaq müddətində, yerdə qalan hissəsini isə məhkəmə istintaqı dövründə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, barışmışlar. Qeyd etdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla eyni zavodda işlədikləri üçün onun qardaşının azadlıqdan məhrumetmə cəzası çəkdiyini bilmişdir. Təqsirləndirilən şəxs isə eyni növ problemi olan şəxslərə köməklik göstərməsi barədə məlumatı olmuşdur. Bu səbəbdən onları tanış etmiş, onlar birlikdə görüşmüş və Zərərçəkmiş şəxs onun yanında Təqsirləndirilən şəxs 6000 manat pul vermişdir. Onların sonrakı görüşlərində isə o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs eyni növ problemi olan şəxslərə köməklik göstərməsi barədə məlumatlı olmasına baxmayaraq, konkret kimlərə köməklik göstərməsi barədə məlumatı yoxdur. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Şahid2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, Şahid1 onun xalasının əridir. Həmçinin, o, Zərərçəkmiş şəxs və Şahid1lə birlikdə Qobustan qəsəbəsində yerləşən “L Metal+” zavodunda işləmişlər. Təqsirləndirilən şəxs o, Şahid1 vasitəsilə tanımış, O, Zərərçəkmiş şəxs qardaşı Adəm İmanovun azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bilmişdir. 2022-ci ilin mart ayında Şahid1 ona dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs onların yaşadıqları Qobustan qəsəbəsinə gəlmiş, onlar Şahid1lə bərabər Zərərçəkmiş şəxs evinin qarşısında görüşmüşlər. Onun yanında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 2000 manat pulu qardaşının azadlığa çıxarılması üçün vermiş, sonuncu da Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə qardaşının azadlığa çıxmasında köməklik göstərcəyini demişdir. Bundan sonra o, eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hissə-hissə 15 min manata yaxın pul almış, lakin vədinə əməl etməmişdir. Bununla bağlı Şahid1 dəfələrlə telefonda Təqsirləndirilən şəxslə danışaraq pulu qaytarmasını deməsinə baxmayaraq, faydası olmamışdır Cinayət işinin 1-ci vərəqəsində olan 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 15-21-ci vərəqələrində olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs adına olan “Leo Bank” plastik kartına xx.xx.2022-ci il tarixdə 2000 manat və 2200 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 300 manat və 200 manat, xx.xx.2022-ci il tarixdə 1250 manat, xx.xx.2022-ci il tarixdə 100 manat pul köçürülmüşdür. Cinayət işinin 46-47-ci vərəqələrində olan 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində tutulmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 66-70-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-də icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. Cinayət işinin 78-79-cu vərəqələrində olan 26 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(saat 15:35) Cinayət işinin 92-93-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 94-cü vərəqəsində olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi fotoşəkil və video görüntülərə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs “Leo Bank” plastik kartının fotoşəklini Zərərçəkmiş şəxs göndərməklə yanaşı, həmçinin 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında Zərərçəkmiş şəxs 4200 manat pul alır və həmin pul vəsaitini emanat terminalı vasitəsilə özünə məxsus “Leo Bank” kartına köçürür. Cinayət işinin 95-ci vərəqəsində olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi video görüntülərə baxış protokolundan görünür ki, 08 may 2022-ci il tarixdə avtomobilin içərisində bir nəfər üzü görünməyən şəxs 4900 manat məbləğində pulu sayıb başqa bir şəxsə verir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərin Bakı şəhəri, Qobustan qəsəbəsi, Səbail bağları massivində Zərərçəkmiş şəxs məxsus avtomobildə qeydə alındığını, 4900 manat məbləğində pulu sayıb verən şəxsin Rəşad, pulu alan şəxsin isə onun özü olmasını bildirir. Cinayət işində olan Zərərçəkmiş şəxs Adəm oğlunun istintaqa təqdim etdiyi səs yazılarının qeydə alındığı diskə baxış protokolundan görünür ki, bir nəfər kişi cinsinə mənsub olan və özünü prokurorluqda işləyən kimi təqdim edən “Həsən” adlı şəxslə Zərərçəkmiş şəxs Adəm oğlunun arasında sonuncunun qardaşının həbsdən azad edilməsi, bu məqsədlə beş min manat pulun verilməsi barədə söhbət aparılır. Zərərçəkmiş şəxs Adəm oğlu bildirir ki, həmin şəxsi onunla Təqsirləndirilən şəxs tanış etmiş və həmin şəxs özünü Təqsirləndirilən şəxs atasının dostu və prokurorluq əməkdaşı kimi təqdim edərək onun qardaşını tezliklə həbsdən çıxaracağını bildirir. Cinayət işinin 104-105-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli ********* nömrəli cinayət işi üzrə əməl CMnin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə müstəqil icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin 120-121-ci vərəqələrində olan 25 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(saat 14:05) Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023cü il tarixədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə yazılmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur, onlar barışmışlar. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq cinayət əməlinin törədilməsi faktı tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui istifadə etmə va aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdən halhazırki tarixədək həbsdə olduğu cəmi 02 ay 22 gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməli və seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 ibtidai istintaq dövründə 40 (qırx) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarında olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu cəmi 02 ay 22 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 5 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar