Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-341/2021 14.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Saatlı rayonu Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində daimi yaşayış yeri olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, 29 may 2021-ci il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi və yaşadığı binanın qarşısında saxladığı “Mercedes” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol nəfəsliyini əvvəlcədən özü ilə gətirdiyi burğacla açaraq avtomobilin salonundan 2100 manat nağd pulu, bir ədəd istifadə olunmuş hündürlüyü 19 sm olan dəyəri 2 manat təşkil edən qartal suvenirini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 2102 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 31 may 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi və yaşadığı evin qarşısında saxladığı “QAZ 3110” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ şüşəsini əvvəlcədən özü ilə gətirdiyi burğacla qıraraq avtomobildən 200 manat nağd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6-7 gün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən keçən Lökbatan-Xocasən yolunda Lökbatan qəsəbəsi istiqamətində yolun kənarında inşa edilən yeni tikililərdə 1 günü 19 manata fəhlə işləmişdir. 28 may 2021-ci il tarixdə işdə olan zaman gündəlik xərclərini və ailə üzvlərinin ehtiyacını qarşılamaq üçün pulu olmamışdır. Bu səbəbdən də, maddi ehtiyaclarını ödəmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. 28 may 2021-ci il tarixdə saat 18 radələrində iş vaxtı bitdikdən sonra o, Lökbatan qəsəbəsində məhəllələrdə gəzmək qərarına gəlmişdir. O, rahat oğurluq edə bilmək üçün havanın qaralmasını və küçədən insanların azalmasını gözləmişdir. Məhəllələrdə gəzən zaman dəqiq ünvanını xatırlamadığı binanın qarşısında dayanmış ağ rəngli dəqiq nömrəsini xatırlamadığı “Mercedes” markalı avtomobil onun diqqətini cəlb etmişdir. O, həmin avtomobilin yanından keçən zaman avtomobilin salonunda şitin üzərində olan qartal suvenirini görmüşdür. Həmin suvenirin bahalı olduğunu fikirləşmiş və maşından oğurluq etmək fikrini daha da qətiləşdirmişdir. Bundan sonra ətrafdan insanların getməsini gözləmiş və bunun üçün maşının saxlandığı küçəyə yaxın məhəllələrdə gəzmişdir. O, məhəllədən insanların tam yığışdığından əmin olduqdan sonra 29 may 2021-ci il tarixdə saat 05 radələrində maşının yanına gəlmiş, ətrafa bir daha nəzərə yetirərək, heç kimin olmadığına və ətrafda heç bir müşahidə kamerasının olmadığına əmin olmuşdur. Bundan sonra əvvəlcədən özü ilə gətirdiyi burğacla həmin “Mercedes” markalı avtomobilin qabaq sol nəfəslik şüşəsini sındırmadan çıxarmış, çıxardığı şüşəni isə maşının yanında yerə qoymuşdur. Həmin nəfəslikdən əlini maşının içərisinə salaraq sol qapının mexaniki olan şüşəsini aşağı salmışdır. Maşının qapısını açmadan maşının şitinin üzərində olan bir ədəd qartal suveniri, həmin suvenirin yanında olan öküz suvenirini götürmüşdür. Sonra isə maşının salonunda olan saxlanc yerini açmışdır. Həmin saxlanc yeri açarla bağlı olmamışdır. O, saxlanc yerindən bir ədəd pul kisəsini götürmüşdür. Sonra maşının ötürücü qutusunun yanından 3 manata yaxın olan qəpikləri götürmüşdür. Maşının pəncərəsini açdığı kimi bağlamış, lakin nəfəsliyin şüşəsini yerinə taxmamışdır. Maşından bir qədər kənarlaşdıqdan sonra pul kisəsini açıb içərisinə baxmış, həmin vaxt pul kisəsinin içərisindən pul olmadığını görmüşdür. Maşından oğurladığı pul kisəsinin içərisində yalnız maşına aid sənədlər olmuşdur. O, həmin pul kisəsini pul olmadığı üçün dayandığı yerdə qoymuşdur. Pul qabında sənədlər olduğundan qorxduğunudan geri qayıdıb sənədləri yerinə qoymayaraq, açıq bir yerə qoymuşdur ki, sahibi axtaran zaman sənədlərini tapa bilsin. Sonra maşından oğurladığı bir ədəd qartal suvenirini, həmin suvenirin yanında olan öküz suvenirini Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli məktəbin həyətinə tullamışdır. O, tutulduqdan sonra pul qabını və suvenirləri atdığı yeri polis əməkdaşlarına göstərmişdir. Onun Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurladığı əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür. O, həmin avtomobilin salonundan 2100 manat nağd pul oğrulamamışdır. Buna baxmayaraq ona qarşı irəli sürülmüş ittihamda onun tərəfindən nağd pul məbləğinin oğurlandığı göstərilmişdir. Avtomobilin salonunda 3 manata yaxın olan qəpiklərdən başqa pul məbləği olmamışdır. Bundan sonra o, birinci etdiyi oğurluqdan heç bir maddi gəlir əldə etmədiyi üçün yenidən oğurluq etmək qərarına gəlmiş, birinci oğurluq əməlini törətdiyi vaxtdan 2 gün sonra, yəni 31.05.2021-ci il tarixdə saat 18 radələrində iş vaxtı qutardıqdan sonra Lökbatan qəsəbəsində məhəllələrdə gəzmək qərarına gəlmişdir. O, yenə də havanın qaralmasını və küçədən insanların azalmasını gözləmişdir. Məhəllələrdə gəzən zaman dəqiq ünvanını xatırlamadığı binanın qarşısında dayanmış yaşıl rəngli “QAZ 3110” markalı avtomobil diqqətini cəlb etmişdir. O, ətrafda heç kəsin və heç bir müşahidə kamerasının olmadığına əmin olduqdan sonra özü ilə gətirdiyi burğacla həmin avtomobilin arxa sağ şüşəsini sındırmış, şüşə sındıqdan sonra avtomobilin qapısını açmış və avtomobilin salonunda axtarış etməyə başlamışdır. Lakin, həmin avtomobilin içərisində də, pul və başqa qiymətli əşya olmadığından oradan heçnə oğurlamamışdır. Buna görə də hesab edir ki, ona qarşı irəli sürülmüş ittiham həmin hissələrdə əsassızdır. Təqsirləndirilən şəxs sonda törətdiyi əməllərdən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, həmçinin ifadəsində göstərdiyi xüsusatları nəzərə alınıb, əməlinə düzgün qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Mercedes Sprinter” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Belə ki, o, həmin avtomobillə Azərbaycan Respublikasının müxtəlif rayonlarından mövsümə uyğun olaraq meyvətərəvəz gətirərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” Ticarət Mərkəzində satmaqla məşğul olur. İdarə etdiyi avtomobili isə mütəmadi olaraq yaşadığı ünvanın qarşısında saxlamışdır. 28.05.2021-ci il tarixdə o, idarə etdiyi “Mercedes Sprinter” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı maşını yaşadığı evin qarşısında saxlamışdır. 29.05.2021-ci il tarixdə saat 12 rələrində o, maşına yaxınlaşan zaman idarə etdiyi maşının qabaq sol nəfəsliyinin naməlum şəxslər tərəfindən çıxarıldığını görmüşdür. O, maşınının salonuna baxan zaman maşının salonunda olan ona məxsus pul kisəsinin salonda olmadığını görmüşdür. Həmin pul kisəsində 2100 manat pul və atası Məhərrəmə məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi olmuşdur. Sonra o, maşınından bir ədəd 200 manat dəyərində “Qartal” suvenirinin və maşın üçün nəzərdə tutulmuş, hadisədən bir gün əvvəl 20 manat aldığı bir ədəd maşının ətirinin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi barədə Qaradağ RPİ-nin 10-cu PB-nə məlumat vermişdir. Bundan başqa idarə etdiyi “Mercedes Sprinter” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobildən 15 manat dəyərində bir ədəd pul kisəsi, 2100 manat nağd pul, 200 manat dəyərində “Qartal” suveniri və 20 manat dəyərində maşın ətiri oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2335 manat dəyərində maddi ziyan dəymiş, idarə etdiyi “Mercedes Sprinter” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı maşının qabaq sol şüşəsinin çıxarılması nəticəsində ona 80 manat maddi ziyan dəymişdir. O, baş vermiş hadisə ilə bağlı 10-cu PB-nə ərizə və izahat verən zaman onun atası Məhərrəmə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi tapılmamışdır. Lakin ərizə verdiyi gün axşam saatlarında o, Lökbatan qəsəbəsində yerləşən 106 saylı məktəbin həyətində olan zaman atası Məhərrəmə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi tapılaraq, onlara təhvil verilmişdir. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, təxminən 6 ay olar ki, “QAZ 3110” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili hər zaman yaşadığı evin qarşısında saxlamışdır. 30 may 2021-ci il tarixdə saat 17 radələrində o, idarə etdiyi “QAZ 3110” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında saxlamışdır. 31 may 2021-ci il tarixdə saat 06:15-də evdən çıxıb işə gedən zaman avtomobilinin arxa sol şüşəsinin sındırıldığını və maşının dağınıq olduğunu görmüşdür. O, dərhal baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra avtomobilə baxış keçirmişlər və bu zaman avtomobilin saxlanc yerindən 200 manat pul oğurlandığını müəyyən etmişdir. Həmin pul məbləğindən başqa onun avtomobilindən heç bir əşya oğurlanmamışdır. Avtomobilinin şüşəsinin sınması nəticəsində ona 300 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 29 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin təhqiqatçısı, polis kapitanı X4, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Rəşad Cavadzadə, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş və müəyyən edilmişdir ki, hadisə yeri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 36 ünvanının qarşısıdır. Oğurluq olan avtomobil “Mercedes” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlıdır. Avtomobilin ön sol nəfəslik şüşəsi yerindən çıxarılaraq yerə qoyulmuşdur. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. Protokolun doğruluğu iştirak edən şəxslər tərəfindən imzaları ilə təsdiq olunmuşdur. (i.v. 7-11) 31 may 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Qaradağ RPİ-nin təhqiqatçısı, polis kapitanı X4 hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobildən oğurlanmış 02 ədəd suvenir Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və həmin əşyalara baxış keçirilərək götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd suvenir biri qartal formasındadır, alt hissəsi taxtadan, qartalın özü gipsdən hazırlanmışdır. Digər suvenir ətir qabına bənzəyir, qapağında öküz, alt hissəsi şüşədəndir. Qabın sağ tərəfində çin dilində hərflər yazılıb. Protokolun doğruluğu iştirak edən şəxslər tərəfindən imzaları ilə təsdiq olunmuşdur. (i.v.12) Baxış keçirilməsi haqqında 31 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin baş təhqiqatçısı, polis mayoru X9, Qaradağ RPİ-nin 10-cu PBnin CA üzrə polis baş leytenantı Rəşad Cavadzadə və Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 aid “Qaz 3110” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta sol yan şüşəsi sındırılıb. Baxış zamanı Zərərçəkmiş şəxs1 bildirdi ki, saxlanc yerindən 200 manat pul oğrulanıb. Baxış zamanı avtomobilin fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. Protokolun doğruluğu iştirak edən şəxslər tərəfindən imzaları ilə təsdiq olunmuşdur. (i.v. 20-22) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 39, 48-49) İfadənin yerində yoxlanması barədə 01 iyul 2021-ci il tarili protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X6 şübhəli şəxs Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini yerində dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılmasını keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən 36 saylı fərdi tikilinin qarşısına gəlmişlər. Qeyd olunan yerdə Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə saat 05 radələrində həmin fərdi tikilinin qarşısında dayanmış ağ rəngli “Mercedes” markalı yük maşınının qabaq sol şüşəsini əvvəlcə gətirdiyi burğacla yerindən şüşəsini sındırmadan çıxardığını, həmin maşının salonundan bir ədəd “Qartal” suvenirini, bir ədəd “Öküz” suvenirini, maşının ötürücü qutusunun yanında olan 3 manat qəpik pulu və maşının saxlanc yerindən bir ədəd pul kisəsini gizli yolla talayaraq oğurladığını, oğurladığı pul kisəsini, bir ədəd “Qartal” suvenirini, bir ədəd “Öküz” suvenirini Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı məktəbin həyətinə tulladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, massiv 7 ünvanında yerləşən 4B saylı fərdi tikilinin qarşısına gəlmişlər. Qeyd olunan yerdə, yəni Bakı şəhəri, Qardağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, massiv 7 ünvanında yerləşən 4B saylı fərdi tikilinin qarşısında dayanmış Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə dəqiq xatırlamadığı vaxtda həmin fərdi tikilinin qarşısında dayanmış yaşıl rəngli “Qaz 3110” markalı avtomobilin arxa sağ şüşəsini əvvəlcədən özü ilə gətirdiyi burğacla dındırdığını və avtomobildən heç bir əşya və nağ pul oğurlamadığını bildirmişdir. İfadənin yerində yoxlanılmasının fotoşəkilləri çəkilməklə protokola əlavə olunmuşdur. Protokolun doğruluğunu Təqsirləndirilən şəxs imzası ilə təsdiq etmişdir. (i.v. 77-82) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-106/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 108-109) İfadənin yerində yoxlanılması barədə 03 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X6 baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini yerində dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılmasını aparmış və bununla əlaqədar olaraq sonuncu ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı məktəbin qarşısına gəlmişlər və orada dayanaraq, məktəbin həyətinə daxil olmuşlar. Zərərçəkmiş şəxs2 məktəbin giriş qapısından sağ tərəfdə yerləşən ərazini göstərərək atası Məhərrəmə məxsus olan sürücülk və şəxsiyyət vəsiqəsini həmin yerdən tapdığını bildirmişdir. Protokolun doğruluğunu Zərərçəkmiş şəxs2 imzası ilə təsdiq etmişdir. (i.v. 117) Götürmə və baxış haqqında 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 X1 məxsus sürücülük və şəxsiyyət vəsiqəsi götürülərək protokol tərtib edilmişdir. (i.v. 121) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2021-ci il tarixli 9/5409 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların hazırki vəziyyətdə 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (i.v. 141-142) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 avqust 2021-ci il tarixli cavabından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 1(005)-230/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, əvvəli 21 aprel 2017-ci il tarixdən hesablanmaqla 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qərarı ilə cəzası 03 (üç) il 03 (üç) aya endirilmişdir. Təqsirləndirilən şəxs 21 iyul 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 152-163) Sübutların qiymətləndirilməsi barədə 21 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb olunmuş, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 180.1, 186 və 326-cı maddələrinin tərkib əlamətləri olmadığı üçün həmin maddələr ilə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 avtomobilindən oğurluq etməsi xüsusatına hissəvi xitam verilmiş, X2 01.06.2021-ci il tarixli qərarla tanınmış zərərçəkmiş şəxs statusuna xitam verilmişdir. İş üzrə X2 əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə üzrə cinayət təqibi rədd edilmişdir. İş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs oğruladığı və istintaq zamanı əldə olunmuş əmlakların qiyməti məhkəmə-əmtəəşünaslıq ekspertizasının müəyyən etdiyi orta bazar qiyməti ilə, digər əmlaklar və nağd pul isə zərərçəkmiş şəxslərin ifadələrinə əsasən götürülmüşdür. (i.v.) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-185/2021 saylı, 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 19 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. (i.v. 212-216) Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 05 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı hər hansı bir şikayəti, tələbi və iddiası yoxdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən təkrar oğurluq etməklə müvafiq olaraq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı tədqiq edilməklə hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı, o cümlədən məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyi, maddi sübutlar, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması protokolları və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxsin məhkəmədə özünü qismən təqsirli bilməsinə, yəni 29 may 2021-ci il tarixdə saat 05 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus avtomobilə qanunsuz olaraq daxil olduğu, lakin həmin avtomobildə nağd pul olmadığı və onun tərəfindən həmin avtomobildən 2100 manat nağd pul oğrulamadığı barədə ifadəsində göstərdiyi xüsusatlara münasibətdə məhkəmə hesab edir ki, onun özünü qismən təqsirli bilməsi barədə heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakterli olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir və məhkəmə istintaqı zamanı araşdırılmış digər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Onun cinayət əməlini törətməkdə tam təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan ifadələr, habelə, məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi, eləcə də ibtidai istintaq zamanı təyin olunmaqla keçirilmiş ekspertiza rəyi, üzləşdirmə protokolları, habelə iş üzrə keçirilmiş digər istintaq hərəkətlərinin protokolları belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs həmin müvafiq cinayət əməllərində təqsirliliyini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsip, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM- 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli, 1(005)-230/2017 saylı hökmü üzrə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (residivin olması) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 may 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1,158.6), Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qartal suveniri, 1 ədəd öküz suveniri və 1 ədəd pul qabının saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı (CPM-131), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə 65 (altmış beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 65 (altmış beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 390 (üç yüz doxsan) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 may 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qartal suveniri, 1 ədəd öküz suveniri və 1 ədəd pul qabının saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 65 (altmış beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 390 (üç yüz doxsan) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-341/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-341/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver