Məhkəmə qərarları › İş №1(002)-342/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-342/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-342/2021 02.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeyydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 16.05.2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” supermarketində heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edib cibindən çıxardığı bıçağı nümayiş etdirməklə sağa-sola fırladaraq həmin supermaketdə baş kassir işləyən Zərərçəkmiş şəxs1 və mühafizəçi işləyən Zərərçəkmiş şəxs2 xəsarət yetircəyi ilə hədələyərək xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Onun maddi vəziyyəti yaxşı olmadığından və evlərinə ərzaq almağa pulu olmadığı üçün qərara almışdır ki, oğurluq etsin. 16.05.2021-ci il tarixdə günorta vaxtı yaşadığı evdən çıxmış və həmin gün təxminən saat 16 radələrində o, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” supermarketinə daxil olmuşdur. Supermarketdə bir qədər gəzib yağ satılan yerə yaxınlaşıb piştəxtadan 1 kiloqramlıq 06 ədəd “Westqold” yağını götürüb səbətə qoyub supermarketin paltar satılan bölməsinə keçib yağları gödəkçəsinin içərisinə yığmağa başlamışdır. Bu zaman supermarketin bir nəfər işçisi ona yaxınlaşıb nə üçün yağı gödəkçəsinin içinə yığıb oğurlamağını deyəndə o, yağları yenidən səbətə qoymuş və səbəti də götürüb geri qayıdıb səbəti yağlar olan yerin qarşısına qoyub həmin şəxsə demişdir ki, ailə vəziyyəti yaxşı olmadığı üçün götürmüş və bir daha belə bir iş görməz. Bundan sonra o, supermarketi tərk etmək istəyəndə supermarketin işçiləri ona supermarketdən çıxmağa imkan verməmişlər və həmin vaxt üçün cibindən kiçik açılıb bağlanan cib bıçağı çıxarıb həmin şəxslərə tərəf sağa sola fırladıb demişdir ki, ona yaxın gəlməsinlər, yoxsa onlara xəsərət yetirər. Daha sonra supermarketdə mühafizəçi işləyən cavan oğlan gödəkçəsinin arxasından tutmaq istəyəndə əlindəki bıçağı ona tərəf fırlatmış, lakin mühafizəçi kənara çəkildiyindən bıçaq ona dəyməmişdir. Daha sonra isə bıçağı yavaşca qarnına vurub özünü öldürəcəyini bildirmiş, lakin supermarketi tərk etmək istəyəndə onu bir nəfər tanımadığı şəxs saxlayıb bıçağı əlindən almışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər və onu Qaradağ RPİ-nin 10-cu PB-nə aparmışlar. Həmçinin bildirir ki, o, hadisə zamanı heçkəsə xəsarət yetirməmiş, sadəcə marketdən qaçıb getmək üçün bıçaqla öz qarnına yüngülcə xəsarət yetirmiş və xəsarəti yüngül olduğu üçün özü məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə edərək, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının ollmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 6 ildir ki, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” Supermarketində baş kassir işləyir. Onun işi supermarketdə işləyən kassirlərə nəzarət etməkdən ibarətdir. İşin mahiyyəti üzrə bildirir ki, 16.05.2021-ci il tarixdə təxminən saat 17:10 radələrində “Kingsmart” Supermarketinin kassalar yerləşən hissəsində dayanıb kassirlərə nəzarət edirmiş. Həmin vaxt bir nəfər sonradan adının Natiq olduğunu bildiyi kişi cinsli şəxs marketə daxil olmuşdur. Həmin şəxsin fotoşəkli ona supermarketin müdiryyəti tərəfindən verilib bildirilmişdir ki, həmin şəxs marketdən oğurluq edə bilər, həmin şəxs supermarketə daxil olanda onun hərəkətlərinə nəzarət etsin. Bu səbəbdən də o, Natiq adlı şəxsin arxasınca getmiş və görmüşdür ki, o, supermarketin paltar bölməsində səbətdən 1 kiloqramlıq “Westgold” kərə yağlarını əynindəki gödəkçənin içərisinə yığır. Səbətdə də 2-3 ədəd yağ qalmışdır. Belə ki, sonradan onlar müəyyən etmişlər ki, Natiq adlı şəxs vitrindən 01 kiloqramının dəyəri 16,20 manat olan 06 ədəd kiloqramlıq “Westgold” kərə yağını səbətin içərisinə yığıb və supermarketin paltar bölməsində həmin yağları gödəkçəsinin içərisinə yığırmış. O, Natiq adlı şəxsə demişdir ki, yağları nə üçün gödəkçəsinin içərisin yığır. Natiq ona cavab verərək demişdir ki, həmin yağları alır. O, isə Natiqə “əgər yağları alırsa nə üçün gödəkçənin içərisinə yığırsan” sözlərini demişdir. Bu sözləri dedikdən sonra Natiq gödəkçəsinin içərisinə yığdığı yağları səbətə boşaldıb səbəti də götürüb yağ satılan yerə gedib səbəti vitrinin qarşısına qoyduqdan sonra supermarketin çıxışına tərəf getməyə başlamış, o da onun arxasınca gedərək ona dayanmasını bildirmişdir. Lakin Natiq ona arxasınca gelməməsini, əks halda onu bıçaqla vuracağını bildirib, sonra qaçmağa başlamışdır. O, da Natiqin qaçmasını görüb marketin mühafizəçisini çağırmışdır. Bunu görən Natiq istiqamətini dəyişib supermarketin paltar bölməsinə tərəf qaçıb həmin bölmədə dayanıb cibindən bıçaq çıxartmış, həmin vaxt mühafizəçi Kənan Natiqə arxadan yaxınlaşıb onun gödəkçəsinin boyun hissəsindən tutmaq istəyəndə Natiq qəfil əlində olan bıçağı Kənana tərəf aparıb ona xəsarət yetirmək istəyəndə Kənan bıçaq zərbəsindən yayınmışdır. Natiq əlindəki bıçağı onlara tərəf sağa-sola fırladıb “mənə yaxın gəlməyin, yoxsa sizi bıçaqlayaram” sözlərini demişdir. Daha sonra Natiq “mənə yaxın gəlsəniz özümü öldürəcəm” deyib bıçağı qarnına bir neçə dəfə yavaşca vurmağa başlamışdır. Daha sonra Natiq əlində bıçaq supermarketin çıxışına tərəf qaçmışdır. Supermarketin çıxış hissəsində bir nəfər tanımadığı alıcı Natiqi tutub saxlamış və bıçağı əlindən almışdır. Həmin bıçaq açılıb bağlanan bıçaq olmuş, dəstəyi qara rəngli olmaqla təxminən 10 sm uzunluğunda olmuşdur. Bundan sonra supermarketin müdiri Rəşad müəllim DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və bir az sonra polis əməkdaşları gəlib Natiqi 10-cu PB-nə aparmışlar. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışmadığını, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından 2021-ci ilin iyun ayının ortalarına qədər Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” Supermarketində mühafizəçi işləmişdir. İşin mahiyyəti üzrə bildirir ki, 16.05.2021-ci il tarixdə təxminən saat 17:15 radələrində “Kingsmart” Supermarketdə işdə olduğu zaman Supermarketin baş kassiri uca səslə demişdir ki, bu şəxsi tutmaq lazımdır. O, Şahinin səsinə supermarketin mərkəzinə tərəf gəlmiş və görmüşdür ki, bir nəfər kişi cinsli şəxs qaçır, Şahin də onun arxasınca qaçır. Başa düşmüşdür ki, həmin şəxs oğurluq etmişdir. O, sonradan adının Natiq olduğunu bildiyi şəxsə yaxınlaşıb onun gödəkçəsinin boyun hissəsindən tutmaq istəyəndə Natiq qəfil əlində olan bıçağı ona tərəf aparıb ona xəsarət yetirmək istəyəndə o, bıçaq zərbəsindən yayınmış, daha sonra Natiq ona, “yaxın gəlsəniz özümü öldürəcəm” deyib bıçağı qarnına bir neçə dəfə yavaşca vurub supermarketin içərisində dövrə vurub kassa tərəfə qaçmışdır. Supermarketin çıxış hissəsində bir nəfər tanımadıqları alıcı Natiqi tutub saxlayaraq bıçağı əlindən almış, Natiq də özünü yerə yıxmışdır ki, guya halı pisləşmişdir. Bir az sonra polis əməkdaşları gəlib Natiqi 10-cu PB-nə aparmışlar. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 2018ci il tarixdən DİO-da, eləcədə həmin vaxtdan DİN-nin X13 Alayında polis nəfəri olaraq xidmət edir, rütbəsi polis serjantıdır. Hazırda DİN-nin X13 Alayının 10-cu PB-də xidmət edir. 16.05.2021-ci il tarixdə səhər saat 08:00-da xidmətə başlamışdır. Həmin gün o, 9696 çağırışlı Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobildə xidməti təşkil etmişdir, xidməti post yoldaşı sürücü polis nəfəri Sübhan Əhmədzadə olmuşdur. Onların Xidməti ərazi Lökbatan qəsəbəsi ərazisi olmuşdur. 16.05.2021-ci il tarixdə təxminən saat 17:20 radələrində Lökbatan qəsəbəsi ərazisində xidmətdə olduqları zaman radiostansiya vasitəsilə 28 May küçəsində yerləşən “Kingsmart” supermarketinin qarşısına çağırış olduğu üçün Sübhan Əhmədzadə xidməti avtomobili supermarketin qarşısına sürmüşdür. “Kingsmart” supermarketinin qarşısına çatarkən polis nəfərləri Elzar Mirzoyev və Talıstan Şirinov bir nəfər kişi cinsli tanımadığı şəxsi supermarketin çıxarıb xidməti avtomobilə əyləşdirmişlər. Sübhan Əhmədzadə avtomobili Qaradağ RPİ-nin 10-cu PB-nin qarşısına sürmüşdür. Onlara məlum olmuşdur ki, həmin şəxs supermarketin içərisində ictimai qaydanı pozaraq xuliqanlıq edib bıçaqla işçilərin üzərinə hücum etmişdir. Onlar Natiq adlı şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə aparıb raport yazaraq təhvil vermiş və sonra xidməti ərazilərinə getmişlər. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə aparanda o, onlara hər hansı bir formada müqavimət göstərməmişdir. O, avtopatrul avtomobili ilə “Kingsmart” supermarketinin qarşısına gəlmişdir. Onlar supermarketin qarşısına çatanda polis nəfərləri Elzar Mirzoyev və X11 adlı şəxslə birlikdə supermarketdən çıxmışlar və Natiqi avtomobilə əyləşdirmişlər. Həmin vaxt onlara heç kim bıçaq təqdim etməmişdir. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə aparanda onun bədəni üzərində gözlə görünən hər hansı bir xəsarət görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2012ci il tarixdən DİO-da, eləcə də DİN-nin X13 Alayında polis nəfəri olaraq xidmət edir, rütbəsi polis serjantıdır. Hazırda DİN-nin X13 Alayının 10-cu PB-də xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, 16.05.2021-ci il tarixdə səhər saat 08:00-da xidmətə başlamışdır. Həmin gün onun xidməti post yoldaşı polis nəfəri Talıstan Şirinov olmuşdur. Onların Xidməti ərazi Lökbatan qəsəbəsi, 28 May küçəsi olmuşdur. 16.05.2021-ci il tarixdə təxminən saat 17:15 radələrində o, xidməti post yoldaşı Talıstan Şirinov ilə Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” supermarketinin qarşısına yaxınlaşarkən supermarketin içərisindən səs-küy gəldiyini eşidib Talıstan Şirinov ilə birlikdə içəriyə daxil olmuşlar. İçəri daxil olanda görmüşlər ki, bir nəfər adının sonradan Natiq olduğunu bildiyi şəxs döşəmədə oturmuşdur. Supermarketin işçiləri bildirmişlər ki, həmin şəxs ictimai qaydanı pozaraq xuliqanlıq edib bıçaqla onların üzərinə hücum edib, onu zərərsizləşdirdikləri üçün döşəmədə əyləşmişdir. Onlar Natiq adlı şəxsdən nə baş verdiyini soruşanda o etdiyi xuliqanlıq əməlini etiraf etmişdir. Ona görə də o, radiostansiya vasitəsilə 9696 çağırışlı avtopatrul avtomobilini çağırmış, avtopatrul avtomobili gəldikdən sonra Natiq adlı şəxsi avtopatrul avtomobili Qaradağ RPİ-nin 10-cu PB-nə aparıb raport yazaraq təhvil vermiş və sonra xidməti ərazilərinə getmişlər. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə aparanda o, onlara hər hansı bir formada müqavimət göstərməmişdir. Onlar “Kingsmart” supermarketindən Təqsirləndirilən şəxs Qaradağ RPİnin 10-cu PB-nə aparanda onlara heç kim bıçaq verməmişdir. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə aparanda onun bədəni üzərində gözlə görünən hər hansı bir xəsarət görməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid X4 iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahid X4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş X4 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, 2015-ci il tarixdən DİO-da, eləcə də həmin vaxtdan DİN-nin X13 Alayında polis nəfəri olaraq xidmət edir, rütbəsi polis serjantıdır. Hazırda DİN-nin X13 Alayının 10-cu PB-də xidmət edir. İşin mahiyyəti üzrə bildirir ki, 16.05.2021-ci il tarixdə səhər saat 08:00-da xidmətə başlamışdır. Həmin gün o, 9696 çağırışlı Fiat Doblo markalı ** AP *** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü kimi xidməti təşkil etmiş, xidməti post yoldaşı polis nəfəri Elvin Yusifov olmuşdur. Onun Xidməti ərazisi Lökbatan qəsəbəsi ərazisi olmuşdur. 16.05.2021-ci il tarixdə təxminən saat 17:20 radələrində Lökbatan qəsəbəsi ərazisində xidmətdə olduğu zaman radiostansiya vasitəsilə 28 May küçəsində yerləşən “Kingsmart” supermarketinin qarşısına çağırış olduğu üçün idarə etdiyi xidməti avtomobili supermarketin qarşısına sürmüşdür. “Kingsmart” supermarketinin qarşısına çatarkən polis nəfərləri Elzar Mirzoyev və Talıstan Şirinov bir nəfər kişi cinsli tanımadığı şəxsi supermarketin çıxardıb idarə etdiyi avtomobilə əyləşdirmişlər. O, avtomobili Qaradağ RPİ-nin 10-cu PB-nin qarşısına sürmüşdür. Ona məlum olmuşdur ki, həmin şəxs supermarketin içərisində ictimai qaydanı pozaraq xuliqanlıq edib bıçaqla işçilərin üzərinə hücum etmişdir. Onlar Natiq adlı şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə aparıb raport yazaraq təhvil vermişlər və sonra xidməti ərazilərinə getmişlər. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə aparanda o, onlara hər hansı bir formada müqavimət göstərməmişdir. O, avtopatrul avtomobilinin sürücüsüdür. O, ümumiyyətlə avtomaşından düşməmişdir. O, Təqsirləndirilən şəxs əlindən alınmış bıçağı görməmişdir. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nə aparanda onun bədəni üzərində gözlə görünən hər hansı bir xəsarət görməmişlər. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 may 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Valeh Orucov tərəfindən X5 təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilməsi üçün həmin diski götürülmüşdür. Həmin DVD diskdə videogörüntülər vardır. (i.v. 9) Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 may 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş X5 müraciəti əsasında toplanmış material üzrə, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin 10-cu PB-nə təqdim edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v. 12-13) Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Qaradağ RPi-nin 10-cu Polis Bölməsinin təhqiqatçısı Valeh Orucovun HK-1/1094 nömrəli material üzrə, 16.05.2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, material əlavə araşdırmanın aparılması üçün aidiyyəti üzrə Qaradağ RPİ-nin İsitntaq Şöbəsinə göndərilmişdir. (i.v 20-21) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 3(002)-706/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayət əlamətləri mövcud olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və inzibati material yenidən araşdırılması üçün Qaradağ RPİ-nə geri qaytarılmışdır. (i.v 37- 38) Şübhəli şəxsin tutulması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə saat 19:00-da tutulmuşdur. (i.v 63) AZE 12892576 nömrəli və AZE 12242630 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23.04.2007-ci il təvəllüdü Jalə, 18.05.2005ci il təvəllüdlü Sahib adlı 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. (i.v 102-103) 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Samir Ağayev tərəfindən təqdim olunmuş 12.08.2021-ci il tarixli vəsatət rədd edilmiş və iş üzrə Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v 106-107) Qətimkan tədbiri seçilməsi barədə 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 108-109) DVD diskə baxış keçirilməsi barədə 14 avqust 2021-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin araşdırması ilə əlaqədar olaraq bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd videogörüntü vardır. 1-ci video görüntü 32 saniyə davam edir. Həmin video görüntüyə baxanda müəyyən edilmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Kingsmart” Supermarketində Təqsirləndirilən şəxs əlində olan səbətdəki 1 kiloqramlıq yağları əynindəki gödəkçəsinin içərisinə yığmış, daha sonra supermarketin işçisinin onu gördüyünü görmüş yağları yenidən səbətə yığmışdır. 2-ci videogörüntü 22 saniyə davam edir. Təqsirləndirilən şəxs qaçaraq supermarketin paltar bölməsinə keçəndə mühafizəçi arxadan onu gödəkçəsindən tutmaq istəyəndə qəfil fırlanaraq əlində olan bıçaqla ona xəsarət yetirmək istəmiş, lakin mühafizəçi özünü kənara çəkdiyi üçün xəsarət almamışdır. Daha sonra Təqsirləndirilən şəxs əlindəki bıçağı mühafizəçiyə tərəf aparmış, bundan sonra bıçağı öz qarın nahiyəsinə toxundurub supermarketin içərisi ilə qaçmışdır. (i.v 112) Hadisənin görüntüləri DVD diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı DVD diskədə olan görüntülərə baxış keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 avqust 2021-ci il tarixli cavabından və Abşeron Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli, 1(012)-154/2016 nömrəli hökmündən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 03 may 2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya haqqında Qərarının 2.5-ci bəndinə əsasən azad edilmişdir. (i.v. 134) Sübutların qiymətləndirilməsi haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan yeni məzmunlu ittiham elan edilmiş və 12.08.2021-ci il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177 və 180-ci maddələrinin tərkib və əlamətləri yaranmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin tərkib və əlamətləri yaranmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib və əlamətləri yaranmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs döyülməsi faktı sübuta yetmədiyindən həmin xüsusat Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsinə əsasən rədd edilmiş, ibtidai araşdırma zamanı 16.05.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” supermarketində Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törədərkən əlində olmuş bıçağın müəyyən edilib İŞ-nə təmin edilməsi barədə Qaradağ RPİ-nin 10-cu PB-nə əməliyyat tapşırığı göndərilməsi, lakin Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törədərkən əlində olmuş bıçağın olduğu yerin müəyyən edilib istintaqa təmin edilməsinin mümkün olmaması barədə əməliyyat tapşırığına cavab alınması xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmaması xüsisatı nəzərə alınmış, cinayət işinin materiallarına Təqsirləndirilən şəxs 16.05.2021-ci il tarixdə “Kingsmart” supermarketində xuliqanlıq cinayət əməli törətməsi barədə içərisində videogörüntü olan 01 ədəd DVD disk əlavə edilmişdir. Odur ki, 01 ədəd DVD disk sübut növü kimi tanınması qərara alınmışdır. (i.v. 144-154) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncudan şikayətçidir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş 12 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona görə də, təqsirləndirilən şəxsin bağışlanmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini (CM 59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edirki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə onun üzərinə; yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 35 (otuz beş) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixinədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanı hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, habelə gün ərzində Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar