Məhkəmə qərarları › İş №1(002)-35/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-35/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-35/2023 20.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” ticarət mərkəzində 7-ci sıranın qarşısında yerləşən avtomobillərin parklanması üçün nəzərdə tutulmuş ərazidə park olunmuş Zərərçəkmiş şəxs1 məxsus “Kia Sportage” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsinin yarıaçıq vəziyyətində olmasından istifadə edib avtomobilin arxa qapısını açaraq salonuna daxil olub, sürücü üçün nəzərdə tutulmuş qoltuq altı hissədən Zərərçəkmiş şəxs1 məxsus içərisində 1500 manat nağd pul, 100 manat dəyərində 1 ədəd “ATB” banka məxsus qızıl kart, hər biri 15 manat dəyərində 2 ədəd Kapital banka məxsus pul kartı, 10 manat dəyərində 1 ədəd Uni banka məxsus Albalı kart, 90 manat dəyərində qızılı rəngli “Polo” markalı pul qabını, qol altı hissədə olan saxlanc yerindən ümumi dəyəri 350 manat olan 2 ədəd ətir, maşının salonundan 20 manat dəyərində elektrik cihazı və 10 manat dəyərində şarj üçün nəzərdə tutulmuş naqili, salonda şitin sağ tərəfində olan saxlanc yerindən isə 1 ədəd 60 manat dəyərində qəhvəyi rəngli dəri pul qabını oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2170 manat dəyərində nağd pul və əmlakı gizli yolla talamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində Şirniyyat bazarının 8-ci sıranın qarşısında yerləşən avtomobillərin parklanması üçün nəzərdə tutulmuş ərazidə park olunmuş Zərərçəkmiş şəxs2 məxsus “Cherry Tiggo” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq vəziyyətdə olmasından istifadə edib avtomobilin arxa qapısını açaraq salonuna daxil olub, arxada sərnişinlər üçün nəzərdə tutulmuş oturacağın üzərinə qoyulmuş hər biri 40 manat dəyərində 4 ədəd 200 metr uzunluğunda elektrik naqillərini və sürücü oturacağının üzərində olan 120 manat dəyərində “Xiaomi” markalı mobil telefonu oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 280 manat dəyərində əmlakı təkrarən gizli yolla talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2022-ci ilin avqust ayının sonlarında “Sədərək” ticarət mərkəzində, “şirniyyat” adlanan ərazidə dayanacağın yaxınlığında olarkən təsadüfən əli ilə yoxladıqda qara rəngli markasını bilmədiyi avtomobilin qapısının açıq olduğunu görmüşdür. Arxa tərəfdən qapını açıb görmüşdür ki, arxa oturacaqda sellofan paket var. Sellofan paketin içində elektrik naqili olmuşdur. Həmin naqilləri götürüb qabaq oturacaqlara baxdıqda sürücü oturacağında “Xiaomi” markalı telefon olduğunu görüb onu da götürmüşdür. Dərhal oradan uzaqlaşıb, avtobusla yaşadığı evin yaxınlığında olan metal qəbulu məntəqəsinə getmiş, naqilləri orada satmışdır. Daha sonra 3-cü mikrorayon dairəsi yaxınlığında dəqiq xatırlamadığı telefon dükanına gedib oğurladığı telefonu da satmışdır.Bundan başqa o, heç bir oğurluq hadisəsi törətməmişdir.15 avqust 2022-ci il tarixdə “Binə” ticraət mərkəzində baş ermiş oğurluq hadisəsinin onunla əlaqəsi yoxdur.O, “Binə” ticraət mərkəzində qeyd edilən Zərərçəkmiş şəxs1 məxsus avtomobilə daxil olmamış və oradan oğurluq etməmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 15 avqust 2022-ci il tarixdə günorta saatlarında özünə məxsus “Kia Sportage” markalı avtomobillə alış-veriş etmək üçün “Binə” ticarət mərkəzinə getmişdir. Orada 6-cı sıranın qarşısında dayanacaqda park edib bazara girmiş, saat təxminən 16.00-da bazarlıq edib maşına qayıdarkən arxa sol qapının pəncərəsinin tamamilə açıq olduğunu görmüşdür. Dərhal maşını açıb qol altı hissədə olan pul qabı üçün baxmış, həmin vaxt içərisində 1500 manat nağd pul, 1 ədəd ATB banka məxsus qızıl kart, 2 ədəd Kapital banka məxsus pul kartı, 1 ədəd Uni banka məxsus Albalı kart, içərisində özünə və oğlu X4 məxsus şəxsiyyət vəsiqələri olan pul qabı oğurlanmışdır. Bundan başqa maşına baxarkən müəyyən etmişdir ki, əlavə olaraq qol altı hissədə olan saxlanc yerindən 2 ədəd ətir, maşının salonundan elektrik cihazı və şarj etmək naqilin, salonda şitin sağ tərəfində olan saxlanc yerindən isə 1 ədəd qəhvəyi rəngli dəri pul qabı oğurlanmışdır. Bu barədə dərhal 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəlib baxış keçirmiş, polis bölməsinə gedib bu barədə ərizə yazmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə günorta saatlarında özünə məxsus avtomobillə alış-veriş etmək üçün “Sədərək” ticarət mərkəzinə getmişdir. Orada olarkən təsərrüfat bazarı deyilən yerdən işi ilə əlaqədar istifadə etmək üçün 4 top elektrik naqili almışdır. Aldığı elektrik naqillərini maşına qoyub, maşını sürərək “Araz” kafesinin yanında saxlamış və digər əşyaları almaq üçün şirniyyat bazarına getmişdir. Gedən zaman hava isti olduğu üçün maşının sol ön qapısının şüşəsini bir qədər aralı qoymuşdur. Saat təxminən 16.00 radələrində maşına yaxınlaşanda qapısının açıq olduğunu görmüş və maşına baxanda müəyyən etmişdir ki, maşından oğurluq edilib,arxa oturacağa qoyduğu 4 top elektrik naqili və sellofanın içində qoyduğu özünə məxsus “Xiaomi” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb. Oğurlanmış naqillərin qiyməti 160 manat, telefonun qiyməti isə 120 manat olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 280 manat maddi ziyan vurulmuşdur. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. İş üzrə şahid X5 məhkəmə iclasında ifadəsi elan edilmişdir. İş üzrə şahid X5 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ay olar ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində metal qəbulu ilə məşğul olur. 29 avqust 2022-ci il tarixdə saat təxminən 17 radələrində bir nəfər şəxs 4 top təzə işlənməmiş elektrik naqili gətirmiş və həmin şəxs yaxınlıqda qaldığını, evini təmir etdiyini, həmin naqillərin artıq qaldığını bildirərək satmaq istəməsini demişdir. O, həmin şəxsdən naqillərin oğurluq olub-olmadığını soruşmuş, həmin şəxs bir daha evini təmir etdiyini və onların artıq qaldığını demişdir. Bundan sonra o, həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb etdikdə, şəxsiyyət vəsiqəsini vermişdir. Şəxsiyyət vəsiqəsinə baxmış, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, 16 manata razılaşaraq həmin naqilləri həmin şəxsdən almışdır. Daha sonra həmin naqilləri alıcıya satmışdır. Bundan 2-3 gün sonra polis əməkdaşları həmin naqilləri satmış şəxslə birlikdə gəlmişlər və onda ona məlum olmuşdur ki, həmin şəxs ona satdığı naqilləri oğurlamışdır. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2170 manat dəyərində nağd pul və əmlakı gizli yolla talamadığı barədə ifadə versə də, həmin əməl işdə olan sübutlarla və işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizə Azərbaycan Respublikasının MPM-nin tələblərinə riayət edilmədən verildiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanılsın. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar