Məhkəmə qərarları › İş №1(002)-35/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-35/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-35/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 0.03.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respulikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, əvvəllər məhkum olumamış, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımış, 11 avqust 2024-cü il tarixdə saat, 01:05 radələrində Qaradağ RPİ-nin NMB-nin və Qaradağ RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “Daş dayanacaq” adlanan ərazidə saxlanılıb, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək, həmin tarixdə, saat 02:30 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əlindəki 01 ədəd qara rəngli politelen bağlamada təmiz çəkisi - 330,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik maddə qurudulmuş marixuana qəbul edir. Bir neçə gün əvvəl “Watsapp” mobil tətbiqi vasitəsi ilə özünü İran İslam Respublikası vətəndaşı Əlirza kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək ona “əgər istəsən sənə yerlər deyəcəm həmin yerlərə atılmış narkotik vasitəni götürürərsən mən sənə dediyim çəkidə özüvə götürərsən, lazım olanda atdığın yerin məkanını mənə deyərsən” sözlərini demişdir. O da narkotik vasitə qəbul etdiyi üçün Əlirza adlı şəxsin təklifini qəbul edərək belə qərara gəlmişdir ki, Əlirzanın dediyi yerə getsin, oradan narkotik vasitə olan qurudulmuş marixuananı götürsün. 2024-cü ilin avqust ayında Əlirza ilə ilə danışarkən ona təklifi ilə razı olduğumu bildirmiş, Əlirza ona narkotik vasitənin qoyulduğu məkanı göndərmişdir. O gecə radələrində həmin məkana yəni, Bakı şəhəri, Qaradağ rayonu Səngəçal qəsəbəsində magistral yolun kənarına gəlmiş, yol kənarında ot kollarının arasında qara rəngli sellofan torbanı götürüb, oradan uzaqlaşmaq istəmişdir. Bir qədər piyada hərəkət etdikdən sonra bir nəfər mülki geyim olan şəxs və polis əməkdaşları ona yaxınlaşmışlar. O polis əməkdaşlarının ondan şübhələndiklərini hiss edib polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər, Polis bölməsində sellofan torbadakının narkotik vasitə olan marixuana olmasını etiraf etmişdir.Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X2 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin inzibati ərazisində gecə gəzintisində olmuşdur. Həmin gün gecə radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi “Daş dayanacaq” adlanan yerin yaxınlığında olarkən bir nəfər şəxsin kolların arasına baxdığını, sonra isə kolların arasından qara rəngli sellofan torbanı götürdüyünü, özünü şübhəli apararaq hərəkət etməyə başladığını görmüş, Səngəçal qəsəbəsində xidmət aparan Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərlərini həmin yerə çağırmışdır. PPX-nin əməkdaşları həmin yerə gəldikdən sonra birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşub orada nə etdiyini, əlindəki torbadakının nə olduğunu soruşduqda həmin şəxs özünü təqdim edərək əlindəki qara rəngli torbanın içərisindəkinin narkotik vasitə olan marixuana olduğunun bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Polis bölməsində qara rəngli sellofan torbaya baxış keçirilərkən Təqsirləndirilən şəxs torbanın içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Qara rəngli sellofan torba açıldıqda şəffaf sellofana qablaşdırılmış yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə radələrində postaçı yoldaşı Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə xidməti ərazidə olarkən Qaradağ RPİ-nin X2 əməliyat müvəkkili, polis baş leytenantı Şahid1 mobil telefon vasitəsi ilə onlara zəng edərək təcili olaraq Səngəçal qəsəbəsində yerləşən “Daş dayanacaq” adlanan yerin yanına yaxınlaşmaqlarını xahiş etmiş, onlarda dərhal Daş Dayanacağın yanına yaxınlaşmışlar. Həmin vaxt əməliyyat müvəkkili Şahid1 daş karxanasının yaxınlığında piyada hərəkət edən bir nəfər şəxs göstərib həmin şəxsin özünü şübhəli apardığını əlindəki əşyanın şübhəli olmasını bildirmiş, birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını və burada nə etdiyini, əlindəki torbadakının nə olduğunu soruşduqda həmin şəxs özünü təqdim edərək əlindəki qara rəngli torbanın içərisindəkinin isə narkotik vasitə olan marixuana olduğunun bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Qaradağ RPİnin 11-ci PB-nə aparmışlar. Polis bölməsində sellofan torbaya baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı, Şahid3 eyniməzmunlu ifadə verərək Şahid2 ifadəsindəki xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 12 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Qaradağ rayon məhkəməsinin həmin 12 avqust 2024-cü il tarix tarixli ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli “məhkəmə baxışına təyin edilmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 avqust 2024-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü xx.xx.2024-cü il tarixdə saat 02:30-da Qaradağ RPİnin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində qeydə alınıb, şəxsi axtarış və götürmənin aparılması, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Qaradağ RPİ-nin PPXB-nin, polis nəfəri, polis serjantı Şahid3, mobil telefon vaisəti ilə çəkliş aparan Qaradağ RPİ-nin PPXB-nin, polis nəfəri, polis serjantı Şahid2, 10 saylı vəkil bürosunun vəkili, X5, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı Vüqar Eyyubov tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Elnur Qafaraova üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əlindəki qara rəngli sellofana bükülmüş bükümü masaya qoyur, sellofan torbanın içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, narkotik vasitəni öz istifadəsi üçün İran İslam Respublikası vətədaşı Əlirza adlı şəxsin ona bildirdiyi yerdən yəni, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yol kənarında yerdə götürüyünü bildirir. Qara rəngli sellofan torbanın içərisində ağ rəngli sellofana yığılmış, yaşıl rəngli ot kütləsi aşkar olunur. Qara rəngli sellofan torba bağlanaraq möhürlənir və bağlamanın üzərinə imzlar edilir. İş materiallarında olan məhkəmə- bioloji ekspertizasının 11 avqust 2024-cü il tarixli, 3-16-16/2-7/1335 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bir ədəd qara rəngli polietilin bağlamada təmiz çəkisi- 330,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsüulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsin xx.xx.2024-cü il tarixli, 6113 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2539 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin emosional-davamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olması. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etməkiqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 330,0 qram narkotik vasitə- qurudulmuş marixuana ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekpertiza tədqiqatından sonra qalıq qalmış 329,95 qram narkotik vasitəqurudulmuş marixuana saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlini səmimi etiraf edərək peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61-ci madəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs tutma altında və həbsdə olduğu 03 (üç) ay, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 329,95 qram narkotik vasitəqurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 72 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın tutma altında və həbsdə olduğu 03 ay azadlıqdan məhrumetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 72 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan qalıq çəkisi 329.95 qram narkotik vasitə marixuana məhv edilsin və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar