Məhkəmə qərarları › İş №1(002)-353/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-353/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-353/2021 03.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1955-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 14 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən xidmət zamanı saat 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Park küçəsində yerləşən Dəmiryolçular xəstəxanasının qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 14:45 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızından olan bükümdə ümumi təmiz çəkisi 0,228 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Təxminən on ildən çox olar ki, narkotik maddə olan marixuana, son zamanlar isə metamfetamin də istifadə etmişdir. Metamfetamini falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etmişdir. 2021-ci ilin avqust ayının 13-də gündüz saatlarında iş axtarmaq üçün Salyan rayonunda olarkən zaman bir nəfər şəxs ona yaxınlaşaraq söhbət etməyə başlamış, söhbət zamanı həmin şəxsin narkotik vasitə istifadə etməsini bilmişdir. Həmin şəxsdən xahiş etmişdir ki, onun üçün narkotik maddə təşkil etsin. Həmin şəxs üzərində narkotik vasitə olan “şüşə” yəni metamfetamin olduğunu, bir bükümünü 10 manata qarşılığında ona verə biləcəyini demişdir. O, həmin şəxslə razılaşıb 10 manat vermiş və bir büküm “şüşə”, yəni metamfetamin adlanan narkotik vasitəni ondan almışdır. Daha sonra Ələt qəsəbəsinə qayıtmışdır. 14 avqust 2021-ci il tarixdə saat təxminən 12:30 radələrində yaşadığı Ələt qəsəbəsində yeləşən Dəmiryoçular xəstəxanasının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqə təqdim edərək özlərini Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş, bundan sonra polis əməkdaşları ondan şübhələnib onu Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə dəvət etmişlər, polis əməkdaşları ilə birlikdə 11-ci Polis Bölməsinə gəlmişdir. Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X6 ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olubolmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan boz rəngli şalvarın sağ cibində olan bir ədəd siqaretin qara kağızına bükülmüş narkotik maddə olan metamfetamini çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin metamfetamin adlanan narkotik maddə olduğunu, özünə məxsus olduğunu, Salyan rayonunda olarkən tanımadığı şəxsdən aldığını, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar maddə isə zərfə qoyularaq möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. O, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını, psixotrop maddəni mütəmadi olaraq istifadə etdiyi üçün həmişə üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə gətirilərkən və üzərinə baxış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyini qeyd etmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 14.08.2021-ci il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin”in daşınması və istifadəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 11-ci PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2la ikisindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuş, bundan sonra əməliyyat qrupuna daxil olan əməkdaşla birlikdə 14 avqust 2021-ci il tarixdə saat 12:30 radələrində keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Dəmiryolçular xəstəxanasının qarşısında Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib, ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsdən adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və Təqsirləndirilən şəxs narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilərək Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmiş, video çəkiliş PB-nin əməkdaşı Ülvi İsmayılov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızından olan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində ağ rəngli, iysiz, kristal şəklində psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu, Salyan rayonunda tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxsin üzərində heç bir əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin qara rəngli kağızından olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onlara müqavimət göstərməmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiklərini təsdiqləyərək onlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2021-ci il tarixli 6/3520 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №223” dairəvi möhür əksi olan, “.... vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,228 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,178 qr; Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 21 avqust 2021-ci il tarixli 3007 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yarana ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təndiqi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,228 qram olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır, kimyəvi ekspertiza keçirildikdən sonrakı qalıq qalmış çəkisi 0,178 qram metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin saxlanc yerinə verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilir. üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin qara rəngli kağızından olan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal şəklində psixotrop maddəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu, Salyan rayonunda tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qaradağ rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,178 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 03 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,178 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 oğlunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar