Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-355/2023 04.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 və onun vəkili və nümayəndəsi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin qapalı hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətini onunla əsaslandırmışdır ki, 16 nömrəli Bakı Peşə Liseyində qrafik dizayner qrupunun istehsalat təlimi ustası işləyən X7 23 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində ünvan 1 ünvanda yerləşən 16 nömrəli Bakı Peşə Liseyinin Akt zalında və tədris binasının digər yerlərində kütləvi Çıxışda, yəni Liseyin İstehsalat təlimi ustası X10, X9 və Bəbirova Firuzəyə, müəllimə X14, X8, İ.T.İ. direktor müavini X12, bağban X11 guya onun onu 25 avqust 2023-cü il tarixdə xidməti otağında olarkən dodaqlarından öpüb, qucaqlayıb, habelə əli ilə sinəsinə sıxıb onunla cinsi əlaqəyə girmək istəyini bildirməyini deyərək, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən va onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmışdır. Bundan başqa Zahidə Muxtarova bununla yetinməyərək 26 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində 16 nömrəli Bakı Peşə Liseyinin inzibati binasında Liseyin Kadrlar üzrə inspektoru X9 da qeyd olunanlar barədə bilə-bilə yalan məlumat verərək bir daha ona böhtan atmışdır. Artıq onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan X3 yalan məlumat məlumatları Liseyin bütün kollektivi arasında yayılmışdır. Göstərilənlərə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair şikayətin məhkəmənin icraatına qəbul edilərək məhkəmə baxışına təyin edilməsini və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Ş.O.Hüseynov ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. O, 23 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində ünvan 1 ünvanda yerləşən 16 nömrəli Bakı Peşə Liseyinin Akt zalında və tədris binasının digər yerlərində kütləvi X1 onun barəsində böhtan xarakterli xəbərləri yayması halları ilə bağlı izah verərkən qeyd etmişdir ki, xidməti iş otağında olarkən liseyin dəhlizində səs-küy eşitmiş və çıxmışdır. Həmin vaxt Firuzə Bəbirova, Könül Baxışova və Zahidə Muxtarovanın öz aralarında mübahisə etdiklərini görmüş, bundan sonra onlar mübahisəni davam edərək akt zalına getmişlər. Mübahisə zamanı Zahidə Muxtarovanın digər xanımlarla qarşılıqlı olaraq biri-birilərinə məktəbin direktoru ilə, yəni onunla Firuzə Bəbirova və Könül Baxışovanın şəxsi münasibətlərinin mövcud olduğunu, bu səbəbdən onun xidməti otağında uzun vaxt keçirdiklərini söylədiklərini eşitmişdir. Həmin vaxt ətrafda olan məktəbin kişi əməkdaşları da orada olan söhbətləri eşitmişlər. Məktəb daxilində kamera mövcud olmadığından görüntüləri təqdim edə bilmir və həmin vaxt hər hansı kütləvi tədbir olmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi ərizənin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, Zahidə Muxtarovanın məlumatları yaymasını etiraf etdiyini, müdafiə etdiyi şəxsin artıq təqaüddə olduğunu və heç bir məktəb əməkdaşına təzyiqin olmadığını, bu səbəbdən də şikayət ərizəsinə əlavə edilmiş şəxslərin dindirilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Z.B.Muxtarova bildirmişdir ki, o, heç kimə şər və böhtan atmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə direktorun otağında olarkən direktor ona yaxınlaşmış, onu qucaqlamaq istəyərkən o, direktoru, yəni Ş.O.Hüseynovu özündən uzaqlaşdırmışdır. Bundan sonra Sürəyya Məmmədova adlı müəllimlə onun yaxını olduğuna görə baş verənlər barəsində ona danışmış, üzləşdiyi halla bağlı nə etməsi barədə məsləhət verilməsini xahiş etmişdir. S.Məmmədova isə baş verənləri heç kimlə bölüşməməsini ona tövsiyə etmişdir. Ş.O.Hüseynov onun tez-tez xidməti otağına gəlməli olduğunu bildirsə də, o, yalnız işlə bağlı onun otağına gedəcəyini ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq iş vaxtının bitməsindən öncə getməsi barədə Ş.O.Hüseynovdan icazə istəsə də ona icazə verilməmişdir. O, icazə verilməmə səbəbini direktorun ona qarşı qərəzli münasibətdə olması kimi qiymətləndirdiyindən baş verənlər barədə anasına məlumat vermiş və narahatlığını bildirmişdir. O, qeyd olunan halların qarşısının alınması məqsədilə onların məktəbində müəllimə işləyən Ş.O.Hüseynovun arvadının yanına getmiş, olanlar barədə ona məlumat vermişdir. Direktorun arvadı əvvəlcə ona inanmasa da sonradan onun dediklərinin doğru olduğunu anlamışdır. Əlavə olaraq bildirmişdir ki, məktəbin akt zalı yalnız tədbirlər üçün nəzərdə tutulduğundan akt zalının qapıları da tədbirlər zamanı liseyin əməkdaşları üçün açıq olur. Direktorun qeyd etdiyi tarixdə isə heç bir tədbir nəzərdə tutulmadığından akt zalında onun hər hansı çıxışı baş verməmişdir. Qeyd olunan hadisəni heç bir halda kütləvi çıxışda və ya 1 neçə şəxsin toplaşdığı hər hansı digər yerdə heç kimə bildirməmişdir. Məktəbin bəzi əməkdaşları Ş.O.Hüseynovun tərtib etdiyi akta imza edərkən, bəziləri isə sonuncu tərəfindən məhkəməyə müraciət edildikdən sonra baş verənlər barədə məlumat əldə etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Z.B.Muxtarovanın müdafiəçisi B.R.Cəbrayılov bildirmişdir ki, Z.B.Muxtarovaya istinad edilən əməldə cinayət əlamətləri yoxdur və şikayət əsassızdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda böhtan xarakterli məlumatların yayılmasının mövcudluğu deyildikdə bu hərəkətlərin məhz nədən ibarət olması, hansı ərazidə, hansı kütləvi tədbirlərdə səsləndirilməsinə dair heç bir dəlil təqdim olunmamışdır. Z.B.Muxtarovanın ayrı-ayrı vaxtlarda fərqli şəxslərə qeyd olunan hadisə barədə məlumat verməsi kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Çünki, burada kütləvilik əlaməti yoxdur. Əgər böhtan və təhqir xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılsa idi, o zaman həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində Z.B.Muxtarovaya istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Z.B.Muxtarovanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Z.B.Muxtarovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili B.R.Cəbrayılova məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Z.B.Muxtarovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-355/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-355/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver