Məhkəmə qərarları › İş №1(002)-36/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-36/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-36/2024 09.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində iki azyaşlı uşağı olan), işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Cəlayır kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsi, yeni massiv, fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsi ərazisində saxlanılmış, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin inzibati binasına gətirilmiş, orada saat 02:40 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək sənədləşdirilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməldə özünü təqsirli bilməyərək göstərmişdir ki, onu saxlamış polis əməkdaşlarından biri Emin, digəri Qədir olmuş, bir polis əməkdaşını isə tanımamışdır. Onun üzərində narkotik vasitə olmadığından vəkil gələnə qədər əlləri bağlı vəziyyətdə olmuş, təhqiqatçı tərəfindən onun üzərinə narkotik vasitə qoyulmuşdur. Eyni zamanda qeyd etmişdir ki, polis bölməsində ona təqdim olunan büküm A4 formatlı vərəqdə olmuşdur. O, tutularkən əynində idman tərzində şalvar olduğundan həmin bükümün küçədə gəzərkən cibində saxlanması qeyri-mümkündür. İş üzrə şahid qismində cəlb edilən Şahid1 və Şahid2 onun tutulmasında iştirak etməmişlər. Həmçinin qeyd etmişdir ki, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasından qorxduğu üçün narkotik vasitənin ona aid olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, əvvəllər narkotik vasitə istifadə etsə də tutulduğu gün onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs son söz olaraq təqsiri olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə narkotik vasitələrdən istifadə etməsi şübhəsi ilə Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər, xidməti otaqda videoçəkiliş aparmaqla onun üzərinə şəxsi axtarış keçirilərkən o, dəvət edilmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin qara idman şalvarının sağ yan cibindən bir büküm aşkar edilmişdir. O, təqsirləndirilən şəxsin tutulmasında, polis bölməsinə gətirilməsində ümumiyyətlə iştirak etmədiyini, onun bölmənin Qədir və Emin adlı əməkdaşları tərəfindən tutularaq polis bölməsinə gətirildiyini qeyd etmişdir. Cinayət işi materialına əlavə olunmuş raportun onun adından tərtib olunması barədə isə bildirmişdir ki, təqsirləndirilən şəxsi polis bölməsinə gətirmiş polis əməkdaşlarının işlərinin çox olması səbəbindən həmin sənəd onun adından yazılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş narkotik vasitəni tanımadığı şəxsdən 10 manat pul qarşılığında Kubinka adlanan ərazidən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İbtidai istintaq dövründə verdiyi ifadə ilə məhkəmə istintaqı zamaı verdiyi ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar sualları cavablandırarkən birdaha hazırkı ifadəsini təsdiq edtmiş, əməliyyat-axtarış tədbirində iştirak etmədiyini, polis bölməsində Təqsirləndirilən şəxs gətirilməsini gözləmiş, bundan sonra sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı ərazidə xidmət göstərir. Tarixi dəqiq xatırlamasa da ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiqlədiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, onlar Şahid1lə bərabər Təqsirləndirilən şəxs Şonqar qəsəbəsində saxlamış və polis bölməsinə gətiriməsini təmin etmişlər. Onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, həmin vaxt təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, videoçəkiliş aparılmışdır. Üzərindən çıxmış narkotik vasitənin özünə məxsus olduğunu və istifadəsi üçün aldığını demişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs həm tutulmasında, həm də şəxsi axtarış və götürmə zamanı iştirak etmişdir. Əməliyyat-axtarış tədbirində onunla birlikdə polis əməkdaşı Şahid1 olmuşdur. Narkotik vasitə onların və vəkilin iştirakı ilə sənədləşdirilmişdir. Şahid Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 yaranmış ziddiyyətlə əlaqədar məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təkrar dindirilərkən göstərmişdir ki, o, təqsirləndirilən şəxsin Şonqar qəsəbəsində avqust ayında tutulmasında bilavasitə iştirak etmişdir. Onlar həmin vaxt digər Şahid2lə birlikdə olmuşlar. Həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxs tutularkən narkotik vasitənin təsiri altında olduğundan onlar tərəfindən tutulmadığını bildirir. Bundan əlavə qeyd etmişdir ki, şahidin dindirilməsi haqqında protokolda qeyd olunmuş mobil nömrə ona məxsusdur və əməliyyat-axtarış tədbiri zamanı üzərində olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təkrar olaraq şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Şahid2 suallara cavab olaraq göstərmişdir ki, o, ilkin verdiyi ifadəsini təsdiq edir. O, xidməti ərazisi sayılan Qızıldaş qəsəbəsində olduğu vaxt Şahid1 gəlmiş və ona əməliyyat-axtarış tədbiri barədə məlumat vermişdir. Onlar Şahid1lə bərabər Şonqar qəsəbəsinə getmişlər, orada Təqsirləndirilən şəxs tutmuş və polis bölməsinə təmin etmişlər. Onu tutduqları vaxt artıq hava qaralmaqda idi. Şonqar qəsəbəsindən polis bölməsinə gəlmələri təxminən yarım saat ərzində olmuşdur. Hadisə günü o, Qızıldaş qəsəbəsində inzibati ərazidə olmuşdur. Əməliyyat müvəkkili Şahid1 əvvəlcə ona zəng etmiş, daha sonra yanına gələrək əməliyyat məlumatı olduğunu bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, şahidin dindirilməsi haqqında protokolda qeyd olunmuş mobil nömrə ona məxsusdur və əməliyyat-axtarış tədbiri zamanı üzərində olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təkrar olaraq şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 suallara cavab olaraq göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə ifadə verərkən əməliyyat-axtarış tədbirlərinin çoxluğu ilə əlaqədar olaraq hadisələri qarışdırmış və yanlış ifadə vermişdir. O, hadisə günü Sahil qəsəbəsində ərazidə xidmət edərkən ona məlumat verən şəxslə saat 4-5 radələrində, Şahid2lə isə daha sonra Qızıldaş qəsəbəsində görüşmüş və aldığı məlumatı ona bildirmişdir. Təxminən saat 5-6 radələrində Şahid2lə Şonqar qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs tutmuş və bölməyə gətirmişlər. Təqsirləndirilən şəxsi tutub polis bölməsinə xidməti avtomobildə gətirmələri yarım saat vaxt aparmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında təkrar olaraq şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Şahid2 suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi tutduqları vaxt onlara qarşı müqavimət göstərməmiş 5-10 dəqiqə ərzində xidməti avtomobilə yerləşdirdikdən yarım saat sonra polis bölməsinə gətirilməsini təmin etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 06 avqust 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin 38-ci PB-nin baş təhqiqatçısı Vəkilov Ramin Yusif oğlu tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 3-ci vərəqəsində olan Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə üzərində olmaqla xx.xx.2023-cü il tarixdə təxminən saat 00:00 radələrində Bakı şəhəri, Şonqar qəsəbəsində olacağı ehtimal olunur və məlumat etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan 3-13-48-3/229/223 saylı əmrdən görünür ki, qrupun rəhbəri Qaradağ RPİ-nin 38-ci PB-nin rəis müavini VMİE Şahid1 olmaqla əməliyyat qrupunun üzvləri Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi Şahid2 və Qaradağ RPİ-nin 38ci PB-nin baş təhqiqatçısı Vəkilov Ramin Yusif oğlu olmuşdur. Cinayət işinin 8-ci vərəqəsində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsində saxlanılaraq 38-ci PB-yə gətirilmişdir. Cinayət işinin 21-22-ci vərəqələrində olan 06 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə, saat 02:20-də tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və iş materiallarına əlavə edilmiş DVD diskdən görünür ki, iş üzrə şübhəli şəxs Hətəmov X6 RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü masanın üznə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün Kubinka deyilən yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin büküm açılarkən içərisində tünd qəhvəyi rəngli, toz şəkilli maddə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar olunmamışdır. Aşkar edilmiş bir ədəd ağ rəngli kağız bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4205 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,767 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,767 qram, tədqiqata sərf olundu – 0,050 qram, qalıq 0,717 qramdır. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 58-59-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:35) Cinayət işinin 75-76-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Cinayət işinin 77-79-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 97-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut qismində tanıma haqqında qərardan və 98-ci vərəqədə olan raportdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,767 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,717 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 111-ci vərəqəsində olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:10-da tutulmuşdur. Cinayət işinin 113-114-cü vərəqələrində olan xx.xx.2023-cü tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 121-123-cü vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 18 sentyabr 2023-cü il tarixli, 5968 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş qohumluq məlumatından görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasları dövründə şahid ifadələri arasında ziddiyyət olduğundan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarları ilə şahidlər Şahid1 və Şahid2 üzərində olan mobil nömrələrin anten dairələrinin müəyyən edilməsi üçün sorgu verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskdə olan Şahid2 məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, onun mobil nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 23:57:40; xx.xx.2023-cü il tarixdə 00:01:46, xx.xx.2023-cü il tarixdə saat 00:20:25; xx.xx.2023-cü il tarixdə saat 00:30:34-də, xx.xx.2023-cü il tarixdə saat 00:36:04, xx.xx.2023-cü il tarixdə saat 01:02:14-də, xx.xx.2023-cü il tarixdə saat 01:02:28-də, xx.xx.2023-cü il tarixdə saat 01:03:17-də, xx.xx.2023-cü il tarixdə saat 01:17:18-dən -01:17:30-a, xx.xx.2023-cü il tarixdə saat 01:25:55-də, xx.xx.2023-cü il tarixdə 01:26:02-ə, hətta həmin gün 10:05:06-a qədər UBBK2599A/UBBK2599 Sahil/"Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi"/Garadagh/ (40.231xx/xx.58522) ünvanını göstərir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskdə olan Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından görünür ki, onun mobil nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 23:57:56-da, xx.xx.2023-cü il tarixdə saat 23:58:10-da və xx.xx.2023-cü il tarixdə saat 23:58:12-də Sahil qes.; xx.xx.2023-cü il tarixdə saat 00:15:43-də Sahil qes. X11; xx.xx.2023-cü il tarixdə saat 00:17:02-də Sahil qes; xx.xx.2023-cü il tarixdə saat 00:31:47-də Sahil qes; xx.xx.2023-cü il tarixdə saat 00:37:19-da Sahil qes. X11; xx.xx.2023-cü il tarixdə saat 00:37:43-də və xx.xx.2023-cü il tarixdə saat 00:37:58ddə Sahil qes. X11; 06.08. 2023-cü il tarixdə saat 00:39:04-də və xx.xx.2023-cü il tarixdə saat 00:39:11-də Denizkanari qes.,ATS, xx.xx.2023-cü il tarixdə saat 00:43:17də və xx.xx.2023-cü il tarixdə saat 00:51:29-da Denizkanari qes.,ATS; xx.xx.2023-cü il tarixdə saat 00:51:51-də, xx.xx.2023-cü il tarixdə saat 00:52:29-da və xx.xx.2023-cü il tarixdə saat 00:52:31-də Denizkanari qes.,ATS; xx.xx.2023-cü il tarixdə saat 01:29:09-da, xx.xx.2023-cü il tarixdə saat 01:38:47-də və xx.xx.2023-cü il tarixdə saat 01:40:08 Sahil qes; xx.xx.2023-cü il tarixdə saat 01:41:14-də, xx.xx.2023-cü il tarixdə saat 01:41:30-də, xx.xx.2023-cü il tarixdə saat 01:49:23d-ə, xx.xx.2023-cü il tarixdə saat 01:53:59-da, xx.xx.2023-cü il tarixdə saat 01:54:04-də, xx.xx.2023-cü il tarixdə saat 02:09:14-də, xx.xx.2023-cü il tarixdə saat 02:09:22-də, xx.xx.2023-cü il tarixdə saat 02:10:48-də xx.xx.2023-cü il tarixdə saat 02:13:14-də, xx.xx.2023-cü il tarixdə saat 02:30:49-da xx.xx.2023-cü il tarixdə saat 02:31:48-də, xx.xx.2023-cü il tarixdə saat 02:49:09-da və xx.xx.2023-cü il tarixdə saat 02:50:03-də Sahil qəsəbəsi X14 ünvanını göstərir. Şahid1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında mövcud ziddiyyətlərlə əlaəqdar o, xx.xx.2024-cü il tarixdə təkrarən məhkəməyə dəvət edilmiş və həmin iclasda ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni ifadə versə də, əməliyyat məlumatının ona 06 avqust 2023-cü il tarixdə təxminən saat 4-5 radələrində daxil olduğunu qeyd etmişdir. Lakin, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, qeyd olunan məlumat xx.xx.2023-cü il tarixdə saat 00:00da daxil olmuşdur. Bundan əlavə şahidlər hər ikisi Şahid1 Sahil qəsəbəsindən Qızıldaş qəsəbəsinə gəldiyini, Qızıldaş qəsəbəsində Şahid2 ilə görüşdükdən sonra Şonqar qəsəbəsinə getdiklərini, orada Təqsirləndirilən şəxs xidməti avtomobilə yerləşdirməklə yarım saat sonra Sahil qəsəbəsinə gəldiklərini qeyd etmişlər. Əməliyyat-axtarış tədbirinin iştirakçıları olmuş, ittiham tərəfinin məhkəməyə təqdim etdiyi şahidlərin mobil nömrələri ilə bağlı əldə olunmuş anten məlumatlarından da görünür ki, onlar təqsirləndirilən şəxsin tutulması və polis bölməsinə gətirdikləri saatlarda Sahil qəsəbəsində olmuşlar, onların Şonqar qəsəbəsinə getmələri həmin məlumatda ümumiyyətlə əks olunmamışdır. Məhkəmə, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlar və məhkəməyədək icraat zamanı əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş sübutları qarşılıqlı şəkildə tədqiq etməyi zəruri hesab edir. Cinayət işi materialında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin Raport Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Şahid1 tərəfindən tərtib olunmuşdur. Lakin Şahid1 məhkəmə istintaqı zamanı ilkin ifadəsində həmin raportun sadəcə formal olaraq onun adından tərtib olunduğunu bildirmişdir. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə üzərində olmaqla Bakı şəhəri, Şonqar qəsəbəsində olacağı barədə məlumat əməliyyat-axtarış tədbirində iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 saat 00:00 da daxil olmuşdur. Lakin, məhkəmə iclasında şahid qismində ifadə vermiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, həmin məlumat ona saat 17.00 radələrində daxil olmuşdur. Cinayət işinin 8-ci vərəqəsində olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsində polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən saxlanılaraq 38-ci PB-yə gətirilmişdir. Lakin, məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində ifadə vermiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilkin ifadəsində bildirmişdir ki, ümumiyyətlə hər hansı əməliyyat-axtarış tədbirində və ya Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir. O, həmin vaxt polis bölməsində olmuş, yalnız şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskdə olan Şahid1 məxsus ***-***-**-** saylı sim nömrənin və "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş CD diskdə olan Şahid2 məxsus ***-***-**-** saylı sim nömrənin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2023-cü il saat 00:50 radələrində Şahid2 məxsus sim nömrənin anten dairəsi (xx.xx.2023-cü il tarixdə saat 23:57:40-dan xx.xx.2023-cü il tarix saat 01:26:02-ə qədər) və Şahid1 məxsus sim nömrənin anten dairəsi (xx.xx.2023-cü il tarixdə saat 23:57:56-dan xx.xx.2023-cü il tarixdə saat 02:50:03-ə qədər) Sahil (Dənizkənarı) qəsəbəsini göstərir. Göründüyü kimi təqsirləndirilən şəxsin tutulması və polis bölməsinə gətirilməsinin təmin olunması ilə bağlı şahidlərin ifadələri, tərtib olunmuş raportlar, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda qeyd olunmuş vaxtlarda əsaslı ziddiyyətlər mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin Layicov Azərbaycana qarşı 10 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb- almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” iş i, 47- c i bə nd və “Bık ov Rusiyaya qarşı ” ( Byk ov v . Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)).Sübutun keyfiyyətinin, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırılmalıdır (bax: yuxarıd a qeyd edilmiş “Bıkov” işi, 90-cı bənd və “Lisica Xorvatiyaya qarşı” (Lisica v. Croatia, no. 20100/06, §§ 51-54, 25 February 2010) Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsi həmin qərarda təqsirləndirilən şəxsin həbsi ilə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğunun sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxardığını, belə ki, bu vaxt ərzində ərizəçinin tamamilə polisin nəzarəti altında olmasını, hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil olmadığını bildirmişdir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı cinayət işi materialları saxtalaşdırılmaqla, keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmiş polis əməkdaşları isə güya həmin tədbirdə iştirak edərək təqsirləndirilən şəxsi polis bölməsinə gətirilməsini təmin etmiş şahidlər kimi göstərilməklə məhkəməyə təqdim edilmişdirlər. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsində saxlanılaraq 38-ci PB-yə gətirilməsi barədə raport və “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı cinayət işi üzrə mötəbər sübut növü kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,767 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxladığı, 06 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən saat 00:50-də Bakı şəhəri, Qaradağ rayonu, Şonqar qəsəbəsi ərazisində Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 tərəfindən saxlanıldığı, Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin inzibati binasına gətirildiyi, orada saat 02:40-da dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparıldığı qeyd olunmuşdur. Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməliyyat müvəkilləri Şahid1 və Şahid2 istifadələrində və əməliyyat-axtarış tədbirinin keçirildiyi vaxt üzərlərində olan mobil telefonların anten dairələrinə dair məlumatlar tədqiq edilən zaman onların təqsirləndirilən şəxsin Şonqar qəsəbəsində tutulması saatında Sahil qəsəbəsində olmaları müəyyən edilmişdir. Belə olduğu təqdirdə şahidlərin əməliyyat-axtarış tədbirində iştirak etmələri istisna olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış və yuxarıda tədqiq edilmiş digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrini sübut kimi qəbul etmir. Bundan əlavə məhkəmə cinayət işi üzrə şahidlər Şahid1 və Şahid2 verdiyi ifadələri şablon xarakterli ifadələr olmasını, məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə məhkəməyədək icraat zamanı verdikləri ifadələr arasında zidiyyətlər olmasını, şahid ifadələrinin cinayət işi üzrə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etdiyini nəzərə alaraq, cinayət işi üzrə mötəbər sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 may 2023-cü il il tarixə, 6/2920saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyləri ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. Göstərilənlərə əsasən, məhkəmə 06 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparıldığı protokol və eyni tarixli videogörüntünü cinayət işi üzrə mötəbər sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator X1nın 18 sentyabr 2023-cü il tarixli, 5968 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etmişdir ki, o, narkotik vasitə istifadə edir, lakin tutulduğu tarixdə onun üzərində narkotik vasitə olmamışdır. Belə olduğu halda, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi istisna olunmur. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi ambulator X1nın 18 sentyabr 2023-cü il tarixli, 5968 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Qeyd olunan hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın Azərbaycan Respublikası CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda və kim tərəfindən saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından həmin müddət ərzində təqsirləndirilən şəxsin bildirdiyi kimi narkotik vasitənin ona məxsus olmaması ehtimallarını daha da artırır. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X8 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-348, 349, 350, 353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,767 qram narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,767 qram narkotik vasitə olan heroin araşdırma sona çatanadək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılsın. İş materialında olan 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri 81 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) iş saatı hüquqi xidmətə görə 300 (üç yüz) manat pul məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar