Məhkəmə qərarları › İş №1(002)-360/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-360/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-360/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, vət.Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,354 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,276 qram olan psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 01 avqust 2021-ci il tarixdə saat 08:00-da Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 118 ünvanın qarşısında saxlanılaraq, Qaradağ RPİ-nin 11-ci PBnə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “Keno club” sözləri yazılmış siqaret qutusunun içərisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı bir ədəd kağıza bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,354 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kağıza bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,276 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmir. Təxminən 11 aydır ki, narkotik maddə qəbul edir. O, kakos, yəni heroin qəbul etdiyi üçün 31.07.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində Qobustan qəsəbsində yaşayan Zülfiqar adlı şəxsin yanına gedərək ondan narkotik maddə olan kakos və metamfetamin olub-olmadığını soruşmuşdur. Zülfiqar adlı şəxs onda narkotik maddə olmasını bildirmiş və o, 20 manat müqabilində ondan 01 üzərində “Keno club” sözləri yazılmış siqaret qutusunun, içərisində siqaretin sellofan kəsiyinə bükülümüş, 02 ədəd ağ kağıza bükülmüş narkotik maddə heroin və metanfetamini almış əynindəki qara rəngli cins şalvarın sağ cibinə qoymuşdur. 01.08.2021-ci il tarixdə saat 08:00 radələrində evlərinin qarşısından olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan Orxan olubolmadığını soruşmuşlar. O da bildirmişdir ki, o, Təqsirləndirilən şəxsdur. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və onu 11-ci PB-yə gətirmişlər. 11-ci PB-də üzərinə şəxsi axtarış keçirilərkən, könüllü olaraq, üzərindəki əşyaları, masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki qara rəngli cins şalvarın sağ cibindən üzərində “Keno club” sözləri yazılmış siqaret qutusunun içərisində siqaretin sellofan kəsiyinə bükülmüş 02 ədəd bükümləri masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik maddə olan heroin və metamfetamindir, özünündür, öz istifadəsi üçün 31.07.2021-ci il tarixdə saat 23:30 radələrində Qobustan qəsəbəsində yaşayan, Zülfiqar adlı şəxsdən 20 manata alıb üzərində saxlamışdır. Həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli narkotik maddə olan heroinə oxşar kütlə və ağ rəngli kristal kütlə aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddələr zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Narkotik maddə onundur, öz istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitəni heç vaxt satışı ilə məşğul olmamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 118-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxlması və daşıması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin günü saat təxminən 08 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, 118 nömrəli evin qarşısında onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünün Təqsirləndirilən şəxs olmasını bildirməsinə görə onu şübhəli şəxs qismində Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə getmişdir. 11-ci PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən də istifadə edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “Keno club” sözləri yazılmış siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun içərisindən iki ədəd kağız büküm aşkar edilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin birində bir ədəd narkotik maddə kakos, yəni heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin (şüşə) vardır, həmin narkotik maddələri Zülfiqar adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Həmin bükümlər bir bükümdə narkotik vasitə heroin və digər bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 02 ədəd bükümdə olan maddə zərfə qoyularaq, protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik maddə heroin istifadə etməsi barədə məlumatlı olsa da onun narkotik maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Kamil oğluna məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Kamil oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2021-ci il tarixli 6/3244 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No 223” dairəvi möhür əksi olan və vət.Təqsirləndirilən şəxs götürülmüş....” yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd kağız bükümdə təmiz çəkisi 0,276 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və təmiz çəkisi 0,354 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,276 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,226 qr; heroinin təmiz çəkisi: 0,354 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq: 0,304 qram. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 30 avqust 2021-ci il tarixli 3139 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə təmiz çəkisi 0,354 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,276 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, qalıq qalmış bir ədəd bükümdə 0,304 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 0,226 qram psixotrop maddə metamfetamin cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “Keno club” sözləri yazılmış siqaret qutusunu təqdim etmiş və həmin siqaret qutusunun içərisindən iki ədəd kağız büküm aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Prokurorluğunun 30 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, narkotik və psixotrop maddələrin növlərini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 01 avqust 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,304 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 0,226 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 49 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 01 avqust 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,304 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 0,226 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar