Məhkəmə qərarları › İş №1(002)-363/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-363/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-363/2021 11.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə, daşıma və saxlama cinayəti törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə 01 (bir) ədəd silahı – X7 Pyotr silah zavodunda istehsal edilmiş, “Naqan” sistemli, 7,62 mm kalibrli, “106908” №-li atəşə yararlı, saz vəziyyətdə və yivli odlu döyüş silahı hesab edilən revolveri, bundan başqa, 02 ədəd keçmiş SSRİ-də, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli, 1930-cu il modelli revolverlərdə, habelə “Piper” sistemli revolverlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patronları qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla gəzdirmiş, 13 avqust 2021-ci il tarixdə saat 16:30 radələrində Qaradağ RPİ-nin CAŞ-nin və 38-ci PB-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq 38-ci PB-nə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarının kəmər yerindən 01 (bir) ədəd X7 Pyotr silah zavodunda istehsal edilmiş, “Naqan” sistemli, 7,62 mm kalibrli, “106908” №-li atəşə yararlı, saz vəziyyətdə və yivli odlu döyüş silahı hesab edilən revolver odlu silah, bundan başqa, 02 ədəd keçmiş SSRİ-də, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Naqan” sistemli, 1930-cu il modelli revolverlərdə, habelə “Piper” sistemli revolverlərdə və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən patronlar aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 4aq yaşayır. Mütəmadi olaraq narkotik vasitə marixuana istifadə edir. İşin mahiyyəti üzrə bildirir ki, 2021-ci ilin yay aylarında piyada Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən, dəmiryolu keçidinin yaxınlığında olan rus qəbiristanlığı kimi tanınan ərazidən keçən zaman orada olan qəbirlərdən birinin yanında ağ rəngli, tozlu şəkildə olan bir ədəd sellofan paket, həmin paketin də üzərində bir ədəd sarı rəngli, kauçuk materiallı yağ qabı görmüşdür. Təpiklə həmin yağ qabına vurduqda qabın içərisindən taqqıltı səsi eşitmişdir. Qabın içərisində nəsə olduğunu bilmişdir. Qabı yerdən götürüb qapağını açdıqdan sonra içərisində iki ədəd, üzərlərində 38-82 və 38-76 rəqəmləri yazılmış, köhnəlmiş güllə (patron) olduğunu görmüşdür. Həmin iki ədəd gülləni (patronu) qabın içərisindən götürüb şalvarının cibinə qoymuşdur. Sellofan paketin içərisinə baxdıqda isə bir ədəd qara rəngli, üzərində “тулья ямпер пет” sözləri yazılan dəmir materiallı silah görmüşdür. Həqiqətən də onun silah olduğunu, naqan tipli odlu silah olduğunu bilmiş və sellofandan çıxarıb əynindəki şalvarın kəmərinə keçirmiş və bundan sonra yaşadığı evə gəlmişdir. Həmin silahı və iki ədəd gülləni evdə heç kimə heç bir məlumat vermədən saxlamışdır. 13 avqust 2021-ci il tarixdə silahı və iki ədəd gülləni aparıb dənizə atmaq qərarına gəlmişdir. Silahı əynində olan açıq göy rəngli cins şalvarın sağ tərəfində kəmər olan hissəyə keçirmiş, üstündən köynəyi ilə örtmüş, iki ədəd gülləni isə şalvarının sağ yan cibinə qoymuşdur. Qaradağ rayonu, Sahil qəsəbəsinə, oradan dənizə atmaq üçün gəlmişdir. Həmin qəsəbədə Ş.Əsgərov küçəsi ilə hərəkət edən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmiş və 38-ci PB-nə getməyi təklif etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə Qaradağ rayon 38ci PB-nə gəlmişdir. Orada qanunsuz olaraq silah gəzdirdiyinə görə şübhəli olduğu izah edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən dövlət hesabına vəkil təyin edilmişdir. Özünün, vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərində qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etmək ona təklif edilmişdir. Üzərində, yəni əynində olan açıq göy rəngli cins şalvarın sağ tərəfində, kəmər yerində saxladığı 01 ədəd qara rəngli üzərində 106908 rəqəmləri, qara ebonit dəstəkli, üzərində “тулья ямпер пет” sözləri yazılan odlu silahı və 02 ədəd üzərlərində 38-82 və 38-76 rəqəmləri yazılmış, köhnəlmiş güllələri (patronları) təqdim etmişdir. Həmin silahı və güllələri haradan əldə etdiyi ondan soruşulduqda, ifadəsində göstərdiyi kimi danışmışdır. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Odlu silah və güllələr təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bundan sonra şəxsi axtarış barədə protokol tərtib edilmiş, özü və digər şəxslər həmin zərfi və protokolu imzalarla təsdiq etmişlər. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar olaraq tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. Cinayət işinin məzmunu ilə tanış olmuş və baş vermiş hadisə barədə bildirmişdir ki, 13 avqust 2021-ci il tarixdə xidmətdə olan zaman icraatına ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə rəhbərliyə raportla məruzə etdikdən sonra özünün, Qaradağ RPİ-nin əməliyyat müvəkkili Şahid3, CAŞ-nin kiçik inspektoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün, əməliyyat qrupu ilə birlikdə Ələt qəsəbəsində müşahidələr aparmağa başlamışdır. Müşahidələr zamanı Təqsirləndirilən şəxs Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsində olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 5 ünvanının yaxınlığında olduğu müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona Qaradağ rayonu, 38-ci polis bölməsinə getmək lazım olduğunu izah etmişdir. Birlikdə 38-ci PB-nə gəldikdən sonra bir daha məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs təhqiqatçı Elşad Mirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Qaradağ rayonu 38-ci PB-nin əməliyyat müəvəkkili Şahid3 tərəfindən aparılan videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının kəmər yerindən 01 ədəd Naqan tipli tapança, bundan başqa, şalvarının sağ yan cibindən 02 ədəd Naqan tipli tapançaya məxsus patron çıxarıb təqdim etmişdir. Ondan həmin tapança və patronları haradan əldə etdiyini soruşduqda Elmar həmin tapança və patronları təxminən bir ay əvvəl Qobustan qəsəbəsində yerləşən, rus qəbiristanlığından, qəbirlərin arasından tapdığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tapança və iki ədəd patron müvafiq qaydada qablaşdırılmışdır. İştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhətində yaranmış xəstəliklə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-in kiçik əməliyyat müvəkkili Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və Qaradağ RPİ-nin CAŞ-in kiçik əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid3 və Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu olan ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.13, 27-28) Şəxsi axtarış və götürmə aparılması haqqında 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan açıq göy rəngli cins şalvarın kəmər yerindən qara rəngli üzərində 106908 rəqəmləri, qara ebonit dəstəkli üzərində "Тулья Ямпер Пет" sözləri yazılan oldu silahı və əhmin şalvarın sağ cibindən 2- ədəd 3882 və 38-76 rəqəmləri yazılmış güllələri çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi odlu silahın təxminən 1 ay bundan əvvəl Qobustan qəsəbəsi Rus qəbirstanlığından köhnə rus qəbirlərinin arasından tapdığını bildirdi. Təqsirləndirilən şəxs üzərində başqa əşya aşkar edilmədi, onun təqdim etdiyi qara rəngli odlu silah və 2-ədəd güllələr zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhür ilə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 31-32) Şəxsi axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14.08.2021-ci il tarixli 21/498R saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd 106908 nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin silahın hissə-mexanizmlərinin üzərində buraxılış ili müşahidə olunmur, yoxdur. Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7.62x38R mm kalibrli olmaqla, həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. eksperimental atəşlər zamanı əldə olunmuş güllə və giliz DİN-in KTİ-də yerləşən "güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. DİN-in KTİ-də məhkəmə fiziki kimyəvi ekspertizası keçirilmədıyindən qərarın 2-ci sualında qeyd olunan "həmin silahdan sonuncu dəfə nəvaxt atəş açılmışdır" sualına cavab verilməmişdir. (i.v.41-44) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-168/2021 saylı, 14 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.65-69) Dvd diskə baxış keçirilməsi barədə 25 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi X3 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskdə bir ədəd video görüntü var. həmin video görüntü 12 dəqiqə, 16 saniyə davam edir. Video görüntüdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının kəmər yerindən 01 ədəd 106908 №-li Naqan tipli tapança-odlu silah təqdim etmiş, təhqiqatçı E.Mirzəyev ondan üzərində başqa hansı qanunsuz əşya olduğunu soruşduqda, o sağ yan cibində patronlar olduğunu bildirmiş və şalvarının sağ yan cibindən 02 ədəd Naqan sistemli tapanşaya məxsus patronlar aşkar olunaraq götürülmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin tapança və patronlar haradan və kimdən əldə etdiyini ondan soruşduqda, təxminən bir ay bundan əvvəl Qaradağ rayonu, Qobustan qəsəbəsində, rus qəbiristanlığında, qəbirlərin arasından tapdığını bildirmişdir. Bundan sonra həmin bir ədəd Naqan tipli tapança-odlu silah, iki ədəd patron iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılmış və hər biri tərəfindən imzalarla təsdiq edilmişdir. (i.v.78) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.09.2021-ci il tarixli 3/1435; 3/1563 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah- X7 Pyotr silah zavodunda istehsal edilmiş, "Naqan" sistemli, 7.62 mm kalibrli, "106908" nömrəli revolverdir - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir, istifadə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd patron - keçmiş SSRİ-də, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7.62 mm kalibrli olmaqla, həmin kalibrə malik "Naqan" sistemli, 1930-cu il modelli revolverlərdə, habelə "Piper" sistemli revolverlərdə və s. yivli odlu silahlarda isifadə edilmək üçün nəzərdə tutulmuş patrondur - döyüş sursatıdır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanallarından atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilməsinə əsasən həmin silahdan atəş(atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından açılan atış(lər)in sayını müəyyən etmək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. (i.v.92-94) Maddi sübut kimi tanınma haqqında 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 13.08.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilərək 01 ədəd 106908 nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah, eyni zamanda 02 ədəd döyüş sursatı hesab edilən patronlar maddi sübut kimi tanınmış və 01 ədəd “106908” nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 02 ədəd patronun eksperimental atış zamanı istifadə olunması nəzərə alınmışdır. (i.v.95) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən və Qaradağ Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli, 1(002)-138/2013 saylı hökmündən görünür ki, Qədimov X2 Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1, 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmış, 08.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmişdir. (i.v.102-103, 104-109) Cinayət işi materiallarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli, 21-1211/8131 saylı məktubundan görünür ki, Qədimov X2 Rayon Məhkəməsinin 1(002)-138/2013 saylı, 19 iyul 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs “28 May Respublikası Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında ” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinin təsir dairəsinə düşdüyündən təyin olunmuş cəzadan azad edilmiş və 08.07.2016-cı il tarixdə üzərində nəzarət dayandırılaraq müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. (i.v.109a) Sübutların qiymətləndirilməsi haqqında 22 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə ona yeni məzmunda həmin Məcəllənin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmaqla o, məhkəmə məsuliyyətinə verilmiş, 13 avqust 2021-ci il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd 106908 №-li, atəşə yararlı, 7,62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah, eyni zamanda 02 ədəd döyüş sursatı hesab edilən, atəşə yararlı patronların maddi sübut kimi tanınması, odlu 01 ədəd 106908 №-li silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş, 7,62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, 02 ədəd patronun isə eksperimental atəş zamanı istifadə edilməsi nəzərə alınmış, cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin KTİdən daxil olmuş 14.08.2021-ci il tarixli, 011-7594-1221 saylı rəy və ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 16.09.2021-ci il tarixli, 3/1435; 3/1563 saylı rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası mərkəzindən daxil olmuş 16.09.2021-ci il tarixli, 3/1435; 3/1563 rəyi cinayət işi üzrə əsas hesab edilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 01 ədəd yivli, atəşə yararlı, odlu silahın üzərində həkk edilmiş yazı “Тульский Импер. Петра Велик. Оруж. Заводь” kimi oxunmuş, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, şahidlərin ifadələri,məhkəmə ballistik ekspertizasının rəyləri və digər ibtidai sənədləri işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 110-117) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5(002)-294/2021 saylı, 23 sentyabr 2021ci il tarixli qərarından görünür ki, Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 "təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair" 13.08.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 128) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd “106908” nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah cinayətin predmeti olduğundan dövlət nəfinə müsadirə edilməlməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), cəzanın fərdiləşdirilməsi prinsipi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 13 avqust 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı (CPM- 346.1.19), iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş 01 ədəd “106908” nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah cinayətin predmeti olduğundan dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli (CPM-132), iş üzrə ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 48 (qırx səkkiz) iş saatı Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə baxış dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X4 tərəfindən göstərilmiş cəmi 48 (qırx səkkiz) iş saatı hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə isə 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 13 avqust 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatının dəyəri – 128 (yüz iyirmi səkkiz manat) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd “106908” nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində Tula silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolver, yəni yivli odlu silah dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X4 tərəfindən göstərilmiş cəmi 48 (qırx səkkiz) iş saatı hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə isə 120 (bir yüz iyirmi) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar