Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-368/2021 02.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,156 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, 10 avqust 2021-ci il tarixdə, saat 20:00-da Qaradağ RPİ-nin 38-ci PBnin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi ATS-in qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci Polis bölməsinə dəvət olunmuş və orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 6-7 ay olar ki, narkotik vasitə hesab edilən ”Kakos”dan istifadə etməyə başlamışdır. Narkotik vasitəni falqaya büküb yandıraraq tüstüsünü qəbul etmişdir. Hər dəfə Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə hesab edilən “kakos” alıb istifadə etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. 10.08.2021-ci il tarixdə öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Qaradağ rayonu Sahil qəsəbəsinə getmişdir. Təxminən axşam saat 18:45 radələrində orada təsadüfən tanış olduğu ortaboylu, 30-35 yaşlarında olan, orta bədən quruluşlu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 10 manat verərək ağ rəngli kağıza bükülmüş 01 büküm narkotik vasitə olan heroin almış və yaşadığı Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən ATS-in qarşısına həmin narkotiki istifadə etməsi üçün qayıtmışdır. 10.08.2021-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində yerləşən ATS-in qarşısında dayanmış, bu zaman mülki geyimdə 2 (iki) nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdilər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ RPİ-nin 38-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis bölməsinə getmişdir.Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB- nin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklildə narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin bükümü 10.08.2021-ci il tarixdə Qaradağ rayonu Sahil qəsəbəsində tanımadığı şəxdən 10 (on) manata öz istifadəsi üçün almışdır. Bundan başqa üzərindən heç bir əşya aşkar olunmamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, bağlamanın üstü imzalanmışdır. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını və ailəli olmaqla cavan olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 10 avqust 2021-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək, saat 19:10-da Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsində ATS-in qarşısında saxlanılaraq saat 20:00-da Bakı şəhəri Qaradağ RPİ- nin 38-ci PB-nə gətirilmişdir. Həmin şəxsin xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Qaradağ RPİ-nin 38-ci PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş, bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi X5 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin bükümü 10 avqust 2021-ci il tarixdə Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində olan narkotik maddə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 47 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 digər Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şahid qismində çağırılmış Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmiş, habelə Şahid1 məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid2 və Şahid3 verdiyi ifadəliri ilə eyni məzmunlu ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13, 28); Şəxsi axtarış və götürmə aparılması haqqında 10 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, həmin bükümü 10 avqust 2021-ci il tarixdə Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamış, onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd ağ kağızına bükülmüş büküm məhkəməkimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 32-33) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2021-ci il tarixli 6/3415 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində : “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 01 bükümdə təmiz çəkisi 0.156 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,156 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 0,106 qram.,(i.v 42-45) DVD diskə baxış keçirilməsi haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar şəxsi axtarış və götürülmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Diskdən görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X3 və Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 və həmin bölmənin sahə inspektoru Şahid2 iştirakı ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş və həmin maddənin kakos narkotik vasitə olmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildmirmişdir. (i.v 52) 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 54-55) 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Kamran Zülfiqarov tərəfindən təqdim olunmuş vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunaraq barəsində müvafiq qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) Qətimkan tədbiri seçmə barədə 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 avqust 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının 08 sentyabr 2021-ci il tarixli, 3319 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.86-87) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 5(002)- 298/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş 10 avqust 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v 88-89) Sübutların qiymətləndirilməsi haqqında 29 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 12.08.2021ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə 0,156 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı 0,106 qram qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman protokola əlavə olunmuş 1 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış və əməliyyat axtarış tədbirləri keçirilməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nə göndərilmiş, işdə olan şahidlərin ifadələri, məhkəmə-kimyəvi,məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 91-94) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 11 noyabr 2020-ci il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir 28.06.2021-ci il təvəllüdlü Malik adlı azyaşlı övladı vardır. Bakı şəhər Qaradağ Rayonu Sahil Bələdiyyəsi tərəfiindən verilmiş 5B-853 saylı, 01 noyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, bir övladı var, hal-hazırda işləmir. Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı müddətdə istər qonşular arasında, istərsə də qəsəbə sakinləri arasında özünə böyük hörmət qazanmışdır. Qəsəbədədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmiş, Təqsirləndirilən şəxs barəsində Qaradağ rayon Sahil Bələdiyyəsinə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, eləcə də, gənc olmaqla üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisinin cəmi 0,156 qram, cüzi miqdarda yəni 0,006 qram çəkidə şəxsi istehlak miqdarının yuxarı həddindən artıq olması ilə yanaşı, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə gənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanı gün ərzində saat 23:00-dan 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİdə saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməlidir. (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 30 (otuz) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdən 12 avqust 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan heroinin qalığı – 0,106 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 114.00 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-368/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-368/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver