Məhkəmə qərarları › İş №1(002)-372/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-372/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-372/2021 11.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ”həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıyarkən 10 iyul 2021-ci il tarixdə saat 12:15 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsində yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati bunasının yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Əvvəllər narkotik vasitə heroini aldığı şəxsləri tanımır və təsvir edə bilmir. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız narkotik vasitə istifadə etmişdir. O, 10.07.2021-ci il tarixdə təxminən saat 08 radələrində “Nizami” metrostansiyasının qarşısından keçib gedərkən tanımadığı şəxs ona yaxınlaşıb narkotik vasitə olan heroin satdığını və buna görə də ona almağını təklif etmişdir. O, da narkotik vasitə olan heroin istifadə etdiyindən həmin tanımadığı şəxslə razılaşaraq 10 manat müqabilində 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülüdə olan narkotik vasitə heroini almış və əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmişdir. Həmin gün təxminən saat 12:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyatçılar küçəsində yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının yaxınlığından keçən zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. O, özünü onlara təqdim etmiş və həmin şəxslər ondan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələndiklərini bildirərək onu Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə dəvət etmişdilər. O, saxlanılarkən və polis bölməsində olarkən ona heç kim fiziki və ya psixi güc tətbiq edilməmişdir. O, da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gəlmişdir. 11-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş və o, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 10.07.2021-ci il tarixdə təxminən saat 08 radələrində “Nizami” metrostansiyasının qarşısından tanımadığı şəxsdən 10 manat müqabilində aldığı 01 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərindən heç bir əşya aşkar olunmamışdır. Onun təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 10 iyul 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də xidmətdə olan zaman əməliyyat məlumatı almışlar ki, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış, o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyatçılar küçəsi Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının yaxınlığına getmişdir. Həmin ərazidə onlar müşahidə etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyatçılar küçəsi Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının yaxınlığındadır. Onlar göstərilən əraziyə gəlmiş, Təqsirləndirilən şəxs həqiqətən də orada olduğunu görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. PB-də müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü çıxardaraq təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu bildirmişdir. Narkotik vasitəni 10.07.2021-ci il tarixdə saat 08:00-da Bakı şəhəri Yasamal rayonu ərazisində Nizami metrostansiyasının qarşısında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə kağız zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 məhkəmə iclasında dindirilmiş digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab olunmuş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu hazırki məhkəmə iclasında dindirilmiş digər Şahid2 ilə eyni məzmunlu ifadəsi elan edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 10 iyul 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 14, 23) Şəxsi axtarış və götürmə aparılması haqqında 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 10.07.2021-ci il tarixdə saat 08:00-da Bakı şəhəri, Yasamal rayonu ərazisində Nizami metrostansiyasının qarşısında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış narkotik maddə heroinə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, 223 saylı möhürlə möhürlənmişdir. (i.v. 32-33) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2021-ci il tarixli, 6/2772 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №223“ dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş kütlə” sözləri, adlar,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0.239 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,239 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,189 qram. Ekspertiza tədqiqatının dəyəri 65.0 (altmış beş) manat təşkil edir. (i.v. 40-42) DVD diskə baxış keçirilməsi haqqında 11 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X8 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar şəxsi axtarış və götürülmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni 10.07.2021-ci il tarixdə saat 08:00-da Bakı şəhəri, Yasamal rayonu ərazisində Nizami metrostansiyasının qarşısında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, 223 saylı möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmişdir. (i.v. 49) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 4(002)-138/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. (i.v. 70-74) 12 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 75-76) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 5(002)-222/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş 10 iyul 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v. 77-78) Axtarışda olan şəxsin tutulması barədə 31 avqust 2021-ci il tarixli protokoldan görünür ki, barəsində 11.08.2021-ci il tarixli 31292 nömrəli axtarış işi olan Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdə, saat 09:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Qaradağ RPİ-yə təhvil verilmişdir. (i.v. 88) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 4(002)- 188/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetməninin əvvəli 31 avqust 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 90- 99) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07.09.2021-ci il tarixli cavabından və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-63/2018 saylı 05 iyun 2018-ci il tarixli Hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 02 ay 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 03.06.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 102-104, 115-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X7-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 25 sentyabr 2021-ci il tarixli, 3620 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 118-119) Sübutların qiymətləndirilməsi barədə 08 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət tam sübuta yetdiyindən ona 12 iyul 2021ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham əsaslı və qanuni olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində 01.09.2021ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin Cinayət Məcəlləsinin 234.21-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən material ayrılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nə göndərilmiş, iş üzrə 0.239 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırki 0.189 qram (0.189+0.05) olan qalığı isə məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılmış, işdə olan şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəylər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman protokola əlavə olunmuş 01 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs əvvəllər əldə edərək istifadə etdiyi narkotik vasitələrə görə həin narkotik vasitələr əldə olunmadığından barəsində həmn hissədə cinayət təqibi rədd edilmişdir.(i.v. 120-125) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 arasında 13 dekabr 2011-ci il tarixdə nikah bağlanmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 31.12.2004-cü il təvəllüdlü Aytac adlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-63/2018 saylı 05 iyun 2018-ci il tarixli hökmünə əsasən əvvəllər az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, Xəzər rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad olunmasını və üzərindən məhkumluğunun götürülmədiyini və onun məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən onun 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), onun 31 avqust 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 31 avqust 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 51 (əlli bir) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 306 (üç yüz altı) manat məbləğində, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (bir) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,189 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 51 (əlli bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 306 (üç yüz altı) manat məbləğində, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar