Məhkəmə qərarları › İş №1(002)-375/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-375/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-375/2022 29.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxx 1991-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi şəhərində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə qonşuları Təqsirləndirilən şəxs2 və X11 oğlu ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 56-cı km-də yerləşən ərzaq mağazasının çöl tərəfindən quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nə məxsus saxlanc yeri hesab edilən ödəmə terminalına sındırmaq yolu ilə qanunsuz daxil olaraq içərisində 7516 manat nağd pul olan pul kasetini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə qonşuları Təqsirləndirilən şəxs1 və X11 oğlu ilə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində Qaradağ rayonu,İ Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 56-cı km-də yerləşən ərzaq mağazasının çöl tərəfindən quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nə məxsus saxlanc yeri hesab edilən ödəmə terminalına sındırmaq yolu ilə qanunsuz daxil olaraq içərisində 7516 manat nağd pul olan pul kasetini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı orta məktəbini 2008-ci ildə Azərbaycan sektoru üzrə bitirmiş, ilk 5 sinfi Nərimanov rayonu ərazisində yerləşən 93 saylı orta məktəbində Azərbaycan sektoru üzrə təhsil almış, 6-cı sinifdən sonacan isə 146 saylı orta məktəbdə təhsil almışdır. Gürcüstanda doğulsa da Gürcüstan vətəndaşı olsada gürcü dilini qətiyyən bilmir və ana dili olan Azərbaycan dilində təhsil aldığı üçün tam sərbəst yazıb oxuya bilir, tərcüməçiyə ehtiyacı yoxdur. O, özünə məxsus olan “Mersedes Benz” markalı PP012ZZ Gürcüstan dövlət nömrə nişanı avtomobili idarə edirmiş, o, həmin avtomobildən taksi kimi istifadə edib ailəsini saxlayırmış. Vüqar və Təhmin onunla qonşuluqda Qaraçuxur qəsəbəsində yaşayırlar. 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında çölə çıxmış və həmin vaxt o, Vüqarı görmüşdür. Elə bu vaxt Təhmin də yanlarına gəlmişdir, söhbət əsnasında onlar maddi vəziyyətlərindən danışmışlar və borcları barədə bir-birinə demişlər. Bu vaxt Vüqar demişdir ki «benzin var gedək rayona». O, Vüqar və Təhmin onun idarə etdiyi avtomobilə əyləşmişlər və Vüqarın sözü ilə Sabirabad rayonuna getmişlər və avtomobili saxlamadan, yerə düşmədən yenidən Vüqar demişdir ki «qayıdaq Bakı şəhərinə». Bakı şəhərinə gələn zaman Qaradağ rayonu, Qobustan qəsəbəsinə çatan zaman mağaza axtarmışlar ki, su alıb içsinlər. Qobustan qəsəbəsində polis bölməsinin yaxınlığında bir mağaza görmüşlər, Vüqar demişdir ki “sür qabağa” və o da sürmüşdür, daha sonra Vüqar demişdir ki «yenidən qayıt mağazanın qarşısına». O yenidən qayıdıb həmin ərzaq mağazasının qarşısına gəlmişdir. Bu zaman Vüqar avtomobildən düşmüş və gedib mağazanın qarşısında quraşdırılmış ödəmə aparatına baxmış və geri qayıtmışdır. Avtomobildə özü ilə götürdüyü çantanın içərsində dəmir parçasını götürüb düşmüş, yenidən ödəmə aparatının yanına getmişdir, həmin vaxt o və Təhmin avtomobildə oturmuşlar. Həmin vaxt Vüqar əlindəki dəmir parçası ilə ödəmə aparatının pul salınan yerini sındırmağa başlamışdır, daha sonra böyründən açmağa başlamışdır, həmin vaxt o Təhminə demişdir ki, «ona de gəlsin səs küy salıb». Həmin vaxt o, Təhminə sükan arxasına keçməyi demiş, Təhmin sükan arxasına keçmiş və o yerə düşüb Vüqarın yanına getmişdir və görmüşdür ki, Vüqar artıq ödəmə aparatının pul qabını çıxardıbmış. Onlar avtomobilə qayıtmış, həmin vaxt avtomobilin arxa oturacağında əyləşən Vüqar əlindəki dəmir parçası ilə pul qabını sındırmağa başlamışdır, avtomobili isə Təhmin idarə etmişdir. Təhmin avtomobili idarə edib kimsəsiz olan bir boş əraziyə gətirmişdir. Vüqar yerə düşmüş və pul qabını sındırmağa başlamışdır, o da avtomobildən yerə düşmüş və bu vaxt Vüqar ona demişdir ki «daş gətir sındırım», artıq gecə saatları olduğu üçün hava qaranlıq olmuş və o daş axtarmağa başlamışdır. Bu zaman Vüqar demişdir ki «sındırdım» və içərisində olan pulları götürmüşdür və pul qabını elə orada qoyub avtomobilə əyləşmişlər, sükan arxasına o əyləşmişdir, Təhmin qabaq sərnişin oturacağına əyləşmiş, Vüqar isə arxaya əyləşmişdir. Yolda gedən zaman Vüqar onlara demişdir ki, «6118 manat pul var» bu zaman onlar Qaraçuxur qəbəsinə gəlmişlər və həmin orada Vüqar 2000 manat ona vermiş, 2000 manat isə Təhminə vermişdir, qalan pulları və çantasını götürüb çıxıb getmişdir. Onlarda hərəsi öz pullarını götürüb evə getmişlər. Onun öhdəsinə düşən 2000 manat puldan 1600 manatını o öz ehtiyaclarına xərcləmişdir, 400 manat pul isə qalmışdır. Həmin vaxtdan o, Vüqarı bir daha görməmişdir. Daha sonra 10 sentyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər, daha sonra isə Təhmini gətirmişlər, lakin Vüqarı tapa bilməmişlər. Qeyd etmişdir ki, onda qalan 400 manat pulu o, polis əməkdaşlarına təhvil vermişdir. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, atası Elizbar Bədəlovun yaxın zamanlarda vəfat etdiyini, yaşlı anasının onun himayəsində yaşadığını, himayəsində bir azyaşlı uşağı olduğunu, halhazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödəməklə barışdıqlarını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda Azərbaycan Dövlət Bədən X3 4-cü kurs tələbəsidir. Vüqar və İbrahim onunla birilkdə Suraxanı rayonu Qaraçuxur qəbəsində qonşuluqda yaşayırlar. İbrahimə məxsus olan “Mersedes Benz” markalı PP012ZZ Gürcüstan dövlət nömrə nişanı avtomobil varmış və o həmin avtomobili idarə edirmiş, İbrahim həmin avtomobildən taksi kimi istifadə edib ailəsini saxlayırmış. O da əvvəllər taksi fəailliyyəti ilə məşğul olmuşdur, lakin son zamanlar işləmirmiş. 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında çölə çıxmış və görmüşdür ki, Vüqarla İbrahim söhbət edirlərmiş, o da onların yanına gedib söhbətlərinə qoşulmuşdur. Söhbət əsnasında onlar maddi vəziyyətlərindən danışmışlar və borcları barədə bir-birinə demişlər. Bu vaxt Vüqar İbrahimə demişdir ki «maşınında benzin var gedək rayona». İbrahim, o və Vüqar İbrahimin idarə etdiyi avtomobilə əyləşmişlər və Vüqarın sözü ilə Sabirabad rayonuna getmişlər və avtomobili saxlamadan yerə düşmədən yenidən Vüqar demişdir ki, «qayıdaq Bakı şəhərinə». Bakı şəhərinə gələn zaman Qaradağ rayonu, Qobustan qəsəbəsinə çatan zaman mağaza axtarmışlar ki, su alsınlar. Qobustan qəsəbəsində polis bölməsinə yaxınlığında bir mağaza görmüşlər, Vüqar demişdir ki «sür qabağa» və İbrahimdə sürmüşdür, daha sonra Vüqar demişdir ki «yenidən qayıt mağazanın qarşısına». İbrahim yenidən qayıdıb həmin ərzaq mağazasının qarşısına gəlmişdir. Bu zaman Vüqar avtomobildən düşmüş və gedib mağazanın qarşısında quraşdırılmış ödəmə aparatına baxmışdır və geri qayıtmışdır. Avtomobildə özü ilə götürdüyü çantanın içərisində dəmir parçasını götürüb düşmüş, yenidən ödəmə apartının yanına getmişdir. Həmin vaxt o və İbrahim avtomobildə oturmuşlar. Həmin vaxt Vüqar əlindəki dəmir parçası ilə ödəmə aparatının pul salınan yerini sındırmağa başlamışdır, daha sonra böyründən açmağa başlamışdır, həmin vaxt İbrahim ona demişdir ki «ona de gəlsin səs küy salıb». Həmin vaxt İbrahim ona demişdir ki «keç sükan arxasına», o da sükan arxasına keçmiş və İbrahim yerə düşüb Vüqarın yanına getmişdir və bir qədər sonra onlar qayıtmışlar və o görmüşdür ki, Vüqar ödəmə aparatının pul qabını çıxardıb götürmüşdür. Həmin vaxt avtomobilin arxa oturacağında əyləşən Vüqar əlindəki dəmir parçası ilə pul qabını sındırmağa başlamışdır, avtomobili isə o idarə edirmiş. O avtomobili idarə edib kimsəsiz olan bir boş əraziyə gətirmişdir, Vüqar yerə düşmüş və pul qabını sındırmağa başlamışdır. İbrahimdə avtomobildən yerə düşmüşdürİ, o həmin vaxt avtomobildə oturmuşdur. Bir qədər sonra İbrahim və Vüqar avtomobilə qayıtmışlar, sükan arxasına Vüqar keçmiş, o isə qabaqda əyləşmiş, Vüqar isə arxada əyləşmişdir. Yolda gedən zaman Vüqar onlara demişdir ki «6118 manat pul var» bu zaman onlar Qaraçuxur qəsəbəsinə gəlmişlər və həmin vaxt orada Vüqar 2000 manat pul ona vermiş, 2000 manat isə İbrahimə vermişdir, qalan pulları və çantasını götürüb çıxıb getmişdir. Onlar da hərəsi öz pullarını götürüb evə getmişlər. Onun öhdəsinə düşən 2000 manat puldan 600 manatını öz ehtiyaclarına xərcləmişdir, 1400 manat pul isə qalmışdır. Həmin vaxtdan O, Vüqarı bir daha görməmişdir. Daha sonra 10 sentyabr 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PBnin əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmişlər həmin vaxt o görmüşdür ki, İbrahimi tutmuşlar, lakin Vüqarı tapa bilməmişlər. Onda qalan 1400 manat pulu o, polis əməkdaşlarına təhvil vermişdir. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanı ödəməklə barışdıqlarını və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC şirkəti ödəmə elektron sistemləri və onlara texniki xidmət göstərilməsi üzrə aparıcı şirkətdir. Şirkət şəxsi mülkiyyəti olan ödəmə aparatlarını rayon, şəhər rəhbərliyinin razılığı əsasında ticarət obyektlərinin qarşısında, ticarət obyektlərində, müəssisəslərdə və obyektlərin qarşısında küçədə qurşadıraraq vətəndaşlara xidmət göstərir. O Zərərçəkmiş şəxs MMC-də hüquqşunas vəzifəsində işləyir. 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında ona məlumat verilmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 56-cı km-də yerləşən ərzaq mağazasının çöl hissəsindən qarşısında quraşdırılmış 20001 saylı ödəmə terimanlı naməlum şəxslər tərəfindən sındırılaraq qarət edilmişdir. Eyni zamanda həmin ödəmə aparatının içərisində 440 manat dəyərində olan pul kasetinin daxilində yerləşən 7516 manat nağd pulla birlikdə oğurlanmışdır. O özüdə həmin yerə getmiş və görmüşdür ki, aparatın qapısı sındırılıb və yararsız vəziyyətdədir, içərisində olan kasset isə oğurlanmışdır. Bundan sonra o, Qaradağ RPİ-nin 11-ci PB-nə gedib rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Nağd pul və pul kasetini oğurlamaqla şirkətə 7956 manat maddi ziyan vurulmuşdur, həmçinin ödəmə aparatı hadisə yerindən anbara aparılaraq orada ona texniki baxış keçirilmiş və aparatın 79,54 manat texniki qapısı, 35 manat dəyəri olan qıfılı, 270 manat dəyəri olan X17 əskinaz qəbuledicisi zədələnmişdir və apartın təmiri bərpası üçün 240 manat vəsait istifadə ediləcəkmiş. Ödəmə apatının sındırılması nəticəsində şirkətə dəymiş maddi ziyan 624,54 manat təşkil etmişdir. Beləliklə şirkətə ümumilikdə 8580,54 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 sentyabr 2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi 56-cı km-də yerləşən ərzaq mağazasının çöl tərəfindən quraşdırılmış Zərərçəkmiş şəxs MMC-nə məxsus ödəmə terminalınını sındıraraq içərisində olan pulları oğurlamışlar. Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirilməsinə başlanılmış və 10 sentyabr 2022-ci il tarixdə həmin cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq polis bölməsinə gətirilmişlər və polis bölməsində onlar törətdikləri əməli tam etiraf edərək bu cinayət digər tanışları Tapdıq-X10 təklifi ilə törətdiklərini etitraf etmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 cinayətdən onun payına düşmüş 1400 manat pulu təqdim etmiş və bu barədə protokol tərtib edilərək onun təqdim etdiyi pul əskinasları götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs1 onun payına düşmüş 400 manat pulu təqdim etmiş və bu barədə müvafiq protokol tərtib edilərək onun təqdim etdiyi pul əskinasları götülmüşdür. Bundan sonra toplanmış materiallar Qaradağ RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. Cinayətdə iştirak edən digər şəxs Vüqar Tapdıq-Zadənin tutulması üçün əməliyyat axtarış tədbirləri davam etdirilir. Şahid Qaradağ RPİ-in 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Nadirli X6 RPİ-in 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə eynizməmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxs1dir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Bədəlov Elizbar xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxslə barışmaqla, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışmaqla, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyan ödənildiyindən onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəmüvafiq olmasa da ona həmin maddə də alternativ cəza kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi də Azərbaycan Respublikası CM-nin 52-1.6-cı maddəsinə əsasən mümkün deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışmaqla, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, ailə vəziyyətini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 12 sentyabr 2022-ci il tarixdə barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma tətbiq edilməməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.2.1, 52.2.2 və 52.2.6-cı maddəsinin tələblərindən aydın olur ki, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X9 və X7 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 288 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, 288 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4,150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 4 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar