Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-38/2023 05.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1973-cü ildə Naxçıvan MR, Nehrəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4-cü yeni evlərdə kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirdiyi “Ford Transit” markalı avtomobili gömrük rəsmiləşdirməsini həyata keçirməsi adı ilə vəd verib aldatmaqla 02 iyun 2022-ci il tarixdə saat 17 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzində 5400 manat pulunu alıb vədinə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o əvvəllər Gömrük Komitəsində mühafizə idarəsində işləmişdir. İsgəndəri o, hadisədən təxminən bir il əvvəl olarmış ki, tanıyırmış, onunla onun normal münasibətləri olmuşdur. İsgəndərə bir neçə dəfə Gürcüstandan gətirdiyi avtomobilin rəsmiləşdirilməsi üçün köməklik etmişdir. Təxminən hadisədən 3 ay əvvəl İsgəndər yenə də “Ford Transit” markalı avtomobil gətirmiş və ondan yenə də ona köməklik etməsini xahiş etmişdir. O, İsgəndərə demişdir ki, rəsmiləşdirmək üçün 5400 manat pul verilməlidir. O, 02 iyun 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində İsgəndərdən həmin 5400 manat pulu onun gətirdiyi avtomobili rəsmiləşdirmək üçün almışdır. Həmin vaxt bank bağlı olduğu üçün İsgəndərdən aldığı 5400 manat pul onda qalmışdır. İş saatı bitmişdir. Onun pula ehtiyacı olduğundan həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, zərərçəkmiş şəxsə isə pulu itirdiyi barədə məlumat vermişdir. Bundan sonra İsgəndər onunla kobud danışmışdır. O, İsgəndərə demişdir ki, ona bir neçə gün möhlət versin, onun pulunu verəcək. Hətta təklif etmişdir ki, «mən zamin dayanım notariat qaydada sənəd verim siz kredit götürün mən ödəyim həmin krediti», lakin İsgəndər razılaşmamışdır və polisə şikayət etməyə getmişdir. Bir neçə gün sonra İsgəndər onun üstünə tanımadığı şəxsləri gətirmiş və onlar İsgəndərin pulunu qaytarmağı tələb etmişlər, həmin şəxslər isə sərxoş vəziyyətdə olmuşlar, o həmin vaxt 200 manat pulunu çıxardaraq İsgəndərə vermişdir və onun İsgəndərə 5200 manat pul borcu qalmışdır. Bir neçə gün sonra həmin şəxslər yenə də sərxoş vəziyyətdə onun yanına “Meyvəli” ticarət mərkəzinə gəlmişlər. O orada İsgəndərə zəng etmişdir ki, 1200 manat pul düzəltmişdir, «gəl verim», lakin o razılaşmamış və demişdir ki «polisə vermişəm», o isə demişdir ki, «onda polis araşdırsın nə olar olsun». İsgəndərin pulunun ələ keçirilməsində ondan başqa heç kimin xəbəri olmamışdır. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25% ni, yəni 1352 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisədən 3 ay əvvəl Gürcüstandan ona “Ford Transit” markalı avtomobil göndərmişlər, yəni ki almışdır, bundan sonra o, həmin avtomobili gömrükdən rəsmiləşdirmək üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzinə gəlmişdir. Orada o, gömrük idarəsinə yaxınlaşmış və orada ona Təqsirləndirilən şəxs adlı şəxs yaxınlaşmışdır və ona nə üçün gəldiyini soruşmuşdur, o isə ona demişdir ki, avtomobil almışdır və onu gömrük rəsmiləşdirməsindən ötrü gəlmişdir. Qadir özünü ona gömrük işçisi kimi təqdim etmiş, lakin hansı vəzifədə işlədiyini ona deməmişdir, amma Qadir mülki geyimdə olmuşdur. Bundan sonra onlar orada olan «Güvən» broker xidmətinə getmişlər və orada Şahid2 və Şahid1 adlı şəxslərdə olmuşdur. Onlar hesablamışlar və ona demişlər ki, 5400 manat pul verilməlidir, o da 02 iyun 2022-ci il tarixdə cibindən 5400 manat pul çıxardıb orada Qadirə vermişdir, Qadir isə həmin pulu onun yanında Şahid1 vermişdir, Elnur isə pulu siyirtməyə qoymuşdur və gec olduğundan o, oradan çıxıb getmişdir. 05 iyun 2022-ci il tarixdə o, avtomobili götürmək üçün yenidən gömrük idarəsinə getmiş, lakin ona pulun köçürülmədiyini demişlər. O, dərhal «Güvən» broker xidmətinə Şahid1 yanına getmiş, orada Şahid1 və Şahid2 olmuşlar Qadir isə olmamışdır. O soruşmuşdur ki, nəyə görə pul köçməyib, Şahid1 isə Təqsirləndirilən şəxs götürüb zəng etmişdir, lakin onun telefonuna zəng çatmamışdır, o isə onu gözləmiş və saat 14 radələrində həmin Qadir gəlmiş və demişdir ki, pulu itirmişdir, lakin o ondan pulu necə itirdiyini soruşmuş, Qadir isə ona müxtəlif bəhanələr gətirmiş və avtomobili bir neçə günə çıxardacağına dair söz vermişdir. Qadir bildirmişdir ki, gömrük komitəsinin rəhbərliyində yaxın adamları var və bu yolla ona köməklik edəcəkdir. O artıq başa düşmüşdür ki, Qadir onun etibarından sui istifadə edərək pulunu dələduzluqla ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, o, 2021-ci ildən «Versage» broker xidmətini yaratmış və işləməyə başlamışdır. Onun işi xaricdən ölkəyə gətirilən avtomobillərə bəyannamələr yazmaqdan ibarətdir. İsgəndəri o, Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs makler kimi fəaliyyət göstərirmiş, yəni ölkəyə gətirilən avtomobillər sahiblərini onların broker şirkətinə gətirir və oradan hər müştəri üçün Qadirə 5 manat makler haqqı olaraq ödəniş edirmişlər. Onun şirkəti Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» ticarət mərkəzində yerləşirmiş. Qadir İsgəndəri gətirəndə o «Meyvəli» ticarət mərkəzində yerləşən «Güvən» broker şirkətində işləyirmiş. İsgəndər Gürcüstandan ölkəyə “Ford Transit” avtomobili gətirmiş və onlar hesablamışlar, onun gömrük rəsmiləşdirməsi 5400 manat təşkil edirmiş. 02 iyun 2022-ci il tarixdə İsgəndər «Meyvəli ticarət mərkəzində 5400 manat pulu gömrük rəsmiləşdirməsi üçün sayıb vermiş onun iştirakı ilə vermiş Təqsirləndirilən şəxs, Qadir həmin vaxt pulu saxlamaq üçün ona vermişdir, o da həmin pulu heç saymadan qoymuşdur siyirtməyə, İsgəndər həmin vaxt çıxıb getmişdir, Qadir isə demişdir “tualetə gedib gəlirəm”. Bir qədər sonra Qadir bəyənnaməni və ona verdiyi İsgəndərin pulunu kassaya bank hesabına ödəmək üçün istəmişdir. O da İsgəndərin 5400 manat pulunu Qadirə vermişdir. Qadir pulu götürüb çıxıb getmişdir və geri gəlməmişdir və nə baş verdiyindən onun xəbəri olmamışdır. Bir gün sonra İsgəndər gəlmiş və onlar sistemdə baxıb görmüşdür ki, heç bir ödəniş olunmamışdır. O Qadirə zəng edib pulun oturmamasını soruşmuş, Qadir isə demişdir ki «gəlirəm». Saat 16 radələrində Qadir gəlmiş və demişdir ki, «pulu itirmişəm pul yoxdur», Qadir İsgəndərə söz vermişdir ki, həftənin birinci günü onun avtomobilini çıxardıb verəcəkmiş. Bundan sonra Qadir söz verdiyi vaxtda İsgəndərin avtomobilini ona təhvil verməmişdir. Daha sonra İsgəndərlə onun arasında söz söhbət başlamışdır, İsgəndər Qadirdən pulunu tələb edirmiş, Qadir isə ödəyəcəyinə dair söz verirmiş, lakin bu günə kimi Qadir İsgəndərin pulunu ödəməmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 öz ifadəsində digər Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx" ASCnin Qaradag branch filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7338 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, 1352 manat məbləğində pul vəsaitini X3 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 1350 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 05 oktyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün istintaq zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X4 tərəfindən 46 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 321, 344- 347, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 276 (iki yüz yetmiş altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-38/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-38/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver