Məhkəmə qərarları › İş №1(002)-386/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-386/2021

15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-386/2021 15.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 09 avqust 1999-cu ildə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, N saylı hərbi hissədə çilingər işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 31 iyul 2021-ci il tarixdə saat 09:15 radələrində Qaradağ RPİ-nin NMB-i və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Ələt yolunun 16-cı kilometrliyindən yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,853 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 30 iyul 2021-ci il tarixdə axşam saatlarında Lökbatan qəsəbəsi ərazisində massivlər adlanan ərazidən keçdiyi zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq “patı” adlandırdığı psixotrop maddə metamfetamin almağı təklif etmiş, özü psixotrop maddə istifadə etdiyinə görə həmin şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd siqaretin qızılı rəngli kağızı bükümündə “patı”nı almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evə getmişdir. 31 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Bakı-Ələt yolunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında dayandığı zaman 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra Cavid olub-olmadığını ondan soruşmuşlar. O da polis əməkdaşlarına özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra orada ona dəvət edilmiş müdafiəçinin iştirakı ilə hüquqları izah edilmiş, bundan sonra polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparılmışdır. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxardıb masanın üstünə qoymuş, polis əməkdaşlarına bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və tərəflərindən imzalanmış, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Həmin psixotrop maddə metmfetamini özü qəbul etmək məqsədi ilə üzərində saxladığını, ondan qəbul etmədiyini, ağrıları olduğu vaxt istifadə edəcəyi üçün özündə saxlamışdır. Başqa cinayət törətmədiyini, polis bölməsində ona heç bir şəxsin təzyiq göstərmədiyini təsdiq etmişdir.O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, atasının 2-ci Qarabağ müharibəsində şəhid olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 31 iyul 2021-ci il tarixdə Qaradağ RPİ-nin NMB və CAŞ-nin əməkdaşlarından ibarət yaradılmış əməliyyat qrupunun üzvü CAŞ-nin CA üzrə inspektoru, polis kiçik serjantı Şahid2 ilə birlikdə həmin gün saat 09:15 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən Bakı-Ələt yolunun 16-cı kilometrliyində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti tərəflərindən müəyyən edildikdən sonra Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxardıb təqdim etmiş, bükümün içərisinə baxdıqda ağ rəngli, iysiz, kristal şəkilində maddə aşkar edilmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, özünün istifadə edəcəyi məqsədi ilə aldığını onlara bildirmişdir. Bundan sonra həmin psixotrop maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Orxan Ocaqov tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədi ilə daşıdığını bildirmiş, sonuncunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2021-ci il tarixli 6/3220 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,853 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı l) aiddir. Metamfetaminin təmiz çəkisi 0,853 qr., tədqiqata sərf edildi 0,05 qram., qalıq 0,803 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 6/3671 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X5 aşkar edilmiş 2 ədəd bükümdə və X1 aşkar edilmiş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdə və X9 aşkar edilmiş 01 ədəd bükümdə olan metamfetamin kütlələri həm öz aralarında, həmçinin X5 və X1 aşkar edilmiş metamfetamin kütlələrindən kimyəvi tərkiblərinə görə fərqlidirlər. Qeyd Təqsirləndirilən şəxs aşkar edilmiş 31 iyul 2021ci il tarixli ekspertizadan sonra qalıq qalmış 0,803 qram metamfetamindən tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,763 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 04 avqust 2021-ci il tarixli 2650 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,853 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalmış 0,763 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 31 iyul 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğluna üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxardıb təqdim etmiş, bükümün içərisinə baxdıqda ağ rəngli və kristal şəkilində maddə aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X11 28.09.2020-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələr nəticəsində ölmüşdür. İş materiallarına əlavə edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının şəhid və şəhid ailəsi statusunun verilməsi haqqında arayışından görünür ki, ünvan 2 ünvanında yaşayan X4 həyat yoldaşı X11 28.09.2020-ci il tarixdə erməni hərbi təxribatı nəticəsində mülki vətəndaş kimi həlak olmuşdur. Bununla bağlı X11 şəhid, ailə üzvləri şəhid ailəsi statusuna malikdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və atasının 2-ci Qarabağ müharibəsində “şəhid” olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs oğlu qeyd olunan cinayət əməlinə görə 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 02 avqust 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Qaradağ RPİ-nin istintaq şöbəsində istintaqı aparılmış və ittiham aktı ilə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmiş X6 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı sonuncunun Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,853 qram çəkidə psixotrop maddə olan metamfetamini ona satması faktı təsdiqini tapmadığından Anar Əlicanovun barəsində həmin fakta görə cinayət təqibinin başlanılması rədd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109,90 manat Təqsirləndirilən şəxs tutulmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,763 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,763 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar