Məhkəmə qərarları › İş №1(002)-39/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-39/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-39/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1991-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan məlum olur ki, o, satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşıyarkən 30 sentyabr 2021-ci il tarixdə saat 06:00 radələrində BDYPİ-nin YPXA-nın əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman Bakı-Qazax avtomagistralının 40-cı kilometrliyində Bakı şəhəri istiqamətinə gedən hissəsində yolun kənarında dayanmış VAZ 21011 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmışlar və avtomaşının qabaq oturacağında sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs əlində olan sellofan torbada 10 ədəd kibrit qutusunu gördüklərindən Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, həmin qutuların içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Buna görə də Təqsirləndirilən şəxs sellofanda olan 10 ədəd kibrit qutusu ilə həmin gün saat 06:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, PB-də onun üzərinə dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə axtarış keçirilərkən əlində olan sellofan torbada ümumi çəkisi 58,252 qram olan 10 ədəd kibrit qutusuna qablaşdırılmış ayrı ayrılıqda hər bir kibrit qutusunun içərisində 6,509 qram, 6,150 qram, 5,531 qram, 6,125 qram, 5, 851 qram, 6, 079 qram, 4,682 qram, 5,394 qram, 5,576 qram, 6,355 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, meşədən yabani halda bitən süpürgə ağaclarını toplayaraq hissələrə bölüb rayonlarda satıb qazanc əldə edib ailəsini dolandırırmış. O, təxminən bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirmiş. Belə ki, o, narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı rayonda tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün alırmış. Təxminən 15 gün əvvəl, yəni 15 sentyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Neftçala rayonunda Akkuşa adlanan ərazidə süpürgə yığan zaman kol şəklində qurudulmuş halda çətənə bitkisi tapmışdır. O, tapdığı çətənə bitkilərini toplayaraq yığdığı süpürgənin içərisinə qataraq Neftçala rayonunda Akkuşa çayının yaxınlığında yerləşən mağazadan bir blok kibrit qutusu almışdır. Daha sonra o, dəniz kənarında çətənə kollarının qurudulmuş halda yarpaqlarını 11 ədəd kibrit qutusuna yığmışdır. Daha sonra o, yaşadığı Masallı rayonu, Köçərli kəndinə getmək üçün Neftçala rayonundan yola düşmüşdür. O, Neftçala rayonundan keçib gedərkən yolda post qurulduğunu görmüş və tutulmaqdan qorxduğu üçün üzərindəki 11 kibrit qutusundan 10 ədəd kibrit qutusunda olan qurudulmuş halda çətənə kollarını sellefon paketə yığaraq yol kənarında gizlətmişdir. Daha sonra o, içərisində qurudulmuş çətənə bitkisi ilə bir ədəd kibrit qutusunu üzərində gizlədərək Masallı rayonu, Köçərli kəndində evlərinə gəlmişdir. O, səhəri gün üzərində gəzdirdiyi kibrit qutusunun içərisində olan çətənə bitkilərindən istifadə etməyə başlamışdır. O, təxminən 10 gün müddətinə bir kibrit qutusunun içərisindəki həmin çətənə kollarını istifadə edib qurtarmışdır. O, 29.09.2021-ci il tarixdə saat 21:00 radələrində dostu Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş və onu Bakı şəhərinə aparmağını xahiş etmişdir. O, Bakı şəhərinə gəlməkdə məqsədi Bakıda fəhlə işi tapıb işləmək olmuşdur. Şahid4lə onlar dost olduğundan o, dostu İlkinin idarə etdiyi “Vaz-21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə benzin vuracaqmış. 30.09.2021-ci il tarixdə saat 01:00-da o, Masallı rayonu Köçərli kəndindən Bakı şəhərinə gəlmək üçün İlkinin idarə etdiyi avtomobillə yola düşmüşlər. O, yolda qurudulmuş marixuananı gizlətdiyi yerin yaxınlığından keçən zaman İlkindən avtomaşını saxlamasını xahiş etmiş və 10 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı gizlətdiyi yerdən götürərək üzərində saxlayıb avtomaşına tərəf gəlmişdir. Onlar birlikdə təxminən saat 04:00 radələri olarmış ki, Qaradağ postunu keçdikdən sonra avtomobilin benzini qutarmışdır. İlkin avtomaşını tərk edərək benzin almaq üçün yol maşınlarının biri ilə yanacaqdoldurma məntəqəsinə getmişdir. Təxminən saat 06 radələrində avtomaşına ərazidə xidmət aparan YPX-nin əməkdaşları yaxınlaşmışlar. O, həmin vaxtı içərisində kibrit qutuları olan sellefon torabanı ayağının alt hissəsində gizlətməyə başlamışdır. Həmin vaxtı YPX-nin əməkdaşları ondan gizlətdiyi içərisində kibrit qutuları olan sellefon torabanı təqdim etməyini bildirmişlər və ondan sənədlərini təqdim etməyi nəzərinə çatdırmışlar. Bu zaman İlkin əlində benzin qabı ilə avtomaşına yaxınlaşmış və polis əməkdaşlarına avtomaşının sürücüsü olduğunu bildirmişdir. O, gizlətdiyi içərisində kibrit qutuları olan sellefon torbanı təqdim etməkdən imtina etmişdir. Lakin polis əməkdaşları onunla profilaktiki söhbət etdikdən sonra o, əlində olan içərisində 10 ədəd kibrit qutularında qurudulmuş marixuana olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. YPX-nin əməkdaşları onu və sürücü İlkini ərazi aidiyyəti üzrə Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. O və sürücü İlkin heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gəlməyə razılıq vermişdir. Bundan sonra onları Qaradağ RPİ-nin 11-ci PB-nə gətirib təhvil vermişlər. 11-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişdir. Onları polis bölməsinə gətirmiş YPX əməkdaşı onun təqdim etdiyi sellofan torbada olan 10 ədəd kibrit qutusunda qurudulmuş marixuananı vəkilin iştirakı ilə videoçəkiliş zamanı stolun üzərinə qoymuşdur. O da bidlrmişdir ki, həmin 10 ədəd kibrit qutusu ona məxsusdur və qutuların içərisindəki qurudulmuş marixuanadır. Bundan sonra onun üzərində axtarış aparılan zaman heç bir qanunla qadağan olunmuş əşya, maddə aşkar olunmamışdır. O, bir il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan arada bir istifadə edirmiş. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuananı aldığı şəxsləri tanımırmış və təsvir edə bilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, ancaq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirmiş. O, bundan əlavə heç bir cinayət törətməmişdir. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Şahid4 ilə münasibətləri normal olmuşdur. Kəndləri ayrı olsa da ailəvi dostluqları olmuşdur. Şahid4 onun üzərində 10 ədəd kibrit qutusunda qurudulmuş marixuana olduğundan əvvəlcədən xəbəri olmamışdır. O, Bakı şəhərində fəhlə işlədiyi müddətdə həmin narkotik vasitə olan qurudulmuş marixuanadan özü istifadə etmək üçün Bakı şəhərinə gətirirmiş. Həmin qurudulmuş marixuananın 10 ədəd kibrit qutusuna qablaşdırmaqda məqsədi isə daşınmasını rahatlaşdırmaq olmuşdur. İbtidai istintaq zamanı ifadəsini narkotik vasitə istifadəçisi olması ilə bağlı vermiş və iş materialları ilə tanış olarkən ifadəsini oxumamışdır. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. O, son olaraq özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini, lakin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə təqsirli bildiyini və törətdiyi əməlindən də peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini qeyd edərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 6-cı tağımının YPX inspektoru, polis kiçik serjantı Şahid1 öz ifadəsində göstərmişdir ki, 30.09.2021-ci il tarixdə təxminən saat 06 radələrində KİA markalı ** YP *** dövlət nömrə nişanlı xidməti avtopatrul avtomaşında onunla birgə xidmət aparan Şahid2lə birlikdə xidmətdə olduğu zaman Bakı-Qazax yolunun 40-cı km-də Bakı şəhəri istiqamətində yolun ehtiyyat hissəsində VAZ 21011 markalı ** BG *** dövlət nömrə nişanlı avtomaşının dayandığını görmüşlər, həmin avtomaşına yaxınlaşmışlar. Həmin zaman avtomaşının qabaq sərnişin oturacağında əyləşmiş sərnişin içərisində xeyli sayda kibrit qutusu yığılmış sellofan torbanı avtomaşının içərisində ayağının altına atmışdır. Onlar həmin şəxsdən sənədlərinin təqdim etməsini, eləcə də ayaqaltına atdığı kibrit qutularını onlara təqdim etməsini tələb etmişlər. Bu zaman bir nəfər şəxs onlara yaxınlaşaraq bildirmişdir ki, avtomaşının sürücüsüdür. Onlar həmin sürücüdən və sərnişindən sənədlərini təqdim etmələrini bildirmişlər. Sərnişin özünü şübhəli apararaq kibrit qutularını verməkdən boyun qaçırmaq istəmiş, lakin buna baxmayaraq sərnişinlə aparılan söhbətlər nəticəsində sərnişin 10 ədəd kibrit qutusunda qurudulmuş marixuana olduğunu bildirib, həmin 10 ədəd kibrit qutusunu onlara təqdim etmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, VAZ 21011 markalı ** BG *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Şahid4, sərnişin isə Təqsirləndirilən şəxsdur. Onlar həmin şəxslərdən narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində şübhələndikləri üçün həmin şəxsləri Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Burada vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi ararılmışdır. Həmin zaman o, Təqsirləndirilən şəxs ona təqdim etdiyi sellofan torbanı stolun üzərinə qoymuşur. Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan və onun içərisində olan 10 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana özünə məxsusdur və bir müddət əvvəl Neftçala rayonu ərazisində çöllük ərazidən yığaraq öz istifadəsi üçün kibrit qutularına qablaşdırmışdır. Həmin sellofan torbada olan içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olan 10 ədəd kibrit qutusu ekspertizaya təqdim edilməsi üçün bölmənin təhqiqatçısı tərəfindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və onun üzərində qanunla qadağan olmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsla birlikdə polis bölməsinə gətirdikləri Şahid4 də üzərinə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Lakin Şahid4 üzərindən Azərbaycan Respublikası ərazisində qanunla qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddə, eləcədə narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra Şahid4 idarə etdiyi VAZ 21011 markalı ** BG *** dövlət nömrə nişanlı avtomaşına özünün razılığı və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Şahid4 idarə etdiyi avtomaşından Azərbaycan Respublikası ərazisində qanunla qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddə, eləcədə narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid3 öz ifadəsində göstərmişdir ki, 30.09.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-də xidmətdə olan zaman Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 6-cı tağımının YPX inspektorları tərəfindən VAZ 21011 markalı ** BG *** dövlət nömrə nişanlı avtomaşınla birlikdə iki nəfər şəxs PB-nə gətirmişlər. Həmin şəxslərin şəxsiyyəti müəyyən olunmuşdur ki, avtomaşının sürücüsü Şahid4 və sərnişin Təqsirləndirilən şəxsdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı YPX-nin inspektoru əlində olan süllofan torbaya qablaşdırılmış 10 ədəd kibrit qutusunu stolun üzərinə qoyaraq bildirmişdir ki, həmin sellofanın içərisində qutularla birlikdə Təqsirləndirilən şəxs Bakı-Qazax yolunun 40-cı kmdə yolun kənarında saxlanılan zaman təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən həmin sellofan torbada olan 10 ədəd kibrit qutusu ona məxsusdur və kibrit qutusunun içərisində olan ot kütləsi qurudulmuş marixuanadır. Öz istifadəsi üçün təxminən 15 gün əvvəl Neftçala rayonunda çöllük ərazidən toplayaraq kibrit qutularına yığaraq saxlamışdır. Bundan sonra həmin maddə tərəfimizdən götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Narkotik vasitəyə oxşar maddə isə zərfə qoyulub möhürlənmişdir. Bundan sonra Şahid4 Farail oğlunun üzərinə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Şahid4 üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şahid4 idarə etdiyi VAZ 21011 markalı ** BG *** dövlət nömrə nişanlı avtomaşına PB-nin həyətində özünün razılığı ilə baxış keçirilmiş, lakin avtomaşında hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, Vaz-21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. Həmin avtomobili o, baş etibarnamə əsasında idarə edirmiş. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi varmış. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs 6 il olar ki, tanıyırmış. Təqsirləndirilən şəxs ilə onlar ailəvi dost olmuşlar. Həmişə də Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. 29.09.2021-ci il tarixdə dostu Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi yaratmışdır. Telefon danışığı zamanı ona demişdir ki, Bakı şəhərinə işləmək üçün getmək istəyir. Ondan da işləmək üçün Bakıya gedib getməməyi barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, Bakı şəhərində binaların söküntü işləri vardır və birlikdə orada fəhlə kimi işləmələrini bildirmişdir. O da işsiz olduğundan işləmək üçün Bakıya Samirlə birlikdə getməyinə razılıq vermişdir. 30.09.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Masallı rayonu, Qədirli kəndindən yola çıxmışdır. Dostu Təqsirləndirilən şəxs yaşadığı Masallı rayon, Köçərli kəndinə gəlmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qabaq oturacaqda əyləşmiş və onlar yola düşmüşlər. Təxminən saat 04:00 radələri olarmış ki, Qaradağ postuna çatmış və orada idarə etdiyi avtomobilinin benzini qurtarmışdır. Avtomobili yolun kənarında saxlamışdır. O, benzin almaq üçün yoldan keçən bir taksiyə əyləşmişdir. Təqsirləndirilən şəxs isə avtomobilin yanında qalmışdır. O, benzin alıb geri qayıtmışdır. Həmin vaxtı avtomobilinin yanında YPX avtomobilinin dayandığını və orda polis əməkdaşları olduğunu görmüşdür. Orda olan zaman polis əməkdaşlarına yaxınlaşmış və nə olduğunu soruşmuşdur. Polis əməkdaşları ondan avtomobilin kimə məxsus olmasını soruşmuşlar və ondan sənədlərinin təqdim edilməsini bildirmişlər. Həmin avtomobilin ona məxsus olduğunu bildirmiş və sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Orada polis əməkdaşları Samirdən əlində olan sellofan torbada nə olduğunu soruşmuşlar və həmin sellofan torbaya baxmaq istəmişlər. Lakin Samir sellofan torbanı polis əməkdaşlarına verməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları Samirlə bir az söhbət etdikdən sonra Samir əlində olan sellofan torbanı YPX əməkdaşlarına təqdim etmiş və seloffan torbada olan 10 ədəd kibrit qutusunda olan maddənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bu zaman o, Samirin üzərində narkotik maddə daşıdığını öyrənmişdir. Daha sonra onu və Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nı gətirib təhvil vermişlər. 11-ci Polis Bölməsində xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmiş və üzərində narkotik vasitə, şübhəli əşya, predmetlər aşkar edilməmişdir. Bundan əlavə onun idarə etdiyi avtomobildə narkotik vasitə, şübhəli əşya, predmetlərinin olması ehtimal oldunduğu üçün Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının həyətində polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı həmin nəqliyyat vasitəsindən hər hansı bir şübhəli əşya və predmet aşkar edilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, ancaq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, saxlanılarkən və polis bölməsində olarkən ona heç kim fiziki və ya psixi güc tətbiq etməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza çəkmişdir. O, Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə etdiyini bilməmiş, ondan heç bir narkotik maddə almamış və ya birlikdə istifadə etməmişlər. Şahid Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 6-cı tağımının YPX inspektoru, polis baş serjantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 6-cı tağımının YPX inspektoru, polis kiçik serjantı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli, 7/1005 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... 10 ədəd kibrit qutusunda” yazıları və imzalar olan kağız paketdəki sellofan torbada 10 (on) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 6,509qram; 6,150qram; 5,531qram; 6,125qram; 5,851qram; 6,079qram; 4,682qram; 5,394qram; 5,576qram; 6,355qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumilikdə çəkisi 58,252qramdır. Qeyd: marixuananın ümumilikdə təmiz çəkisi-58,252 qram (1-10№li ob), tədqiqata istifadə olundu cəmi-0,2 qram (hər obyektdən 0,02 qram), qalıq-58,052 qram. Ekspertiza tədqiqatının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 15 oktyabr 2021-ci il tarixli, 3962 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə 58,252qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və narkotik vasitə olan qurudulmuş marixuananın hazırkı 58,052qram (58,052+0,2) olan qalığı məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır, bu zaman Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 6-cı tağımının YPX inspektoru, polis kiçik serjantı Şahid1 vətəndaş Təqsirləndirilən şəxs onlara təqdim etdiyi narkotik vasitəni təqdim etmək təklif olunur, o, masanın üzərinə 10 kibrit qutusunu sellofan torbada təqdim etdikdən sonra Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananın bir qutusunu istifadə etdiyini, digər qutuların isə cəmi bu qədər, yəni 10 qutu qaldığını, bir ay Bakı şəhərində işləyəcəyi üçün marixuananın miqdarını çox gətirib, işlədiyi dövrdə özü istifadə edəcəyini bildirir, 10 kibrit qutusu zərfə qoyularaq qablaşdırılır, 223 saylı möhürlə möhürlənir, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanır. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Şahid4 üzərində şəxsi axtarış və götürmə aparılır. Onun üzərindən heç bir əşya və predmet aşkar edilmir. Bu zaman təhqiqatçı tərəfindən Şahid4 onunla yol gələn Təqsirləndirilən şəxs üzərindən 10 kibrit qutusunda marixuana aşkar edildiyi bildirilir və bundan məlumatlı olması ondan soruşulur. Şahid4 bildirir ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasından xəbəri olmamış, onunla narkotik vasitədən istifadə etməmiş, lakin keçmiş zamanlarda özü narkotikdən istifadə etmiş, amma hal-hazırda heç bir narkotik maddədən istifadə etmir. İş materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasının həyətində Şahid4 etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilir və heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. İş materiallarında olan Şahid4 30 sentyabr 2021-ci il tarixli izahatından görünür ki, o, yanacaq aldıqdan sonra geri qayıdan zaman polis əməkdaşlarının avtomobilin yaxınığında görmüş və onlara yaxınlaşaraq avtomobilin sahibi olduğunu demiş, bundan sonra ona məlum olmuşdur ki, Samirin üzərindən narkotik maddə aşkar edilmişdir. İş materiallarında olan Şahid4 şübhəli şəxs kimi dindirmə protokolundan görünür ki, o, marixuananı Samirdən aldığını və onunla birlikdə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasındakı ifadəsində Şahid4 öz ifadəsində Samirlə birlikdə heç bir narkotik vasitədən istifadə etmədiyini, polisləri görəndən sonra Samirdə narkotik vasitə olduğunu bildiyini qeyd etmişdir. Bu da Şahid4 göstərdiyi xüsusatlarla ibtdai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması aşkardır, toplanmış və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. İş materiallarından görünür ki, fakt üzrə toplanmış material əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmış, lakin sonradan işi aparan müstəntiq tərəfindən heç bir əsaslandırma olmadan və hər hansı bir sübut müəyyən edilmədən cinayət işinin yekunlaşdırma mərhələsində Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Hansı ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və sair hallara dair hər hansı mötəbər sübutlar və əsaslı şübhələr müəyyən edilərək araşdırılmamışdır. Buna görə də məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu əsassız nəticə ilə razılaşmır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin, ondan aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlanmasına dair heç bir sübut və hər hansı bir inandırıcı dəlil müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini və başqa niyyətinin olmadığını bildirir. Bundan başqa iş materiallarına əlavə edilmiş Şahid4 üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair DVD diskə baxış zamanı verdiyi, 30.09.2021-ci il tarixli izahatı və daha sonra şübhəli şəxs kimi dindirmə protokolu arasında ziddiyyətlər mövcuddur. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş olsaydı ibtidai istintaq orqanı tərəfindən bu hal aydınlaşdırılar və bu istiqamətdə real istintaq hərəkətləri aparılardı. Lakin bu hallara dair heç bir əsaslı şübhələr müəyyən edilməmiş, ibtidai istintaq orqanı tərəfindən bu hallara dair hər hansı bir sübut aşkar edilməmiş, eləcə də digər lazımi əməliyyat-axtarış tədbirləri də keçirilməyərək heç bir mötəbər sübut olmadan təqsirləndirilən şəxsin üzərində 10 ayrıayrı kibrit qutusunda narkotik vasitənin çıxmasına görə ibtidai istintaq orqanı əməli CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını müəyyən edilməsi istiqamətində işin ibtidai istintaqını aparan müstəntiq tərəfindən sadəcə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə şablon xarakterli əməliyyat tapşırığı ünvanlanaraq bu zaman Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edib-etməməsi ilə əlaqədar olaraq əməliyyat tədbirlərinin keçirilməsi, onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi yerin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsi, Təqsirləndirilən şəxs Bakı şəhərinin Yasamal, Səbail və Binəqədi rayonlarında yaşayan narkotik vasitələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqəsinin yoxlanılması, bunlarla kifayətlənilməyib səlahiyyətləri daxilində digər zəruri əməliyyat tədbirlərinin də həyata keçirilməsi xahiş edilmiş, daha sonra Qaradağ RPİ-nin 11-ci Polis Bölməsindən marixuananın mənbəyinin müəyyən edilmədiyi barədə şablon xarakterli cavab verilməklə kifayətlənilmiş, digər tədbirlər barəsində isə sonralar heç bir məlumat verilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və toplanılmış mötəbər sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, narkotik maddənin miqdarını, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını və azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə saat 06:30-da şübhəli şəxs kimi tutulmuş və 01 oktyabr 2021-ci il tarixdə 18:00-da onun təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatmış, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal təqsirləndirilən şəxsin xeyrinə 02 gün hesablanmaqla CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 ədəd kibrit qutusunda ekspertiza tədqiqatından sonra qalıq qalmış 58,052 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 56 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 10 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 ədəd kibrit qutusunda ekspertiza tədqiqatından sonra qalıq qalmış 58,052 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 336 (üç yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X10 oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar