Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-39/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, silah qismində olan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Belə ki, o, 03 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Tunar” adlı kafenin qarşısında küçədə sərxoş vəziyyətdə olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan kafenin ofisiantı olan Zərərçəkmiş şəxs özü üçün pivə almasını istəmiş, sonuncu pulu olmadığını, pivə almayacağını bildirdiyinə görə onunla münaqişə yaradıb yerdən götürdüyü daş parçasından silah qismində istifadə etməklə, həmin daş parçasını qəsdən Zərərçəkmiş şəxs üstünə ataraq, zərərçəkmiş Zərərçəkmiş şəxs sol dirsək oynağının arxa səthinin sıyrığından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Təxminən 2022-ci ilin iyul ayının axırlarında Qızıldaş qəsəbəsində yerləşən “Tunar” kafesinə gələrək əyləşmiş və bir bakal pivə sifariş vermişdir. Bu zaman kafenin sahibi Şahid1 əlində başqa işi olduğu üçün həmin vaxtı kafedə olan dostu və arada ona kömək edən, yəni ofisiant kimi işləyən Saməddindən xahiş etmişdir ki, ona pivə versin. Saməddin də ona pivə vermiş, o içib gedərkən Saməddin ondan pivənin pulunu istəmiş, o isə üzərində pulu olmadığı üçün pivənin pulunu sonra verəcəyini bildirmişdir. Saməddin pivəni ona özünün verdiyini bildirərək pulu verməsini tələb etmişdir. Bu zaman aralarında sözlə mübahisə baş vermişdir. Kafedə olanlar Saməddini sakitləşdirmiş və o da oradan çıxıb evə qayıtmışdır. Bundan sonra avqust ayının 3-də axşam saatlarında o, Tunar kafesinin yanından keçirmiş. Bu zaman qəsəbə sakini kimi tanıdığı və aralarında yoldaşlıq münasibəti olan Fuad ona demişdir ki, “gəl otur, bizimlə biraz pivə içək.” O da onun təklifini qəbul eləmiş, masaya əyləşmişdir. Bundan sonra o, Fuad və masada əyləşmiş digər qəsəbə sakini Rəhimə bildirmişdir ki, o, Saməddinlə danışmır, ona görə də ona pivəni onlar sifariş eləsinlər. Rəhimgil onun üçün pivə sifariş etmişlər. Bu zaman kafenin sahibi Tahir ona pivə gətirmişdir. O, pivədən biraz içmişdir. Onlar söhbət etməyə başlamışlar. Az sonra o, Rəhimlə zarafatlaşmağa başlamışdır. Bu zaman Rəhim ona bildirmişdir ki, onunla zarafat etməsin. O da Rəhimə demişdir ki, inciməsin, çünki zarafat edir. Bundan sonra Rəhimlə yenə zarafat etdiyindən Rəhim ayağa durmuş və ona demişdir ki, “mənimlə birdə zarafat eləmə, mənim travmam var, əsəbiləşirəm.” O da ayağa qalxmış, ondan üzr istəyərkən birdən arxa tərəfdən boynundan kimsə qəflətən sillə ilə vurmuş və onu arxaya dartmışdır. O diksinərək geriyə dönmüş və görmüşdür ki, bu Saməddindir. Bu zaman Saməddin isə dərhal oradan uzaqlaşaraq kafenin girişinə tərəf qaçmışdır. O da bərk əsəbiləşdiyi üçün yerdən daş parçası götürmüş və onun dalınca kafenin girişinə tərəf getmişdir. Saməddin kafenin içinə girmişdir. O da həmin daş parçasını kafenin içərisinə daxil olmadan kafenin girişindən onun arxasınca kor-koranə atmışdır. Lakin həmin daş parçası Saməddinə dəyməmişdir. Saməddinin həmin vaxtı xəsarəti necə aldığını bilmir. Həmin vaxt Saməddin içəridən taxta götürüb çıxmış və onu vurmaq istəmişdir. O, bunu görüb aşağı əyilmiş və taxta həmin vaxt orada olan kafenin müdiri Tahirin başına dəymişdir. Saməddin fiziki cəhətdən ondan qatqat güclü olduğu üçün bundan sonra Saməddin onu vurmasın deyə onun əlindəki taxtanı almaq istəmiş, lakin Saməddin taxtanı verməyək onunla əlbəyaxa olaraq onu yerə yıxmışdır. Bu zaman onları oraya sonradan gələn şəxslər aralamışlar, Tahiri isə təcili yardımla xəstəxanaya aparmışlar. Münaqişə Saməddinin onu sillə ilə vurmasına görə yaranmış, lakin Saməddinin onu nə üçün sillə ilə vurduğunu dəqiq bilməmişdir. Hadisə onun dediyi kimi olmuşdur. O, Saməddinin arxasında gedərək yerdən daş parçası götürüb Saməddinə tərəf atmışdır. Lakin daş parçası Saməddinə dəyməmişdir, Saməddin taxta ilə onu vuran zaman taxta Tahirin başına dəyməmişdən onun da sifət nahiyəsinə dəymiş, həmin vaxt sifəti şişmişdir. Lakin hal-hazırda heç bir xəsarəti yoxdur. Ekspertizadan keçməkdən imtina etmişdir. Əlavə olaraq bildirmişdir ki, münaqişə Saməddinin arxadan onu sillə ilə vurmasına görə yaranmış, münaqişə zamanı ətrafda onunla bir yerdə kafedə pivə içən tanışları Fuad və Rəhim olmuşdur, münaqişə təxminən 2-3 dəqiqə davam etmiş və bu vaxt heç bir nalayiq ifadələr və söyüşlər işlədilməmişdir. Saməddin onu vurmuşdur. O, özünü təqsirli bilmir. Saməddin ona xəsarət yetirmişdir. Hadisəni Saməddin başlatmışdır. Sonradan onunla əlbəyaxa olmuşdur. O, öz ifadəsində daha sonra bildirmişdir ki, Saməddinlə ilk dəfə pivə pulunu verməməsinə görə mübahisə yaransa da o sonradan Saməddinə qarşı hər hansısa başqa davranış etməmişdir. 03 avqust 2022-ci il tarixdə isə ayıq olmuş, çünki pivədən cəmi bir-iki qurtum içmişdir və özünü idarə etməyi bacarmışdır. Baş vermiş hadisə Saməddinin heç bir səbəb və əsas olmadan onu sillə ilə vurması üstündə başlamış, o Saməddinin dalınca gedəndən sonra və daşı Saməddinə tərəf atanda belə ətrafda heç kim olmamış, habelə atdığı daş Saməddinə dəyməmişdir. Ola bilsin ki, Saməddin harasa dəymiş və xəsarəti elə almışdır. Amma onun atdığı daş Saməddinə dəyməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş DVD diskdən də görünür ki, o Saməddinə daş atarkən ətrafda heç kim olmamış, bundan sonra Saməddin onu taxta ilə vurmaq istəyərkən Tahiri vurmuş, ardınca isə onun üzərinə hücum çəkərək onu yerə yıxmış və vurmağa cəhd etmişdir. O, nə təhqiqat, nə də ibtidai istintaq zamanı ifadəsini oxumamışdır, ifadəni təhqiqatçı və müstəntiq özü, öz bildiyi kimi yazmışdır, ona ancaq imza etdirmişlər. Həmçinin hadisənin Saməddin tərəfindən başladılması, qısa müddət ərzində davam etməsi, hadisəni görən heç kimin olmaması, onun daş atması nəticəsində heç bir səs-küyün yaranmaması, baş vermiş hadisənin heç bir ictimai qaydanı pozmaması, baş vermiş hadisənin şəxsi münasibətlərin pozulması zəminində yaranmasını və onun əməlində xuliqanlıq cinayətinin tərkibinin olmamasını nəzərə alınaraq məhkəmədən ədaləti rəhbər tutaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Əvvəllər hərbçi işləmişdir. 2016-cı ildə baş vermiş aprel döyüşlərində iştirak etmişdir, həmin vaxt başından qəlpə yaraları almışdır. Həmin döyüşlərdən sonra müqaviləsi bitəndə səhhəti imkan vermədiyi üçün hərbi sıralarından ayrılmışdır. Daha sonra 2-ci Vətən Müharibəsində “xüsusi təyinatlı”larda könüllü kimi iştirak etmiş və kontuziya almışdır. Səhhəti imkan vermədiyi üçün hal-hazırda heç bir yerdə işləmir. Təxminən iyul ayının axırlarında dostu Tahirin işlətdiyi Qızıldaş qəsəbəsində yerləşən “Tunar” kafesində oturub çay içən zaman Qızıldaş qəsəbəsində yaşayan və əvvəllər tanıdığı Arif adlı şəxs kafenin yanından keçərkən yaxınlaşıb pivə istəmişdir. Tahirin işi çox olduğu üçün ondan xahiş etmişdir ki, Arifə pivə versin. O, pivə süzüb Arifə vermiş, Arif pivəni içib getmək istəyərkən Arifdən pivənin pulunu istəmişdir. Arif pulu olmadığını, sonra verəcəyini demişdir. Bundan sonra aralarında mübahisə düşmüşdür. Lakin Tahir kafedə olan digər şəxslərlə birlikdə onları ayırmış, ona “sən əsəbiləşmə, indi içkilidi sonra gətirib pulu özü verəcək”-demişdir. Arifi yola salmışlar, oda çıxıb getmişdir. 03 avqust 2022-ci il tarixdə saat təxminən 22-23 radələrində kafenin çöl tərəfində stolda oturub dostu Tahirlə birlikdə çay içirmiş. Bu zaman qəsəbə sakini kimi tanıdığı Rəhim və Fuad başqa bir masada pivə içirmişlər. Təqribən axşamüstü saat 22-23 radələri arasında baxarkən görmüşdür ki, Arif həmin şəxslərlə oturub söhbət edir. Arifin ora necə gəlməsini bilmir və görməmişdir. Birdən həmin stolda oturanların arasında nəsə söz-söhbət düşdüyünü görmüş, yəni uca səslə danışırmışlar. O da travmalı olduğuna görə əsəbiləşmiş və özünə sahib ola bilməyib Arifgilin masasına yaxınlaşmışdır. Bu vaxt Arif ayaqüstə danışarkən arxası onun tərəfə olmuşdur. Yenə də Arifin problem yaratdığını düşünərək arxadan ona yaxınlaşaraq qəflətən onun boynundan biraz möhkəm şəkildə vuraraq tutmuş və onu arxaya çəkmişdir. Demişdir ki, “çıx get qoy camaat otursun.” Bundan sonra o, ondan uzaqlaşanda birdə hiss etmişdir ki, Arif onun arxasınca gəlir. O, tez kafenin içərisinə girmişdir, bu an Arif ona doğru daş parçası atmış, daş onun qolundan sıyıraraq keçmişdir. Bundan sonra o, əsəbiləşib onu vurmaq istəmiş, kafenin içərisində olan taxta parçasını götürmüş və çölə çıxarkən səhvən Arifi vurmaq yerinə Tahirin başından xəsarət yetirmişdir. Bundan sonra Arifin üstünə getmiş, onu yerə yıxaraq vurmaq istəyərkən onları gəlib aralamışlar. Həmin vaxtı Arif ona daş parçasını atarkən ətrafda heç kim olmamış, ya da o, görməmişdir. Çünki müştərilər kafenin digər tərəfində əyləşmişlər, onlar isə qabaq tərəfində mübahisə etmişlər. Yalnızca o, Tahiri vurandan sonra Arifi görmüş, onunla tutuşanda digər şəxslər gəlmişlər. Dava 2-3-dəqiqə ərzində baş vermişdir. Aralarında hər hansı təhqiredici söz, ifadə və ya söyüş işlədilməmişdir. Əlavə olaraq bildirmişdir ki, o ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Arif ondan pivə içmək üçün pul verməyini istəməmişdir. Sol dirsəyindən xəsarət almışdır. O, nə təhqiqat, nə də ibtidai istintaq zamanı ifadəsini oxumamışdır, ifadəni təhqiqatçı və müstəntiq özü, öz bildiyi kimi yazmışdır, ona ancaq imza etdirmişlər. O, Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Təxminən iyul ayının axırlarında işlətdiyi Qızıldaş qəsəbəsində yerləşən “Tunar” kafesində dostu Saməddinlə oturub çay içən zaman Qızıldaş qəsəbəsində yaşayan və əvvəllər tanıdığı Arif adlı şəxs kafenin yanından keçərkən yaxınlaşıb pivə istəmişdir. O, Saməddindən xahiş etmişdir ki, Arifə pivə süzsün. Saməddin pivə süzüb Arifə vermişdir, lakin Arif üzərində pulu olmadığı üçün pivənin pulunu sonra verəcəyini bildirdikdə Saməddin əsəbiləşərək həmin pivəni özünün ona verdiyini və buna görə də pulunu dərhal verməli olduğunu bildirmiş və bu zaman aralarında mübahisə düşmüşdür. Lakin o, kafedə olan digər şəxslərlə birlikdə Arifi ayırıb yola salmışdır. Saməddinə də bildirmişdir ki, hazırda o, içkilidir, sonra özü gətirib pulu verəcək, narahat olmasın. Bundan bir neçə gün sonra, yəni avqust ayının əvvəllərində Saməddinlə yenə də kafedə oturub çay içirmişlər. Qəsəbə sakinləri Rəhimlə Fuadda onlardan aralıda bir masada oturub pivə içirmişlər. Sonra baxanda görmüşdür ki, Arifdə gəlib onların masasında əyləşmişdir. Bu zaman masada olanlardan biri Arif üçün pivə sifariş etmiş, o da bir bakal pivə süzərək Arifə aparıb vermişdir. Az sonra görmüşlər ki, Arif əyləşdiyi masada olan Rəhimlə sözlə mübahisə edir. Onları sakitləşdirmək üçün Saməddinlə birlikdə onlara yaxınlaşmışlar. Bir anda görmüşdür ki, Saməddin Arifin boyun tərəfindən vurmuş və qaçıb getmişdir. Bundan sonra Arif də Saməddinin dalınca getmişdir. Lakin o, onların ardınca düşməmişdir. Stolda olan pivə üçün ayrılan stəkanları yığmağa başlamışdır. Bundan sonra o, götürdüyü stəkanları kafeyə apararkən giriş qapısına çatanda qəflətən Saməddin əlində taxta ilə kafedən çıxaraq Arifi vurmaq istəyərkən taxta parçası ona dəymiş, o, həmin an zərbənin təsirindən huşunu itirib yerə yıxılmış və bundan sonra baş verən hadisələrdən xəbəri olmamışdır. Əlavə olaraq bildirmişdir ki, onun başına zərbə dəyən ana qədər Ariflə Saməddin arasında heç bir dava-dalaş, o cümlədən söyüş və digər təhqiredici ifadələr olmamışdır. Bu hadisə ani bir müddətdə baş vermişdir. Həmin zaman Saməddin ehtiyatsızlıqdan onun başına vurmuşdur. İbtidai istintaq zamanı o, ifadəsini oxumamış, ifadəni müstəntiq özü yazıb, ona ancaq imza çəkdiriblər. Ona heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, o, ailəsilə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təxminən 2022-ci ilin avqust ayının 3-də saat təxminən 22 radələrində Rəhim adlı qonşusu ilə Qızıldaş qəsəbəsində yerləşən Tunar kafesində oturub pivə içirmişlər. Təxminən yarım saat keçəndən sonra Arif adlı qonşusu da kafenin yanından keçirmiş, o, Arifə demişdir ki, “gəl pivə içək.” Arif onların yanında əyləşərək pivə istəmişdir. O da özü onun üçün pivə sifariş eləmişdir. Onlar oturmuşlar. Heç Arif pivəsindən bir neçə qurtum təzə içmişdir ki, Rəhimlə zarafatlaşmağa başlamışdır. O, həmin vaxt həddindən artıq spirtli içki qəbul etdiyindən hadisə tam yadında qalmamışdır. Bir onu bilmişdir ki, Saməddin özü Arifin üstünə gəlmiş və “sən həmişə problem yaradırsan” deyərək arxadan onu qəflətən vurmuşdur. Qalan hadisədən xəbəri olmamışdır. Birdən səs-küy gəlmiş və orada olan adamlar demişlər ki, Saməddin Tahiri vurmuşdur. O, oraya yaxınlaşanda görmüşdür ki, kafenin müdiri Tahir yerdə uzanıb. O, taksi saxlatdırıb Tahiri AZNS qəsəbəsində olan təcili yardıma aparmışdır. Sonradan marketin kamerasından çəkilən çəkilişə baxanda münaqişəni görmüşdür. Ariflə Saməddin sözlü mübahisə etmişlər. Orda hər hansı söyüş və təhqiredici ifadələr eşitməmişdir. Hadisə bir neçə dəqiqə ərzində davam etmişdir. İbtidai istintaq zamanı o, ifadəsini oxumamışdır, ifadəni müstəntiq özü yazmış, ona ancaq imza çəkdirmişlər. Sonradan marketin kamerasından çəkilən çəkilişə baxanda münaqişəni görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, ailəsi ilə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Təxminən 2022-ci ilin avqust ayının 3-də saat təxminən 22 radələrində Fuad adlı qonşusu ilə Qızıldaş qəsəbəsində yerləşən Tunar kafesində oturub pivə içirmişlər. Təxminən yarım saat keçəndən sonra Arif adlı qonşuları da kafenin yanından keçirmiş. Bu zaman Fuad ona pivə içməyi təklif etmişdir. Arif də qəbul etmişdir və onların masalarında əyləşmişdir. Arif bildirmişdir ki, Saməddinlə danışmır, onlar onun üçün pivə sifariş etsinlər. Onlar Arif üçün pivə sifariş eləmişlər. Arif pivəsindən biraz içmişdir. Onlar söhbət eləmişlər. Az sonra Arif onunla zarafat etməyə başlamışdır. O, müharibə qazisi olmaqla xəsarətləri olmuş, bu səbəbdən də travması olduğuna görə Arifə bildirmişdir ki, onunla zarafat etməsin. Arif demişdir ki, “oturmuşuq, zarafat edirəm.” Onunla təkrar zarafat edəndə o, onun yanından ayağa qalxmışdır. Demişdir ki, “birdə mənlə zarafat etmə.” Bu vaxt Arif də ayağa qalxmışdır. Arifin üzü onun tərəf imiş. Birdən görmüşdür ki, Saməddin gəlmiş və arxadan Arifin boyun tərəfindən onu vurmuş, özünə tərəf çəkmişdir. Sonra buraxmış və qaçmışdır. Arif də əlinə yerdə olan daş parçasını götürmüş və onun arxasınca getmişdir. Sonrasında o, onların mübahisə etdiyini görməmişdir. Biraz sonra eşitmişdir ki, kafenin müdiri Tahir əzilib, onu Fuad adlı qonşusu xəstəxanaya aparıb. Onun gördüyü o olmuşdur ki, Saməddin Arifin üstünə gəlmiş və qəflətən onu boynundan vuraraq qaçmışdır. Sonradan marketin kamerasından çəkilən çəkilişə baxanda münaqişəni görmüşdür. Münaqişə qısa zaman ərzində baş vermişdir. Münaqişə zamanı hər hansı nalayiq ifadə və söyüşlər eşidilməmişdir. İbtidai istintaq zamanı o, ifadəsini oxumamış, ifadəni müstəntiq özü yazmış və ona ancaq imza çəkdirmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 11 avqust 2022-ci il tarixli 563 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sol dirsək oynağının arxa səthinin sıyrığı bərk küt əşya təsirindən müayinədən 5-7 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin MKTB-nin Qaradağ 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ağayev X6 qəsəbəsi, ev 30, mənzil 5/6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin MKTB-nin Qaradağ 126 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 126 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hansısa naməlum istiqamətdən kafenin içərisinə qaçaraq girir, biraz keçmiş Təqsirləndirilən şəxs əlində daş parçası gələrək daşı kafenin qapısından içəriyə doğru atır və bundan sonra kafenin qarşısında dayanarkən Şahid1 sağ tərəfdən gəlir, Zərərçəkmiş şəxs əlində taxta parçası kafedən çıxaraq Təqsirləndirilən şəxs vurmaq istəyərkən Şahid1 vurur və Tahir yerə yıxılır. Bundan sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs əlində olan taxta parçasından tutmağa çalışır, Zərərçəkmiş şəxs isə Arifi yerə yıxır və onu vurmaq istəyərkən kənardan adamlar yaxınlaşıb onları ayırırlar. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “03 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən “Tunar” adlı kafenin qarşısında küçədə sərxoş vəziyyətdə olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan kafenin ofisiantı olan Zərərçəkmiş şəxs özü üçün pivə almasını istəmiş, sonuncu pulu olmadığını, pivə almayacağını bildirdiyinə görə onunla münaqişə yaradıb yerdən götürdüyü daş parçasından silah qismində istifadə etməklə, həmin daş parçasını qəsdən Zərərçəkmiş şəxs üstünə ataraq, zərərçəkmiş Zərərçəkmiş şəxs sol dirsək oynağının arxa səthinin sıyrığından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etməsinə” dair ittiham verilsə də istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. İfadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Yəni ibtidai istintaq zamanı alınmış ifadələr məzmun baxımından da reallığı əks etdirməmişdir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi mövcud olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs heç bir ciddi səbəb olmadan Təqsirləndirilən şəxs qəflətən arxadan vurmuş və bundan əsəbiləşən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca daş parçası atmış, həmin daş parçası ilə zərərçəkmiş şəxsə sağlamlığa zərər vurmayan xəsarət yetirilmişdir. Göründüyü kimi ilk olaraq zərərçəkmiş şəxs özünü cilovlaya bilməyib təqsirləndirilən şəxsi boyun nahiyyəsindən vurmuş, yəni qeyd olunan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü əsasında başlamış, çox qısa zaman kəsiyində, yəni 2-3 dəqiqə ərzində davam etmiş, həmin münaqişə zamanı hər hansı səs-küy və nalayiq ifadələrinin işlədilməsi baş verməmiş, qeyd olunan kafenin iş rejimi pozulmamış, bununla da təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik etməsi, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi müəyyən olunmamışdır. Bundan başqa məhkəmə iclasında zərərçəkmiş şəxs və şahidlər hər biri ayrıayrılıqda bildirmişlər ki, təhqiqat və ibtidai istintaq zamanı izahat və ifadələrini oxumamışlar, ifadəni təhqiqatçı və müstəntiq özü yazmış və onlara ancaq imza çəkdirmişlər. İş materiallarında olan zərərçəkmiş şəxs və şahidlərin bütün izahat və ifadələrindən də görünür ki, qeyd olunan şəxslər izahat və ifadələrinin ucadan onlara oxunduğunu, sözlərilə düzgün yazıldığını, heç bir əlavələrinin olmadığını, düzgünlüyünü imzaları ilə təsdiq etdiyini bildirmişlər. Lakin bu sözlərin özü belə dindirilən şəxslər tərəfindən deyil ya kənar şəxslər ya da texniki vasitədə yazılaraq onlara sadəcə imza etdirmişlər. Bundan əlavə iş materiallarından aydın olur ki, 28 sentyabr 2022-ci il tarixdə şübhəli şəxsə təqdim edilən vəkillərin siyahısı kserosurət olmaqla yenilənməmiş və uzun müddət əvvələ, yəni xx.xx.2021-ci il tarixə aid olmuşdur. Bundan başqa iş materiallarında olan “şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan da görünür ki, müdafiəçinin yardımından pulsuz istifadə etmək kimi hüquqların təmin edilməsi məqsədilə təqsirləndirilən şəxsə Bakı şəhəri 10 saylı “Hüquq məsləhətxanasının” vəkillərinin siyahısının təqdim edildiyi göstərilmişdir. Lakin bilindiyi kimi Hüquq Məsləhətxanası anlayışı 2018-ci ildən dəyişilərək Bakı şəhəri 10 saylı Vəkil Bürosu kimi qeyd olunmalıdır. Bu hallar bir daha müstəntiqin ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin hüquqlarına formal yanaşdığını göstərir. Bundan başqa “təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs münaqişənin Zərərçəkmiş şəxs onu sillə ilə vurmasına görə yarandığını, daş parçasını Zərərçəkmiş şəxs üstünə atdığını, lakin ona dəymədiyini bildirmişdir. Müstəntiq bunu vəsatət kimi qəbul etmiş və rədd etmişdir. Lakin müstəntiq həmin qərarında bu halların sadəcə iş materialları ilə öz təsdiqini tapmadığı kimi göstərərək heç bir əsaslandırma aparmadan rədd etmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarda qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində isə göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Həmin Qərarın 5-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət işinin materiallarından da göründüyü kimi tərəflər arasında olmuş mübahisə şəxsi münasibətlər zəminində, yəni tərəflərin bir neçə gün əvvəl aralarında baş vermiş mübahisə düşməsi zəmnində yaranmışdır. Belə ki, yuxarıda qeyd olunan epizod üzrə sübut növü kimi Zərərçəkmiş şəxs ifadəsi və şahidlərin ifadələri əsas götürülsə də, məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ilk olaraq özünün təqsirləndirilən şəxsi sillə ilə vurduğunu, şahidlər də hər biri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğunu təsdiq etmişlər. Bundan əlavə iş materiallarında olan DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs hansısa naməlum istiqamətdən kafenin içərisinə qaçaraq girir, biraz keçmiş Təqsirləndirilən şəxs əlində daş parçası gələrək daşı kafenin qapısından içəriyə doğru atır və bundan sonra kafenin qarşısında dayanarkən Şahid1 sağ tərəfdən gəlir, Zərərçəkmiş şəxs əlində taxta parçası kafedən çıxaraq Təqsirləndirilən şəxs vurmaq istəyərkən Şahid1 vurur və Tahir yerə yıxılır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan taxta parçasından tutmağa çalışır, Zərərçəkmiş şəxs isə Arifi yerə yıxır və onu vurmaq istəyərkən kənardan adamlar yaxınlaşıb onları ayırırlar. Bundan əlavə hadisə baş verən an təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozması və belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi mövcud olmamışdır. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanan münaqişədə onu vurmasını qəbul etməyərək əlinə daş parçası götürmüş və zərərçəkmiş şəxsin dalınca getmişdir. Bu zaman nə bir səs-küy, nə söyüş və təhqiredici ifadələr, nə də insanların rahatçılığını pozacaq heç bir davranışa yol verilməmişdir. Belə ki, şahidlərin ifadələrindən və DVD diskdən də görünür ki, həmin an ətrafda heç kim olmamış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs daş atmasını görən olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, Təqsirləndirilən şəxs xuliqanlıq etməsini təsdiq edən sübutların kifayət etmədiyi və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə, hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, əməlində cinayət tərkibi olmadığı əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, şübhəli şəxs kimi tutulması, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinin tərkib əlamətləri olduğundan bununla bağlı araşdırma aparılması üçün hökmün surəti hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Qaradağ RPİ-nə göndərilməlidir. İş materiallarından görünür ki, qeyd olunan cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə tutulmuş və 30 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs, onun CM-nın 221.3-cü maddəsi ilə qanunsuz şübhəli şəxs kimi tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinin tərkib əlamətləri olduğundan bununla bağlı araşdırma aparılması üçün hökmün surəti Bakı şəhəri Qaradağ RPİ-nə göndərilsin. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-39/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-39/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver