Məhkəmə qərarları › İş №1(002)-39/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-39/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-39/2025 10.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası Vardenis rayonu Zod kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, fərdi qaydada sürücü işləyən, Göygöl rayonunun Göyçəkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 may 2024-cü ildə saat 19:10-da Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 69,8-ci kilometrində «X17» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobili «3.24 Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 80-90 km/saat sürətlə idarə edərək yolun sol zolaqlı ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısınının alınmasının mümkün olması üçün ara məsafəsi seçməli olduğu halda bunu etməyib «X17» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda eyni zolaqda 60 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi KAMAZ-54115 yük markalı 02BV725 dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmək üçün avtomobilin sürətini kəskin azaldıb 15-20 km/saata endirərək sola manevr etdiyi anda «Mercedes Benz E220» minik markalı avtomobilin qabaq hissəsi KAMAZ-54115 yük markalı avtomobilin arxa sol təkəri ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mercedes Benz” E220 minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ qaşüstü nahiyənin əzilmiş yarası və sağ bazu sümüyünün qapalı yerdəyişmiş sınığı xəsarətlərini yetirməklə sağlamlığına az ağır zərər vurmasına və Zərərçəkmiş şəxs2 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, qaraciyərin travmatik cırılması, başın alın-təpə sərhədinin və sol diz oynağının ön səthinin əzilmiş yaraları xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «B» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında Elxan Hüseynova məxsus Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 28 may 2024-cü ildə Gəncə şəhəri ərazisindən idarə etdiyi avtomobillə 4 nəfər tanımadığı sərnişin mindirib Bakı şəhərinə aparmaq üçün yola düşmüşdür. X1 qabaq sağ oturacaqda, digər 3 nəfər kişi sərnişinlər isə arxa oturacaqda əyləşmişlər. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 19 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə 80-90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda minik avtomobilləri, onların qarşısında isə orta zolaqla KAMAZ markalı yük avtomobili hərəkətdə olmuşdur. Minik avtomobilləri həmin KAMAZ markalı avtomobilə uzaq görmə işıqları yandırıb söndürməklə işarə edərək sol zolağa keçib ötmüşlər. KAMAZ markalı avtomobil sağ zolağa çıxmamışdır. Özü də həmin KAMAZ markalı avtomobilə işarə etməklə sola dönmə işığını qoşub sol zolağa keçərək ötüb keçmək üçün hərəkəti davam etdirmişdir. Təxminən 20 metr məsafədən həmin KAMAZ markalı avtomobil qəflətən sola dönərək onun hərəkətdə olduğu zolağa çıxmışdır. Həmin avtomobillə toqquşmamaq üçün ayağını tormoza atmış, lakin məsafə yaxın olduğundan avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin qabaq hissəsi KAMAZ markalı avtomobilin arxa sol təkər hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində aldığı xəsarətlərdən huşunu itirmiş, bir həftədən sonra ayıldıqda Bakı şəhərindəki 3 nömrəli xəstəxanada olduğunu bilmişdir. Sonradan öyrənmişdir ki, sərnişin Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də hadisədən sonra onda yaranan xəstəliyinin, himayəsində bir azyaşlı uşağının və yaşlı anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, 28 may 2024-cü ildə saat 19:10-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 69,8-ci kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs2 onun bacısıdır. 28 may 2024-cü ildə günorta saatlarında Zərərçəkmiş şəxs2 ona Bakı şəhərinə gedəcəyini demişdir. Həmin gün saat 19:30-da mərhum bacısı Zərərçəkmiş şəxs2 mobil telefonundan ona zəng daxil olmuş və tanımadığı şəxs Bakı şəhəri Qardağ rayonu Ələt qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində bacısının xəsarət alması barədə məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisənin şahidi olan şəxslərdən aldığı məlumata görə Təqsirləndirilən şəxs avtomobili yüksək sürətlə idarə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur və hazırda Rusiya Federasiyasında yaşayır. Oğlu 28 may 2024-cü ildə saat təxminən 19 radələrində Gəncə şəhəri ərazisində Gəncə-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olan «Mercedes Benz E220» minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol oturacağında əyləşmiş Bakı şəhərinə getmək üçün yola düşmüşdür. Avtomobildə ondan başqa tanımadığı 3 nəfər sərnişin olmuşdur. Onlardan qadın sərnişin qabaq sağ oturacaqda, digərləri isə arxa oturacaqda ondan sağ tərəfdə əyləşmişlər. Yolda yorğun olduğu üçün oturacağa söykənib yatmışdır. Zərbə səsinə ayıldıqda görmüşdür ki, içərisində olduğu «Mercedes Benz E220» minik markalı avtomobil Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən hissəsində «Kamaz» markalı yük avtomobili ilə toqquşmuş və hadisə nəticəsində xəsarətlər almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «Kamaz-54115» yük markalı 02BV725 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 28 may 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Bərdə rayonundan Bakı şəhəri istiqamətinə yola düşmüş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla, sərnişinsiz və yüksüz olmuşdur. Saat 19 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun soldan ikinci zolağı ilə 60 km/saat sürətlə Bakı şəhəri istiqamətinə hərəkət edərək, qarşıda yolun sol kənarında olan YDM-nə daxil olmaq məqsədilə avtomobilin sola dönmə işığını yandırıb sol zolaqla hərəkətdə olan bir neçə minik avtomobilini buraxmışdır. Bundan sonra arxa sol zolağın boş olduğunu görüb sol zolağa çıxaraq hərəkəti davam etdirməyə başlamışdır. Təxminən 80-100 metr hərəkət etdikdən sonra avtomobilin sürətini təxminən 15-20 km/saata qədər azaldıb sola doğru dönməyə başlamışdır. Bu vaxt avtomobilin arxa sol hissəsinə zərbə ilə nəyinsə dəydiyini hiss etmiş, zərbədən avtomobil bir qədər sola istiqamətlənmiş və yolun kənarında YDM ərazisində dayanmışdır. Avtomobildən düşdükdə görmüşdür ki, «Mercedes Benz E220» minik markalı avtomobil yolun sol kənarında qabaq hissəsi dağılmış vəziyyətdə yolun hərəkət hissəsinə doğru qalmışdır. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, «Mercedes Benz E220» minik markalı avtomobil onun idarə etdiyi «Kamaz-54115» yük markalı maşının arxa sol tərəfdə nömrə yeri hissəsinə dəymişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 28 may 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 13-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X5 Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 45-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 12 iyun 2024-cü il tarixli, 49 №-li rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları, qaraciyərin travmatik cırılması, başın alın-təpə sərhədinin və sol diz oynağının ön səthinin əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə sərnişini olduğu minik avtomaşının yük avtomaşını ilə toqquşması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb qaraciyərin travmatik cırılması və döş qəfəsinin soldan İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişmiş sınıqları nəticəsində baş vermiş kəskin daxili qanaxma fonunda inkişaf edən travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2024-cü il, saat 22:30-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1812/K saylı, xx.xx.2024-cü il tarixli AKT) Cinayət işinin 51-53-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 14 iyun 2024-cü il tarixli 379 №-li rəyindən görünür ki, Vǝt. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər sağ qaşüstü nahiyənin əzilmiş yarası, sağ bazu sümüyünün qapalı, yerinidəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X16 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdəyəni, sərnişini olduğu avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 56-cı vərəqəsində olan 05 iyul 2024-cü il tarixli və 113-cü vərəqədə olan 19 oktyabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca verilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi, X8 məxsus “Mercedes Benz E220” minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobil və Şahid idarə etdiyi KAMAZ-54115 yük markalı 02BV725 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin 59-60-cı vərəqələrində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olmaqla etibarnamə əsasında X8 etibar edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və 99-105-ci vərəqələrdə olan Göygöl rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən və Göygöl rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəza müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həmin tarixə çəkilməmiş cəzası 01 il 03 ay 07 gün təşkil etmiş, cəzası davam edərək, cəzasının sonu xx.xx.2026-cı il tarix kimi qeyd olunmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2024-ci il tarixli 3-13-16/2-114316/24 nömrəli arayışla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan BD 026845 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 76-cı vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlı olan BD 026845 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir Cinayət işinin 93-95-ci vərəqələrində olan arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla ailə tərkibi anası xx.xx.1946-ci il tarixdə doğulmuş X2 və oğlu xx.xx.2016-cı il tarixdə doğulmuş X6 ibarətdir. Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunan şəxsdir. Cinayət işinin 108-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il il tarixli 8/2133 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində Mercedes Benz E220 minik markalı 90SG844 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X17» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti «3.24 Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «X17» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin («3.24 Maksimum sürətin məhdudlaşdırılması yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Kamaz 54115 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı sürücüsü Şahid hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İl variant: Kamaz 54115 markalı avtomobil sola doğru dönmə əməliyyatı apararkan Mercedes Benz E 220 markalı avtomobilin ondan sol tərəfdə hərəkətdə olması şəraitində: 1. Mercedes Benz E 220 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X17" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum süretin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli Əlaqə olmuş və Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Kamaz 54115 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində «X17» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş va onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 107-ci vərəqəsində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. Cinayət işinin 111-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:30) Cinayət işinin 150-151-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 158-159-cu vərəqələrində olan ərizə və etibarnamədən görünür ki, Nümayəndə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində tanınmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli etibarnaməni təqdim etmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında qərardan görünür ki, Nümayəndə Zərərçəkmiş şəxs1 nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin nümayəndəsinin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmiş, ona qarşı heç bir şikayət və tələb yoxdur. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs ekspertiza rəyi ilə razı olmadığını əsas gətirərək özünü təqsirli bilmədiyini qeyd etsə də ekspertiza rəyini şübhə altına alan əsaslı sübutlar (şahid, fotoşəkil və ya videogörüntü) təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair verdiyi ifadəni özünümüdafiə xarakterli olmaqla cəzadan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddəyə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “X17 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «X17» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətləri iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin İİİ hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 03 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 24 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, CM-nin 67.1-ci maddəsinin tələblərinə əsasən ona hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməli və o, azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.1-ci maddəsinin tələblərinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 24 günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 04 ay 27 gün kimi nəzərə alınmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar