Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-392/2021 07.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,182 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üstündə saxlayaraq, daşımış, 18 sentyabr 2021-ci il tarixdə, saat 02:30-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi “Mini Sədərək” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq, polis bölməsinə aparılmış və orada Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd sarı rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,182 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 17 sentyabr 2021-ci il tarixdə, təxminən axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində bir ədəd siqaretin sarı rəngli kağızına bükülümüş metamfetamin almış və özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin metamfetaminin az bir hissəsini istifadə etmişdir. 18 sentyabr 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən “Mini Sədərək” ticarət mərkəzinin yaxınlığında olarkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan kim olduğunu soruşmuşlar. O isə onlara özünü təqdim etmişdir. Daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu 38-ci polis bölməsinə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən onun üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa təqdim edilməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin sarı rəngli kağızına bükülmüş bükümü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, bükümün içərisindəkinin “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin bir ədəd büküm açılmış, içərisində ağ kristal şəkilli maddə olması müşahidə edilmişdir. Onun üstündən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Üstündən aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, psixotrop maddəni şəxsi istifadəsi üçün almış, metamfetamini aldığı şəxsi əvvəllər tanımamış, onun şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 38-ci polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi E.Quliyev küçəsi ev 50, mənzil 53-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxlması və daşıması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin gün təxminən saat 02:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis serjantı Həzrət Zeynalov ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində yerləşən “Mini Sədərək” ticarət mərkəzinin yaxınlığında həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin şəxsin şəxsiyyətini soruşduqda, sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və onlar onu şübhəli şəxs qismində Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Qaradağ RPİ-nin 38-ci PB-nə getmişdir. 38-ci PB-də xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən istifadə edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin sarı rəngli kağızına bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə metamfetamin (şüşə) olduğunu, həmin maddəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokol və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvvəkili, polis baş leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyrimümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş əməliyyat axtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə, yaşayış yerinə, bina və saxlanc yerlərinə baxış keçirilməsi qərara alınmışdır. (i.v. 6-7) Şübhəli şəxsin tutulması haqqında 18 sentyabr 2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.14, 24) Şəxsi axtarış və götürmə aparılması haqqında 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 18 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin sarı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açılarkən içərisində ağ rəngli, iysiz, duz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “patı” olduğunu, həmin bükümü 17 sentyabr 2021-ci il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sarı rəngli siqaret kağızına bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.34-35) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2021-ci il tarixli 6/4127 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə rəmiz çəkisi 0,182 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrp maddələr”-in İ siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi – 0,182 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,132 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manatdır. (i.v. 41-45) Cinayət işinin başlanması və icraata götürülməsi haqqında 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v. 1) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 53) Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair 19 sentyabr 2021-ci il tarixli vəsatəti rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmiş və o, X3 azad olunmuşdur. (i.v. 64-65) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 19 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 19 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 66-67) Maddi sübut kimi tanınma haqqında 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, hazırda qalıq qalmış bir ədəd bükümdə 0,132 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 oktyabr 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v.83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 12 oktyabr 2021-ci il tarixli 3911 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodların və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narlkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 87-88) Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığına görə cinayət təqibinə həmin hissədə xitam verilmiş, Təqsirləndirilən şəxs üstünə Qaradağ RPİ-nin 38-ci polis bölməsində keçirilmiş axtarış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmiş, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi i 0,182 qram olan psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatına istifadə olunmuşlar nəzərə alınmaqla, qalıq qalmış bir ədəd bükümdə 0,132 qram psixotrop maddə metamfetaminin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etmə mənbəyinin müəyyən edilməsindən ötrü ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata ayrılmış və siyahıda göstərilən sənədlər əlavə edilməklə istintaqın davam etdirilməsi üçün icraata götürülmüş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, axtarış və götürmə protokolu və ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 89-93) Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətləri keçirilərkən qeydə alınmış video görüntüdən görünür ki, Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuş, sonuncu könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin sarı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin büküm açılarkən içərisində ağ rəngli, iysiz, duz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “patı” olduğunu, həmin bükümü 17 sentyabr 2021-ci il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı Klinik Psixiatriya xəstəxanasının 10 iyun 2021-ci il tarixli, 1678 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs mülayim ifadəli dissosiativ – konversion pozuntusu – özünü kəsmələrlə diaqnozu qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, (CM 59.2), habelə anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını (CM-59.1.9) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 18 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan psixotrop maddənin qalığı hökm qanuni qüvvəsinin aldıqldan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır (CM-nin 93.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15(on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdən 19 sentyabr 2021-ci il tarixidək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Qaradağ RPİ-də saxlanılan psixtorop maddənin qalığı 0,132 qram metafetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat (yüz on dörd) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15(on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-392/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-392/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver