Məhkəmə qərarları › İş №1(002)-397/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-397/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-397/2021 23.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 5a, mənzil 9-da yaşayan və Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 may 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5a ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edərək, əli ilə sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə zərbə endirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ağız bucağının və sağ yanağın selikli qişasının əzilmiş-cırılmış yarası kimi xarakterizə edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən tanımış və Tohidlə aralarında olan tanışlığı dostluğa çevrilmişdir. Belə ki, Tohid bir neçə dəfə onun yaşadığı mənzildə olmuşdur. O, 15.05.2021-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhərində kafedə çörək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. O, həmin gün saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində “Kingsmart” mağazasının yanında olan zaman Tohidlə rastlaşmışdır. O, Tohidlə söhbət edə edə mahəllərinə gedən zaman yolda yadına düşmüşdür ki, Tohidin ona 42 manat pul borcu vardır. Buna görə də o, Tohiddən pul borcunu təkidlə istəmişdir. Tohid pulunun olmadığnı bildirmiş və müəyyən müddətdən sonra verəcəyinə söz vermişdir. Bu zaman onun yadına düşmüşdür ki, Tohid qəsəbədə söz yayıb ki, guya o, narkotik vasitələrdən qəbul edirmiş. O, Tohiddən nə üçün onun adına söz çıxartdığını soruşmuşdur. Tohid isə elə söz demədiyini bildirəndə Tohidin sifət nahiyyəsindən ağzının üstündən yumruqla bir dəfə vurmuşdur. Tohid onun zərbəsindən sonra onu kənara itələmiş və ağlamağa başlamışdır. O, da özünə gələrək Tohidin könlünü almaq üçün bir az söhbət eləmiş və Tohidi anasının yanında kafenin yaxınlığında yerləşən avtoyuma məntəqəsində işə düzəldəcəyini bildirmişdir. Buna görə də anasına zəng edərək Tohidi yanında avtoyuma məntəqəsində işə düzəltməsini xahiş eləmişdir. Bundan sonra Tohidlə birlikdə taksi vasitəsi ilə anasının işlədiyi AZNS qəsəbəsinə gedən zaman yolda dəmiryol keçidinin yaxınlığında anası ilə rastlaşmış və onlar birlikdə taksi vasitəsi ilə Lökbatan qəsəbəsində qayıtmışlar. İş barəsində anası ilə Tohid söhbət etdikdən sonra Tohidi evlərinin qarşısına aparmışlar. O, Zərərçəkmiş şəxs 15.05.2021-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində əli ilə bir dəfə sifət nahiyyəsindən vurmuşdur. Həmin zaman ətrafda kənar şəxslər olmamışdır. Bu hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Son olaraq Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03.09.2021-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə tutulmuş, hal-hazırda {Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı istintaq Təcridxanasında saxlanılır. Onun Asif adlı şəxslə münasibətləri normal olmuşdur. Belə ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən zaman Asif adlı şəxslə tanış olmuş və bir neçə dəfə Asifin yaşadığı mənzildə qonaq olmuşdur. 15.05.2021-ci il tarixdə o, işdən sonra bir hədər spirtli içki içdikdən sonra evə gedən zaman Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” marketin qarşısında Asiflə rastlaşmışdır. O, Asiflə görüşərək evə gedən zaman söhbət edib zarafatlaşanda Asif ona bildirmişdir ki, guya o, qəsəbədə bildirmişdir ki, Asif narkotik vasitələrdən istifadə edir. Buna görə də Asiflə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Asif spirtli içki qəbul etdiyindən onun sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Asif yenidən onun üzərinə gələn zaman o, Asifi kənara itələmişdir. Bundan sonra Asif yenidən onun yanına gəlmiş və ondan üzr istəmişdir. Onlar birlikdə olan zaman Asif anasına zəng eləmiş və mobil telefonla danışdıqdan sonra ona bildirmişdir ki, anasının işlədiyi Qızıldaş qəsəbəsi, AZNS adlanan yerdə kafedə ona iş düzəldəcəkmiş. Onlar birlikdə dəmiryol keçidinin yanına gəlmişlər və orada Asifin anası ilə görüşdükdən sonra Asifin anası ondan Asifin hərəkətlərinə görə üzr istəmiş və onu evlərinə gətirmişlər. Asif onu 15.05.2021-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Kingsmart” marketin yaxınlığında əli ilə bir dəfə sifət nahiyyəsinin ağız hissəsindən vurmuşdur. Həmin zaman onların yanında və ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin, iddia və tələbinin olmadığını nəzərə alınmasını məhkəmədən edib, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur və Asiflə münasibətləri normaldır. Belə ki, Asif ailəsi ilə birlikdə onun evində yaşayırmışlar. Oğlu Asif 24.01.2020-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə 06 ay 20 faiz olmaqla islah işləri cəzasına məhkum olunmuşdur. Bundan əlavə o, 26.05.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128 və 185.1-ci maddəsi ilə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən barəmdə olan cinayət işinə xitam verilmişdir. Asif Zərərçəkmiş şəxsla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən tanımış olmuşdur. O, 15.05.2021-ci il tarixdə təxminən saat 23 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, AZNS qəsəbəsində kafedə olarkən Asif ona zəng edərək bildirdi ki, dostu Tohidi döymüşdür. O, da Asifdən nə üçün Tohidi döyməsini soruşduqda Asif ona demişdir ki, “mənə şər atdığına görə döymüşəm”. Asif Tohidlə onun yanına gəlmək istədiklərini demişdir. O, da Asifə bildirmişdir ki, “mən özüm qəsəbəyə gəlirəm”. O, bir neçə dəqiqədən sonra işdən çıxıb Lökbatan qəsəbəsinə gəlmiş və Asiflə Tohidi bir yerdə görmüşdür. O, Asiflə Tohidi dinlədikdən sonra Tohidi vurmasına görə Asifə əsəbləşmiş və Tohiddən Asifin əvəzinə üzr istəyərək Tohidə iş təklif etmişdir. Tohiddə onunla razılaşmış və Asiflə barışdıqdan sonra Tohidi evlərinin yaxınlığına taksi ilə aparıb düşürtmüşdür. Bundan sonra Tohid ona səhəri gün zəng edərək pul və 1 ədəd sensorlu mobil telefon istəmişdir ki, polisə bu barədə şikayətini geri götürsün. O, da Tohidə 70 manat pul və 1 ədəd özünə məxsus olan mobil telefonunu vermişdir. Tohiddə polisə gedərək Asiflə barışması barədə ərizə ilə müraciət etmişdir. Asifin ona deməsinə görə Zərərçəkmiş şəxs 15.05.2021-ci il tarixdə təxminən saat 23 radələrində yaşadıqları ünvan 2 ünvanın qarşısında bir dəfə sifət nahiyyəsindən əli ilə vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının 17 may 2021-ci il tarixli 288 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət – ağız bucağının və sağ yanağın selikli qişasının əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi 15.05.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (i.v 27-28); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01.06.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs CM-nin 128 və 185.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. (i.v.30-32) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 1(002)- 31/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilmiş, hökmün icrası yaşayış yeri üzrə icra qurumuna həvalə edilmişdir. (i.v.36-39) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 1(002)- 236/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128 və 185.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. (i.v.40-43) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edib barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir . Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və onun barəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər müəyyən olunmamışdır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya ictimai təhlükəli təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Cİnayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 18.10.2021-ci il tarixli 1496 saylı order əsasında işə qoşularaq istintaq dövründə 32 (otuz iki) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə 12.11.2021-ci il tarixli № 1602 saylı order əsasında işə qoşularaq məhkəmədə 6 (altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs istintaq zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 32 (otuz iki) iş saatı hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 6 (altı) iş saatı hüquqi xidmətə görə 36 (otuz altı) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 197-198, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 32 (otuz iki) iş saatı hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 6 (altı) iş saatı hüquqi xidmətə görə 36 (otuz altı) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim (İmza) «Əsli ilə düzdür» Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar