Məhkəmə qərarları › İş №1(002)-4/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-4/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-4/2024 19.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü il təvəllüdlü, Gürcüstan Respublikası, Bolinisi rayonu, Həsənxocalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin Bakı– Böyük Kəsik Layihəsinin X11 sahə rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, “Bakı Böyük Kəsik Layihəsində struktur dəyişikliyi haqqında” xx.xx.2022-ci il tarixli, 011-1/İ nömrəli əmrə əsasən "xxxx" MMC-nin kontakt şəbəkə sahəsinin rəisi, eləcə də xx.xx.2022-ci il tarixli, 005-1/İ nömrəli əmrə əsasən MMC-nin Bakı-Böyük Kəsik Layihəsində təsərrüfat məsələləri üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq qeyd edilən sahədə işləyən işçilərə və işlərə birbaşa nəzarət etməli olan vəzifəli şəxs kimi Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, Füzuli küçəsi, dəmir yol xətlərinə elektrik gərginliyi verilməsi üçün inşa olunan Dartı yarım stansiyasının yaxınlığında yerləşən müvəqqəti işçi düşərgəsində quraşdırma işlərinin görülməsi zamanı elektrik qurğularında gərginliyi çıxarmaqla yerinə yetirilən işlərin icrasının təhlükəsizliyini təmin etmək üçün zəruri açılmalar aparılmalı, kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulması nəticəsində iş yerinə gərginlik verilməsinin qarşısını alan tədbirlər görülməli, kommutasiya aparatlarının əl intiqallarına və məsafədən idarəetmə açarlarına qadağanedici plakatlar asılmalı, torpaqlanmalı olan cərəyan daşıyan hissələrdə gərginliyin olmaması yoxlanılmalı, torpaqlanma qoyulmalı, (torpaqlanma bıçaqları qoşulmalı, onların olmadığı yerlərdə səyyar torpaqlanma qurğusu quraşdırılmalı), “torpaqlanma” göstərici plakatları asılmalı, lazım olarsa, iş yerləri və gərginlik altında qalan cərəyan daşıyan hissələr çəpərlənməli və təhlükəsizlik plakatları asılmalı olduğu, habelə iş yerlərini hazırlayarkən gərginliyi çıxarılmış cərəyan daşıyan hissələrdə işlər aparılacaq cərəyan daşıyan hissələr açılmalı olduğu halda qeyd edilən təşkilati tərkibli tədbirlərin görülməsini təmin və təşkil etməyərək “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.5.3.1, 3.1.1.1, 3.1.1.3 bəndlərinin tələbləri pozaraq, habelə hadisə günü faktiki olaraq təlimatlandırma aparmadan eyni MMC-də xx.xx.2017-ci il tarixli əmək müqaviləsi əsasında quraşdırıcı vəzifəsində işləyən Zərərçəkmiş şəxs qeyd edilən ərazidə su boru xətlərinin çəkilməsi və digər işlərin görülməsini tapşırmış, sonuncu xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində qeyd edilən işləri icra edərkən ərazidə quraşdırılmış mətbəx otağı kimi istifadə edilən konteyner otağının yanından keçən elektrik naqilinin calaq hissəsini açıb orada iş görərkən elektrik gərginliyinə düşüb ölümü ilə səbəbli əlaqəsi olmayan, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmayan, elektrik gərginliyinə düşdüyündən öz boyu hündürlüyündən yıxılaraq alın nahiyəsinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik ölümə səbəb olan, tez baş verən ölüm əlamətlərinin morfoloji xüsusiyyətləri ilə müşayiət olunan, elektrik cərəyanına qoşulmuş elektrik naqilinin bədənin həmin nahiyəsi ilə kontaktı nəticəsində yaranmış sağ əlin arxa səthinin elektrik nişanəsi xəsarəti alaraq hadisə yerində ölmüş, bununla da Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə "xxxx" MMC-yə işə qəbul edilmişdir. Hal-hazıradək onun vəzifəsi təsərrüfat işlərinin görülməsindən ibarətdir. Bir sahədə iş görülərkən işin xarakterinə əsasən başqa briqadanın işçisi də orada işə cəlb edilməli olur. Ucar rayonu, Müsüslü kəndində quraşdırılmış konteynerlərin daşınmasında iştirak etmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixindən bir neçə gün əvvəl ərazidə hamam kimi istifadə edilən konteynerə su çənindən boru xətti çəkilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bu işi bacardığını bildirdiyindən həmin işin görülməsini ona tapşırmışdır. Qeyd olunan işlərin görülməsində qızdırıcı ütü lazım olduğundan ütünü kirayə götürəcəyini də qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ona zəng vurmuş və su borusunu çəkmək üçün ona iki ədəd plastik əymə lazım olduğunu bildirdiyinə görə o, iki ədəd plastik əymə alıb birbaşa Ələt qəsəbəsində quraşdırılan müvəqqəti işçi düşərgəsinə gəlmiş, plastik əymələri vermiş, həmin vaxt T.N.Məmmmədovun əynində xüsusi iş geyim forması olmamışdır. Zərərçəkmiş şəxsla danışarkən sonuncu ona boruları birləşdirib işini bitirəcəyini bildirmişdir. Hava yağışlı olduğundan o, otaqda gözləyən zaman birdən otağa sürücü Şahid1 daxil olmuş, Zərərçəkmiş şəxs elektrik cərəyanı vurması barədə onlara həyəcanlı şəkildə məlumat vermişdir. Otaqda olan mühafizəçi Şahid3 otaqdan çıxaraq dərhal mühafizə otağının tam yanında olan elektrik qutusundan elektrik cərəyanı açarını söndürmüşdür. Onlar ərazidə quraşdırılmış, mətbəx otağı kimi istifadə edilən konteynerin yanına çatanda Zərərçəkmiş şəxs yerdə, konteynerlə onun yan tərəfində olan su çəninin arası istiqamətində, arxası üstə uzanmış vəziyyətdə olduğunu görmüşlər və onu oradan kənara çəkmişlər. Zərərçəkmiş şəxs ilkin tibbi yardım hərəkətləri edilmişdir. Amma bunun heç bir nəticəsi olmamış və təcili tibbi yardıma məlumat verilmişdir. Təxminən 1 saat sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Həmçinin, qeyd etmişdir ki, o, hadisə günü Zərərçəkmiş şəxs təlimatlandırmamış, o, özü jurnalda imza çəkərək işə başlamış, onun işləri görərkən xüsusi geyimdə olub-olmamasına diqqət etməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməklə cinayət məsuliyyətinə cəlb edilməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, nəzərə alaraq, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, əri Zərərçəkmiş şəxs "xxxx" MMC-də elektrik quraşdırıcısı işləmişdir. Zərərçəkmiş şəxs iş yerində kiminləsə ədavəti və ya düşməçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixindən etibarən Zərərçəkmiş şəxs hər gün səhər saat 08:30 radələrində işə gedir, axşam saatlarında isə evə qayıtmışdır. Sonuncu dəfə əri Zərərçəkmiş şəxs evdən xx.xx.2022-ci tarixdə, saat 08 radələrində çıxmışdır. Saat 16 radələrində ona Qaradağ Rayon Prokurorluğundan zəng vuraraq Zərərçəkmiş şəxs iş yerində xəsarət aldığını, Lökbatan qəsəbəsində xəstəxanada olduğunu bildirmişdir. O, Lökbatan qəsəbəsinə çatdıqda Zərərçəkmiş şəxs iş yerində elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini öyrənmişdir. Hadisənin təfərrüatları barədə isə ibtidai istintaq dövründə şahid qismində dindirilmiş mərhum ərinin iş yoldaşlarından məlumatlanmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 olaraq təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də Kontakt şəbəkə xidməti üzrə sahə rəisi vəzifəsində işləyən Şahid4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixindən bir neçə gün əvvəl Şahid7 onlara müvəqqəti işçi düşərgəsini Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində Ələt dəmir yolu stansiyasının yaxınlığına köçürməli olduqlarını bildirmişdir. Daşıma işlərini sahə rəisi Təqsirləndirilən şəxs təmin etmişdir. xx.xx.2022-ci il tarixdə bənna Şahid6, qaynaqçı Şahid2 və sürücü Şahid1lə birlikdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Ələt dəmir yolu stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsinə gəlmişlər. Təxminən saat 13-14 radələrində o, Təqsirləndirilən şəxs ilə bərabər ərazidə qoyulmuş mühafizəçi otağında olmuşlar. Həmin vaxt otağa sürücü Şahid1 daxil olmuş, Zərərçəkmiş şəxs elektrik cərəyanı vurduğunu demişdir. Otaqda olan mühafizəçi Şahid3 otaqdan çıxaraq dərhal mühafizə otağının tam yanında olan elektrik qutusundan elektrik cərəyanı açarını söndürmüş, onlar ərazidə quraşdırılmış, mətbəx otağı kimi istifadə edilən konteynerin yanına çatanda Zərərçəkmiş şəxs yerdə, arxası üstə uzanmış vəziyyətdə olduğunu görmüşlər. Orada olan işçilər onu yerdən qaldırmış, ilkin tibbi yardım hərəkətlərinin isə heç bir nəticəsi olmamışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım xidmətinin həkim briqadası gəlmiş və onlar Zərərçəkmiş şəxs vəfat etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş layihə rəhbərinin müavini Şahid7 göstərmişdir ki, o, Bakı–Böyük Kəsik Layihəsi üzrə layihə rəhbərinin müavinidir. xx.xx.2022-ci il tarixdə, saat 14-15 radələrində Şahid4 onunla əlaqə saxlayıb Zərərçəkmiş şəxs yeni qurulan müvəqqəti işçi düşərgəsində elektrik cərəyanı vurduğunu və hadisə yerində vəfat etdiyini bildirmişdir. Sonradan o, Təqsirləndirilən şəxs ilə söhbət əsnasında hadisənin baş vermə hallarını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Layihənin koordinatoru-rəhbəri Şahid5 göstərmişdir ki, "xxxx" MMC-nin Bakı-Böyük Kəsik layihəsi üzrə bir neçə sahə rəisi var və onlar ərazidə işlərin görülməsini təmin edir, onların tabeçiliyində usta və fəhlələr var. Layihənin koordinatoru-rəhbəri olaraq o, layihə üzrə işləyən briqadaların, briqadaların sahə rəislərinin işlərinə ümumi nəzarət edir. xx.xx.2022-ci il tarixdə, saat 14-15 radələrində Təqsirləndirilən şəxs ona zəng vurmuş Zərərçəkmiş şəxs yeni qurulan müvəqqəti işçi düşərgəsində elektrik cərəyanı vurduğunu və hadisə yerində vəfat etdiyini bildirmişdir. O, dərhal ofisdən çıxaraq hadisə yerinə getmiş, hadisə barədə Təqsirləndirilən şəxs ilə hadisənin baş vermə hallarını müzakirə edərkən məlumat əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də Mühafizəçi işləyən Şahid3 Rafiq oğlu göstərmişdir ki, o, "xxxx" MMC-də mühafizəçi işləyir. 16 noyabr 2022-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs təxminən saat 11 radələrində iş yerinə gələrək təlimat jurnallarına imza çəkmiş, hamam və mətbəx otağına plastik boru vasitəsi ilə su xətti çəkəcəyini bildirmişdir. Həmin gün təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs onun olduğu mühafizə otağına yaxınlaşmış, iş gördüyü dəmir konteynerin qaranlıq olduğunu bildirmiş, otaqdakı lampanı açıb ona verməsini xahiş etmiş, o, da icra etmişdir. Təxminən 20 dəqiqədən sonra Zərərçəkmiş şəxs otağa yenidən gələrək lampanı ona qaytarmış və dəmir konteynerdə boru montaj işlərinin qurtardığını bildirmişdir. Həmin gün saat 13:48-də o, sahə rəisləri Təqsirləndirilən şəxs və Şahid4lə birlikdə mühafizə otağında olan zaman, qəflətən Şahid1 mühafizə otağının qapısını həyəcanlı şəkildə açaraq Zərərçəkmiş şəxs elektrik cərəyanı vurduğunu və elektrik xəttinin ümumi sistemdən söndürməsini qışqırmışdır. Onlar dərhal olduqları məkandan çıxaraq hadisənin baş verdiyi əraziyə getmiş və Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu müəyyən etmişdir. O, hərəkətsiz, kürəyi üstə uzanmış vəziyyətdə, ayaqları yerdə olan suyun içərisində, başı quru sahədə olmuş, sol əlinin yanında narıncı rəngli kəlbətin olmuş və nəfəs almamışdır. O, dərhal Zərərçəkmiş şəxs dartaraq quru sahəyə çıxarmış onun ürək nahiyyəsini masaj etmiş, ona süni nəfəs verməyə başlamış, o, bunu təxminən 10-15 dəqiqə davam etdirsə də Zərərçəkmiş şəxs özünə gəlməmişdir. Təxminən 15-20 dəqiqədən sonra Təcili tibbi yardım briqadası onlara yaxınlaşmış və Zərərçəkmiş şəxs müayinəsindən sonra onun vəfat etdiyi məlum olmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisənin baş verdiyi yerdə 1,5 metr uzunluğu olan ağ rəngli elektrik naqilləri olmuşdur. Onlardan bəziləri calanmış vəziyyətdə olsa da izolə edilməmişlər. Şahid "xxxx" MMC-də elektrik verilişi xətləri üzrə sahə rəisi Şahid8 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin elektron mail ünvanına ərizə ünvanlayaraq ölkə xaricində olduğu üçün ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı Şahid8 digər şahidlərin ifadələri ilə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14-15 radələrində mühafizə xidmətinin işçiləri ona zəng vuraraq Zərərçəkmiş şəxs yeni qurulan müvəqqəti işçi düşərgəsində elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini bildirmişlər. Hadisənin baş vermə halları barədə məlumatı o, Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şahid "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyən Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində iş yoldaşları ilə birlikdə nahar etmək üçün mühafizə otağına yaxınlaşanda sol tərəfdən Şahid6 qışqırıq səsini eşitmiş və Zərərçəkmiş şəxs elektrik cərəyanı vurduğunu başa düşmüşdür. Hadisənin baş verdiyi yerə yaxınlaşdıqda Zərərçəkmiş şəxs arxası üstə, hərəkətsiz, yerdə uzanmış vəziyyətdə olmuşdur. Həmin gün havanın yağmurlu olması səbəbindən onun uzandığı yer islaq olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra təcili tibbi yardım briqadası gəlmiş, onu müayinə etdikdən sonra onun vəfat etdiyi məlum olmuşdur. Şahid "xxxx" MMC-də bənna işləyən Şahid6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Şahid "xxxx" MMC-də sürücü işləyən Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 Şahid2 ilə eyniməzmunlu ifadə vermişdir. Şahid9 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid9 "xxxx" MMC-nin digər əməkdaşları ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-7-ci vərəqələrində olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, Füzuli küçəsi, dəmir yol xətlərinə elektrik gərginliyi verilməsi üçün inşa olunan “Dartı” yarım stansiyasının yaxınlığında olan dəmir konteyner və dəmir su çəninin ortasında olan dar cığırdır. Qeyd olunan ərazidə bir neçə dəmir konteyner qoyulmuşdur, həmin konteynerlər göy və ağ rənglidirlər. Dəmir konteynerlər müxtəlif təyinatlar üçün nəzərdə tutulmuşdur. Buna misal olaraq hadisənin baş verdiyi ərazinin yaxınlığındakı ağ rəngli dəmir konteyner mətbəx kimi nəzərdə tutulmuşdur. Hadisənin baş verdiyi ərazidən təxminən 6-7 metr sağda olan göy rəngli dəmir konteyner isə hamam otağı kimi istifadə üçün nəzərdə tutulmuşdur. Ərazidə olan mətbəx kimi istifadə üçün nəzərdə tutulmuş ağ rəngli dəmir konteynerin sağ qurtaracağının çöldən tavan hissəsində ağ rəngli elektrik naqili quraşdırılmışdır. Elektrik naqili konteynerin çöl hissəsində tavandan aşağıya doğru uzanır. Həmin elektrik naqili yer səthindən 1,5 metr yuxarıda qara rəngli digər elektrik naqili ilə birləşmişdir. Naqillərə həmin hissədə və həmin hissədən 0,20 metr yuxarıda, yəni iki yerdən bir-birlərinə calaq olunmuşdur. Calaq olunmuş naqil hissələri soyuq qaynaq və alətlə burma üsulu ilə birbirlərinə bərkidilmişdir. Ağ və qara naqillərin birləşmə yerləri qara rəngli izolentlə üzlənsə də, həmin birləşmədən 0,20 metr yuxarıda olan digər birləşmənin üzəri hər hansı təbəqə ilə üzlənməmişdir, yəni ağ rəngli elektrik naqilinin içərisində olan aliminium materialından olan naqil birləşmələrinin üzərləri açıq şəklindədir. Qeyd olunan mətbəx üçün nəzərdə tutulmuş konteynerin sağ hissəsində aşkar edilmiş ağ rəngli naqilin arxa hissəsində 0,4x0,4 metr ölçüdə pəncərəsi olmayan çərçivə vardır. Həmin çərçivənin içəri hissəsində uzunluğu 10 sm olan açıq şəkildə yapışdırılmış qara rəngli izolent və yerdə 1 ədəd tutacaq hissəsi narıncı rəngdə olan kəlbətin vardır. Ərazidə olan mətbəx üçün nəzərdə tutulmuş ağ rəngli dəmir konteynerin sağ qurtaracağından 0,8 metr sağda su təhcizatını təmin etmək məqsədi ilə boz rəngli dəmir materialından su çəni quraşdırılmışdır. Qeyd olunan su çəni ilə mətbəx üçün nəzərdə tutulmuş dəmir konteynerin arasında olan dar cığırın yer səthinə şeben və çınqıl tökülmüşdür, hava şəraiti yağışlı olduğundan qeyd olunan ərazidə su kütlələri yığılmışdır. Su çənindən 5 metr sağda qoyulmuş göy rəngli dəmir konteynerə vizual baxdıqda, göy rəngli konteynerin giriş hissəsində çoxlu sayda plastik materialdan olan su boruları, onları birləşdirmək üçün birləşmələr, künclüklər və plastik boruları birbirlərinə birləşdirmək üçün istifadə edilən elektrikli ütü aləti vardır. Yuxarıda qeyd olunan boz rəngli dəmir su çənini qarşısında bir nəfər kişi cinsli insan meyitinin arxası üstə uzanıqlı vəziyyətdə olduğu görünür. Meyitin qarın səthi açıq vəziyyətdədir, yəni üzərində olan paltarlar yuxarıya doğru dartılmışdır. Meyitin baş nahiyəsinin altında üzərində açıq yaşıl və narıncı rəngli naxışları olan yasdıq vardır. Meyit məhkəmə-tibbi müayinə olunması üçün “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X13 Qaradağ rayon şöbəsinə göndərilmişdir. Baxış zamanı hadisə yerində və ətrafda öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya aşkar edilməmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işində "xxxx" MMC tərəfindən təqdim edilmiş (səh 47-150) MMC-nin Bakı – Böyük Kəsik Layihəsinin struktur siyahısından, əmək müqaviləsi bildirişlərindən, əmrlərdən, vəzifə təlimatlarından görünür ki, sahə rəisləri layihə rəhbərinin müavininə, müavin layihənin koordinatoruna, sonuncu isə müşahidə şurasının sədrinə tabedir. Şahid6 "xxxx" MMC-nin Bakı – Böyük Kəsik Layihəsinin İşıq və aşağı gərginlik briqadasında xx.xx.2019-cu il tarixindən bənna, Şahid1 xx.xx.2021-ci il tarixindən Layihəsinin nəqliyyat sahəsi üzrə sürücü, Şahid2 xx.xx.2020-ci il tarixindən Kontakt şəbəkə briqadasının elektrik qaynaqçısı, Şahid3 Rafiq oğlu xx.xx.2021-ci il tarixindən Layihənin Şimal Layihəsi şöbəsinin mühafizəçisi, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixindən Layihənin işıqlandırma və işıq şəbəkəsi üzrə quraşdırıcı, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixindən Layihənin Kontakt Şəbəkə Briqadasının sahə rəisi, Şahid4 xx.xx.2020-ci il tarixindən Kontakt şəbəkə briqadasının sahə rəisi, Şahid5 xx.xx.2020-ci il tarixindən Layihənin rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla bağlanmış müqavilə əsasında sahə rəisi vəzifəsinə təyin edilmişdir. Eləcə də xx.xx.2017-ci il tarixli, S372k nömrəli əmr əsasında Zərərçəkmiş şəxs MMC-nin Bakı-Böyük Kəsil Layihəsinə quraşdırıcı vəzifəsinə təyin edilmişdir. MMC-nin idarə heyətinin sədrinin 01.04.202-ci il tarixli, 005/İ nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs təsərrüfat məsələləri üzrə tabeçiliyində olan işçilərin işə buraxılmasına nəzarətin gücləndirilməsi məqsədi ilə sərəncam və naryadın yazılmasına cavahdeh şəxs təyin edilmişdir və o, həmin əmrlə tanış olaraq onu imzalamışdır. Həmçinin MMC-nin idarə heyətinin sədrinin 02.04.202-ci il tarixli, 005-1/İ nömrəli əmri əsasında Təqsirləndirilən şəxs təsərrüfat məsələləri, yəni öz sahəsi üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların gücləndirilməsinə məsul şəxs təyin edilimişdir və o bu barədə də əmrlə tanış olaraq onu imzalamışdır. Cinayət işində "xxxx" MMC tərəfindən təqdim edilmiş vəzifə təlimatlarından görünür ki, Təqsirləndirilən şəxs vəzifə təlimatını xx.xx.2020-ci il tarixdə, Zərərçəkmiş şəxs isə xx.xx.2020-ci il tarixdə tanış olaraq onu imzalamışlar. "xxxx" MMC tərəfindən təqdim edilmiş “İşçilərə iş yerində keçirilən təlimatların qeyd olunması” jurnalından görünür ki, Zərərçəkmiş şəxs vəzifə təlimatı ilə təlimatlandırılmışdır. Təlimatlandırılmalar vaxtaşırı - xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə aparılmışdır və Zərərçəkmiş şəxs bu barədə sənədləri imzalamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş “Elektrik quraşdırıcısının əməyin mühafizəsi üzrə təlimatı” və “Layihə üzrə işdən öncə təlimatlandırma” jurnalından çıxarış əlavə edilmişdir. Jurnalda olan qeydlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs “Ələt düşərgəsində” təlimat jurnalında imza çəkmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş “Health and Safety İnduction” təlimatının qeydiyyat jurnalı, giriş təlimatının surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə elektrik xətt quraşdırıcısı kimi “sağlamlıq, təhlükəsizlik və ekologiya üzrə ümumi normalar, hündürlükdə görülən işlər üzrə” təlimatlandırılmışdır və bu barədə jurnalı imzalamışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş MMC-nin xüsusi geyimlərin verilməsi barədə jurnalından görünür ki, Zərərçəkmiş şəxs jurnalda sadalanan xüsusi geyimləri almış və bu barədə jurnalda imza çəkmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş MMC-nin işçilərin vəzifə borclarına uyğun olaraq elektrik təhlükəsizliyi üzrə biliklərinin yoxlanması barədə xx.xx.2022-ci il tarxli 01 nömrəli protokoldan görünür ki, quraşdırıcı Zərərçəkmiş şəxs bilikləri kafi qiymətlədirilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə ərizə ilə "xxxx" MMC-yə işə qəbul edilməsi üçün müraciət etmiş, onunla MMC arasında xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, quraşdırıcı vəzifəsində işə qəbul edilmişdir. Bu barədə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, ilkin müqavilə xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Zərərçəkmiş şəxs adına olan xx.xx.2017-ci il tarixli, Tovuz rayon poliklinikası tərəfindən verilmiş tibbi arayışdan görünür ki, onun vəziyyəti sağlam qiymətləndirilmiş və o, hər hansı xəstəliklə bağlı qeydiyyatda olmamışdır. "xxxx" MMC-nin Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsindən görünür ki, MMC-nin hüquqi ünvanı AZ1042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsidir və MMC xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir. Cinayət işinin 152-153-cü vərəqələrində olan Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş məktubdan və raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:45-də Ələt qəsəbəsi, 20/2 saylı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasından məlumat verilərək Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsində yerləşən "xxxx" MMC-də elektrik işləyən xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs iş yerində elektrik cərəyanı vurması və onun ölməsi barədə məlumat verilmişdir. Cinayət işinin 163-166-cı vərəqələrində olan Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X9” X13 Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 104 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: tez baş verən ölüm əlamətlərinin (damarlarda və ürək boşluqlarında tünd duru qanın olması, daxili orqanların venoz doluqanlılığı, ürək əzələsində, epikardda, gözlərin ağlı qişalarında qansızmaların olması və s.) morfoloji xüsusiyyətləri ilə müşayiət olunan sağ əlin arxa səthinin elektrik nişanəsi aşkar edilmişdir, nişanə elektrik cərəyanına qoşulmuş elektrik naqilinin bədənin həmin nahiyəsi ilə kontaktı nəticəsində yaranmışdır və X7 ölümü ilə nəticələndiyinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünün səbəbi elektrik cərəyanı ilə zədələnmə olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthində aşkar edilmiş digər xəsarətlər: alın nahiyəsinin, sol əlin arxa səthinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümü ilə səbəbli əlaqələri yoxdur, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmur. Qeyd olunan sıyrıqlar müxtəlif şəraitlərdə, o cümlədən Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq, yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə, saat 18:30) təxminən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 168-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 177-ci vərəqində olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə X2 ilə nikaha daxil olmuşdur. Cinayət işinin 212-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 237-239-cu vərəqələrində olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1223 nömrəli rəydən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.5.3.1, 3.1.1.1, 3.1.1.3 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin səbəbi olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Baş Ələt qəsəbəsi, Füzuli küçəsində yerləşən dəmiryol xətlərinə elektrik gərginliyi verilməsi üçün inşa olunan Dartı yarımstansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində quraşdırma işlərinin görülməsi zamanı müvafiq təşkilati (işçinin elektrik mühafizə vasitələri ilə təmin edilməsi və s.) və texniki (zəruri açılmaların aparılması və s.) tərkibli tədbirlərin görülməsini təmin etmədiyinə görə, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 1.5.3.1, 3.1.1.1, 3.1.1.3 bəndlərinin tələbləri müvafiq əmrə əsasən Bakı- Böyük Kəsik Layihəsində təsərrüfat məsələləri üzrə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edilməsi həvalə edilmiş kontakt şəbəkə sahə rəisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Cinayət işinin 236-cı vərəqində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Cinayət işinin 240-cı vərəqində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti ilə əlaqədar olaraq təzələnmişdir. Cinayət işinin 242-269-cu vərəqələrində olan 18 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 276-cı vərəqəsində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. Cinayət işinin 278-279-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 14:30) İş materiallarına əlavə edimiş "xxxx" MMC tərəfindən ödənişlə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ailəsinə dəfn xərci və maddi yardım olaraq ümumilikdə 17701 manat məbləğində pul ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, əmək təhlükəsizliyinin tədqiqi ekspertizalarının rəyləri və digər iş materialları ilə onun texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və məyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İbtidai istintaq dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə istintaqı dövründə müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə idarə, müəssisə və təşkilatlarda rəhbər və əməyin texniki təhlükəsizlik qaydaları ilə bağlı məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 45 (qırx beş) saat hüquqi yardıma görə 10 saylı Vəkil Bürosunun vəkili X5 270 (iki yüz yetmiş) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar